Bosniyada ilk LGBT paradı
Bosniya və Herseqovina ilk dəfə olaraq bu il ölkənin hər yerindən LGBT+ icma üzvlərini paytaxt Sarayevoda toplayacaq.
28/Apr/19
3064
Bosniya ilk dəfədir ki, LGBT paradına ev sahibliyi etməyə hazırlaşır
Bosniya və Herseqovina ilk dəfə olaraq bu il ölkənin hər yerindən LGBT+ icma üzvlərini paytaxt Sarayevoda toplayacaq.
Şəhərdəki mətbuat konfransına məlumat verən təşkilatçılardan biri Branko Kulibrk: "Nəhayət ki, Bosniya Sentyabr ayının 8-i Sarayevoda Qürur yürüşü keçirəcək", - deyib.
"Bu yürüş bərabərsizliyə və LGBTQİ+ (lezbian, gey, biseksual, transseksual, interseks və kvir) fərdlərinin hüquqlarının pozulmasına qarşı bir təzahür olacaq", - deyə əlavə edib.
Başqa bir təşkilatçı Dajana Bakic əlavə edib: "Qürur yürüşləri bölgənin hər yerində baş verir."
"Mühit tamamilə dəyişib və çoxlu sayda vətəndaşın bizə qoşularaq həmrəylik sərgiləyəcəyini gözləyirik."
Bosniyadakı LGBT hüquqları
Çox mühafizəkar olan bu ölkədə 1998-ci ilə qədər homoseksuallıq cinayət sayılırdı.
Bosniya 2016-cı ildə LGBT+ hüquqlarını da əhatə edən ayrı-seçkiliyə qarşı qanunlar qəbul etsə də, eynicinsli cütlüklərin heç bir hüququ tanınmır.
Əvvəllər LGBT+ hüquqlarını dəstəkləyən bir neçə tədbir təşkili cəhdləri şiddətlə yekunlanıb.
2008-ci ildə Sarayevoda keçirilən bir mədəniyyət festivalı iştirakçıları daşlayan xuliqanlar tərəfindən hədəf alınıb və 2014-cü ildə bir qrup maskalı şəxs LGBT dostu olan Art Kriterion kinoteatrına zorakı şəkildə girərək kvir film festivalındakı insanlara hücum edib.
Bənzər bir hadisə 2016-cı ildə də meydana gəlib. Bir neçə şəxs kinoteatra girərək LGBT əleyhinə ittihamlar səsləyib.
Sarayevo Açıq Mərkəzinin 2017-ci ildəki sorğusuna əsasən, təhlükəsizlik məsələsi LGBT icması üçün böyük narahatlıq doğurur.
LGBT fərdlərinin 69%-i ictimai tədbirlərdə iştirak edəndə və ya ictimai məkanlarda olanda özlərini təhlükədə hiss edir. Eyni zamanda gey fərdlərin 32% -i və lezbiyanların 17% -i seksual oriyentasiya zəminində zorakılığa məruz qalıb.
Müsəlman əksəriyyətli Kosovo dövləti da daxil olmaqla, Balkan ərazisindəki digər qonşu ölkələr LGBT+ Qürur yürüşlərinə ev sahibliyi etməyə başlayıblar.
Ötən il Priştinadakı ikinci Qürur yürüşünə yüzlərlə adam qatılıb.
Tədbir haqqında Kosovanın Baş naziri Ramuş Haradinay Feysbukda şərh bildirib: "Konstitusiyamız hər kəsin fərdi azadlığına zəmanət verir."
"Oriyentasiyalarını azad və təhlükəsiz şəkildə ifadə edə bilmək üçün LGBT cəmiyyəti və Qürur Həftəsinin həmişə institusional dəstəyi olacaq."