Azərbaycanda In-Visible Film Festivalı keçirilir
Azərbaycanda artıq ikinci dəfədir ki, In-Visible Film Festivalı keçirilir
30/Jan/21
1758
Azərbaycanda artıq ikinci dəfədir ki,
In-Visible Film Festivalı keçirilir
Salaam Cinema ikinci dəfədir ki, In-Visible Film Festivalı keçirir. İlk festival 2019-ci ildə Salaam Cinema ilə Niderland səfirliyi, Beynəlxalq Kuir və Miqrant Film Festivalı, Nəfəs LGBTİ Azərbaycan Alyansı, Minority Azərbaycan və digər partnyorların birgə əməkdaşlığı çərçivəsində təşkil edilmişdi. Festivalın əsas mövzusu gender məsələləridir. Festival bərabərlik, inklüzivlik və müxtəlifliyi qeyd etmək üçün geniş proqram təklif edir.
Festival haqqında daha geniş informasiya almaq üçün komandamızın üvzü Vahid Əliyev Salaam Cinema ilə görüşdü.
Vahid Əliyev: Festivalın əsas məqsədi nədir və onu yaratmağınıza nə ilham verdi?
Salaam Cinema: In-Visible Film Festivalının ümumi mənada məqsədi qadınların və LGBTQİ+lərin incəsənətdə iştirakını və görünənliyini artırmaqdır. Bu barədə nə isə etməyə bizi təşviq edən də elə Salaam-ın praktikası ilə bağlı olub. Daha öncə baş tutmuş Salaam Cinema Baku-nun digər tədbirlərinə hazırlaşarkən incəsənətdə vahid genderin, vahid sosial sinfin, vahid keçmişin - ümumilikdə, vahid baxış bucağının hegemon olduğunu müşahidə etdik. Kuir və qadınlarla, eyni zamanda, müxtəlif sosial keçmişi olan insanlarla əməkdaşlıq etməyə çalışdıqda isə, bu qəbildən olan, yetərincə özünü ifadə etmiş sənətkarların çox az olduğunu gördük. Bu əlçatmazlıq incəsənət nümunələrinin özündə də çox absurd təsvirlər yaradır. Qadın və kuirlərin incəsənətdə proyeksiyası həmişə “başqalarının” obyektivindəndir və həmin əyri güzgülü obyektiv heç vaxt avtonom bir qadın və ya kuir obrazı göstərmir.
V.Ə:Artıq 2-ci dəfədir ki, festival keçirilir. Bu illər ərzində festival necə inkişaf etmişdir?
S.C: İlk dəfə 2019-cu ildə keçirilən zaman In-Visible Film Festivalı daha çox pilot formatında idi və davamlı, hər il baş verməyi planlanmamışdı. Eyni zamanda, ilk festival daha çox lokal icmaya əlçatan idi. Lakin ikinci ilində festival daha dayanıqlı və uzunmüddətli dövrdə təsirə fokuslanmış sistem formalaşdırdı. Ölkədə və dünyada baş verənlər, sözsüz ki, bir çox çətinliklər yaratdı. Amma hadisələrə mümkün olduqca sürətli reaksiya verib, festivalı modifikasiya etdik. Nəticədə ilk dəfə hələ Covid-19 həyatımıza girməzdən əvvəl planlanandan xeyli fərqli bir proqram ərsəyə gəldi. Proqramda əvvəlcə festivalın ilk ilindəki kimi 4 gün ərzində oflayn formatda film nümayişləri, sərgilər, təlimlər və konsert nəzərdə tutulmuşdu. Pandemiya səbəbilə festivalı onlayn formatda qurmağı qərara aldıq. Bu isə, həm festivalı lokallıqdan çıxarıb, Bakı, Gəncə, Lənkəran, Sumqayıtdakı müxtəlif icmalara, eyni zamanda Gürcüstanın azərbaycanlı icmasına daha əlçatan etdi, həm də, bizə festivalı 3 ay müddətində davam etdirərək, təlimlərin, film nümayişlərinin, konsertlərin, mühazirələrin sayını artırmaq imkanı verdi. Təlimlərin və mentorluq proqramlarının nəticəsində iştirakçıların yaratdığı incəsənət nümunələrinin növbəti In-Visible Film Festivalında nümayişi nəzərdə tutulub. Bundan əlavə, artıq daha çox yerli partnyorlarla, müxtəlif təşəbbüs qrupları və individuallarla əməkdaşlıq edirik.
V.Ə: Festivalın müxtəlif auditoriya toplaya biləcəyini necə hiss edirsiniz?
S.C: Festival çərçivəsindəki təlimlər daha çox kuir və qadınlar üçün nəzərdə tutulub. Lakin nümayiş olunacaq filmlərin çox fərqli qrupların diqqətini çəkəcəyini güman edirik. Filmlərin incəsənət baxımından keyfiyyəti yüksəkdir. Eyni zamanda, tematikanı nəzərə alsaq, filmlər ancaq keyfiyyətli film izlmək istəyənlərdə yox, aktivistlərdə də maraq oyadacaq.
V.Ə: Festivalın yaxın bir neçə ildə inkişafını necə görürsünüz və gələcək üçün ümid və planlarınız nələrdir?
S.C: Daha əvvəl də qeyd etdiyimiz kimi, festivalı artıq daha dayanıqlı şəkildə, hər il əməkdaşlıq etdiyimiz insanların və təşkilatların sayını artıraraq, eyni zamanda, icmanı genişləndirərək davam etmək istəyirik. Eyni zamanda, təhsil proqramlarına daha çox fokuslanmağı düşünürük. Hər il əvvəlki festivaldakı təlimlərin iştirakçılarının öz işlərini sərgiləməsi və beləliklə, festivalın öz-özünü dəstəkləməsi planlanır. Ümidimiz isə, baryerlərin, məhdudiyyətlərin və “olmazların” olmadığı incəsənət, cəmiyyət və dünya qurmaqdır.
Festival haqqında davamlı informasiya əldə etmək üçün Salaam Cinema-nın Facebook və İnstagram hesablarını izləməyi unutmayın.
Powered by Froala Editor