Bakıda gey cütlüyə hücum olub
Bakının Yasamal rayonu ərazisində yaşayan gey cütlük qonşular tərəfindən homofobik hücumlara məruz qalıb
06/Jun/21
5291
Bakıda gey cütlüyə hücum olub
Bakının Yasamal rayonu ərazisində yaşayan gey cütlük qonşular tərəfindən homofobik hücumlara məruz qalıb. Bu haqda Minority Azerbaijan-a zərərçəkənlər özləri məlumat verib.
Onlardan biri deyib ki, hələ bir həftə əvvəl qonşular onun şort geyinməsinə irad tutub, daha sonra isə qucaqlaşıb ayrıldığı dostunu təqib ediblər.
4 iyun axşam saatlarında isə onlar təxminən yarım saat ərzində yaşadıqları evin qapısının möhkəm döyüldüyünü eşidiblər, lakin qorxduqları üçün səslərini çıxartmayıblar.
Cütlüyün dediyinə görə, 5 iyunda yaşadıqları ərazidəki mağazaya yollanarkən qonşular tərəfindən əvvəl şifahi, sonra fiziki hücuma məruz qalıblar. Təxminən 8 nəfərə yaxın şəxs cütlüyün qarşısını kəsib və homofobik müraciətlər edərək, geyimlərinə, həyat tərzlərinə irad bildiriblər. Daha sonra onlardan biri zərərçəkənlərə axşam evə qayıdacaqları təqdirdə bıçaqlanacaqlarını deyərək hədələyib. Cütlük hücumu videoya çəkməyə nail olub.
Zərərçəkənlər yaşadıqları evdən bəzi əşyalarını götürərək, evi tərk ediblər və ərazi üzrə 28-ci polis bölməsinə şikayət ediblər. Onlar həmçinin videosubutları polisə təqdim ediblər. Polis zərərçəkənlərə məsələnin araşdırılacağını deyib.
Cütlük bildirir ki, baş verən hadisədən sonra psixoloji sarsıntı keçiriblər. Yaşadıqları evdə əşyaları qalsa da, ora geri dönməyə qorxurlar və müvəqqəti olaraq, təhlükəsiz ünvana yerləşiblər.
Qeyd edək ki, ILGA Europe təşkilatının hesabatlarına əsasən, Azərbaycan 2021-ci il də daxil olmaqla, LGBTQ+ hüquqları üzrə son bir neçə ildir ki, 49 Avropa ölkəsi arasında sonuncu yerdə qərarlaşır.
Powered by Froala Editor