Bu “Onların” İntim Həyatıdır
Fobik qeyri-kuirlərin özlərini tolerant təqdim etmək adına LGBTİQ+ üçün istifadə etdiyi bir çox ifadə var
21/Jun/21
3419
Bu “Onların” İntim Həyatıdır
Fobik qeyri-kuirlərin özlərini tolerant təqdim etmək adına LGBTİQ+ üçün istifadə etdiyi bir çox ifadə var. Əsas problemlərdən biri kuirlərin də əksər hallarda bu ifadələri özləri və ya bütün LGBTİQ+ üçün uyğun görməsi və istifadə etməsidir. Məsələn, “bu onların intim həyatıdır, özləri bilər”/“bu mənim intim həyatımdır” və ya “başqalarının yataq həyatı ilə maraqlanmıram” kimi ifadələr.
Bir çoxumuz üçün yuxarıda qeyd etdiyim tip ifadələrin istifadəsində problem yoxdur, hətta özümüz də istifadə etməyi uyğun qəbul edirik. Bəlkə də düşünürük ki, bizim seksuallığımız, seksual oriyentasiyamız sadəcə intim olaraq qalmalıdır. Təbii ki, bu mövzuda hər kəsin düşüncələri fərqli ola bilər. Lakin istifadə etdiyimiz ifadələrin ehtiva etdiyi mənaları anlamadan, anlamağa çalışmadan bizi təmsil etməsinə dəstək vermək bəzən daha böyük problemlərə yol açır.
Gəlin yuxarıda qeyd etdiyim ifadələri analiz edək:
“Bu onların intim həyatıdır” kimi ifadələrin ehtiva etdiyi mənə budur ki, bizim seksuallığımız, seksual oriyentasiyamız sadəcə intim həyat çərçivəsində qalmalıdır. Bizim kuirliyimiz kimi/kimləri sevdiyimiz, buna görə hansı çətinliklərlə qarşılaşmağımızdan yox, sadəcə olaraq kiminlə/kimlərlə seks partnyoru olmağımızdan ibarətdir və sadəcə seksual maraqlarımızı təmsil edir. Bu ifadəni istifadə edənlər istəyir ki, biz cis-hetero-seksist patriarxal toplumların “problemli tərəfi” olaraq gizli və görünməz qalaq və onlar bizdən “xəbərsiz” öz qayğısız həyatlarına davam etsin.
Fobik qeyri-kuirlər düşünürlər ki, kimin öz seksuallığını necə və hansı formada yaşamasına qərar vermək imtiyazına sahibdirlər. Biz öz partnyorumuzun gender kimliyinə görə münasibətlərimizi narahatlıq və zorakılığa məruz qalma qorxusu ilə istədiyimiz kimi yaşaya bilmədiyimiz və ya gizli yaşamağa məcbur qaldığımız halda bütün imtiyazlara sahib birinin bizim yaşadığımız çətinlikləri anlamasını gözləmək mənasızdır. Məhz buna görədir ki, bizlər LGBTİQ+ üçün hüquq bərabərliyinin təmin olunmasından danışanda həmin kəslərin buna reaksiyası “Şəxsi həyatlarıdır, özləri bilər, daha bunu nümayiş etdirməyə nə gərək var?” ya da “Biz niyə əlimizə bayraq alıb küçələrə çıxmırıq?” formasında olur.
Yatağı, intim həyatı gizli saxlamağı tələb edən, tabu olaraq qəbul edən toplumumuzda təyin edilmiş genderi qadın olan şəxslərin bəkarət gözətçiliyini çəkmək, seksuallığına və reproduktivliyinə nəzarət və müdaxilə etmək heç də problem olaraq görülmür.
Onlar anlamaq istəməsə də, gözardı etməyə çalışsa da, yaşadığımız cəmiyyətin bütün adət-ənənələri, patriarxat kölələrinin hər çətinə düşəndə arxasına sığındığı, milli mentalitet adlandırdıqları dəyərsiz məfhum qeyri-kuirlərin ilin bütün günlərində davam edən qürur paradının təminedicisidir. Bizlər cis-hetero normativ, əslində ailə olmayan ailə modelində, hetero-seksist, heteronormativ ədəbiyyatla, televiziya yayımları və musiqi ilə böyümüşük. Böyüdüyümüz mühitin bütün normaları, gözləntiləri, adət-ənənələri bizə cis-hetero normativi təbliğ edib.
Kimin necə düşünməsindən asılı olmayaraq seksual oriyentasiya sadəcə intim həyatla əlaqəli deyil. Qəbul etsək də, etməsək də kuirliyimiz bizim kimliyimiz bir hissəsidir və bütün həyatımıza təsir edir. Bunu sadəcə intim həyata bağlı hesab etmək, seks partnyorlarımızla əlaqələndirmək sadəcə kuir olduğumuz üçün ailələrimizlə, dostlarımızla, təhsil müəssisələrində, iş yerimizdə və ümumilikdə sosial həyatda, eləcə də hüquqi müstəvidə yaşadığımız bütün çətinlikləri və diskriminasiyanı gözardı etməkdir.
Müəllif: Raven
Powered by Froala Editor