Oxucu məktubu: Həkim dedi ki, bu uşağın belə olmasına niyə imkan vermisiniz?
22, yaşım var. Lakin başıma o qədər hadisələr gəlib ki… Bu həyatda yaşımdan daha çox şeylər yaşamışam.
Lezbiyanam. Bunu 13 yaşım olanda hiss etmişdim. Bir müddət sonra isə özümdən yaşda böyük olan bir qadınla danışmağa və sevgi münasibəti qurmağa başladım. Onu çox sevirdim və bir gün xəyanətlə qarşılaşaraq ayrıldım. Lezbiyan olduğumu dostlarım və sinif yoldaşlarım biləndə isə ətrafımda heç kim qalmadı, məndən üz döndərdilər. Yanımda olan yeganə insan bibimqızı idi.
18 yaşım olanda bir qızla tanış oldum və ona vuruldum. O mənim hər şeyim idi, bütün dünyam ondan ibarət idi. Amma bu münasibətdə də xəyanətlə qarşılaşdım. Düzdür, daha ilk sevgidəki kimi əzab çəkmirdim. Onu bağışlamağım xəyanətlərin davam etməsinə səbəb olurdu və bu münasibəti bitirdim. Həyatımın sonrakı hissəsi isə içki və siqaretə qurşanmaqla keçdi. Bir müddət sonra ailəm artıq məni evləndirmək barədə danışırdı. Mənə elçi gəlmişdi və razılığım olmadan “hə” deyilmişdi. Vəziyyətimi heç kimə izah edə bilmirdim. Valideynlərim sanki arzularımla bərabər mənim özümü də öldürmüşdülər. Və özləri də mənim üçün ölmüşdülər. Evlilikdən qurtulmaq üçün evdən qaçdım. Bu qərarı verərkən hara gedəcəyimi və gedəndən sonra nə edəcəyimi bilmirdim. Sadəcə başımı götürüb getmişdim. Çətin gündə daima dəstəklədiyim dostlarımın heç biri yanımda olmadı. Heç kimdən dəstək görmədim. Mən küçələrdə qalmışdım. Zənn edirdim ki, ailəm mənə qarşı səhv etdiyini başa düşər, peşman olar, amma elə olmadı. Onlar lezbiyan olduğumu biləndən sonra həyatımın əsl cəhənnəmi başladı.
Deyirdilər ki, mən xəstəyəm və məni müalicə etməyə çalışırdılar. Məni psixoloqa, ordan isə nevropatoloqa yönəltdilər. Nevropatoloq kişi idi. Ona hər şeyi danışanda elə bir münasibət gördüm ki, sanki mən kimisə öldürmüşəm. Mənimlə kobud danışır, acılayırdı. Ailəmə isə demişdi ki, “bu uşağın belə olmasına niyə imkan vermisiniz?” Atam həkimin otağını əsəbi halda tərk etdi və o gündən həyatım qaraldı. Məni zorla evləndirdilər. Etirazlarımın heç bir nəticəsi olmadı.
Hazırda iki uşağım var. Hər gecə başımı yastığa qoyanda hər kəsə nifrət edirəm. Həyat yoldaşımdan iyrənirəm. Mənə toxunmağı ürəyimi bulandırır. Ölmək barədə düşünürəm. Dəfələrlə intihara cəhd etsəm də, buna nail ola bilməmişəm. Ailəm boşanmağıma icazə vermir. Azərbaycanın mentalitet və adət-ənənəsindən çəkinirlər. Mənə deyirlər ki, o evdən yalnız meyidim çıxa bilər. Bir gün çıxıb getməyim, buraları tərk etməyim alınmasa, bu həyata birdəfəlik son verməyi qərara almışam. Bu dəfə alınacaq.
Bilmirəm, cəmiyyət bizi niyə qəbul edə bilmir. Niyə bizə xəstə kimi baxırlar? İsa Şahmarlının da dediyi kimi, bu dünya rənglərimi daşıyacaq gücə malik deyil. Allah ona rəhmət eləsin.
Özümü o qədər tək hiss edirəm ki... Yanımda mənə kömək edəcək heç kim yoxdur. Ailəm də. Nə qədər ki, belə davam edəcək, nə qədər ki, bir-birimizə dəstək olmayacayıq, LGBTİ fərdlərinin də ölümləri artacaq.
Mən təhsilli olsam da, əlimdən heç nə gəlmir. Bu həyatda iki yolum qalıb: getmək və ya ölmək. Qismətimdə hansıdırsa, onu da görəcəm.
Anonim