Cütlük polisin şikayətə baxmadığını deyir
Avropa Beynəlxalq Gey və Lezbiyanlar Assosiasiyasının (ILGA-Europe) 2019-cu ildə yayımladığı Göyqurşağı İndeksinə əsasən, Azərbaycan Avropada LGBTİ-lərin yaşaması üçün ən təhlükəli ölkə elan olunuşdur.
19/Feb/20
4543
Cütlük polisin şikayətə baxmadığını deyir
Fevralın 14-də Rəvan Nəsimi partnyoru ilə birlikdə Sevgililər gününü qeyd etdiyi zaman kiçik bir video çəkmiş və videonu ancaq qapalı şəkildə dostlar üçün paylaşmışdır. Aralarından kimsə videonu yükləmiş və müxtəlif qruplara göndərmişdir. Hazırda onlarla İnstaqram və Feysbuk səhifələri həmin videonu paylaşaraq insanları nifrət nitqi yaymağa səsləyir. Paylaşılan videonun altında isə Rəvan və sevgilisi ölümlə təhdid olunur. Cütlüyün həyatı hazırda təhlükədədir.
Rəvan Gəncədə yaşayan və ailəsinə, dostlarına açıq olan homoseksualdır. Ailəsi və dostları onu olduğu kimi qəbul ediblər və dəstək verirlər. Onun sözlərinə görə, artıq neçə ildir ki, Gəncədə insanları LGBTİ mövzularında maarifləndirmə ilə məşğuldur. Eyni zamanda, ailəsi tərəfindən zorakılıq görmüş LGBTİ-lərə mənəvi dəstəyini də heç vaxt əsirgəməyib.
Rəvanın sözlərinə görə, hazırda vəziyyətləri o qədər ağırdır ki, harasa getmək üçün nə piyada yoldan, nə də ictimai nəqliyyatdan istifadə etmirlər. “Taksiylə, üzümüzdə tibbi maskayla gəzirik”, – deyə Rəvan əlavə edib. İş yerində də onlara qarşı psixoloji basqı var. Sevgilisi işdən çıxarılıb, hazırda işsizdir. Rəvana isə işlədiyi kollektiv tərəfindən münasibət dəyişib.
“Psixoloji durumumuz bərbaddır. Yuxu yata bilmirik, hər qapı döyüləndə diksinirik. Yol gedəndə arxaya baxa-baxa gedirik. Çox qorxuruq.” – Rəvan hazırkı vəziyyətlərini təsvir edərkən qeyd edib.
Videonun sosial mediada yayılması və gələn rəylər barədə cütlük fevralın 14-ü axşam saatlarında polisə müraciət edib. “Gün ərzində vəziyyət ağırlaşırdı, ölüm təhdidləri artırdı, biz də polişə şikayətə getdik”, – deyə Rəvan bildirir. Polis bölməsində onlardan ərizə və izahat götürülmüş, cütlüyə bu mövzularla polisin məşğul olmadığı bildirilmişdir. “Polis bizə məhkəməyə müraciət etmək lazım olduğunu dedi”, – Rəvan bildirib. “Həm də qeyd etdilər ki, bu mövzuda məhkəmə işləri də müsbət nəticə vermir. Özümüzü yormuş olacağıq”, – deyə o, əlavə edib.
Sosial mediada cütlüyün Gəncənin mərkəzində yaşadığı qeyd edilmişdir. Nifrətə və cinayətə səsləyən paylaşımlar onların yerini müəyyən etməyə çalışır. “Ümumilikdə, mənim 60 nəfərlik kollektivim məsələdən xəbərdardı, onlardan homofob olanları da daxil, çoxu qapı ünvanıma qədər tanıyır ki, bu da məni qorxudur”, – Rəvan deyir.
Ünvanlarının iş yoldaşları tərəfindən bilinməsi onları daha çox təhlükəyə atır. Cütlük tez bir zamanda yaşadıqları yeri dəyişməyə çalışır. “Sənədlərimizi əldə edib Bakıya qaçacağıq. Ora nisbətən təhlükəsizdir", – deyə Rəvan əlavə edib.
Avropa Beynəlxalq Gey və Lezbiyanlar Assosiasiyasının (ILGA-Europe) 2019-cu ildə yayımladığı Göyqurşağı İndeksinə əsasən, Azərbaycan Avropada LGBTİ-lərin yaşaması üçün ən təhlükəli ölkə elan olunuşdur. Cəmiyyətin fobikliyi və nifrəti səbəbilə 2014-cü ildə gey hüquqları aktivisti özünü göyqurşağı bayrağından asaraq intihar etmişdir. Minority jurnalının redaktoru Səməd İsmayılov Meydan Tv-ə verdiyi müsahibəsində Azərbaycanda onlarla fərdin seksual oriyentasiyasına görə intihara cəhd etdiyini bildirib.
2019-cu ildə isə Elina Hacıyeva nifrət cinayətinin qurbanı olmuş və oxuduğu məktəbin pəncərəsindən özünü ataraq intihar etmişdir. Elina məktəbdə oxuduğu müddətdə müxtəlif təhqirlərə və lezbiyan deyilərək zorbalığa məruz qalmışdır.
Bundan əlavə, Azərbaycanda 2017 və 2019-cu illərdə LGBTİ-lərə qarşı polis ovları baş vermiş və reydlər zamanı onlarla insan həbs edilmiş, şiddətə məruz qalmış, alçaldılmış və elektroşokla işgəncələr görmüşdür.