Homoseksual cütlüyün həyatı təhlükədə


Azərbaycanlı homoseksual cütlüyün Sevgililər günündə Feysbukda yalnız qapalı dost çevrəsi üçün paylaşdığı  video onların həyatına təhlükə yaradıb.

Bu barədə Minority Azərbaycan təşkilatına zərərçəkənlərin özləri məlumat verib. Onların sözlərinə görə, həmin video naməlum şəxslər tərəfindən oğurlanaraq, sosial şəbəkələrdə minlərlə üzvləri olan müxtəlif qrup və səhifələrdə paylaşılmağa başlayıb. Həmin paylaşımlar homofob nifrət nitqi ilə müşayiət olunub. Hazırda videonun yayılmasında məsul olan səhifələr onu silməkdən imtina edir. Bu qruplar arasında Feysbukda 40 min üzvü olan “Xoşbəxt kişilər qrupu” və İnstaqramda 226 min izləyicisi olan “VineAzerbaijan” səhifəsi var. Bu qruplar videonu həmçinin WhatsApp vasitəsilə də yaymaqla məşğuldurlar. 

Yazılan şərhlərdə cütlüyün yaşadıqları yer barədə məlumat verilir və onlara xəsarət yetirməyə, öldürməyə çağırışlar edilir. 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, Feysbukda paylaşılan postlar cütlüyün şəxsi həyatının toxunulmazlığı hüququnu pozur. Şəxsi həyatın video çəkilişi materiallarının qanunsuz toplanılmasına görə günahkarlar min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırıla bilər.

Eyni zamanda, həmin səhifələr zərəçəkənləri müdafiə edən şəxslərin də profil və fotoşəkillərini yayaraq, onlara hədə-qorxu gəlir.

Zərərçəkənlərin sözlərinə görə, onlar polisə müraciət etsələr də, hüquq-mühafizə orqanları şikayətə baxmaqdan imtina edib və məhkəməyə müraciət etməyi tövsiyə edib. 

Hazırda cütlük ciddi stress və psixoloji gərginlik keçirir, imkan daxilində evdən kənara çıxmamağa çalışır.

Minority Azərbaycan təşkilatı məsələni diqqətdə saxlayır.

Həmin səhifələrin bəzilərinin paylaşımlarından çıxarışlar: