Müsahibimizin 18 yaşı var, Bakı Dövlət Universitetində oxuyur, biseksualdır. Bu yaxınlarda bir film təqdimatında, insanlar içərisində “kaming aut” edib. Bu cəsarəti  bizdə maraq oyandırdığı üçün onu daha yaxından tanımağa qərar verdik.

Yəqin ki, tədbirdə, insanlarla hislərini bölüşdükdən sonra özünü daha rahat hiss edirsən? Sonrakı təəssüratlar necə idi?

Bəli, hədsiz dərəcədə rahatlamışam. İlk olaraq evə gəlib saatlarca sevincdən ağlamışam. Özümü özüm kimi hiss eləmək və bununla qürur duymaq çox gözəl bir hissdir.  Eyni zamanda da oradakı insanlardan çox müsbət təəsüratlar aldım.  

Necə qərar verdin “kaming aut” etməyə?

Düzünü desəm, bu çox spontan qərar oldu. Əslində sadəcə bu cür tədbirə görə təşkilatçılara təşəkkür etmək üçün mikrofonu əlimə almışdım. Lakin, birdən hiss etdim ki, buradakı insanların hamsısı məni başa düşə bilərlər, qınaq obyektinə çevrilməyəcəm. Həm də ora yaxın olduğum müəlliməmlə biryerdə gəlmişdim və o bilmirdi ki, mən biseksualam. Sadəcə elə bilirdi ki, marağım var. Ona təkbətək deməkdən isə çəkinirdim. Düşündüm ki, bu həm də ona etiraf etmək üçün yaxşı fürsətdi.  O eşitdi, ordan çıxandan sonra məni qucaqladı və mənə dedi ki, mən bilsəydim, səni belə bir şey narahat edir, sənə çoxdan dəstək olardım. O tanıdığım ən möhtəşəm insandır.

Biseksual olduğunu ilk nə vaxt hiss etmisən?

İlk  dəfə 9-cu sinifdə oxuyarkən hiss etdim. Ona qədər bu barədə fikirləşməmişdim belə. Çünki müsəlman ailəsində böyümüşəm. Sonradan biraz araşdırma apardım, və özüm barəmdə düşündüm ki, ola bilsin mənim qızlardan biraz daha çox xoşum gəlir.  Araşdırmalarım nəticəsində başa düşdüm ki, bu insanlar xəstə deyillər.  Bu hormonal yaxud psixoloji problem deyil. Sadəcə biz belə doğuluruq. Bundan sonra özüm özümü qəbul etdim ki, bəli, mən biseksualam. 

Maraqlıdır, bəs necə fərqinə vardın ki, qadınlara qarşı duyğuların fərqlidir?

Sinif yoldaşım var idi. Çox gözəl və yaxşı insan idi. Oğlanlara baxanda necə hiss edirəmsə özümü, ona baxanda da eyni şeyləri hiss edirdim. Bu bir dosta duyulacaq sevgi deyildi. Bundan sonra hiss etdim ki, məndə nəsə fərqlilik var. 

Ailənin dindar olduğunu söylədin, onlarla hislərini bölüşməyi düşünmüsənmi? Səncə bunu necə qəbul edərlər?

Yox, ümid edirəm ki, heç vaxt da paylaşmaq məcburiyyətində qalmaram. Etiraf etsəm bilirəm ki, qəbul etməzlər. Çünki müsəlman ailəsiyik, Allaha inanırıq və LGBT üzvlərinə pis baxırıq. Məni də belə böyüdüblər. Lakin, bu mənim günahım deyil ki, mən beləyəm. Xüsusilə anam çox qəti fikirlidir bu mövzuda, amma bəlkə də atam hardasa başa düşə bilər. Bir də məndən balaca bacı və qardaşım var. Əminəm ki, bacım məni başa düşəcək. Bəlkə də mənim təsirimdəndir ki, bacım qardaşımdan fərqli olaraq, daha açıq fikirli böyüyür. Heç kimi qınamır. Bilirəm ki, mən ona desəm, o bunu nəinki ailədə açıqlamaz, hətta sirrimi də saxlayar. 

Bəs yaxınlarına necə, açıqlamısanmı?

Ən yaxın dostlarım bilir. İlk gündən ən yaxın qız dostuma etiraf etdim. O da çox normal qarşıladı. Daha sonra da digərlərinə.

Biseksual olduğunu yaxınlarına açıqladığın zamanlarda heç qınanmaya məruz qalmısanmı?

Əlbəttə, məktəbdə çox olub. Mənim çox yaxın hesab etdiyim qız dostum var idi. Ona etiraf etmişdim. Lakin o mənim ona açdığın bu sirri bütün məktəb arasında yaydı. Çoxu inanmadı, amma inanlar mənə söz atmağa, ələ salmağa başladılar . Hətta bəziləri müəllimlərə xəbər vermişdi. Lakin müəllimlər məni təhdit edərək psixoloqun yanına getməyə məcbur etdilər.

Bu necə baş verdi, müəllimlərin səni psixoloqa getməyə necə məcbur etdilər? 

Fizika dərsində idim. Müəllimin biri gəldi və dedi ki, məktəb psixoloqu səninlə danışmaq istəyir.  Düşdüm yanına və ona etiraf etdim hər şeyi. Çünki mən zənn edirdim ki, psixoloqa yalan danışmaq olmaz, yoxsa kömək edə bilməzlər. Lakin, o çox ağlatdı məni, dedi ki, buna görə öləcəm və cəhənnəmdə yanacam. Qurandan sürələr oxudurdu mənə, mənlə birgə düzəlməyim üçün dualar edirdi.  Həftədə 1 dəfə gedirdim yanına, məni hər dəfəsində ağladırdı, pis vəziyyətə qoyurdu. Bir müddət sonra dostlarım fikir verdilər ki, mən getdikcə sönürəm, nəsə problem var. Daha sonra onlar məni onun yanına getməyə qoymadılar. Müəllimlər də vəziyyətimi görüb çox da məcbur etmədilər. O psixoloq məni özümə nifrət etdirdi. Mən əmin idim ki, öləcəm və cəhənnəmdə yanacam. 

Vurğuladın ki, müəllimlərin səni təhdit edərək, psixoloqa getməyə zorladılar. Nə ilə təhdit olunurdun?

Dedilər ki, istəmirsənsə söhbət harasa çatsın, düş aşağı, psixoloqla danış. Yəni, açıq sözlə mütləq getməlisən demədilər. Amma məcbur etdilər. Bu mənim aldığım ən böyük travma idi. İndi danışmaq çətin deyil, amma tək olanda və o günlər yadıma düşəndə həmişə ağlayıram. Şükür ki, valideynlərimə çatmadı.

İndiyədək bizim müsahibə aldığımız bütün LGBTQİ+ fərdlərinin ən azı bir intihar hekayəsi olub. Bəs səndə necə? Belə bir şey baş verib nə vaxtsa?

O psixoloqla söhbətə başlayanda özümə zərər vurmağa başladım. Davamlı olaraq edirdim bunu. İndiyədək də onun izləri qalıb. İntahara da bir dəfə cəhd etmişəm. Yaxşı ki, sona qədər çatdırmadım. Venalarımı kəsmək istəyirdim, tam o anda yaxın dostum otağa girdi və bıçağı əlimdən aldı. Mənə başa saldı ki, yaşamağa dəyər və sonrasında biryerdə qucaqlaşıb ağladıq.

Çox sağ ol, bizə vaxtını ayırdığın üçün. Son olaraq nəsə demək istəyirsənmi?

LGBTQİ+ fərdlərinə bir tövsiyə vermək istəyirəm. Onlara burdan səslənib demək istəyirəm ki, özünüz olmaqdan heç vaxt çəkinməyin. Elə adamlar var ki, özlərini qəbul edib gizlədənlərə qorxaq deyirlər. Lakin bu elə deyil, əsasən də Azərbaycanda bu qorxaqlıq deyil, bu özünü qoruma instiktidir və bu olmalıdır. Ona görə də kimsə etiraf etmirsə, bu ayıb deyil, bu qorxaqlıq deyil. Sizin ətrafınızda sizə təzyiq göstərən, qınayan insanlar olmasaydı, siz qorxmazdız. Deməli, problem sizdə deyil, sizin qorxaqlığınızda deyil.

Çox təşəkkürlər.

Mənbə: Dignity and Gender