Fransa məhkəməsi: Azərbaycanda homoseksuallar "xüsusi sosial qrup" təşkil edir
Fransanın Milli Sığınacaq Hüququ Məhkəməsi (CNDA) 24 noyabr 2026-cı il tarixli qərarı ilə azərbaycanlı gey kişiyə qaçqın statusu verib
28/Nov/26
53
Fransa məhkəməsi: Azərbaycanda homoseksuallar "xüsusi sosial qrup" təşkil edir
Fransanın Milli Sığınacaq Hüququ Məhkəməsi (CNDA) 24 noyabr 2026-cı il tarixli qərarı ilə azərbaycanlı gey kişiyə qaçqın statusu verib. Məhkəmə Azərbaycanda homoseksualların cəmiyyətin və dövlət qurumlarının münasibəti səbəbindən "xüsusi sosial qrup" təşkil etdiyini, belə şəxsdən qayıtdıqdan sonra təhlükədən qorunmaq üçün kimliyini gizlətməsinin tələb oluna bilməyəcəyini bildirib. Qərar Fransanın Qaçqınların və Vətəndaşlığı Olmayan Şəxslərin Müdafiəsi Ofisinin (OFPRA) 2 dekabr 2025-ci il tarixli imtina qərarını ləğv edib. Ərizəçinin şəxsiyyəti məhkəmə sənədində yalnız baş hərflərlə ("M. G.") göstərilib.
Məhkəmənin əsas mövqeyi
Qərarda göstərilir ki, Cenevrə Konvensiyası baxımından seksual oriyentasiya əsasında sosial qrup yarana bilər və bu, ölkədəki cəmiyyətin və qurumların bu şəxslərə münasibətindən asılıdır. Məhkəmə bildirib ki, qaçqın statusunun verilməsi ərizəçinin oriyentasiyasını açıq nümayiş etdirməsindən asılı ola bilməz və sığınacaq istəyən şəxsdən təqibdən qaçmaq üçün homoseksuallığını gizlətməsi və ya ifadəsində ehtiyatlı olması tələb edilə bilməz. Məhkəmə həmçinin qeyd edib ki, homoseksuallığı cəzalandıran xüsusi cinayət qanununun olmaması bu şəxslərin təqibə məruz qalmadığını sübut etmir. Təqib ümumi hüquq normalarının sui-istifadəsi ilə və ya hakimiyyətin törətdiyi, təşviq etdiyi, yaxud sadəcə dözdüyü davranışlar vasitəsilə həyata keçirilə bilər.
Azərbaycan haqqında nəticələr
Qərarın 5-ci bəndində Azərbaycan haqqında məhkəmənin əsaslandığı mənbələr sadalanır. Məhkəmə qeyd edir ki, Azərbaycan 2000-ci ilin sentyabrında eynicinsli münasibətləri dekriminalizasiya etsə də, LGBTQİ+ların hüquqlarının ciddi pozuntuları davam edir. Qərarda belə mənbələrə istinad olunur:
Avropa Şurasının İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI) 21 iyun 2023-cü il hesabatı: Azərbaycan "Rainbow Europe" xəritəsində (2021) 2,41% ilə 49 ölkə arasında sonuncu yerdədir; anti-LGBTİ ifadələr siyasi nitqdə adi hala çevrilib və LGBTİ icması "milli dəyərlər üçün təhlükə" kimi təqdim olunur;
"Amnesty International"ın 21 aprel 2026-cı il hesabatı: LGBTİ şəxslər ayrı-seçkilik və dövlət tərəfindən təqiblə üzləşməkdə davam edir, hakimiyyət pozuntuların qarşısını almır, araşdırmır və cəzalandırmır;
"Human Rights Watch"ın 2025-ci il hesabatı: LGBT şəxslər dövlət və qeyri-dövlət subyektləri tərəfindən pis rəftar, hədə-qorxu ilə pul tələbi, özbaşına saxlanma və ayrı-seçkiliyə məruz qalıb, bəzi təşkilatlar təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırıb;
Avropa Parlamentinin 15 mart 2023-cü il qətnaməsi: LGBTİ şəxslərə qarşı cəzasızlıq, o cümlədən kimliyi açıqlanmasın deyə polis bölmələrində pul tələbləri;
Avropa Şurası Parlament Assambleyasının 10 yanvar 2022-ci il hesabatında istinad olunan CRRC-Georgia sorğuları (əsasən 2008-2013-cü illər): əhalinin 84%-i homoseksuallığı əsassız sayır;
"Pew Research Center"in 2013-cü il sorğusu: respondentlərin 92%-i homoseksual davranışı mənəvi cəhətdən yolverilməz sayıb.
Məhkəmə həmçinin Azərbaycan Parlamentinin İnsan Hüquqları Komitəsinin sədr müavininin 2021-ci ildə "cinsi azlıqlara qarşı üsyan etməyə" çağırışını nümunə kimi göstərib. Qərarda qeyd olunur ki, cəmiyyətdən təcrid və hakimiyyətin qoruma təmin etməməsi nəticəsində Azərbaycanda homoseksual şəxslər xüsusi sosial qrup təşkil edir.
Ərizəçinin işi necə qiymətləndirilib
Məhkəmə ərizəçinin oriyentasiyasını və təqib qorxusunu şəxsiləşdirilmiş və ardıcıl ifadələr, Fransadakı LGBTQİ+ mərkəzlərinin təsdiqləri və tibbi sənədlərlə əsaslandırılmış sayıb. Qərara görə, o, hakimiyyətə şikayət etməyə cəsarət etməyib, çünki polisin oriyentasiyasını öyrənməsindən qorxub. Məhkəmə başqa əsasları (hərbi xidmətlə bağlı) araşdırmağa ehtiyac duymadan nəticəyə gəlib ki, geri qayıtdığı halda təqiblə üzləşəcək və qaçqın statusu almaq hüququ var. Məhkəmə OFPRA-nın vəkil xərclərini ödəməsini lazım bilməyib.
Powered by Froala Editor