Memarlıq hələ də trans bədənləri hesaba qatmır
Bu yazı ilkin olaraq ingilis dilində Failed Architecture saytında dərc olunmuşdur
01/Feb/21
2831
Memarlıq hələ də trans bədənləri hesaba qatmır
Böyük Britaniyada memarlıq təhsilimin sonuna yaxın “memarlıq və bədən” üzrə bir neçə dərsə qatılırdım. Həftəlikbaş tutan qrup müzakirələri memarlığın tarixi və günümüzdəki tətbiqinin tənqidindən ibarət idi. Həmin zaman mən təzəcə öz ailəmə açılmışdım və hormon terapiyasına başlamışdım, lakin universitetdə hələ bunu bildirməməyi qərar almışdım. “Memarlıq təhsilinin son ili bunsuz belə çox streslidir”, deyə düşünmüşdüm. Amma estroqenin təsirləri çox bəlli ola bilir və keçid bir mərhələdə özünü biruzə verir. Fərqli səslənirdim, fərqli geyindiyim, görünüşümün dəyişdiyi, bəzənmisənmi kimi şərhləri tez tez eşidirdim. Bunlar doğru idi, ancaq utanaraq boynuma alıram ki, həmin vaxtlar daha az gözədəyən olduğumu düşünürdüm. Gözlədiyimdən daha çox görsənən idim.
Dərslər Vitruvius-dan Le Corbusier-ə, fenomenologiyadan kolonializmə kimi geniş mövzuları əhatə edirdi. Qısaca fiziki məhdudiyyət məsələsinə toxunulmuşdu, daha çox vaxt texnologiyanın təsirləri və post-humanizmə ayrılmışdı. Kvir və ya transgender bədənləri haqqında heç vaxt danışılmırdı, baxmayaraq ki, hər keçən həftə daha az gender normaları ilə uzlaşan mən də həmin dərsdə iştirak edirdim. Yaxşı dərs olsa da, çox qəribə şəkildə fiziki məhdudiyyət və kvirlik kimi həqiqətən real olan məsələlərin daha hipotetik və yüksək-nəzəri mövzular ilə əvəzlənməsi idi. Trans olaraq vacib hesab etdiyim fiziki mühit problemlərin niş, ezoterik və qeyri-vacib adı ilə üstündən keçmişdilər. Bədənsəl təcrübələrin bir hissəsinə tamamilə laqeyd yanaşma memarlıq təhsilində tez-tez qarşılaşdığım bir hal idi.
Genderləşmiş məkanların yaratdığı normalara uyğun olmayanlar ictimayyətdə daha görünən və getdikcə tez-tez rast gəlinən olurlar. Buna baxmayaraq, memarlıq müzakirələrində transfeminist perspektiv demək olar ki, gender, bədən və tikili mühitlə əlaqə baxımından mövcud deyil.
Transların fiziki mühitdə hərəkəti sisgender insanlardan kifayət qədər fərqli ola bilər. Gender rəsmi və ya qeyri-rəsmi formada bədənlərin təşkil olunması üçün tez-tez istifadə olunur. Genderləşmiş məkanlar burda olan insanlara qarşı, onların bədənləri və bu bədənləri necə təmsil etdikləri ilə bağlı sətiraltı gözləntilərdən ibarətdir. Bu gözləntilər həmin məkanlardan kənarda da mövcuddur, amma onların daxilində daha kəskin şəkildə özlərini biruzə verir. Lakin transların bədənləri sisnormativ gözləntilərlə üst-üstə düşmür, bu özgələşdirməyə çevrilir və təhlükəli olur.
Genderləşmiş məkanlar trans insanlar üçün sınağa çevrilir. Cəmiyyətdə genderə uyğun performans göstərməyə təzyiq mövcüddur. Gündəlik həyatda sisgender qadın kimi görsəndiyim üçün şanslıyam, çünki bu getmək istədiyim məkanlara əlçatanlığımı asanlaşdırır. Bir çox translar bu imtiyaza sahib deyil və bir çoxu ən azından bir müddət çox gözə çarpan olduqları dövrdən keçirlər. “Gözə çarpmayan” olmağın gətirdiyi imtiyazla belə ictimai məkanda mövcud ola bilmək naminə, genderləşmiş təmsilçiliyimizin hiper-fərqində olmalıyıq, öz təhlükəsizliyimiz və ətrafımızdakı insanların rahatçılığı üçün. Bu təcrübə bir növü sisgenderlərin yaşadığı gözləntilərin intensivləşmiş versiyasıdır, sadəcə bizim genderimiz onsuzda yalnız ictimai məkanda yox həmişə sual altındadı.
“Gözə çarpmamaq” genetik lotoreya, femininlik və ya maskulinliyi ifa etmək istəyi və maddi imkandan asılıdır. Səhiyyənin əlçatan olması keçidi çox asanlaşdırır və tezləşdirir, yəni kiminsə sisnormativ dünyaya inteqrasiyası onun sinfi aidiyyatından çox asılıdır. Assimilasiya ola bilməyənlər isə çox vaxt ictimai məkandan təcrid olunurlar. ABŞ-da aparılan araşdırmagöstərir ki, 59%-imiz qorxudan ictimai tualetlərdən istifadə etməmişik, bəzi insanlar ictimai yerdə yemək və içməkdən də çəkiniblər və bu da öz növbəsində daha çox böyrək və ifrazat sisteminin infeksiyalarına gətirib çıxarıb. Kasıbçılıq və ev sahiblərinin göstərdiyi ayrıseçkiliyin nəticəsində Böyük Britaniyada transların 25%-in evsiz qalmaq təcrübəsi yaşayıblar. Evsiz insanların qeyri-proporsional sayda transgender olması ilə yanaşı, bu fərdlər sığınacaqlara yerləşmək istəyəndə daha çox çətinliklərlə üzləşirlər.
İctimai hovuzlar və çimərliklər çox vaxt tamamilə əlçatmaz olur: bizim bədənlərimiz çox gözdə və çox yaralana biləndilər, ancaq yalnız mühakimə yox, həm də zorakılığın real riski var. Trans üzgüçülük klubları təhlükəsizliyimiz üçün özümüzü təcrid edərək sisgender insanlardan ayırmamıza gətirib çıxarır, onların mövcüdiyyətinin əsas məqsədi translara sığınacaq verə bilməkdir. İdman zallarında da oxşar xoşagəlməz situasiya müşahidə oluna bilər, adətən bir neçə ‘yumşaq” ayrıseçkilik formaları ilə rastlaşırsan, çox vaxt sənə “doğuşdakı genderinə” əsasən qarderobdan istifadə etməsini tələb edərək, ayrıseçkiliyə qarşı olan hüquqi normalardan yan keçirlər.
Belə hallar, daha az rəsmiləşdirilmiş və ya daha çox situasiyadan asılı olaraq genderləşdirilən bədən formasında da baş verir. Bir dostumun toyuna getməməyə qərar verdim, çünki keçidimin zərif, erkən dövründə qara qalstukla gələn gözləntiləri necə qarşılayacağımdan əmin deyildim, başqa insanların da oxşar təcrübələrinin olduğunu eşitmişəm. Gözə çarpan şəkildə fərqləndiyiniz və ya axtarış üçün saxlandırıldığınız zaman və ya sənədləriniz müəyyən bir sərhəd təhlükəsizliyi rəsmisinin sizi necə gördüyü ilə uyğun gəlmədiyində, bədənlərimiz uyğunlaşdırıla bilmədiyi üçün səyahət travmatik və ya hətta təhlükəli ola bilər.
Sisnormativ gözləntilər qarşısında qorxu və qeyri-müəyyənlik ictimai məkandan çəkinməyimizə səbəb ola bilər, lakin virtual məkanların yayılması translar arasında icma və dəstək hissini inkişaf etdirməyə kömək etdi. Əslində minilliyin başlanğıcından bəri virtual məkana asanlıqla daxil olma xüsusiyyəti trans şəxsiyyətlərin çiçəklənməsini asanlaşdırdığını demək yalan olmazdı. Dağınıq azlıq olmağın sadə gerçəkliyi lokallaşdırılmış, fiziki bir cəmiyyət yaratmağı çətinləşdirir. Dəqiq rəqəmləri siyahıya almadan ölçmək çətindir, lakin 2011-ci ildə aparılan bir araşdırmaya görə İngiltərədə 1% insan “genderi yenidən təyin etmə prosesinin hər hansı bir mərhələsindən keçdiklərini” bildirmişdilər. Ancaq 21-ci əsrdə məsafə heç olmadığı qədər tez qətt olunandır. Onlayn məkanlarda bədənlərimizin müşahidə və tənqid obyektinə çevrilmə ehtimalı daha azdır, bu da insanlar üçün özlərini göstərə bilmədikləri gender fərqliliklərin axtarışında olduqları erkən, ağrılı və xam mərhələlərində xüsusilə vacib ola bilər.
Bu çiçəklənməyə qarşı olan əks reaksiya başqaları tərəfindən araşdırılıb, amma onlayn icmaların da müəyyən sistemik problemləri var. Ən həssas olduğumuz zamanlarda bu onlayn məkanlara baş vururuq və bu məkanlardan daha çox başqa dəstək mexanizmi olmayanlar asılı olur. Ancaq xüsusilə sosial mediada internetdə mövcud olan hiper reallıq bir növ normativ keçid baxışını yaradır və gücləndirir. Onlayn mədəniyyətdə çox vaxt olduğu kimi, gənc, gözəl və sis kimi görünən trans insanların obrazları arzu olunan, insanlara ümid ola biləcək kimi göstərilir, eyni zamanda müqayisə üçün bir standart halına gələn ‘müvəffəqiyyət’ nümunəsi kimi qəbul edilir. Bu görüntüyə uyğun gəlməməyimiz, özlərini anlamaları üçün başqa bir çərçivə və kontekstə sahib olmayan insanlar üçün daha təhlükəli ola bilər.
Memarlıq nəzəriyyəsi insan bədəninə normativ fikirlər tətbiq etmək üzrə uzun tarixə sahibdir, sanki memarlar düzəltdikləri binalarda yaşamaq üçün mükəmməl insanlar dizayn etmək istəyiblər. Le Corbusier-in idealaşdırdığı modul adamı bəlkə də bunun ən bariz nümunəsidir: qaldırılmış əl ilə, geniş çiyinli və nümayəşkar. Le Corbusier-in modulunun onun ‘yaxşı görünən, hündür polis’ görünüşünə uyğun gəlməyənləri saymadığını və ya insan yaşayışının incəliklərini sadə erqonomikadan o tərəfə nəzərə almadığını görmək asandır. Modul kimi layihələr memarlığın çox vaxt xüsusi bədən növləri və digərlərinin ayrımcılığı hesabına dizayn edildiyinin bir ifadəsidir. Bir növ bədənin yaşayışı üçün yaradılmış memarlıq, xalq üçün nəzərdə tutulmuş memarlıq deyil. Ernst Neufert-in Memarın Verilənləri (Architect’s Data) və ya 1932-ci ildən bəri 12 buraxılışı olan məşhur Memarlığın Qrafik Standartları kimi erqonomika cəhdləri, zərurət olaraq insanları diaqramlarda və dizaynda əks etdirə bilmək üçün normallaşdırılmış ölçülər səviyyəsinə gətirirlər. Bu ölçülər ortalama olaraq hesablansa da, hər hansı bir real, mövcud bədəndən daha çox bir ideal bədən modelini təmsil edir və çox sayda bədən bu ortalamalardan olduqca uzaqdır. Məkanın kvir nəzəriyyəsi isə memarlıq sahəsində çox az ələ alınmışdır. Kvir coğrafiyaları məsələn, gender və seksuallığın məkanın formalaşmasına necə töhfə verdiyini və əks prosesi araşdırır. Ancaq bu nəzəriyyə də ənənəvi akademiyanın xaricində istehsal olunur- sənət əsərlərində və onlayn platformalarda araşdırılır. Samantha Allen-in 2013-cü ildə yazılmış məqaləsi translar tərəfindən tərtib edilmiş video oyunların dizaynında metafora olaraq hərəkət məhdudiyyətlərinin yaradılmasından bəhs edir. Məqalədə o, keçiddən əvvəl və sonra real dünyada bu cür oyunları oynamaq təcrübəsini izah edir. Bu cür nəzəriyyələr, şübhəsiz ki, memarların dizayn etdikləri məkanlar və orda yaşayan insanları başa düşmələrinə töhfə verə bilər.
Ümumən, bədən və təcrübə fərqinin dərinliyi haqqında biliklər memarlıq təhsilində çox azdı. Məsələn, bizə əlçatanlıqla bağlı qaydalara ciddi riayət etməyimiz öyrədilib, lakin heç vaxt bu qaydalar barədə fiziki məhdud fərdlərdən rəy almamışıq. Daha doğrusu, bu qaydalar bizə sənəd toplusu, bir izah olmadan etibar etməli olduğumuz bir sıra qaydalar kimi verilib. Bu yanaşma, trans insanları artıq inşa edilmiş mühitə inteqrasiya etmək üçün son zamanlar tərtib olunan strategiyalarda da əks olunur. Uniseks tualetlərinin yaradılması istiqamətində son zamanlar addımlar atılır, amma bunun nə üçün lazım olduğunu və bu dəyişikliyin nəticələrinin nədən ibarət ola biləcəyi ilə bağlı heç bir araşdırma görməmişəm. İndiyə qədər olan dəyişiklər çox tədricən baş verib və fərqli keyfiyyətdə baş verib, məsələn bəzi ictimai məkanlar sadəcə qapılarının üzərindəki işarələri dəyişiblər.
Memarlar insanların məkandan necə istifadə edəcəyi ilə bağlı normativ ideallar qurmaqdansa, dizayn etdikləri məkanların kompleks və müxtəlif qruplarla necə qarşılıqlı əlaqəyə girdiklərinə qarşı həssas olmalıdırlar. Fərqli insanların memarlığı necə təcrübə edəcəyinə dair məlumatlandırılma yalnız müsbət bir hal ola bilər və bu fərqi dizaynın başlanğıc nöqtələrindən biri olaraq mərkəzləşdirmək həqiqətən demokratik bir memarlıq yaratmaq üçün vacibdir. Bu, əlbəttə mənim transseksual bir qadın kimi təcrübələrimdən daha geniş bir məsələdir və memarlıq praktikası və təhsilində çox vaxt kənarda qalan fiziki məhdudiyyət, irq və sinif kəsişmələrini əhatə edir. Ancaq translar marginallıqlarda mövcuddurlar, ictimai yerlərdə davamlı olaraq özgəlik və təhdid hissi ilə yaşayırlar. Səsimizi və təcrübələrimizi tikili mühitlə bağlı diskursa gətirmək bu marginallaşma ilə mübarizədə vacib addımdır.
Bu yazı ilkin olaraq ingilis dilində Failed Architecture saytında dərc olunmuşdur. Illustrasiyanın müəllifi Chiara Dorbolò-dur.
Azərbaycan dilində tərcüməsi Femiskop feminist platformasında dərc olunub.
Powered by Froala Editor