Gəl Dənizlə Barışaq II bölüm
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha mə'sud.
01/Oct/21
2735
Gəl Dənizlə Barışaq
İkinci Bölüm
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!
Mikayıl Müşfiq. “Yenə O Bağ Olaydı.”
“Hər şeyin başladığı gün” dediyiniz bir gün olub həyatınızda? Məncə, hər kəsin belə bir günü var və hər kəs kimi mən də o günü yaxşı xatırlayıram. On iki yaşımda idim. Həyatım o qədər də ürəkaçan deyildi amma, valideynlərimin – və təbii ki, müəllimələrimin - sözündən çıxmasam, ağıllı uşaq reputasiyamı qoruyub saxlasam, hər nümunəvi hərəkətimdən sonra təlimlərdə ağıllı bir rotfellerə verilən şirin qənd kimi ürəyimə yayılan o tərifləri eşitsəm, hər necəsə bunun həyatımı dəyişəcəyinə, məni universitet sonrasında qalstuklu bir işə çatdıracağına əmin idim. Kamranın iki yaşı tamam olmuşdu, tək dərdi ağlayanda ağzına tıxanılan əmziyi vaxtında qapmağa çalışmaq idi. Rövşən isə atamla yenicə mübahisə edib iqtisadiyyat deyil, psixologiya oxuyacağını qəti şəkildə bildirmişdi. Balaca Kamrandan başqa hamımız onu qınayırdıq, ona görə də mümkün olduğu qədər ortalıqda az görünüb, otağından bayıra çıxmırdı. Atamın işinin təzəcə yaxşılaşmağa, öz dili ilə desəm “çönməyə” başladığı vaxtlar idi. Heç vaxt varlı olmamışdıq, amma kasıb da deyildik. Məmnun heç deyildik. Buna baxmayaraq son aylarda maşın, yeni soyuducu, hətta daha geniş və lüks təmirli mənzilə köçməklə bağlı gedən söhbətlər tam qətiyyətlə olmasa da, hamımıza yaxşı günlərin qabaqda olduğuna dair ipucuları verirdi. Anam baş ağrıların kəsdiyi günlərdə: “Atanız yaxşı yerə ilişib, inşallah, yaxşı olar. Bundan sora bizdə bir gün görəcəyik”, - deyib gülərdi. Həmin gün isə baş ağrısının kəsdiyi yeddinci ağrısız gününü yaşayırdı və heç bir ağrıkəsici qəbul etmədən bunu bacarması üzünə əlavə gülüş yayırdı.
Anamın mətbəxdən qayıtdığı anı o gün bütün evə yayılan yasəmən ətri kimi yaxşı xatırlayıram. Çaya Türkiyədən gəlmiş quru yasəməndən qatmışdı və əlində də həmin otdan hazırlanmış çayı gətirirdi. Təsadüfən ayağa mismar batanda çıxarılan bir səs çıxarmışdı anam. Əlindəki o çox sevdiyi ürək naxışlı fincan qravitasiyaya səcdə edirmiş kimi əlindən ağır bir şəkildə yerə düşüb qırılmışdı. Anam başının içində gözlərini ovub bayıra çıxmağa çalışan bir köstəbək varmış kimi gözlərini sıxıb divara söykənmişdi və... Ardıyca o qışqırıqlar... Gecikən təcili yardım... Ağ xalatlı həkimlər... Kamranın ağlaması və mənim ağlamağım...
Heç vaxt anamın başında olan şişin və ya xəstəliyin tamamiylə nə olduğunu bilmədim. Bunu sadəcə Rövşənlə atam bilirdi və çox güman ki, onsuz da bir xeyrimiz dəyməyəcəyi, ya da çox yorğun olduqları üçün günün sonunda məsələni bizə izah etmək istəmirdilər.
O vaxtlar anamı həqiqətən sevdiyimə görəmi, yoxsa məni hər halımla qəbul edən yeganə insanın o olduğuna görəmi, deyə bilmərəm, amma əməliyyata görə Gürcüstana aparıldığı o günlərdə anam üçün çox darıxırdım və hər gün boş yataq otağına gedib ağlayırdım. Həyatımın sonrasında isə həyatda kimisə sevdiyimdən əmin belə deyildim və bura bir vaxtlar öpüb qucaqladığım anam da daxil idi. Bu da əməliyyatdan sonra anamın evə qayıdıb, bizim isə evdən nənəmin evinə köçməli olduğumuz o dövrə təsadüf edirdi. Anam başında ona heç də yaraşmayan bir bint sarğısı ilə evə qayıtmışdı. Üzərində sarımtıl yod ləkələri vardı və steril qoxurdu. Bintin örtmədiyi qulağının arxasındakı kiçicik bir yerdən gördüyüm qədəri ilə saçı qırxılmış və yenicə çıxmağa başlamışdı. Sözün düzü, o an anamı tanımamışdım. O da məni tanımamışdı sanki. Evdən tamamiylə başqa bir qadın çıxıb, yerinə başqa bir qadın gəlmişdi. Onu görən kimi sevinib qabağına qaçmışdım. Sağ qolundan tutan atam “Sonra Əli. Sonra” demişdi.
Sonra
Ordaca durub keçmələrinə icazə vermişdim o an. Bu sonranı bir də anamın gözlərindən görmək istəmişdim. Hər necəsə anamın atama qarşı çıxıb “Qoy balamı qucaqlayım” və ya bu kimi şeylərdən birini deyəcəyini, əyilib məni qucaqlayacağını bilirdim. Bu həmişə belə olmuşdu axı. Atam “Bu uşaq sənin padruqalarınla vaxt keçirməkdən arvada dönüb. Düşsün həyətdə bir az da futbol oynasın da nolar ki?!” və ya “Özünü kişi kimi apar, sözünü ucadan de” deyərkən məni müdafiə edən bu qadın idi. Bunlar olmasa belə, axı iki aya yaxın idi ki, evdə yox idi və mən isti bir qucağa layiq olmalıydım. Lakin divara söykənib Rövşənin və atamın köməyi ilə daşınan anama yol verərkən onun gözlərində “sonra” deyil, “indi də mənim qayğıya ehtiyacım var” idi. Zaman keçdikcə isə “indi də mənim qayğıya ehtiyacım var” deyən bu baxışa başqa adlar qoymuşdum; “artıq səninlə maraqlana bilmərəm”; “artıq səni müdafiə edə bilmərəm” və s. Amma indi, illər sonra o baxışa sadəcə bir ad qoya bilərəm: “Bundan sonra təksən”.
***
Axşam qonaqlıq vardı. Atam samovara odun doğramağımı tapşırmışdı və mən də vaxtında bitirmək üçün odunları kəsməyə başlamışdım. Hamısının barmaq boyda olmasına diqqət edirdim, çünki atam belə tapşırmışdı. Amma hər necəsə yenə də səhv tapıb işimi bəyənməyəcəyini bilirdim. Hərdən başımı yuxarı qaldırıb ətrafıma baxırdım. Sanki kənardan durub məni izləyirdi və hardansa çıxıb “Elə yox, elə yox. Dedim axı atambalası belə” deyib, əlimdən baltanı alacaq və əsəblə özü doğramağa başlayacaqdı. Lakin bağda heç kəs yox idi. Bu istidə niyə bayırda duraydılar ki? Arabir evdən deyib-gülmə səsləri gəlirdi və buna sevinirdim. Ailəmin xoş vaxt keçirdiyinə gör yox, daha çox başları qarışıb məni yaddan çıxardıqları üçün.
Digər tərəfdən, sakit bir yerdə qınıma çəkilib düşünməyi sevirdim. O an beynimi məşğul edən başqa bir şey də İlkin idi. Ona qarşı necə belə bir hərəkət edə bildiyimi anlaya bilmirdim. Heç vaxt haqlı olsam belə, heç bir məsələdə dərinə getməyib, daim uduzan tərəf olmuşdum. Düzünü desəm, heç bir məsələdə haqlı bir tərəfim olduğunu hiss etmirdim. Bəlkə haqlı olduğumu isbat edə biləcəyim güc və ya cəsarəti deməliyəm? Daim hər şeydən, hər kəsdən qaçıb ən xırda bir şeyin belə parçası olmaq istəməmişdim, amma indi İlkin çıxmışdı qabağıma və mən onu acılamışdım. “Qardaşım danışma məhdudiyyətlidir” demişdi bacısı. Bunu düşündükcə, hərəkətimdən çox utanırdım. Bir tərəfim yenidən o mağazaya qayıdıb İlkini tapmaq və ondan üzr istəmək istəyirdi, amma bunu edəcək cəsarətim yox idi.
O an özümə etiraf etmsəm də, ora sadəcə üzr istəmək deyil, həm də İlkini görmək istədiyim üçün getmək istədiyimi bilirdim. İndiyə kimi heç kəs mənə onun baxdığı kimi baxmamışdı. Eynilə mənim də heç kimi onu görmək istədiyim qədər görmək istəmədiyim kimi.
Güldüm.
Bir anlıq əl saxladım və quru taxta parçasını digərlərinin yanına atıb düşündüm. Başımın üstündəki tut ağacına, yarpaqlarının dəniz ləpələri kimi gələn xışıtısına qulaq asdım. Həyətin o başından xoruzlardan biri banladı. Uzaqlarda kimsə dəmir döyürdü. Yan qonşumuzun hidrofonunun səsi ciyildəyir, uzaqdakı maşın yolundan gələn siqnal və şütümə səslərini tamamiylə boğurdu. Rahatca düşünə bilərdim: mənə nə olurdu? Bu hissləri yaşamağım normal idi? Ürəyimin bu cür döyüntüsü bəs? Bir oğlan digərinə qarşı belə bir hiss keçirə bilərdimi? Yoxsa mən böyüdürdüm və bu, hamıda olan normal bir şey idi?
Axırıncısına heç inanmağım gəlmirdi. Necəsini bilmirəm, amma bunun sadəcə məndə və mənim kimi insanlarda olduğunu bilirdim. Atamın eşidərkən nifrətlə, sanki dünyadakı bütün bəlaların səbəbi bizlərmişik kimi var-yox söydüyü insanlar.
Ayağa qalxıb dərin bir nəfəs aldım. Doğradığım barmaq nazikliyindəki odun yığınına baxıb, bəs edər deyə fikirləşdim və evə getdim.
Ziyafət axşam tərəfi başladı. Hardasa axşam altı radələrində atam balaca qardaşımla məni manqal hazırlamağa çağırdı. Mən kömürləri manqala boşaldarkən atam da ət parçalarını şişə çəkir və bir tərəfdən də Kamranın bitib-tükənməz suallarını özündənrazı bir şəkildə cavablayırdı. Anam təbii ki, bu anların heyif olmasına icazə verə bilməzdi; Mətbəx işlərindən baş ayıra bildiyi qısa zamanlarda qaçıb selfi çubuğunu alır və hamımızın – bəlkə də Kamran xaric hamımızın - saxta gülüşlə gülümsədiyimiz selfilərimizi çəkib, instaqramında həvəslə paylaşırdı. Yeri gəlmişkən, anam o vaxtlar instaqramda fenomen idi və izləyicilərinin sayı 217 mini keçirdi. Bu məhşurluğu, öz dili ilə ifadə etsəm, beyin xərçəngini məğlub etməsindəki əzminə borclu idi. O dövrdə anamın sağlamlığındakı irəliləmə fotoları bizimlə birlikdə çəkilən #ailəmmənədəstəkolur həştəqli fotoları hər necəsə oxu.az saytından bir jurnalistin diqqətini çəkib, onu anamdan müsahibə almağa sövq etmişdi. O vaxtdan sonra anamın instaqram izləyiciləri artdıqca anam nəinki xəstəliyini, hətta bizi belə unudub, sadəcə şəkil çəkilərkən lazım olan kuklalara çevirmişdi.
“Bir çox xanım makiyajsız bir dənə olsun şəkil çəkmir. Siz necə oldu ki, xəstə yatağınızdan saçlarınız, makiyajınız olmadan, özünüzdə o şəkilləri paylaşmaq cəsarəti tapdınız?”, - soruşmuşdu jurnalist.
“Təbii ki, ailəmin dəstəyi ilə. Oğullarım və yoldaşım olmasa, mən bir həftə belə yaşaya bilməzdim. Biz həmişə, nə olur-olsun, bir-birimizə kömək edir və hər şeyin öhdəsindən birlikdə gəlirik. Allahım bunu mənə çox görməsin”, - demişdi anam.
Anamın bu sözlərində doğruluq payı yoxdur desəm yalan olar. Lakin bu həqiqət o vaxtların həqiqəti idi ki, indi heç bir dəyəri qalmamış nənənin sovetdən qalma o kağız pullarına bənzəyirdi.
. “Oğlum kameraya bax”, - anam dedi.
Başımı qaldırdım.
Atam əllərində şişlərlə A Nightmare on The Elm Street-dəki Freddy Krüger kimi hazır durmuşdu. Qardaşım əlində güclə saxlaya bildiyi şişləri yerə salmamağa çalışırdı.
Başımı qaldırıb manqalın arxasından dediyini etdim.
Əllərini qaldır, əllərini qaldır.
Kömürdən qaralmış əllərimi göyə qaldırdım. Yəqinki bunu “Bugünkü ziyafətimizi Əlinin qara əllərinə borcluyuq” yazısı ilə bəzəyəcəkdi. Bir anlıq gülümsəyib, klik səsindən sonra işlərimizə geri qayıtdıq.
Təxmini bir saat sonra salat və kabab qoxan süfrəmiz hazır idi. Günəş artıq evin arxasında batmağa doğru getdiyi üçün üzüm talvarının altında sərin və geniş kölgə əmələ gəlmişdi. Süfrəmizi düz bu yerin altına qurmuşduq. Burda oturub bağa baxmağı atamın gecələri burda yataq salıb yatması qədər çox sevirdim. Yeganə narahatçılığı üstümüzdən heç cürə atıb qurtara bilmədiyimiz və ya kiminləsə vacib söhbət edərkən birdən-birə bizi sancmağa başlayan balaca qarışqalar, ya da ağcaqanadlar olsa da, bu mənzərəyə görə bu fədakarlığa dəyərdi. Nənəm mətbəxdən südlü plovunu gətirib, düz masanın mərkəzinə qoymuşdu. Bu cür görüntüsü ilə Coca-Cola reklamlarındakı ramazan süfrəsinə bənzəyən ziyafətə baxıb ağızın sulanmaması mümkün deyildi. Çox acmışdım və hamının tez bir zamanda masa arxasına keçib yeməyə başlaması üçün dua edirdim.
“Gəlin başlayaq”, - atam dedi. Son şişlərdəki kababı da bıçaqla qazana tökməyə çalışarkən.
Anam: - “Kamran gəl”, - dedi.
- Bax, əlini indi yumuşduq. Niyə buladın yenə?
“Uşaqdır qızım”, - nənəm dedi.
Anam bunu eşitməmiş kimi davranıb, “Gəl gedək, yuyaq” deyərkən hələ də əllərinə olan şeyin niyə pis qarşılandığını anlamağa çalışan Kamranın biləyindən tutub apardı. Birdən bizə dönüb: “Gözləyin, Elmira da çatır indi”, - dedi.
Elmira. Bir andaca bütün iştahım küsmüşdü. Udqundum. “Elmira?!”, - soruşdum. Qorxu qarışıq həyacan ürəyimi bulandırmağa başlamışdı, amma heç kəs onsuz da sualımı eşitməmiş, aralarında mübahisəyə başlamışdılar..
“Padruqalarını da bura yığıb tökmək üçün ürəyin gedir”, - atam dedi.
Anam Elmira qapının ağzındaymış kimi dodaqlarını dişləyib göz ağartdı.
Bayaq demişdim də, gələcək. Sən də iş yoldaşlarını töküb, içib piyan olanda yadına salacam sənin.
“Uşaqların yanında az qələt qır”, - dedi atam. “Özüm bilərəm kimi çağırıram”, -baş barmağını ağzına soxub kababın suyunu yaladı.
Anam suyu açıb, suyun fışıltısında nəsə mırıldandı, amma heç birimiz nə dediyini eşitmədik və nənəm araya girdi. “Balam niyə qanqaraçılıq salırsız ki. Padruqasıdır da. Gəlir, xoş gəlir. Qanqaraçılıq salmayın”, - dedi o qəribə buzovnalı ləhcəsi ilə.
Atam bir şey deyəcəkmiş kimi oldusa da, nənəmin sözünün üstünə söz deməzdi heç vaxt. Hərdən mənə elə gəlirdi ki, anam yox, atam nənəmin övladıdır.
“Əli, get, evdən Elmira üçün də boşqab gətir. Qaşıqla çəngəl də gətir. Ayıbdır, yaxşı olmaz”, - dedi nənəm. Mən ayağa qalxıb mətbəxə gedərkən anama baxıb: “Qızım, sən də gərək mənə əvvəldən deyərdin.”
“Yatmışdın, mama”, anam cavab verdi, üzünü belə çevirməmişdi.
Kamran əllərinin sərt şəkildə yuyulmasından üzünü turşutmuşdu.
Ayağa qalxıb, mətbəxə doğru getdim. Bayaqkı aclığımdan əsər-əlamət qalmamışdı. Bir bəhanə ilə yeməyimi götürüb, mətbəxdə yeməyi fikirləşdimsə də, bu cür bir şey alınmazdı. Mətbəxə keçib şkafdan çəngəl, qaşıq və bir boşqab götürdüm. Qapıya tərəf çevrilərkən soyuducunun üstündə nənənin yuxu dərmanları gözümə sataşdı: qəhvəyi rəngli üç şüşə yuxu dərmanı. Əlimi uzadıb, birini əlimə aldım və o yan-bu yana çevirdim. Şüşəyə dəyən muncuqşəkilli ağ həblərin səsi tilsimli idi sanki.
Elə bu vaxt küçə qapısının açıldığını və insanların bir-birini görərkən çıxardığı anlaşılmaz gülüşmə səslərini eşitdim. Miçətkənli pəncərəyə yaxınlaşıb baxdım. Elmira tək gəlməmişdi. “Ola bilməz! Zakiri də gətirib” dedim içimdə.
Əllərim titrəməyə başladı. Boşqabı yerə salıb sındırmamış, masanın üstünə qoyub salamlaşan insanlara baxdım. Ürəyimdən getdikcə ağırlaşan bir daş, ya da qara dəlik asılıb, məni içinə çəkirdi. Görüntülər tək-tək, səssiz, amma təziqlə gəlirdi: məktəbin arxası; zibil qabları; uşaqların məni dövrəyə alması və Zakir.
“Aaa, bu oğlundu? Maşallah, nə böyüyüb bu uşaq”, - deyirdi anam.
Elmira da: “Az, gözə gətirəcəksən. Maşallah de”, - kimi bir şey gəvələyirdi.
Anam bütün bunları təvazökar bir utancaqlıqla qəbul edən Zakirə baxaraq: “Maşallah”, - dedi.
Orda daha çox dayana bilməzdim. Pəncərənin qarşısından içəri keçdim və divanda oturdum. Soyuducunun gümüşü qapısından əllərini yumruq edərək ağzında birləşdirən görüntümə baxıb fkirə getdim. Nənənin yuxu dərmanı hələ də əlimdə idi. Refleksiv bir şəkildə onu şortumun cibinə qoyub, düşünməyə başladım. Divardakı saat klikləyir, böyük əqrəb taxta kəsən balta kimi qabağa cumurdu. Mənim orda olmadığımı anlamaqları nə qədər çəkərdi? Anlayacaqdılar axı.
“Əliiii” deyərək qardaşım içəri girdi. Üzündəki ifadədən nənəmin bunu ona deyərkən üzünün qaşqabaqlı olduğunu anladım.
Nənə deyir harda qaldı o. Boşqabları gətirsin.
Gətirirəm.
İki dənə gət...
Get, Kamran, gətirirəm.
Şkafdan yeni boşqab və çəngəl-qaşıq götürüb, bayıra çıxdım. Boşqabın əlimdə sınıb çilik-çilik olmaması üçün dua edirdim, çünkü əllərim ox yayı kimi gərgin idi.
“Harda qalmısan səhərdən. Gəl, bax gör sinif yoldaşın da gəlib”, - dedi nənəm. Bu sözü bir anlıq bütün diqqətləri üzümə çəkdi. Sanki bayaqdan bəri Çaykovskini əzmlə çalan orkestr hər şeyi dayandırıb, mahnını bərbad edən zurnaçıya baxırdı.
Zakir masanın o biri başından parıltılı gözlərlə gülümsədi. Çox dəyişmişdi. Yeniyetmə bir uşaq kimi deyil, cavan bir oğlan kimi görünürdü. Ümumiyyətlə, sinif yoldaşlarımla yan-yana durarkən mənim inkişafdan qaldığımı rahatlıqla deyə bilərdiniz. Zakir isə nə kök idi, nə arıq, amma ikisindən birini seçməli olsanız, kök olduğunu seçərdiniz. Çox güman ki, hələ də gün boyu trenajorda dəli kimi idman edib, bədən yığırdı və bu qollarını o ağır əməyə borclu idi. Bir anlıq ikimiz də bir-birimizə baxdıq. Gülümsəməsi mənimlə lağ edir, sanki “Xatırlayırsan? deyirdi.
Xatırlayırdım.
“Siz necə sinif yoldaşı olmusunuz ki?”, - atamın səs tonu bir az qınayıcı, bir az da əsəbi idi. - Əli, heç olmasa sən qabağa gəl, görüş bir bu insanlarla.
“Əli həmişə çox sakit uşaq idi”, - dedi Zakir. Atam da qınayıcı bir şəkildə təsdiqlədi. Mənə baxaraq gülümsəməsindən iyrənc bir şey yox idi. Ayağa durub mənə tərəf gəldi və əlini uzatdı.
Əlimi uzadıb qarşılıq versəm də, bir şey deyə bilmədim. Bunu etməyə məcbur hiss etdiyimə görə özümdən zəhləm gedirdi. O an keçmiş, indi və gələcək məni eyni anda sıxırdı. Ön partalardan lağa qoyucu baxışlar, hərəkətlərimin təqlidi, boş məktəb koridorları, iyrənc barmaq hərəkətləri, müəllimin sinifdən gedəcəyini xəbər verən məktəb zəngi, atamın ikrahla dolu baxışı, onların istədiyi kimi ola bilməməyim və ən qorxuncu, bunun bütün ömrüm boyu davam edəcəyi.
Buralardasan da yəqin ki. Çıxıb gəzərik.
“Buralarda olacağam”, - dedim.
Hər necəsə qonaqlığı yola verməyi bacardım. Nənəmin təkidi ilə dadını ala bilmədiyim yeməklərdən yedim. Uzun müddət Zakirin qazandığı uğurlardan, cüdoda irəliləyişlərindən və necə parlaq bir gələcəyi planladığından danışmasına qulaq asdıq. Atamın sualları bitib-tükənməz idi. Bir ara hətta bunu mənə əziyyət çəkdirmək üçün etdiyini düşündüm. Bu, müqayisə edildiyim ilk dəfə deyildi onsuz da. Mənə baxmadan Zakirə verdiyi suallarda açıq-açığına bir müqayisə hiss olunurdu. Sanki Zakir ideal bir oğul necə olar sualına bariz cavab idi. Düzünə qalsa, həmin günün axşamı atamdan artıq belə olmaz diksiyası gözləyirdim, amma kefi kök olduğu üçün yəqin qanını bir də mənimlə qaraltmaq istəməmişdi.
Buna baxmayaraq qonaqlığın sonuna doğru içimə qəribə bir rahatlıq gəlmişdi. Bəlkə də indiyə qədər olmadığım qədər rahat olmuşdum. Sanki birdən-birə bütün bunlara çarə tapmışdım və hər necəsə bu şeylər bir də baş verməyəcəkdi. Niyə əvvəlcədən düşünməmişdim ki bunu? Nənəmin otağından götürdüyüm dərman şüşəsinin cibimdə olub-olmadığını yoxladım. Qərarımı vermişdim.
O gecə hamı yatdıqdan sonra əynimi geyinib küçəyə çıxdım və aşağı, dənizə tərəf düşdüm. Hava sakit idi: nə Xəzri vardı, nə Gilavar. Göy üzündəki az qala bütün ulduzları görmək olurdu. Sadəcə şimal tərəfdə səhvən divara sürtülmüş fırça izi kimi işlənmiş bulud və parlaq ay vardı. Yolu bölən küknar ağacının yanından sola, sonra sağa döndüm. Qaranlıq olsa da, dənizi, sahilə can atan ağ ləpələri görə bilirdim. Əyri-üyrü divarların arasından dənizə tərəf düşdükcə qarşıma çıxan insanların sayı da artırdı. İki-iki gəzən sevgililər və ya sadəcə yoldan ötən cavan oğlanlar. Tez gəlmişdim? Gecə saat bir olmuş, artıq ikiyə işləyirdi, amma insanlar hələ də dənizin kefini çıxarırdılar. Bəlkə hamı dağılışana qədər gözləyərdim? Yan-yana düzülmüş kafelərin qabağında siqaret çəkib, pivə qurtumlayan adamların söhbətlərinin tempinə baxdıqca bunun yaxın zamanda olmayacağını anladım.
Kim görə bilərdi ki? Dənizdə də heç kəs yox idi onsuz da. Yenə də risk etməyib, insanların sıx olduğu yerdən aralanıb, çimməyin qadağan olunduğu qayalıq yerə gəldim. Burda heç kəs yox idi və görülə bilməzdim.
Dalğalar sahilə hücum edib, ovunu qapan timsahlar kimi qabağa sıçrayıb, yenidən qaranlıq sulara geri çəkilirdilər. Hər dalğanın səsi məni ölümə yaxınlaşdıran bir qonaq kimi əks-səda verirdi. Görəsən nə qədər çəkərdi? Ekspertlərin dediyi kimi, işin yarısında peşman olub, həyata tutunmağa çalışacaqdım?
Əlimi cibimə atıb, dərman şüşəsini çıxardım. Havadanmı, yoxsa cəsarətimi itirdiyimə görəmi, bilmirəm, amma o an güclü bir titrəmə keçdi bədənimdən. Qaranlıq şüşə bir anlıq hər şeyin çarəsi imiş görünmüşdü, amma indi əmin dəyildim. Onsuz da həyatımda nəyə əmin olmuşdum ki?
“Hər kəs səhv edə bilər, amma Allah heç vaxt səhv etməz.” Bunu anam demişdi, atam da təsdiqləmişdi. Deyəsən Allah və din mövzuları fikirlərinin, ya da qorxularının eyni olduğu tək mövzu idi. Lakin bu sual məni çox düşündürmüşdü. Bunu onlara deməsəm də, “Bəs onda məni niyə yaradıb?” deyə düşünmüşdüm. Axı mən böyük bir səhv idim və bu, heç vaxt mənim seçimim olmamışdı. Bəs əgər onlar Allahın heç vaxt səhv etmədiyinə dərindən inanırdılarsa, məni niyə düzgün qəbul etmirdilər?
Şüşənin rezin qapağını çıxardıb, içindəkiləri Skittles boşaldırmış kimi ovucuma boşaltdım. Ağ həblər ay işığında ölümcül dərəcədə parıldadı.
Dənizin bu hissəsində üzmək qadağan idi. Eynilə mənim də həyatda olmağımın qadağan olması kimi. Bu işi görməmək üçün çox cəhd etmişdim: intihar fikrindən daşınma videolarına çox baxmışdım; dindarların bunu etsəm, birdəfəlik cəhənnəmə gedəcəyimlə bağlı moizələrini çox dinləmişdim, amma bu dəfə bacarmamışdım artıq. Həll edə bilməmişdim. Əgər varlığımın bir mənası var idisə də, mən anlamamışdım və bundan sonra da anlamaq istəmirdim. Heç kəsin sizi anlamağa cəhd belə göstərmədiyi bir yerdə yaşamaq çox çətin bir şey idi. Bilmirəm niyə, amma çox tez öləcəyimi həmişə bilirdim. Bu dünyada daha çox üzə bilməzdim. Əvvəl-axır həyatın burulğanı məni sovurub aparacaqdı.
Dərin bir nəfəs alıb dərmanları ağzıma apardım. Elə o an kimsə sərt bir hərəkətlə əlimdən tutub saxladı. Həblər yerə dağıldı və açığı bir az qorxdum. Çevrilib üzünə baxdım. Həyəcandan üzünü tanımağım bir az uzun çəkmişdi, amma o olduğuna görə xoşbəxt idim. İlkin qəmli baxışlarla üzümə baxıb başını iki yana yelləyirdi: eləmə.
O an ona qarşı qəribə bir doğmalıq hiss edib, bu doğmalığın özü qədər qəribə bir hərəkət etdim. Gözlərim bulandı. Qabağa gəlib, onu qucaqlayaraq: “Bağışla”, - dedim.
Duyğularım o qədər bir-birinə qarışmışdı ki, bunu niyə görə etdiyimi bilmirdim. Hətta illər sonra belə o hərəkətimə ad verə bilmirəm. Məncə, bunu günorta ona dediyim acı sözlərə görə demişdim. Bəzən isə özümü öldürdürmək istədiyimə görə dediyimi düşünürəm. Ya da bu söz İlkinin timsalında valideynlərimə göndərdiyim bir üzr idi? Əvvəl-axır hər şeyə görə özünü günahkar hiss edən, bütün pis şeylərin səbəbkarı olan mən deyildimmi?
Yenə də orda, dənizin kənarında, o gecə İlkin də məni bağışlamışdı. Dənizin sərin may havasında bədənindən yayılan hərarətdən bunu hiss etmişdim. Əslində bu, bağışlanmadan çox qəbullanma idi: illərdir ehtiyacım olan tək şey. Bəzən həyatda belə şeylər olur.
Powered by Froala Editor