Homoseksual məzmunlu film Tbilisidə qarşıdurma yaratdı
Noyabrın 8-i Tbilisidə “Sonra biz rəqs etdik” adlı yeni isveç-gürcü filminin premyerası zamanı ultrasağçı fəallar kütləvi etiraz aksiyası keçirdi. Film iki kişinin münasibətindən bəhs edir və LGBT mövzularını əhatə edir.
09/Nov/19
3431
Homoseksual məzmunlu film Tbilisidə qarşıdurma yaratdı
Noyabrın 8-i Tbilisidə “Sonra biz rəqs etdik” adlı yeni isveç-gürcü filminin premyerası zamanı ultrasağçı fəallar kütləvi etiraz aksiyası keçirdi. Film iki kişinin münasibətindən bəhs edir və LGBT mövzularını əhatə edir.
Əsas qarşıdurma “Amirani” kinoteatrının qarşısında yarandı. Ultrasağçılar bəyan etdilər ki, film homoseksuallığı təbliğ edir və onlar premyeranı istənilən vasitələrlə ləğv edəcəklər.
Artıq səhər tezdən bütün kinoteatrların qarşısında polis və xüsusi təyinatlılar səfərbər edilmişdi. Premyera baş tutsa da, o, kütləvi iğtişaşlarla müşayiət olundu.
Bir neçə yüz aksiya iştirakçısı “Amirani” kinoteatrına girməyə çalışırdı. Onlar pirotexnika və yanan məşəllərdən istifadə edirdilər.
Filmə baxmağa gələn vətəndaş aktivisti Ana Subeliani birbaşa hücuma məruz qaldı. Onu tanıdılar, ünvanına təhqirlər yağdırdılar və üzünə daş atdılar. O, təcili yardım maşınında aparıldı.
Gürcü telekanalları vəziyyəti canlı yayımda nümayiş etdirirdi və bütün ölkə qızın qanlı simasını görə bildi. O, dedi ki, az qala gözünü itirəcəkdi.
Fəallar həmçinin müxalif Respublikaçılar Partiyasının liderinə də hücuma keçdilər. O, kinoteatra daxil ola bilmədi və polis onu ərazidən uzaqlaşdırdı.
Ultramillətçilər partlayıcı pirotexnika istifadə etdikdən sonra polis hətta bileti olan tamaşaçıları da kinozala buraxmadı.
Aksiyada çoxsaylı keşişlər iştirak edirdi. Onların bəziləri aqressiv idi və filmə baxmağa gələnlərə qarşı söyüş istifadə edirdi. Bir çox aksiya iştirakçıları ucadan dua edirdilər ki, “tanrı Gürcüstanı Sodom günahından qorusun”. Keşişlərdən biri polis kordonundan keçib kinoteatra daxil ola bilsə də, polislər onu zor gücünə binadan çıxartdılar.
DİN-in məlumatına görə, asayişi pozan 11 nəfər saxlanılıb.
Film yaxın bir həftə ərzində kinoteatrların proqramındadır.
Mənbə: Jam-news.net