Polisin LGBTQ reydinin təfərrüatları
Aprelin 1-dən polis LGBTQ fərdlərinin həbsinə başlayıb.
03/Apr/19
7532
Aprelin 1-dən polis LGBTQ fərdlərinin həbsinə başlayıb.
Polis aprelin 1-də Bakının bir neçə rayonunda seks işçiliyi ilə məşğul olan LGBTQ fərdini tutmuşdur. Transgender və gey fərdlərə qarşı ov kimi xarakerizə olunan reydlər zamanı tutulan şəxslərin sayı təxminən 14 nəfərdir. Bunlardan yalnız 5-in kimliyini müəyyən etmək mümkün olub. Onlardan 2-i İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə cərimələnib. Digər 3-ü isə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni tələblərinə qəsdən tabe olmama) maddəsi ilə ittiham olunub.
Saxlanılanların sözlərinə görə, onlar məhkəmə qarşısında vəkillə təmin olunmayıb və imzaladıqları sənədləri dəqiq oxumaları üçün fürsət verilməyib. Dünən saxlanılanlardan biri Xətai Rayon Məhkəməsi tərəfindən 10 sutka, digəri isə Binəqədi Rayon Məhkəməsi tərəfindən 15 sutka inzibati həbs qərarı ilə Binəqədi Rayon Polis idarəsinin müvəqqəti saxlama təcridxanasına gətirilib. Hazırda hər ikisi orada saxlanılır.
Saxlanılan şəxslərdən barmaq izi, ağız suyu və qan analizi götürülüb, polis bölmələrində şəkilləri çəkilib. Tutulanların digərlərinin kimliklərini müəyyənləşdirmək hələ ki mümkün deyil. Binəqədi Rayon Polis idarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılanların yanına dostları və yaxınları buraxılmayıb.
Xatırladaq ki, Azərbaycan artıq bir neçə ildir ki, İLQA - Avropa (ILGA-Europe) beynəlxalq LGBTİ təşkilatının reytinqində homofobiyanın ən yüksək olduğu Avropa ölkəsi kimi sonuncu yeri tutur. Azərbaycanda seksual oriyentasiya və gender kimliyinə görə ayrı-seçkiliyi qadağan edən qanunlar yoxdur. Ölkədə hər il homofobiya və transfobiya zəminində nifrət cinayətləri və intihar halları qeydə alınır.