TƏCİLİ: Gənc qız oriyentasiyasına görə Azərbaycana qaçırılıb
Gənc qız oriyentasiyasına görə Azərbaycana qaçırılıb və zorakılığa məruz qalıb. Bu barədə gənc qızın özü və onun Rusiyada yaşayan sevgilisi, onların dostları sosial şəbəkələrdə məlumat veriblər.
16/Jan/20
4841
Gənc qız oriyentasiyasına görə Azərbaycana qaçırılıb və zorakılığa məruz qalıb
Bu barədə gənc qızın özü və onun Rusiyada yaşayan sevgilisi, onların dostları sosial şəbəkələrdə məlumat veriblər.
İsmayılova Sevgiyə-Sübhani 12 yanvarda Rusiyanın Azərbaycandakı Səfirliyinə yazdığı məktubunda bildirib ki, o, 18 yaşlı Rusiya vətəndaşıdır, Krasnoyarsk Dövlət Tibb Universitetində təhsil alır. Yanvarın 4-ü anası onu Bakıya gəlməyə məcbur edib və gənc qız yanvarın 14-ü geri qayıtmaq şərtilə razılaşıb. Bakıya gəldikdən sonra ailə üzvləri fiziki və mənəvi zorakılıq yolu ilə onun bütün sənədlərini əlindən alıblar və evə qapadıblar. O, anası, xalası və dayısı tərəfindən ağır şəkildə döyüldüyünü bildirir. Onun sözlərinə görə, ailəsi onu ölümlə hədələyərək Rusiyaya geri qayıtmasına əngəl törədiblər. Sevgiyə qeyd edir ki, anası bıçağı onun boğazına dirəyərək, əgər “özbaşına” olarsa, əvvəl Sevgiyəni, sonra isə kiçik qardaşını və özünü öldürəcəyini deyib. Onun təqdim etdiyi səs yazısında anası bildirir ki, Sevgiyə Krasnoyarska geri qayıtmağı düşünməsin, əks halda anası ora gələcək və çoxlu qan töküləcək. Sevgiyə Krasnoyarskda universitet imtahanlarını verməlidir və təhsilinə görə ciddi narahatdır.
Hal-hazırda ondan xəbər almaq mümkün deyil.
Rusiya LGBT şəbəkəsi təşkilatına müraciət etmiş Polina Vavilina bildirib ki, onun yetkinlik yaşına çatmış sevgilisi, Rusiya vətəndaşı İsmayılova Sevgiyə-Sübhani aldadılaraq Azərbaycana aparılıb və orada seksual oriyentasiyasına görə zorakılığa məruz qalır. Bakıda İsmayılova bir dəfə evdən qaçmağa nail olub, həmin vaxt başına gələnlər barədə dostlarına və səfirliyə məlumat verib. Lakin ailəsi onu zorla geri qaytarıb. Sevgiyə polisə müraciət etmək istəsə də, ailəsi onu zorla apardığı üçün buna nail ola bilməyib.
Polina Vavilina qeyd edib ki, o, artıq Rusiya DİN Bələdiyyələrarası İdarəsinin 5 saylı polis bölməsinə müraciət edib, lakin polislər ərizəni qəbul etməkdən imtina ediblər. Hazırda Rusiya LGBT şəbəkəsi Krasnoyarsk polisinə və Rusiya İstintaq Komitəsinə müraciət ediblər.
Sevgiyə-Sübhani İsmayılovanın rəfiqəsi Xalidə Qadirin Feysbuk sosial şəbəkəsinə verdiyi məlumata əsasən, o, məsələ ilə bağlı Rusiyanın Azərbaycandakı Səfirliyinə gedib. Səfirlikdən ona bildirilib ki, onlar polisə müraciət göndəriblər və əllərindən gələni edirlər.
Hazırda Minority Azərbaycan təşkilatı və hüquq müdafiəçiləri məsələni nəzarətdə saxlamağa çalışır.