Kuirlər nifrət və manipulyasiya obyekti kimi
LGBTİQ+lər İkinci Qarabağ Müharibəsində
23/Feb/21
2341
Kuirlər nifrət və manipulyasiya obyekti kimi
LGBTİQ+lər İkinci Qarabağ Müharibəsində
Müharibələr təkcə dağıntılar, qətllər, insanların kütləvi köçü ilə bitmir. Hər bir müharibə və onun nəticələri yeni reallıqlar, yeni tələblər yaradır və hər müharibə və sonrasında hakimiyyətlər öz siyasətlərini bu reallıqlara uyğun şəkildə qururlar.
Məsələn, ötən əsrin əvvəllərində, Oktyabr İnqilabından sonra sosialistlərin yeni düzəndəki siyasətlərindən biri də qadın-kişi bərabərliyi idi. Sosialistlər qadının istehsalata atılmağını, siyasətdə aktiv iştirakını arzulayırdı və siyasət də buna uyğun idi. Bərabərlik, qadının siyasətdə, istehsalatda, incəsənətdə rolu mətbuatda, televziyada, siyasətçilərin çıxışlarında qabardılırdı.
Amma İkinci Dünya Müharibəsindən sonra, SSRİ savaşda milyonlarla insan itirəndən sonra hakimiyyət bərabərlik ideyasından əl çəkdi. Müharibədə itirilən milyonları necəsə “bərpa” etmək üçün, qadını bir növ “evə-eşiyə yığışdırmaq” lazım idi, buna görə də, siyasi sifariş kökündən dəyişdi. Qadının azadlığını, bərabərliyini təbliğ edən ədəbiyyat, kino, rəsm nümunələri yığışdırıldı, mətbuat, incəsənət qadını daha çox “ailə anası” kimi öyməyə, evdarlıq dərsləri keçməyə, fədakar, ailəsi üçün canından keçməyə hazır analar müqəddəsləşdirilməyə başladı. Qadını daha çox doğmağa həvəsləndirən “Qəhrəman ana” ordeni təsis edildi.
Bütün bu ananı “müqəddəsləşdirmə”nin, fədakar qadın kultunun arxasında isə ancaq qadını mümkün qədər çox doğuzdurmaq, müharibənin ölkədən aldığı insanların “yerini doldurmaq” məqsədi dururdu.
Müharibələrin insan haqları ilə bağlı yaratdığı yeni reallıqlar məsələsini biz çox uzaqda yox, elə İkinci Qarabağ müharibəsində də gördük.
Keçən il Ermənistanla Azərbaycan arasında davam edən 44 günlük müharibədə, bütün müharibələrdə olduğu kimi, hər iki tərəfdə insan haqları sahəsində bir sıra faciəvi hadisələr baş verdi. Dinc insanların qətli, əsirlərə verilən işgəncələr, mülkiyyətin dağıdılması və s.
Dağlıq Qarabağ və ətraf yeddi rayon uğrunda gedən bu savaşda kuir fərdlər də iştirak edirdi. Lakin bir çox hallarda olduğu kimi, müharibədə belə, cəmiyyətin bu qrupa münasibəti birmənalı olmadı. Bu, bir az da gözlənilən idi, çünki Cənubi Qafqaz ölkələri olan Ermənistan və Azərbaycan kifayət qədər homofob ölkələrdir və yaxın keçmişdə hər iki ölkənin təcrübəsində LGBTİQ+lərinin həbsi, qısnanması var. Eyni zamanda, mətbuatda həm hakimiyyət, həm müxalifət tərəfdəki siyasətçilərin danışıqlarında kvir fərdlərə qarşı nifrət nitqi və s. olduqca sıx rast gəlinən hallardandır.
Ondan başlayaq ki, hər iki ölkədə müharibə başlar-başlamaz LGBTİQ+lər iki qrupa bölündü – pasifistlər və vətənpərvərlər. Pasifistlər sülh çağırışları imzalayıb, müharibədə heç bir tərəf tutmadan neytral qalmağa səslədikləri zamanda, vətənpərvər kuir fərdlər savaşda iştirak etmək üçün könüllü yazılmağa, hər tərəf öz ordusu üçün xeyriyyə aksiyaları keçirməyə, pul toplamağa, müharibədə evlərini itirmiş insanlara kömək etməyə başladılar.
Amma hər iki ölkənin kuir fərdlərlə münasibəti hər zaman olduğu kimi, diskriminativ oldu və nifrət səngimədi.
Hələ müharibənin ilk həftələrində Ermənistanda müxtəlif sosial şəbəkələrdə istifadəçilər Qarabağ müharibəsində kuir fərdlərin rolunu necə gördüklərini yazmağa başladılar: “Gəlin onları ön cəbhəyə göndərək, çoxlu LGBT fərdləri həlak olsun. Bununla da dünyanın diqqətini bu müharibəyə çəkək” kimi LGBTİQ+lərin həyatı ilə manipulyasiya etməyə çalışanlar və ya “Nə qədər ki müharibə gedir, geylərin, transların hamısını müharibəyə göndərək, gedib orda ölsünlər” deyə nifrət dolu çağırışlar yayanlar oldu.
Bu açıqlamalarla bağlı PİNK Armenia (kuir fərdlərin haqları üzrə ixtisaslaşmış təşkilat) reaksiyası da oldu: “Qəfil müharibə vəziyyəti bir çox insanı və LGBT icmasının üzvlərini həm fiziki, həm də mənəvi cəhətdən daha həssas etdi. LGBT insanlar nifrət nitqindən, düşmən münasibətindən və manipulyasiya xarakterli ifadələrdən çəkinmədilər. Beynəlxalq ictimaiyyətin bitərəf mövqelərindən və hərəkətsizliyindən qəzəblənən bəzi ictimaiyyət nümayəndələri LGBT insanlarını, xüsusən də LGBT icmasının üzvlərini hədəf aldılar, yalnız bundan sonra beynəlxalq cəmiyyətdən müvafiq cavab olacağına inandıqları üçün LGBT icmasının nümayəndələrini cəbhə bölgəsinə göndərməyə çağırdılar. Bu cür açıqlamalar verən insanların çoxu LGBT insanların hüquqlarının qorunmasını beynəlxalq təşkilatlara və qurumlara təsir vasitəsi kimi qəbul edirlər...”
Müharibə zamanı hər iki tərəfdə həlak olan insanlar müqəddəsləşdirilirdi. Cəmiyyət onların həlakına kütləvi halda ağrıyır, həlak olanların qohumları, yaxınları diqqət mərkəzində olur, vətən uğrunda həlak olan əsgər və zabitlərin adlarının əbədiləşdirilməsi prosesinə başlanırdı.
Adətən müharibədə həlak olanların adlarına bulaqlar tikilir, küçələrə, ya məktəblərə onların adları verilir. Dövlət bu həlak olanlara “şəhid” statusu verir ki, bu da eyni zamanda müsəlman çoxluğun yaşadığı Azərbaycanda dini ünvandır. Amma bu “müqəddəsləşdirmə”, “əbədiləşdirmə” ənənəsi LGBTİQ+lərə aid edilmirdi.
Məsələn, iki həftə əvvəl, Azərbaycanda LGBTİQ fərdi olduğu deyilən Şaiq Kəlbiyev Qarabağ savaşında həlak oldu. LGBTİQ+ icmasının “LGBTİQ ilk şəhidini verdi” kimi çıxışlarına Tural Müseyibov adlı dövlət qulluqçusu “LGBT-lər şəhid ola bilməzlər, çünki onlar murdardılar” deyərək, Qarabağ savaşında iştirak edən LGBTİQ+ləri təhqir elədi.
Cəmiyyətin müasir kəsimi tərəfindən sərt tənqid edilən Müseyibov bu bəyanatına görə işdən çıxarılsa da, həlak olan Şair Kəlbiyevin ailəsi Turala dəstək verərək, “Şaiq LGBTİQ fərdi deyildi” deyə bəyanat verdilər və oğullarının seksual kimliyini danmağa məcbur oldular. Hətta qohumlarla onların övladlarını təhqir etmiş Müseyibovun qol-boyun şəkilləri sosial şəbəkələrdə dolaşdı.
Gördüyümüz kimi, müharibə dövründə cəmiyyətin böyük bir kəsimi LGBTİQ+ləri yenə nifrət hədəfi, “alver”, manipulyasiya vasitəsi elan etdilər. Əgər müharibə daha uzun davam etsəydi, bu manipulyasiyaların, nifrətin nəticəsinin nə olacağı məlum deyildi. Ən pisi isə budur ki, bəlkə də başqa vaxt daha çox qınaq görəcək, reaksiya alacaq bu homofob addımlar müharibə fonunda, qələbə eyforiyasının səs-küyü altında itib-batacaq, ya da “leqallaşdırılacaqdı”.
Powered by Froala Editor