LGBTİ+ aktivizmi Sənayın əleyhinə istifadə olunur
Sənay Yağmurun LGBTİ+ aktivisti olması onun əleyhinə istifadə olunur
18/Oct/21
2621
Sənay Yağmurun LGBTİ+ aktivisti olması onun əleyhinə istifadə olunur
Oktyabrın 12-si 17 yaşlı feminist və LGBTİ+ haqları aktivisti Sənay Yağmur öz Facebook sosial şəbəkə hesabında ötən il xalası oğlu tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib. Fəalın sözlərinə görə, o, hadisə ilə bağlı prokurorluq orqanlarına müraciət etsə də, cinayəti törədən Əsgər Ağazadə adlı şəxs hələ də saxlanılmayıb. Əsgər Ağayev cinayət işində şübhəli şəxs kimi deyil, şahid kimi dindirilib. Sənay həmçinin bildirib ki, prokurorluq orqanları hadisə ilə bağlı ekspertiza rəylərini gözardı edib. O, cinayətin ört-basdır edilməsini siyasi fəaliyyəti ilə əlaqədar siyasi qisas kimi qiymətləndirib.
Hadisə ilə bağlı zərərçəkənin anası Zümrüd Yağmur bəzi dəlillər təqdim edib. Məlum olub ki, cinayətdə ittiham olunan Ağazadə Əsgər Yusif oğlu Daxili İşlər Nazirliyi və Yasamal rayon prokurorluğuna teleqram ünvanlayaraq, Sənayın “LGBT və feminist qrupların üzvü” olduğunu bildirib və bununla bağlı müvafiq tədbirlər görülməsini xahiş edib.
Zümrüd Yağmur həmçinin qeyd edib ki, qarşı tərəf Sənayın aktivizm fəaliyyətinin işə əlavə olunması ilə bağlı məhkəmədə də vəsatət qaldırıb və vəsatət təmin edilib.
Zümrüd Yağmur mətbuat konfransında çıxışı zamanı hadisənin ədalətli araşdırılması üçün müxtəlif dövlət qurumlarına, eləcə də prezident və vitse-prezidentə çoxsaylı məktublar yazsa da, onların cavabsız qaldığını, Sənayın başına gələnlərin ədalətli araşdırılmadığını bəyan edib.
Oktyabrın 17-i Sənay Yağmur Fem-Utopia platformasında müzakirə zamanı qeyd edib ki, prokurorluq dindirilmə zamanı da onun aktivist fəaliyyətinə istinadlar edib. Müstəntiq Sənayın bir müddət əvvəl həyata keçirdiyi menstruasiya haqqında stiker aksiyasını da xatırladaraq “əxlaqlı qız bu cür aksiya etməz” deyib.
Qeyd edək ki, Sənay Yağmurun başına gələn hadisədən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, cinayət işinə iki dəfə xitam verilib, cinayətkar şəxs isə hələ də azadlıqdadır.
Powered by Froala Editor