“Bədənim belə istədi” - VII hissə
Roman
Müəllif: Aylin Wise
Tərcümə etdi: Günel Mövlud
***
Nədənsə, mənə həmişə elə gəlib ki, qəfil gələn şey ancaq bədbəxtlik ola bilər. Heç vaxt inanmazdım ki, sevgi də beləcə, qəfil gəlib, insanın həyatını, düşüncələrini, daxili dünyasını dəyişə bilər. Bu sevgi mənim başıma iyunda qar yağar kimi, gözlənilməsi mümkün olmayan bir vaxtda gəldi. Özü də elə bir şəkildə, elə bir görkəmdə ki, beləsini arzulamaq bir yana, düşünməyi belə mən heç vaxt özümə icazə verməmişdim.
Taleyimi dəyişib, özümə azadlıq verəndən sonra ünsiyyətə ehtiyacım vardı. Həyatımda heç vaxt etmədiyim şeyləri etmək istəyirdim – yeni insanlarla tanış olmaq, adam arasına çıxmaq, şənlənmək, çoxlu dostlarla vaxt keçirmək. Bir sözlə, özümü diri, canlı hiss etmək, həyatda olduğumun fərqinə varmaq. Evdə özümü qəfəsdəki kimi hiss edirdim. Anamın danlaqları və keçmiş ərimin hədələrindən başım fırlanır, ürəyim bulanırdı. Boğulurdum, sanki əlimi atıb, xilasedici halqanı tapmaq, həyata qayıtmaq istəyirdim. İşləmək mənə çox kömək edirdi, amma həyatımdakı bu qədər qaramatdan, əsəbdən, üstümə şığımış bu qədər dərdвən xilas etmək üçün bəs deyildi.
Bu dəfə də o zəng elədi. Mənə tərcümə sifariş verən tanışım, Nataliya. Təklif elədi ki, bir kafedə görüşüb, söhbət edək. Bu təklif göydəndüşmə oldu, elə həvəsləndim ki, tez dayəyə zəng eləyib, oğlumun yanına çağırdım, özüm yuyunub, geyindim, bəzəndim. Nataliyanın dediyi yer Moskvanın lap mərkəzində idi, odur ki, şəhərdə xeyli yol getməli oldum. Yolda fərqinə varırdım ki, uzun zamandır belə rahat, vaxt məhdudluğu olmadan gəzmirəm, şəhərə sadəcə vaxt keçirmək üçün çıxmıram.
Görüşəcəyimiz kafeyə girəndə də eyni hissləri yaşadım. İnsanların toplandığı yerlərə uzun zamandan bəridir, girmədiyimi elə aydın hiss edirdim ki. Dost-tanışım çox olmasa da, mən heç vaxt guşənişin həyatı sevməmişdim. Amma evlilik, sonra hamiləlik, onun ardınca da ailə problemlərim, uşaq qayğısı məni sosial həyatdan təcrid etmişdi. İndi hiss elədim ki, restoranlara, kinoya, teatra, gəzintilərə, nəhayət, sadəcə insanlarla ünsiyyətə necə ehtiyacım varmış.
Masaya yaxınlaşanda Nataliyanın tək olmadığını gördüm. Mən onu tanıyandan, Natiliyanı sadə, amma çox zövqlü geyinən görmüşəm, bu gün də süd rəngli sadə donunu açıq-qəhvəyi tuflilərinə və qəhvəyi dəridən olan çantasına çox gözəl yaraşdırmışdı. Uzun, şabalıdı saçlarını at quyruğu kimi başının ortasında toplamışdı. Onun saçlarının açıq vaxtını heç görməmişdim. Özüm isə onun əksinə, saçlarımı toplamağı heç sevmirəm. Nataliyanın iti baxışları olsa da, üzünü tərk etməyən geniş təbəssümü üzünün ifadəsini yumşaldır, səliqəli, ağ dişləri olduqca qəşəng görünürdü.
Nataliyanın yanında oturan, mavi, sadə köynəkli və rəsmi qara şalvarlı qızın saçları olduqca qısa vurulmuşdu. Buna görə, əvvəl onun kişi olduğunu düşünmüşdüm. Amma qabarıq sinəsi tez fikrimi düzəltməyimə kömək etdi. Açıq-sarı saçları, parlayan mavi gözlərindən bəlli idi ki, əsli şimal-qərbi slavyanlardandır. Uzunsov, iti üzü, incə buxağı, düz burnu mənim ehtimallarımı təsdiqləyirdi.
– Bağışlayın, bir az gecikdim, – deyərək, özümü guya burda kənar adamın olmasına təəccblənməmiş kimi aparmağa çalışdım.
– Hə, axır ki, yoxsa az qalırdıq sənin dalınca ordu göndərək, – Nataliya zarafata salaraq, yerindən qalxıb, bizi bir-birimizə təqdim elədi.
– Tanış ol, rəfiqəm Yelena. Lena, tanış ol, bu da tərcüməçimiz Leyladır.
– Məmnun oldum, – ikimiz də eyni vaxtda əlimizi uzadıb, eyni sözləri dedik.
Əlini sıxarkən, onu başdan-ayağ süzdüm. Mənə gözəl qadın kimi görünmürdü, amma onda nə vardısa, ona baxanda canımdan bir vəlvələ keçirdi. Bəlkə də ömrümdə birinci dəfə idi ki, bir insan özümü belə naqolay hiss etməyimə səbəb olurdu. Bu vəziyyət məni qıcıqlandırsa da, naqolay halda olduğumu gizləməyə çalışaraq, gülümsəyirdim. Qız isə məni sakit nəzərlərlə süzürdü və bir an əlini çəkməyə cəhd etdi və ancaq o zaman mən qızın əlini hələ də ovcumda saxladığımın fərqinə vardım. Utandığımdan tez kətil çəkib, oturmağa çalışdım.
– Sənin axırıncı tərcümə ilə bağlı sualların vardı, ona görə də, bu sualların hamısına cavab verə biləcək adam tapdım, – Nataliya Lenanın niyə burda olduğunu izah etməyə çalışdı, görünür, səssiz sualımı anlamışdı.
Lena ilə danışmaq əvvəl-əvvəl mənə çətin idi, niyə belə idi, anlamırdım, amma özümü ələ almağa cəhd edirdim. Özümə deyirdim ki, yetişkin adamsan, özü də səni doğrudan da narahat edən suallar var. Planşetimi çıxarıb, tərcüməsində çətinlik çəkdiyim komiksləri çıxartdım və bəzi detalları dəqiqləşdirməyə başladım. Komisklərin birində yataq səhnəsi vardı, o yerə çatanda utandığımdan qızardığımın fərqinə vardım. Lena isə olduqca sakit idi və bütün diqqətini işə cəmləmişdi.
– Aaa, nə maraqlı pozadır, gərək sevgilimlə bunu yoxlayım, – Nataliya planşetdəki şəkli görəndə dedi.
Masaya sükut çökdü. Həm gülməli, həm də naqolay vəziyyət idi. Lena masaya oturduğumuzdan bəri birinci dəfə zarafat elədi:
– Sən özünə o qədər də güvənmə, sən belə çevik deyilsən.
Hamımız güldük və ortamın gərginliyi azaldı. Komisklərlə bağlı bütün suallarıma cavab alandan sonra Nataliya universitetdən kimlərlə görüşüb-görüşmədiyimi, qrup yoldaşlarımızı soruşdu. Tələbəlik illərimizi yada salıb, xeyli dedik, güldük, zarafat elədik. Lena bizim bu söhbətlərimizdə iştirak etmirdi, nədənsə o gərgin idi. Baxışlarımız bir-iki dəfə toqquşsa da, mən tez gözlərimi yayındırdım. Bir azdan Lena dedi ki, kiminləsə görüşü var və sağollaşıb, getdi.
Lena gedəndən sonra Nataliyanın şəxsi həyatı ilə maraqlandım. Xeyli sorğu-sual elədim. Öyrəndim ki, bir neçə aydır, sevdiyi qızla bir evdə yaşayırlar, iki pişikləri var və çox xoşbəxtdirlər. Əlbəttə, uzun illərdir tanış olsaq da, Nataliyanın seksual oriyentasiyası barədə məlumatsız olmağım özümə çox naqolay görünürdü.
– Sənin boşanma işin nə oldu? – Nataliyanın sualı məni sanki indi, içində olduğumdan məmnun qaldığım gerçəklikdən çıxartdı. Və hər gün yaşamalı olduğum, əziyyətini çəkdiyim gerçəkliyin ortasına atdı. Bu şeyləri düşünməməyi, birdəfəlik unutmağı elə istəyirdim ki… Anamın cəmiyyətin gözündə ideal ailəyə və karyeraya sahib qadın obrazına düşkünlüyü, ərimin hər günkü hədə-qorxuları, atamın axmaq hərəkətləri və mənə uzaqlığı… Hamının uzaqlığı, məni anlamamağı, məndən ancaq nələrsə gözləyib, nələrsə tələb etmələri...
Nataliyaya ərimin boşananda çıxardığı hoqqalardan, məndən evi bölməyimiz tələb etməyindən, bütün bu şeylərdən yorulduğumdan danışdım. Bir az dərdləşib, ayrıldıq. Sağollaşanda Nataliya hər ehtimala qarşı mənə Lenanın nömrəsini verdi.
Həmin axşam Lenaya zəng elədim. Ona dedim ki, nomrəsini Nataliyadan almışam və nəsə sualım olsa, ona müraciət edəcəm. Hərçənd, daha suallarım qalmamışdı. Lena mənimlə soyuq danışdı. Mən isə həmişə çəkingən olan biri kimi söhbəti uzatmadım və daha ona zəng etməyə cəsarət etmədim. Hərçənd, niyəsə bütün günü onunla danışmaq, onu görmək ehtiyacı hiss edirdim.
Əslində, başıma gələnlər insanlıq tarixi üçün heç də yeni bir şey deyildi. Mən normal ölkədə doğulub, böyüsəydim, indi yaşadıqlarımın səbəbini anlamq, qəbul etmək üçün bu qədər vaxt xərcləməz, bu qədər narahat olmazdım. Mən isə təəssüf ki, Rusiyada, dünyanın ən homofob ölkələrindən birində doğulub-böyümüşdüm. Uşaqlığım, yeniyetməliyim, gəncliyim boyu insanın öz cinsindən olan birinə seksual meyl etməsi fikri, düşüncəsi, gerçəyi mənim üçün adi bir şey deyildi.
Mənim insanlıq tarixi boyu yaşamış, yaratmış və dünyasını dəyişmiş homoseksual insanlarla bu barədə danışmaq imkanım yox idi. Onların çoxu öz oriyentasiyalarını gizlətdikləri üçün intim həyatları barədə yazmadan, bu hisslərin necə olduğunu bizə izah etmədən köçüb, getmişdilər. Homoseksual münasibətlər yaşayan insanların həyatı, onların münasibətlərinə mətbuatda, ədəbiyyatda, kinoda belə çox rast gəlmək olmur. Epataj, diqqət cəlb etmək üçün yaradılmış nümunələri demirəm, o nümunələrin dərdi homoseksualların həyatına işıq salmaq, bilmədiklərimizi bizə göstərmək deyil. Mənim bilmək istədiklərim barədə heç yerdə normal, geniş, obyektiv məlumat yox idi, zehnimdə lazım olan kərpicin yeri boş idi.
Narahatlığımın, çaşqınlığımın səbəbi bu idi.
Lenanın üzü, görünüşü ağlımdan çıxmırdı. Onun lezbiyan olduğunu o dəqiqə hiss etmişdim. O, qadınlara ehtirasla baxırdı. Gözlərində ovunun üstünə atılmağa hazır vəhşi bir ifadə vardı. Məni narahat edən onun ilk görüşümüzdə mənə laqeyd baxmağı idi. O, sanki mənə baxır, amma məni görmürdü. Bütün bunların məni niyə narahat etdiyini anlaya bilmirdim. Axı, bildiyim qədərilə mən lezbiyan deyildim. Onun xoşuna gəlməməyim məni niyə bu qədər narahat edirdi ki? Bəlkə mən indiyə qədər səhv etmişəm...
Hər dəfə masa arxasına keçib, tərcüməyə başlayanda ona zəng etməmək, sms yazmamaq üçün özümü zorla saxlayırdım. Onunla danışmağa, ona yazmağa bəhanə axtarırdım. Çünki buna qarşısı alınmaz bir ehtiyac hiss edirdim. Telefonumu əlimə götürür, ona sms yazır, sonra göndərmədən silirdim. Nömrəsini tapır, zəng etməyə qərar verir, son anda vaz keçirdim.
Tərcümənin bir yerinə çatanda komikslərdə anlamadığım bir yerə rast gəldim. Dəqiqləşdirmək üçün Lena ilə danışmalı idim. Belə bir tələbatın yaranmasından o qədər sevindim ki, evdə özümə yer tapmırdım. Tez telefonu götürüb, həyacandan titrəyə-titrəyə ona zəng elədim. Dilimin dolaşmamasına çalışaraq, suallarımı verdim. Lena bütün suallara cavab verəndən sonra tərcümənin nə vaxt hazır olacağını soruşdu. Dedim ki, oğlum xəstələnmişdi və buna görə iş bir az axsatmalı olmuşam, amma tez bir vaxta hazır etməyə çalışacam. Oğlum olduğunu deyəndə Lena bərk təəccübləndi.
Görünür, Nataliya Lenaya mənim barəmdə çox şey danışmamışdı. Ona görə də, Lenaya bir az özümdən danışdım və onun barəsində də nələrsə öyrənməyə çalışdım. Öyrəndim ki, Lena ixtisasca iqtisadçıdır, bizim görüşdüyümüz yerin yaxınlığındakı restoranda menecer işləyir. Moskvaya əyalətdən gəlib, burda universitetə qəbul edildiyi üçün Moskvaya köçüb. Komisklər isə onun uşaqlıq hobbisidir. Onunla xeyli söhbət etdik, söhbətimiz elə maraqlı, axıcı alındı ki, bitirəndə səhər saat dörd olduğunun fərqinə vardım.
Beləliklə, onunla az qala hər gün danışmağa başladıq. Komikləsri müzakirə edir, yerli və xarici yazıçıların əsərlərindən danışır, siyasət və din barədə söhbət edirdik. Onunla danışmaq həm rahat, həm də xoş idi. Mənə elə gəlirdi ki, onu bir ömürdür ki, tanıyıram.
Tədricən Lena mənim ən yaxın insanlarımdan birinə çevrildi. Özümü pis hiss edəndə təsəlli verir, əlim işdən soyuyanda həvəsləndirir, ərim hər dəfə təzə hoqqa çıxaranda mənə ürək-dirək verib, özümə gətirirdi. Qanım qara olanda o, çoxlu zarafat edir və kefimi açmağa çalışırdı. Nəsə gülməli videolar, mətnlər tapıb, mənə göndərir və üzümü güldürmək istəyirdi. Bu günə qədər də həmin çətin anlarda Lena yanımda olduğuna görə ona minnətdaram.
O, hərbçi ailəsində böyümüşdü. Özündən böyük iki bacısı vardı. Danışırdı ki, atası hərbi xidmətini fərqli xarici ölkələrdə keçirirdi. Atası bütün ailəni də özü ilə qulluq etdiyi şəhərlərə aparırdı. Uzun illər boyu ailə ölkədən ölkəyə, şəhərdən şəhərə köçmüş, Lenanın uşaqlığı müntəzəm olaraq dəyişən yerlərdə keçmişdi. Sovetlər dağılandan sonra onlar Rusiyanın ucqar və balaca bir əyalətində məskunlaşmışdılar. Atası Lenanı kadet məktəbinə vermiş, onu hərbi universitetə hazırlayaraq, orduya göndərmək istəmişdi. Bir dəfə Lena mənə hərbi paltarda bir şəklini göndərmişdi. Şəkildəki qadın olduqca sərt, hökmlü və dəhşətli dərəcədə seksual görünürdü. Bu şəkil mənə elə təsir etmişdi ki, uzun müddət onun təsirindən çıxa bilməmişdim.
Amma bir il sonra Lena valideynlərinə hərbçi deyil, iqtisadçı olacağını bəyan etmişdi. Ailə təəccüblənsə də, qızlarına mane olmağı düşünməmişdi. Onlar fikirləşmişdilər ki, Lena yaxşı təhsil alıb, qayıdacaq, əyalatlərində gəlirli bir işə düzələcək, axı elə ucqarlarda yaxşı mütəxəssis tapmaq çətin olur. Amma onların xəbəri yoxmuş ki, Lena paytaxta birdəfəlik gedir...
Lenanın görüşdüyü qadınlar çox olmuşdu. Deyirdi ki, ağlı kəsəndən meyli ancaq qadınlara olub. Kişilər onu heç vaxt cəlb etməyib. Uşaqlıqdan anlayıb ki, seksual həyatında ancaq qadınlar olacaq. Amma yaşadığı balaca əyalət şəhərində eynicinsli münasibətlər yaşamaq təhlükəli imiş. Buna görə də, Lena paytaxta köçməkdən başqa bir yol görməyib.
Universitetə qəbul edildiyini öyrənəndə Lena valideynlərinə izah edib ki, paytaxt onun üçün bir şansdır. Anası çox narazı olsa da, atası qızı ilə, onun uğuru ilə fəxr edib. Təbiətcə qaraqabaq olan atası hisslərini çox da büruzə verməsə də, Lena atasının məmnunluğunu, razılığını anlayıb.
Lenanın cəsarəti, qətiyyəti mənə də sirayət edirdi. O, mənim üçün nə istədiyini dəqiq bilən, güclü qadın nümunəsi idi və mən getdikcə ona heyran olduğumu hiss edirdim.
Bir qədər yaxınlaşandan sonra ona öz yeniyetməlik sevgim barədə danışdım, homoseksual mövzulu komiksləri tərcümə edəndə özümü necə narahat hiss etdiyimdən bəhs elədim və hətta bir gün Ramilə ilə olan məsələni də ona danışdım. Bu söhbət Lenanı şoka saldı. Anamdan fərqli olaraq, Lena bu məsələni olduqca ağrılı qarşıladı, mənə hər cür təsəlli verib dedi ki, yəqn bir gün bu ağır səhnəni yaddaşımdan silə biləcəm.
Onunla nə qədər yaxınlaşsaq da, Lena zəng edəndə canımı bürüyən həyacan məni tərk eləmirdi. O danışanda səsi beynimin içinə sanki ilıq maye kimi yayılırdı. Hər dəfə onun zəng elədiyini görəndə telefonu əlimə alıb, zəngi açana qədər ürəyim ağzımdan çıxırdı. Bütün bunlar ancaq güclü bir vurğunluğun, aşiqliyin göstəricisi ola bilərdi. Amma mən bunu özümə etiraf edə bilmirdim. Aramızdakı mehribanlığı, yaxınlaşmanı ancaq belə izah edirdim ki, mənəvi dəstəyə bu qədər ehtiyacım olduğu günlərdə Lena mənə qarşı mehribandır deyə, ona bağlanmışam.
Hər şeyi, əsl hisslərimi anlamağım üçün bir hadisə bəs elədi. Bir axşam elə-belə, söhbətləşmək üçün ona zəng elədim. Lena qısa cavablar verirdi deyə, zarafatla “deyəsən, görüşdəsən?” deyə soruşdum. Lena dəqiq cavab verməsə də, susqunluğundan təxminimin doğru olduğunu anladım. O dedi ki, sonra özü zəng edəcək və söhbətimiz bitdi.
Ayaqlarım sanki pambığa döndü, üzümün qanı qaçdı. Bir an mənə elə gəldi ki, yıxılıram, əlimi atıb, yatağın kənarından yapışdım. Lena ilə danışanda adətən, yataq otağına keçirdim. Yatağa uzanmaq istədim, amma divara söykənib, qaldım. Nədənsə bərkdən qışqırmaq, ürəyimi sıxan ağrını atmaq istəyirdim. Mənə elə gəlirdi ki, ürəyimi kəsib, sinəmdən çıxarırlar. Panika içində olduğumu hiss edirdim, nəfəs almağım çətinləşmişdi, başımda dəhşətli bir zoqqultu vardı. Boğazımda sanki bir düyün vardı və nə qədər udqunsam da, bu düyün keçib getmirdi. Lenaya təzədən zəng eləmək istəyirdim, amma ona nə deyəcəkdim? Onun həyatında qarışmağa haqqım yox idi. Mən kim idim ki, o mənə görə öz şəxsi həyatından imtina etsin? Belə baxanda, bəlkə onun üçün biz heç dost da deyildik.
Məhz həmin anda mən özümü tamamilə “çılpaq” gördüm. Özümü görə bildim. Mən qadın sevmişdim. Bir qadın mənə nəfəs almaq qədər vacib olmuşdu. Onun sevgisi üçün mən hər şeyə hazır idim. İndi yadıma heç nə düşmürdü: qaydalar, ənənələr, valideynlərim, keçmiş ərim… Bütün bu illər boyu içimdə özümdən xəbərsiz yaşayan hissləri hamısı indi partlayaraq, üzə çıxmışdı. Elə bil ruhumu ələ keçirmək istəyən cadugərin əlində əsir qalmışdım. İndi anlayırdım ki, bu həyatdan mənə ancaq və ancaq Lena, onun sevgisi lazımdır. Amma o, indi başqasının yanında idi.
Mən olduqca ziddiyyətli hisslər yaşayırdım. Bir tərəfdən özümü xoşbəxt hiss edirdim, çünki nəhayət, özümü anlamışdım, nə istədiyimi indi dəqiq bilirdim. Uzun illərdən bəri düşünməyə belə qorxduğum gerçəyi anlamış və qəbul etmişdim. Amma qapıldığım sevgi qarşılıqsız idi – bu gerçək məni məhv edirdi. Gah sevincimdən evin içində atılıb-düşmək, mahnı oxumaq, gah da içimdəki ağrıdan yatağa sərilib, ulamaq istəyirdim. Amma nə olur-olsun, belə güclü hisslər yaşamaq o qədər möhtəşəm idi ki!
Lenanın telefonu qapalı idi. O, özü zəng edəcəyinə söz versə də, deyəsən, unutmuşdu. Səhəri gün də ondan bir xəbər çıxmadı. İki gündən sonra işimi bitirib, Nataliyaya göndərdim. O, bir az təəccübləndi, çünki bunları birbaşa Lenaya göndərə bilərdim. Amma mən Lena ilə əlaqə saxlamaq istəmirdim...
Bir həftə keçdi. Biz hələ də zəngləşməmişdik. Açığı, ona zəng eləmək üçün ürəyim atlanırdı. Amma özümü saxlayırdım. Lena yuxularıma girir və bu yuxular məni dəli edirdi. Yuxuda sanki gerçəkmiş kimi onun məni sığallayan əllərini, boynumu, yanaqlarımı öpən dodaqlarını görürdüm. Fərqinə varırdım ki, indiyə qədər heç kimi belə, Lenanı arzuladığım kimi arzulamışam. Bu hissi yaşamaq elə gözəl idi ki… Amma səhəri gün onun başqası ilə olduğunu, mənə ehtiyacı olmadığını yada salıb, təzədən yasa batırdım.
Səkkizinci gün Lena mənə zəng elədi. Telefonu açana qədər elə bildim ki, bu dəqiqə öləcəm. Lena uzun müddətdir ki, itib-batdığına görə üzr istədi və özünü elə apardı ki, sanki heç nə baş verməyib. Elə mən də özümü o yerə qoymadım. Açığı, bunu etmək mənə elə də asan başa gəlmirdi. Hər dəqiqə qalxıb, onun iş yerinə gedərək, hisslərimi etiraf etməkdən özümü güclə saxlayırdım. Lenaya olan hisslərim sanki nəhəng bir dalğa idi, mən onun altında itib batmışdım, elə bil zəlzələ idi, hər şeyimi darmadağın etmişdi və mən bu dağıntılar altında çapalayırdım.
Özümü sanki son söhbətdən heç narahat olmamış kimi göstərməyə çalışaraq, ona zon vaxtlar dəbdə olan qalereyalardan birinə getməyi təklif elədim. Təklifim onun xoşuna gəldi. İki gündən sonra sərgi salonunun girişində görüşməyə qərar verdik.
Qəribədir, onun üzünün cizgiləri az qala yadımdan çıxmışdı. Beynimə həkk olunan onun ümumi, güclü, sərt obrazı idi. Həmin gün görüşəndə bunu fərqinə varmışdım. O gün Lenanın əynində onun incə bədəninə kip oturan və çox yaraşan boz şalvar və qara cemper vardı. Mənsə dolu bədənimin xoşuma gələn yerlərini qabardan qara atlas don geyinmiş, saçlarımı ütüləyib, bacardığım qədər makiyaj eləmişdim. Bütün bunları ancaq onu xoşuna gəlmək üçün, onu düşünərək etmişdim. Ona yaxınlaşanda ürəyimin sanki indi sıçrayıb, sinəmdən çıxacağını hiss edirdim. Onunla əl sıxışmaq, onun elə yaxınında olmaq həm gözəl, həm də əzablı idi. O qədər əzablı idi ki, burada keçirəcəyimiz saatların hər dəqiqəsini hesablayırdım.
Mənə elə gəlirdi ki, sərgidə hamı ona baxır. Amma əslində, gözlərini ona zilləyən, ona baxmaqdan doymayan təkcə mən idim. Onun üzünü hər ifadəsini, hər cizgisini birdəfəlik ağlıma həkk etmək istəyir, ona toxunmaqdan özümü güclə saxlayırdım. O qədər gərgin idim ki, başımın ağrıdığını hiss edirdim.
– Görüşün necə keçdi? – axır ki, özümü saxlaya bilmədim. Mən bunu soruşanda biz sərginin yarısını gəzib, dolaşmışdıq.
– Hm, elə bilirdim heç soruşmayacaqsan...., – Lena bunu deyib, bir az hiyləgər bir təbəssümlə divardakı rəsm əsərinə baxdı.
Mənsə çaşqınlıq içində dayanıb, gözlərimi onun ağzına zilləyərək, normal cavab gözləyirdim.
– Yaxşı keçdi, pis olmadı.
O an mənə elə gəldi ki, içimdəki qəzəbdən sifətim qan-qırmızı oldu. Burnum qıcıqlanır, boğazım düyünlənirdi. Ordaca ağlamamaq üçün özümü zorla saxlayırdım. Qısqanclıq elə bil bir külək idi, ürəyimdəki közün üstündən əsərək, hisslərimi amansız bir şəkildə alovlandırmışdı.
– Lap yaxşı, sevindim, – mənə elə gəldi ki, bu sözləri demədim, zəhər kimi ağzımdan havaya tüpürdüm.
Daha orda dayana bilmirdim. Dönüb, getmək istəyirdim ki, heç gözləmədiyim halda Lena qolumdan yapışıb, məni saxladı. Çaşıb qalmışdım. O mənə tərəf əyilib, qulağıma pıçıldadı.
– Mən onu sevmirəm.
– Mənə nə var, sevirsən, sevmirsən, – qəzəbimi boğa bilmədən, dedim. – Mənə nəsə izah etməyə məcbur deyilsən. Kimlə istəyirsən, görüşə bilərsən.
– Axı sən bunu istəmirsən, – o yenə üzünü üzümə yaxınlaşdırdı. İndi o, düz gözlərimin içinə baxırdı.
Ətrafa göz gəzdirdim. Zal insanlarla dolu idi. Amma mənə elə gəlirdi ki, burda nə bu zal, nə bu insanlar, nə də zaman deyilən bir şey var. Qəfildən hər şey – insanlar, musiqi, dekorasiyalar – yoxa çıxmışdı. Biz sanki başqa bir gerçəkliyin içinə düşmüşdük.
Qəfildən, onun hələ də qolumdan yapışıb, qaldığının fərqinə vardım.
– Gəl, gedək burdan, – pıçıldadım...
Powered by Froala Editor