Fərdlərin bəyanı: interseks və ya interseksual
LGBTİ-lər haqqında yerli dildə vəsaitlərin məhdud olduğu bir ölkədə bu barədə hər hansı bir material paylaşmaq yetərli araşdırma və icma barədə məlumatlılığı tələb edir.
07/Nov/19
6197
Fərdlərin bəyanı: interseks və ya interseksual
LGBTİ-lər haqqında yerli dildə vəsaitlərin məhdud olduğu bir ölkədə bu barədə hər hansı bir material paylaşmaq yetərli araşdırma və icma barədə məlumatlılığı tələb edir, Feysbuk sorğusu ilə doğruluğuna qərar verilmiş və ya stereotipləri təbliğ edən şəkillərlə hazırlanan stereotip əleyhinə kontent paylaşmağı deyil.
Bunlar “bəyənmirsiz, daha yaxşısını edin” və ya “mən belə düşünürəm” deməklə üstündən ötüb keçiləcək mövzular deyil. Ortada insanlar və onların hissləri, ağrıları var.
5 Noyabr tarixində intersekslər haqqında Y-PEER Azərbaycan Şəbəkəsinin İnstaqram və Feysbuk hesablarında paylaşılan bir kontent məni bu yazını yazmağa məcbur etdi. Məqsədim şəbəkənin fəaliyyətini pisləmək deyil, mövzu ilə bağlı mövqeyimi bildirməkdir.
Özümü şanslı hesab edirəm ki, hələ LGBTİ-lər barədə heç bir məlumatımın olmadığı bir dövrdə, uşaq yaşlarımda üçüncü cinsdə doğulan insanların olduğunu öyrənmişəm. Mənə həmişə maraqlı gəlirdi ki, niyə belə doğulmuş yalnız bir insan haqqında eşitmişəm. Daha sonra interseks uşaqlara qarşı zorakılıq halları, tibbdə bədənlərinə edilən vəhşiliklər - razılıqsız xəsarətlər - haqqında öyrəndim. İstər LGBT-lər arasında, istərsə də ümumi dünyada intersekslər ən çox zorakılığa və diskriminasiyaya məruz qalırlar.
Yuxarıda qeyd etdiyim videoda interseks yerinə “interseksual” ifadəsi istifadə edilmişdi. Hansı ki, interseks üçüncü cinsdir və seksuallıqla bağlı ifadə deyil, seks (cins) sonluğunun istifadə olunması daha etik və doğrudur. Buna mənimlə yanaşı etirazını bildirənlər də oldu, interseksual deyilməsinin doğru, hətta daha doğru olduğunu müdafiə edənlər də. Kiməsə görə etdiyim xırdaçılıq kimi gələ bilər, amma mənə görə bu kifayət qədər həssas bir mövzudur və “kim haqlıdır?” müzakirəsindən çox daha üstündür.
Çox təəssüf edirəm ki, biz yaşadığımız ölkədə interseks insalara çata, üzləşdikləri problemləri və tibbin bədənlərinə etdiyi vəhşilikləri aşkara çıxara, aradan qaldıra bilmirik. Çox təəssüf edirəm ki, bir parçası olduğum icmadan mənimlə birlikdə hüquqları üçün mübarizə aparan interseks aktivist yoxdur. Əgər olsaydı, bu yazını yazmaq haqqını özümdə görməz, belə bir yazı yazmağı ondan xahiş edərdim.
Çox yaxın keçmişdə bir neçə interseks aktivist ilə tanış olmaq şansım oldu və OII (Organisation Intersex International) Europe-un fəaliyyəti barədə məlumatlandım. İnterseks insanların müdafiəsi və hüquqlarının qorunması ilə bağlı üç dəyərli vəsait hazırlayıb, ikisini müxtəlif dillərə tərcümə ediblər. Həmin vəsaitlərə nəzər saldıqda bir dəfə də olsa “interseksual” ifadəsinə rast gəlmədim. Həmçinin IHRA (Intersex Human Rights Australia) və daha öncədən araşdırmalarım zamanı yararlandığım ISNA-in (The Intersex Society of North America) rəsmi saytlarında yayımlanmış materiallarda da yalnız interseks ifadəsindən istifadə olunub.
6 Noyabr tarixində eyni sosial şəbəkələrdəki hesablardan interseksual ifadəsini haqlı çıxarmaq məqsədilə eyni mövzuda yenidən paylaşım edilib və postda belə bir məzmun qeyd edilib: “İnterseksual - interseks doğulan şəxslərin cinsi xarakteristikasını ifadə edir”. Bu, paylaşım, ondan öncə paylaşılan, eyni məzmunlu videonun yanlış məlumat ehtiva etdiyi aşkara çıxarır.
Merriam-Webster izahlı lüğəti interseks üçün belə bir açıqlama verir: interseksuallıq vəziyyəti olan fərd. Həmin lüğətin interseksual ifadəsi üçün açıqlaması belədir: cinslər arasında mövcud olma - hansı ki, bu intersekslərin cins xarakteristikalarını özündə düzgün əks etdirmir. Yəni, ikinci postda vurğulanan cins xarakteristikalarını əks etdirdiyi vurğulanan ifadə interseksual yox, interseksuallıqdır.
İkinci postda həmçinin o da qeyd olunur ki, “İctimai vəkillik və hüquqların qorunması zamanı isə fərdlərin özlərini hansi kimliklə adlandırması önəmsənilməlidir”.
Belə olan halda, məhdud bilgi ilə hazırlanmış kontentə bildirilən rəylərə cavab olaraq, “interseks fərdlər bir çox mənbələrdə interseksual adlanır” (hansı ki, əsaslı mənbələrin hamısında interseks ifadəsi istifadə olunur) cümləsini yazıb, düzgün araşdırma və düzəliş etmək yerinə, daha sonra interseksual ifadəsinin əslində başqa mənaya gəldiyi haqqında ikinci eyni məzmunlu kontentin paylaşılmasında yetərli “önəmsənilmə” görə bilmədiyimə görə üzrlü sayın.
Müəllif: Raven
Powered by Froala Editor