“Bədənim belə istədi” - VI hissə

Roman

Müəllif: Aylin Wise

Tərcümə etdi: Günel Mövlud

***

Samir gedəndən sonra son iki il ərzində ilk dəfə özümdə həyat nişanələri hiss elədim. Qəribədir, ilk işim güzgüyə baxmaq, üzümün bütün cizgilərinin, bədənimin necə dəyişdiyinin fərqinə varmaq oldu. Sanki mən öz sifətim, bədənim, bədən üzvlərimlə tanış olurdum. Arıqlamışdım, amma bu yorğun, bitkin bir arıqlamaq idi, məni gəncləşdirmək, gözəlləşdirmək yerinə, yaşlandırmışdı. Artıq neçə vaxtdır ki, özümə baxmağa həvəsim yox idi, uşağın qayğıları, Samirin diqqətsizliyi mənə insan olduğumu, mənim də qayğıya, baxıma ehtiyacım olduğunu unutdurmuşdu. Güzgüyə baxdıqca, özümü necə unutduğumu, özümü, ehtiyaclarımı necə görməzdən gədiyimi, özümə qarşı amansız laqeydliyimi kədərli, amma eyni dərəcədə də sakit bir hisslə anlayırdım. 

Mətbəxə keçib, özümə bitki çayı dəmlədim. Oğlum yatmışdı. Mənzildə sükut hökm sürürdü. İndiyə qədər mənə Samirin diqqətsizliyini, sevilməyən həyat yoldaşı və valideynlərin itirib-axtarmadığı, unudulmuş övlad olduğumu xatırladan, qorxudan sükut indi mənə elə şirin gəlirdi ki! Bu sakitlikdən həzz alır, çayımı içir və əlimə düşən kitabları vərəqləyirdim. 

Əlbəttə, Samirin bir-iki gündən sonra qayıdacağını bilirdim. Amma bunu da bilirdim ki, o məni daha heç vaxt geri qaytara bilməyəcək. Bilirdim ki, növbəti dəfə bu mənzilə gələndə, burdan birdəfəlik çıxdığını biləcək və bir daha bura mənim ərim kimi qayıtmayacaq. Hələ ki, qoy məni cəzalandırdığını düşünsün. Mənsə vəkil axtaracam, boşanma prosesinə başlayacam, iş axtaracam, özümü tərkidünyalıqdan çıxmağa məcbur edəcəm və gələcək həyatımı planlayacam. 

Paltar dolabını açıb, son iki il ərzində ilk dəfə diqqətlə, maraqla öz paltarlarıma baxdım. Uzun, gözəl donlar, incə ayaqqabılar, brend çantalar. Bütün bunları seçərkən, əslində mən öz zövqümlə, istəyimlə hərəkət etməmişdim. Uzun donları anam sevir, belə paltar geyinəndə mənə yaxşı münasibət bəsləyir deyə, tünd rəngli paltarları Samir belə rəngləri sevir deyə, kostyumları qohumların yanında layiqli görünüm deyə almışdım. Hətta paltar seçəndə belə, özümün nə istədiyimi düşünməmiş, başqalarının xoşuna gələcək tərzdə geyinməyə çalışmışdım. Bütün donları, ayaqqabıları, çantaları və xoşuma gəlməyən xeyli xırdavatı, ətriyyatı böyük bir çantaya doldurdum. Atmadım, düşündüm ki, bunları kənddəki xalalarıma, onların qızlarına paylayaram, çünki mən kənddə olanda onlar bu paltarlara, əşyalara elə həsədlə baxırdılar ki… Özümə isə sabah gedib, öz zövqümlə, özümü rahat hiss edəcəyim, daxili dünyama, ovqatıma uyğun paltarlar, ayaqqabılar alaram. 

Beynimə gələn fikirlərdən biri də, oğluma dayə tutmaq oldu. Axı mən işləyəcəkdim, həm də ürəyim istəyəndə evdən çıxmaq imkanımın olması yaxşı idi. Mən sosiallaşmalı, insanlarla görüşməli idim, bunu anlayırdım.

Maraqlıdır, valideynlərimin, xüsusilə də anamın bu məsələyə nə deyəcəyi, necə reaksiya verəcəyi artıq məni maraqlandırmırdı. Bilirdim, yenə bir ton danlaq, qınaq, lənət eşidəcəm, yenə anam göz yaşlarını sel kimi axıdacaq. Bilirdim ki, Samir barışmağa cəhd edəcək, mənə valideynlərimin sayəsində yol tapmağa çalışacaq, hətta ailəmlə mənim əleyhimə birləşəcək. Samir belə yağlı yeri asanlıqla əldən verməzdi. İndi onu daha yaxşı başa düşürdüm. Sakit, sözəbaxan həyat yoldaşı, onun valideynlərinin şirkətində yaxşı iş, yaxşı maaş, elit yaşayış evində mənzil, azadlıq... Yox, o bütün bunlardan rahat vaz keçə bilməzdi. Amma bunlar daha məni maraqlandırmırdı. Mən qətiyyətlə dolu idim. Bəlkə də həyatımda ilk dəfə, haqlı olduğumu anlayır, hiss edirdim. İlk dəfə idi ki, öz həyatım barədə qərarı ancaq özümün vermək haqqımın olmasını anlayır və bu haqqı əldən verməyəcəyimə inanırdım. Heç kim, heç kim bu haqqı mənim əlimdən ala bilməzdi!

Sürpriz bir şey olmadı. Necə düşünmüşdümsə, eləcə, Samir bir neçə gündən sonra geri gəldi. Amma bu dəfə evə girəndə səs çıxarmasa da, onun təəccübləndiyini hiss elədim. Axı o, hər dəfə qayıdanda mən sevinir, onun boynuna sarılır, məni atıb getmədiyi üçün ona təşəkkür edirdim. O qayıtdığı axşamlar ona sevdiyi yeməkləri bişirir, gözəl süfrə açırdım. Bu dəfə isə heç tüküm də tərpənməmişdi. Ümumiyyətlə, özümü elə aparırdım ki, sanki onu görmürdüm. Samir mənzildə var-gəl edir, özünü mənim gözümə soxurdu. Amma mən israrla özümü onu görmürmüş kimi aparırdım. Samirin təkəbbürü imkan vermirdi ki, məndən nə baş verdiyini soruşsun. İlk addımı məndən gözləyirdi, mənsə vaxtı mümkün qədər uzadırdım. 

Axşam oğlumu yatızdırıb, otağının qapısını örtdüm. Sonra yataq otağına keçib, Samirin qalan bütün əşyalarını bir çantaya yığdım. Salona keçib, onunla söhbətə başlamazdan əvvəl vanna otağına girib, evin mühafizə xidmətinə zəng elədim. Dedim ki, gəlib, həyat yoldaşımı evdən çıxarsınlar, çünki onun burda qalması mənim üçün arzuolunmazdır. Rəsmi olaraq, mənzilin sahibəsi mən idim və mühafizə məhz mənim təhlükəsizliyimi təmin etməkdə, mənim tapşırıqlarımı dinləməkdə məsul idi. Sonra qonaq otağına keçib, çantanı döşəməyə qoydum. Samir küt nəzərlərlə mənə baxırdı:

- Açarları ver. 

Samirin gözləri böyüdü.

- Nə danışırsan…

- Açarları ver. Qalan şeylərini yığmışam. Götür, get. Bir daha da gəlmə. 

Samir sərt hərəkətlə yerindən qalxıb, mənə bir şillə vurdu. Bu dəfə mən də ona cavab verdim, bütün gücümü toplayıb, sinəsinə bir yumruq ilişdirdim. O üstümə atılmaq istəyirdi ki, qapını zəngi çalındı və o tərəfdən mühafizəçilərin qətiyyətli səsi gəldi:

- Açın qapını!

Samir heyrət içində qapıya tərəf atılıb, açdı. Mühafizəçiləri görəndə çaşıb qaldı.

- Sizə nə lazımdı, niyə gəlmisiz?

- Xahiş edirik, mənzili və yaşayış kompleksinin ərazisini tərk edin. Ev sahibi burda olmanızı istəmir…

Samirin heyrət və çaşqınlığın bir an da tərk etmədiyi sifəti bir az da əyildi. İndi baş verənlər onun bütün düşüncələrini, planlarını, qurduğu həyat ssenarisini gözlənilmədən alt-üst etmişdi. Mənsə onun üzünə baxmaqdan həzz alaraq, yəqin ki, həyatımda ilk dəfə koqnitiv dissonans keçirən adamı canlı seyr edirdim. Üzümdə bu hissin verdiyi bir həzz, ayaqlarımın yanında onun dolu çantası, rahat dayanmışdım. 

Nəhayət, Samir birtəhər dilləndi:

- Leyla, onlara de ki, zarafat eləmisən. Biz ailəyik, onlar axı kimdir ki, bizim işimizə…

Çantanı qaldırıb, onun ayaqlarının altına tulladım. 

- Açarları! - və əlimi ona tərəf uzatdım.

- Leyla, sən dəli olmusan. Peşman olacaqsan, budur, sənə deyirəm. 

- Açarları ver! – bu dəfə bağırdım. 

Mühafizəçilər içəri girdi. Hər ikisi cavan, hündürboy, əzələli oğlanlar idi. Samir onların qətiyyətini görüb, cibindən açarları çıxartdı. Yerə tullayaraq, əyilib, çantasını qaldırdı. Qapıya tərəf yeriyib, geri qanrılaraq, gərginlikdən nəfəsi darala-darala:

- Bunun cavabını verəcəksən. Göstərəcəm sənə. Qancıq! – dedi. 

Mühafizəçilər onun qolunu tutdular. 

- Əlinizi çəkin! Özüm gedirəm!

Bunu deyib, mənzildən çıxdı. Çaşqınlıqdanmı, yoxsa bu vəziyətdən mümkün qədər tez qaçmaq istəyindənmi, bilmirəm, lift çağırmaq yerinə, pilləkənlərə sürətlə aşağı düşdü. Mühafizəçilər məndən milis çağırmaq lazım olub-olmadığını soruşdular. Onlara dedim ki, heç nə lazım deyil, gedə bilərlər. Bir daha bərk-bərk tapşırdım ki, Samiri bir daha yaşayış kompleksinin ərazisinə buraxmasınlar. 

Samirin evdən çıxıb birbaşa hara gedəcəyi barədə çox düşünmək lazım deyildi. Əmin idim ki, burdan çıxan kimi valideynlərimin yanına qaçacaq. Bircə saatın içində anam, atam, qardaşım, əmilərim – hamısı mənə zəng eləyərək, ağlımı başıma yığmağımı, ailəmi dağıtmamağı tələb edirdilər. Anam məni mənzilimi əlimdən alacağı ilə, atam məhkəmədə Samirin tərəfini tutacağıyla hədələyir, qohumlar durmadan danlaq yağdırırdılar. Maraqlıdır, uzun aylardır mənim varlığımı unudan adamlar qəfildən peyda olmuşdular. Amma mənim qətiyyətim sarsılmaz idi. 

Əlbəttə, nəyisə demək, etməkdən asandır. Bəli, mən qətiyyətlə dolu idim, amma həm də tək idim. Qərarımı dəstəkləyəcək dostlarım, heç olmasa, dərdimi bölüşəcəyim heç kimsəm yox idi. Mən həm bu vəziyyətdən təkbaşına çıxmalı, həm də oğluma analıq etməli idim. 

Samir yaşadığım kompleksin ərazisini ayaq basa bilməsə də, mən ordan çıxan kimi cəhənnəm başlayırdı. Yaxın evlərin birinin dalanında mütləq məni gözləyir, görən kimi üstümə atılırdı. Əvvəl-əvvəl özünü çox nəzakətli aparır, mənə yalvarır, ailə olduğumuzu deyirdi. Mənə anlatmağa çalışırdı ki, biz xırda şeylərə görə ailəmizi dağıtmamalıyıq. Dəyişəcəyinə, mən necə istəsəm, elə bir adam olacağına söz verirdi. Mənsə ona izah etməyə çalışırdım ki, hətta o dəyişib dünyanın ən yaxşı əri olsa belə, lap mələk olsa, mən yenə də onunla birlikdə olmaq istəmirəm. Çünki onu sevmirəm. 

Qətiyyətimi gördükdən sonra Samir taktika dəyişdirdi. Tələb elədi ki, ona oğlumuzla görüşməyinə şərait yaradım. Dedi ki, onsuz da, boşanma olsa, ona uşaqla görüşməyə ixtiyar verəcəklər. Əslində, o haqlı idi. Dedim ki, uşağı parka gətirəcəm, götürüb qaldığı yerə apara, istədiyi qədər saxlaya bilər. Amma Samir buna razı olmadı, dedi ki, valideynlərinin qaldığı otaqda uşağa baxa bilməz. Başqa isə qalacaq yeri yoxdur. 

Valideynlərinin qaldığı otaq barədə sözləri mənə təsir elədi. O otağın kiri-pası, qoxusu, havası yadıma düşdü. Doğrudan da, orda uşaq buraxmaq olmazdı. Parkda da uşağa soyuq ola bilərdi. Hansısa uşaq əyləncə mərkəzlərinə aparmağa isə Samirin dediyinə görə, pulu yox idi. Düşündüm ki, bu məsələdə güzəştə gedim. Oğlumuzla görüşməsi üçün ona həftədə bir gün vaxt ayırdım və mühafizəçilərə onu içəri buraxmalarını dedim. Beləcə, Samir yenidən mənzilimə girmək icazəsi qazandı. 

Hər dəfə, oğlumuza baş çəkməyə gələndə Samir uyğun bir vaxt tapıb, məni dilə tutur, ona qayıtmağım üçün yalvarırdı. Mən söhbətdən qaçırdım, hərdən hətta evdən çıxıb, gedirdim ki, onunla danışmayım. Amma o yenə də danışmaq üçün bir vaxt tapırdı. 

Buna baxmayaraq, bu müddət ərzində mən sənədləri məhkəməyə verə bilmişdim. 

Valideyynlərim get-gedə daha çox təzyiq edirdi. Mənə daha bir qəpik də vermirdilər. Amma mən də daha istəmirdim. İndi tərcümələrdən gələn müəyyən bir gəlirim vardı, çətinliklə də olsa, bəs edirdi. Əsas o idi ki, daha heç kimdən asılı deyildim. Valideynlərim heyrət içində idilər, axı uşaq saxlamaq, elit yaşayış kompleksində kommunal xərclər ödəmək, normal dolanmaq üçün yaxşı pul lazım idi. Tez-tez məndən nə ilə dolandığımı soruşurdular. Gah əvvəldən pul yığdığımı, gah hansısa zinət əşyamı satdığımı deyirdim, amma əsas gəlirimi gizlədirdim. Çünki anamın hardan maliyyələşdiyimi bilməsini, hansı mövzuda tərcümələr etdiyimi bilməsini istəmirdim. Bilirdim ki, bir yol tapıb, bu işi mənim əlimdən çıxaracaq. 

Samiri evdən qovandan sonra valideynlərimi şəxsi həyatıma, işimə, münasibətlərimə buraxmamaq üçün özümə söz vermişdim. İndi qalmışdı bu sözə əməl eləmək. Anam Samir barədə nəsə yazanda cavab vermir, atam zəng edəndə telefonu götürmürdüm. İndi ailəmizdən az-çox ünsiyyət saxladığım adam təkcə qardaşım idi. O da nədənsə, qəfil qərara gəlmişdi ki, daha mənim işlərimə qarışmasın. Mənim ailə məsələlərimi iqnor edir, heç nə soruşmamağa çalışırdı və bu hərəkəti də mənim xoşuma gəlirdi. 

Bir dəfə, növbəti məhkəmə prosesindən sonra Samir axşam uşağı görməyə gəldi. Bir az üz vermişdim deyə, indi daha tez-tez gəlməyə başlamışdı, əvvəllər uşaqla maraqlanmayan adam birdən-birə uşağına bağlanmışdı və tez-tez oğlu üçün darıxdığını bəhanə edib, gəlirdi. 

Samiri içəri buraxıb, yataq otağına keçdim ki, onu görməyim. O, uşaqla bir az oynayıb, qəfildən gəlib yataq otağının qapısın döydü və cavab gözləmədən  içəri girdi. Qapının yanındaca dayanıb, məhkəmədə baş verənlərdən danışmağa başladı. Dedi ki, hakim qarşısında onun barəsində dediklərim doğru deyildi. Onunla mübahisə etməyin mənasız olduğunu bilirdim. Amma o özünün məsum, fağır, mənim isə ifritə və yalançı olduğumu isbatlamağa çalışırdı. 

Ona dedim ki, daha bu söhbətlərdən də, onu kobudluğundan da yorulmuşam. Amma o heç məni dinləmədi də. Ona lazım olan ortaya bir mübahisə, bir konflikt salmaq idi. Sözümü bitirməyə macal vermədən, mənə yumruq ilişdirdi. Üstümə cumdu və mən çarpayıya yıxıldım. Onun yumruqlarından başımı qorumağa çalışırkən, bir əlimlə də nəsə ağır bir şey axtardım ki, onun başına çırpım. Əlimə oğlumun ağır, taxta oyuncağı keçdi. Oğlum mənim otağımın geniş döşəməsində bu taxta maşınla oynamağı xoşlayırdı deyə, evi yığışdıranda onun otağına qoymurdum, burda qalırdı. Oyuncağı qapıb, var gücümlə Samirin başına çırpdım. Samir sərt hərəkətlə dikəldi, əlini başına apardı və barmaqlarına bulaşan qanı görəndə huşunu itirdi. 

Çarpayıdan sıçrayıb, oğlumu qucağıma aldım və vanna otağına girərək, qapını bağladım. Ordan evin mühafizəsinə zəng elədim. Kömək gözlədiyim dəqiqələrdə beynimə min cürə fikir gəldi. Düşünürdüm ki, ərimi öldürmüşəm. Artıq beynimdə min cürə səhnə canlanırdı. Həbsxanaya düşməyim, oğlumun yad əllərdə böyüməsi, valideynlərimin, Samirin qohumlarını mənə nifrəti. Amma ən pisi o idi ki, mən o anlarda oğlumun böyüyəcəyini, anasının atasını öldürdüyünü öyrənəcəyini düşünür və onun mənə qarşı hiss edəcəklərini düşündükcə, ürpənirdim. Qəfildən, Samirin ayağa qalxıb, mətbəxə keçdiyini hiss elədim. Mətbəxdə suyu açdı, anladığım qədərilə yarasını, əllərinə bulaşmış qanı yuyurdu ki, iz qalmasın.

Mühafizə qapını döyəndə vanna otağından çıxdım. Samir salonda dinməz-söyləməz oturmuşdi, sanki heç nə olmamışdı. Mühafizəçilər məndən nə olduğunu, onları niyə çağırdığımı soruşdular. Mən ağzımı açmışdım ki, Samir azərbaycan dilində mənə dedi ki, onlara nəsə desəm və indicə onları geri göndərməsəm, bu gün onun başını yardığımı məhkəmədə sübut edəcək və mənim zorakılığa meyilli olduğumu iddia edərək, oğlumu əlimdən alacaq. Həmin an doğrudan da bərk qorxdum. Oğlumu bir daha görə bilməyəcəyimə inandım. Bu hiss məni o qədər dəhşətə gətirdi ki, izlərimin büküldüyünü hiss elədim. Amma qəfildən beynimdə sanki ildırım çaxdı: ya indi, ya heç vaxt!

Mühafizəçilərə dedim ki, Samiri evdən çıxartsınlar. Samir mənə yumruğunu silkələyərək, evddən çıxdı. Amma mən ondan qorxmurdum.

Səhəri gün erkəndən oyanaraq, milis idarəsinə qaçdım. Ərimin məni döydüyünü, evimizə soxulub məni və uşağı qorxutduğunu dedim, ərizə yazdım. Zədələri təsbit etmək üçün məni ekspertizaya yönləndirdilər. Oğlum qucağımda, rayon xəstəxanasına getdim. Başımın rentgenini çıxardıb, zədələri təsbit etdilər. Qollarımdakı, bədənimdəki göyərmə yerlərinin şəklini çəkdilər. Sonra milis idarəsində gözləməyimi məsləhət gördülər. 

Samiri evimə bir daha heç buraxmadım. O hadisədən sonra Samir uşaqla görüşmək istəyəndə, oğlumu anamgilə qoyurdum, Samir gəlib ordan götürürdü. 

Bu hadisədən bir neçə gün sonra Samirin atası bizə gəldi. Düşünürdüm ki, o, oğlunun etdiklərinə görə üzrxahlıq etməyə gəlib. Sonra da yəqin ki, barışmağımızı xahiş edəcəkdi. Əslində, söhbətə elə də başladı. Amma oğlunnun etdiklərinə görə üzrxahlıq etmək yerinə, dedi ki, belə şeylər hər ailədə olan şeydir və qadın gərək buna fikir verməsin. Mənim ona göstərdiyim rentgen fotosuna, bədənimin göyərmiş yerlərinin şəkillərinə laqeydcəsinə baxdı, hətta hiss elədim ki, bu dəlilləri yığdığıma görə mənə acığı da tutdu. Söhbəti xeyli uzadandan, mənim qətiyyətimi görəndən sonra kişinin əsas dərdi açıldı. “Bəs, mənim oğlum indi harda yaşayacaq? Çıxarıb, atmısan onu küçəyə, harda qalmalıdır o?” 

Bu sözləri eşidəndə, anladım ki, Samirin valideynlərinin dərdi oğullarını ailəsinin dağılması deyil. Onların dərdi oğullarının əlindən isti yerin çıxmağı idi. Əlbəttə, kimin xoşuna gələr ki, oğlu bir günün içində işini, evini, hər şeyini itirsin?

Bunu anlayanda, sakitcə ayağa qalxıb, dedim ki, mənzilimi tərk eləsin. 

  • Sizin oğlunuzun məndə heç nəyi yoxdur. Bu evi mən öz zəhmətimlə qazanmışam. İşini isə Samir axmaqlığına görə itirib – dedim və söhbəti bitirdim.

Rusiyanın hüquq sistemi çox zəifdir. Əriniz sizi döyürsə, heç kim sizi onun əlindən qurtarmağa tələsmir. Polisə zəng edib, döyüldüyünüzü deyəndə, sizə açıq-aşkar deyə bilərlər ki, “öldürsə, xəbər edərsiz”. Hətta qonşunuz zəng edib, sizin evdə öldürüldüyünüzü xəbər verəndə belə, pois iki saatdan sonra gələ bilər. Çünki döyülən, öldürülən qadını xilas etməkdən daha “vacib” işlər var, məsələn, hakimiyyətin, prezidentin əleyhinə danışanların evinə basqın etmək, onları həbs etmək… Çox güman ki, elə Azərbaycanda da belədir. 

Rusiyada mətbuatdan oxuduğum onlarla hadisə var ki, ərlər arvadlarını döyüb, şikəst ediblər, amma polis heç nə etməyib. Ən səs-küylülərindən biri Marqarita Qraçevanın hekayətidir. Əri onu daim qısqanıb, işə getməyə qoymayıb, onu və iki uşağını dəfələrlə döyüb. Marqarita dəfələrlə polisə şikayət yazıb, amma hər dəfəsində əri onu daha bərk döyüb və heç kim də ona kömək etməyib. Boşanmağa qərar verəndə əri Dmitri onu meşəyə aparıb və orda əllərini kəsib. İndi Dmitri həbsxanadadır, Marqaritanın isə ancaq bir əlini yerinə tikə biliblər, amma işlək vəziyyətdə deyil. İkinci əlinin yerində isə protez var.

Samir barədə şikayət yazandan bir ay sonra prokurorluqdan mənə məktub gəldi. Prokurorluq cinayət işi açmaqdan imtina edirdi. Bu, o demək idi ki, mən özüm məhkəməyə müraciət etməli idim. Məni qəbul edən hakim qadın dedi ki, müraciətimi geri götürüm. O, səmimi şəkildə mənə izah elədi ki, əldə edə biləcəim tək şey dövlətin büdcəsinə ödənəcək cərimə olacaq. Qadın dedi ki, Samirin həbs edilmək kimi bir təhlükəsi yoxdur, amma o cərimə belə Samirdən daha çox, mənim oğluma zərər vuracaq. “Sabah sənin oğlunun “iş”ində “atası mühakimə edilib” deyə bir bənd olacaq, o bəndlə isə heç bir vacib işə götürmürlər...” Bir az düşünüb, sırf oğlumun gələcəyinə görə, ərizəmi geri götürdüm. Amma göyərmiş yerlərimi, həkim ekzpertizasının rəylərini hamısını ehtiyatla qoruyuram. Oğlum böyüyəndə ona göstərəcəm. Çünki atası indi də hamını yanında mənə şiddət göstərdiyini rədd edir. 

Valideynlərim mənim göyərən yerlərimi, başıma dəyən zədələrin rentgen fotolarını görəndən sonra bir az təsirləndilər. Atam Samirlə ciddi danışmaq üçün onu ofisə çağırmış və boşanma məsələsini uzatmamağı tələb etmişdi. Bu vaxt Samir ona əsl üzünü göstərmişdi. Atamla hədə-qorxu ilə danışan Samir ondan maddi təzminat istəmişdi. Onun tələblərinə əsasən, atamgil bizim şəhərdəki mənzillərimizdən birini ona verməli idilər, eyni zamanda işinə bərpa edib, maaşını da qaldırmalıydılar. Atamın hikkəli xasiyyəti axır ki, bir dəfə də bizim xeyrimizə işləmişdi, o, mühafizəçiləri çağırıb, Samiri otaqdan bayıra atdırmış, bir daha mənə yaxın gəlməməyi tapşırmışdı. 

Amma anam hələ də razı deyildi. O deyirdi ki, Samiri xeyli süründürüm,  tam peşman olandan sonra evə qayıtmasına icazə verim. Anam günlərlə ağlayır və mənə lənət oxuyurdu. Mənim boşanmağım onun üçün rüsvayçılıq idi, o, bununla barışa bilmirdi. O, boşanma məsələsini ailə dostlarımızdan gizli saxlayır, ərimlə münasibətimin normal olduğunu deyirdi. Qəlbinin dərinliklərində ümid edirdi ki, bu boşanma işi ilə mən sadəcə Samiri qorxuduram, axırda yenə ona qayıdacam. Anam durmadan mənə zəng edir, sms yazırdı, mən cavab verməyəndə gəlib, evimdə oturub, saatlarla ağlayırdı. Deyirdi ki, onu rüsvay eləmişəm, işini zərbə altınd qoymuşam. Mənə deyirdi ki: “Sənə görə işləyə də bimirəm, neçə müştərinin sənədləri qalıb, həll edə bilmirəm, canımda ağlamaqdan hal qalmayıb.” Deyirdi ki, bir az da belə getsə, bütün müştərilərini itirəcək, ailəmiz müflis olacaq. Təbii ki, onun fikrincə, bütün bunların günahı məndə idi.

Hamı üstümə gəlirdi. Anam, atam, Samir, Samirin valideynləri... Ərim məni yaxşı ana ola bilməməkdə günahlandırırdı, deyirdi ki, boşanma ilə oğlumun həyatını şikəst edərək, onu normal bir ailədən məhrum etmişəm. Samirin valideynləri məni oğlunun həyatını məhv etməkdə günahlandırdılar, çünki işindən qovulmuş, daim övladının yanında olma fürsətini itirmişdi. Demək olar ki, hər səhər gözlərimi açır və danlaq dinləməyə, mühazirələr eşitməyə, kiminsə həyatını, kiminsə işini məhv etdiyimə görə ittihamlara qulaq asmağa başlayırdım. Bu basqı məni depressiyaya salır, dəli edirdi və mən bu cəhənnəmdən çıxış yolu görmürdüm. Əldə etdiyim tək şey ərimin yanına bir daha qayıtmayacağım barədə qətiyyətim idi. Bütün bu ittiham və lənət axını belə, Samirlə alçaldıcı, kabuslu həyatla müqayisədə heç bir şey deyildi. Onun yoxluğu mənə hər şeyə dözmək üçün güc verirdi.

Heç vaxt düşünməzdim ki, belə bir anda, hadisələrin, problemlərin və yaxınlarımın hücumlarından ibarət bir burulğanda bir insan həyatının sevgisini qarşılaya bilər. Başqa bir dünyanı, başqa bir həyatı, başqa bir bədəni kəşf edə bilər. Başqa bir “öz”ünü tanıya bilər...


Powered by Froala Editor