Rusiyada Amediateka serialları LGBTQİ+ mövzusundan "təmizləyir"
Rusiyanın "Mediazona" nəşri Qərb seriallarının Rusiyada necə senzuraya məruz qaldığına dair geniş araşdırma yayıb
23/Nov/26
25
Rusiyada Amediateka serialları LGBTQİ+ mövzusundan "təmizləyir"
Rusiyanın "Mediazona" nəşri Qərb seriallarının Rusiyada necə senzuraya məruz qaldığına dair geniş araşdırma yayıb. Araşdırmaya görə, Rusiyanın ən böyük lisenziyalı məzmun platformalarından biri olan Amediatekada mövcud xarici serialların böyük hissəsi "ənənəvi dəyərlərə" uyğun şəkildə yenidən montaj edilib. Ümumilikdə 200 serialda 75 saatlıq senzura aşkarlanıb, bunun yarıdan çoxu (44 saat) LGBTQİ+ mövzusuna aiddir.
Amediateka HBO-nun Rusiyadakı uzun illik tərəfdaşı olub və "Game of Thrones", "The Sopranos", "Billions" kimi yüzlərlə serialı təklif edir. Platforma Rusiyanın lisenziyalı xarici məzmun bazarının üçdə birini tutur və tərcümələrini rəqib platformalara da verir, yəni onun versiyaları əslində əksər rusiyalıların izlədiyi versiyalardır. Mediazona 462 serialdan 368-də yenidən montaj əlamətləri tapıb, 200 serialda senzuranı şübhəsiz təsdiq edib. Bunun üçün Mediazona hər orijinalı Rusiya versiyası ilə kadr-kadr müqayisə edən alqoritm hazırlayıb, 11 700 kəsilmiş fraqment aşkarlanıb, 9500-ü manual şəkildə yoxlanılıb. Platforma izləyicilərə hansı məzmunun "uyğunlaşdırıldığını" bildirmir. Mediazona-ya görə, 2026-cı ildə Amediateka 50 serialda senzuradan keçmiş epizodların müddətini sayt səhifəsində orijinal kimi göstərməyə başlayıb.
Senzura yalnız seks səhnələri və ya öpüşləri deyil, eynicinsli münasibətlərə hər hansı eyham, trans və qeyri-binar kimliklərə dair müzakirələri, hətta göy qurşağı rənglərini də əhatə edir. Bütöv süjet xətləri silinib:
"Six Feet Under" serialından təxminən üç saat (170 dəqiqə) silinib. Bunun böyük hissəsi David Fisher və polis Keith Charles münasibətidir..
"The Sopranos"-da gey olduğuna görə mafiozlar tərəfindən öldürülən Vito Spatafore xətti senzuranın ardınca anlaşılmaz qalıb.
"Sex and the City"-dən gey personaj Stanford Blatch ilə təxminən 25 dəqiqəlik səhnə, "And Just Like That…"-dən Miranda və Che münasibəti (təxminən bir saat) və qeyri-binar uşağın "they mitzvah" mərasimi (doqquz dəqiqə) kəsilib.
"Why Women Kill"-də gey münasibət xətti o qədər dəqiq kəsilib ki, serialın adındakı qətllərdən biri tamamilə yoxa çıxıb. "A Million Little Things"-də isə əsas personajlardan biri ilə evlənən Greta Strobe tamamilə silinib.
"Euphoria", "True Blood", "Banshee" və "Silicon Valley" kimi seriallar da təsirlənib.
Göy qurşağı hətta milad ağacı bəzəyindən və beysbol papağından silinib. "State of the Union" serialında arxa planda çətinliklə görünən trans bayrağına görə heteroseksual cütlüyün öpüşü kəsilib. Eyni zamanda LGBTQİ+lar genderlə bağlı olmayan məzmundan da çıxarılıb. Trans jurnalist Ina Friedin hazırladığı "Axios" seqmentləri bu qəbildəndir.
Mediazona bildirir ki, Amediateka tərcümə studiyalarına qadağan olunmuş mövzular siyahısı olan təlimat göndərir. Sota Project bu təlimatı 2026-cı ilin yanvarında dərc edib. Təlimata görə, personajın gey olduğunu bildirən cümlələr "o fərqlidir" kimi yumşaldılmalı, eyni cinsli cütlük "sadəcə dostlar" kimi verilməli, eynicinsli valideynlərlə böyümüş personajın yalnız bir valideyni olmalı, digəri isə "dayı/dost/xala" kimi təqdim edilməlidir. Bu qaydalar bütün ingilisdilli layihələrə şamil olunur.
Mediazona-nın bildirdiyinə görə, Amediateka məzmuna görə ən azı altı dəfə hüquqi təqibə məruz qalıb. Bunlardan ikisi "qeyri-ənənəvi münasibətlərin təbliği" maddəsi ilə bağlıdır. Şirkət media ilə şərhdən imtina edir. AMC nümayəndələri senzuranı "yerli mədəni həssaslığa uyğunlaşdırma" kimi izah edib, HBO isə hazırda Rusiyada lisenziya müqaviləsinin olmadığını bildirib.
Powered by Froala Editor