Bakıda son beş gündə üçüncü fobik hücum
Paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində homoseksual şəxsə qarşı hücum olub
03/Jun/21
4831
Bakıda son beş gündə üçüncü fobik hücum
İyunun 2-dən 3-nə keçən gecə paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində homoseksual şəxsə qarşı hücum olub. Bu haqda Minority Azerbaijan-a zərərçəkənin özü məlumat verib.
Adının çəkilməsini istəməyən zərərçəkən bildirib ki, o, əvvəlcə bir nəfər tərəfindən təqib olunduğunu hiss edib. Məhəllələr arası yola daxil olduqda isə həmin şəxs əvvəlcə səsləyərək, ardınca fit çalaraq, onu çağırmağa başlayıb.
Bundan sonra həmin şəxs zərərçəkənə yaxınlaşıb, ondan “kişi kimi olmağı”, “burcutmamağı” tələb edib. Mübahisə nəticəsində zorakı şəxs cibindən kəsici alət çıxararaq, zərərçəkənin qolunu yuxarı hissədən biləyə qədər cızıb. Zərərçəkənin var gücü ilə müqavimət göstərməsindən sonra zorakı şəxs hadisə yerindən qaçıb.
Zərərçəkən bildirib ki, o, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etməyi düşünür. Xatırladaq ki, bu, Bakıda son beş gün ərzində sayca üçüncü fobik hücumdur. Mayın 30-u şəhərin mərkəzində trans kişi fiziki hücuma məruz qalıb. İyunun 1-i Yasamal rayonu ərazisində iki nəfər şəxs homeksual gəncə deşici alətlə hücum edib.
Qeyd edək ki, ILGA-Avropa beynəlxalq təşkilatının 2021-ci il də daxil olmaqla, son bir neçə il ərzində yayımladığı hesabata əsasən, Azərbaycan LGBTİQ+ hüquqları üzrə Avropanın 49 ölkəsi arasında sonuncu yeri tutur.
Powered by Froala Editor