Seks-Pozitiv Təhsil

Daha öncə öz gender kimliyiniz və ya seksual oriyentasiyanızı erkən yaşlardan təyin etməyinizə mane olan faktorları düşünmüsünüz? Məsələn, bəlkə də daha öncə siz də LGBTIQ+fobik idiniz və ya hələ də öz seksuallığınızı, gender kimliyinizi mənimsəyə, tam olaraq aydınlaşdıra bilmirsiniz? Sizcə, bunun səbəbi nədir? Nəyə görə kim olduğumuzu təyin etmək, təyin etsək belə qəbul etmək, anlamaq bizə çətin gəlib və ya hələ də çətindir?

Hamımız doğulduğumuz gündən etibarən ailəmizdən, qohumlarımızdan, dostlarımızdan, məktəbdən, əhatəmizdən və mediadan seksuallıqla bağlı müəyyən mesajlara məruz qalmışıq və qalmağa davam edirik. Bu mesajlar pozitiv, neqativ və bəzən neytral ola bilər. Əhatəmizdən mənimsədiyimiz bu məlumatlar toplusu bizim seksuallığa dair dəyərlərimizi, hətta bəzən tabularımızı formalaşdırır. 

Yaşadığımız cəmiyyətin dəyərlər və ailə anlayışı, təhsil sistemi bizlərə kim olduğumuzu təyin etməkdə yardımçı olmaq əvəzinə, qarşılaşa biləcəyimiz ən böyük maneələri formalaşdırmağa xidmət göstərir.

Seksuallıq və bununla bağlı mövzular bizə tabu olaraq aşılanır. Ailədən başlayan bu proses ilkin təhsil həyatımızdan ali məktəbə, yetkin insan olaraq yer aldığımız sosial çevrələrə qədər dayanmadan davam edir. Bu səbəbdən bizə təbliğ olunan və gözləniləndən fərqli olma düşüncəsi bizdə ilkin olaraq qorxu və narahatlıq yaradır.

Ailənin ilk təhsil və tərbiyə mənbəyimiz olaraq bizlərin formalaşmasında rolu çox böyükdür. Düzgün dəyərlər sistemini formalaşdırmağı bacaran ailəni uşaqlarının kimlərinsə təsirinə düşməsi, subliminal mesajlara məruz qalması, “beyninin yuyulması” narahat etmir. Təbii ki, o ailə hansı dəyərlərin düzgün olduğunu özü anlaya bilirsə və dəyərlər adı altında uşağa nifrət və fobiya aşılamırsa. Hansı ki, bir çoxumuz məhz buna məruz qalmışıq.

Bədənlər, razılıq, münasibətlər və seksual sağlamlıq haqqınada öyrənmək, məlumatlı, təhlükəsiz və daha tətminedici həyat yaşamanın kritik komponentləridir. Təəssüf ki, uşaqlara bu həyati bacarıqları öyrətmək üçün yalnız məktəblərə etibar edə bilmərik, erkən yaşlardan başlamış, davam edən və evdən başlayan bütünlükçü bir yanaşma olmalıdır. Uşaqlara əhatəli, gender-inkluziv səhiyyəyə əsaslanan, seks-pozitiv təhsil hədəfə çatmağın bir yoludur. 

Məsələ valideynlərin uşaqlarla kommunikasiyası olduqda isə önəmli olan, onlarla kommunikasiya yaratmazdan əvvəl onların seksual inkişafını daha əhatəli və pozitiv yöndə dəstəkləyə bilmək adına bəzi mesajları mənimsəyə bilməkdir. Yalnız mənimsənə bilən mesajlar davranışlara və uşaqlarla kommunikasiya formasına üzunmüddətli və əsaslı şəkildə yansıya bilər.

Seks-pozitiv valideynlikdə əsas prinsiplər aşağıdakılardır:

  • Uşaqlar öz bədənləri üzərində söz haqqına sahibdir;

  • Uşaqların bədəni özlərinə aid, xüsusi və dəyərlidir;

  • Məsələ gender, seksual oriyentasiya, gender kimliyi olduqda anlayış/hörmət əsas prinsipdir;

  • Seksuallıq hər kəs tərəfindən eyni şəkildə təcrübə edilməsə də, yaşamın təbii bir hissəsidir;

  • Seksuallıq “ayıb”,”günah”, “uyğun deyil” kimi ifadələrlə utanc və təqsirkarlıq hisləri ilə əlaqələndirilməməlidir;

  • Reproduktiv orqanlar və gender qürur və ya utanc vasitəsi deyil, bu yöndə istifadə edilməməlidir;

  • Məlumat sahibi olunmayan mövzularda “bilmirəm, amma araşdıracağam” demək mümkündür;

  • Açıq kommunikasiya qurmaq və heç bir ifadəni tabu halına gətirməmək kommunikasiyanı asanlaşdırır;

  • Uşaqlara qarşı dürüst olmaq prosesi hamı üçün asanlaşdırır;

  • Sual verilməsini gözləmək yerinə dialoq qurmaq mütəmadi kommunikasiyanı mümkün edir;

  • Müxtəlif ailə modelləri var, hər kəsin ailəsi özəldir.

Seks-pozitiv təhsil və valideynlik xüsusilə LGBTİQ+ uşaqlar üçün çox önəmlidir. Seks-pozitiv ailələrdə doğulan interseks uşaqlar bədənlərinə razılıqsız tibbi müdaxilələr kimi erkən uşaqlıq dönəmi travmalarına məruz qalmır. Həmçinin, nifrətin, fobiyanın, tabuların, və qadağaların təbliğ olunmadığı bir mühitdə kuir uşaqlar öz gender kimlikləri və seksual oriyentasiyalarını təyin etməkdə ənənəvi kuir-fobik ailə modelində olduğu kimi çətinliklərlə qarşılaşmır. 


Müəllif: Raven

Mənbələr: 

Sex Positive Families

Seks-Pozitif Ebeveynlik: Eğitim



Powered by Froala Editor