Bakıda trans qadına hücum olub
Noyabrın 15-i Bakıda trans qadına hücum olub. Bu haqda Minority Azerbaijan-a zərərçəkənin özü məlumat verib
19/Nov/21
4170
Bakıda trans qadına hücum olub
Noyabrın 15-i Bakıda trans qadına hücum olub. Bu haqda Minority Azerbaijan-a zərərçəkənin özü məlumat verib.
Qadın bildirib ki, hadisə axşam saat 23.00-00.00 radələrində, S.Tağızadə küçəsində baş verib. O və partnyoru küçə ilə hərəkət edərkən iki oğlanın onlara tərəf baxdığını görüblər. Onlardan biri zərərçəkənin partnyorundan siqaret istəyib və heç birində siqaret olmadığını öyrənəndən sonra “Sizin kimilər çox qudurub!” ifadəsi ilə partnyoruna hücum edib. Bu zaman ikinci oğlan da əlində kəsici alətlə onlara yaxınlaşmağa başlayıb.
Zərərçəkən uzaqdan bir avtomobilin gəldiyini görərək qışqırıb və köməyə çağırmağa başlayıb. Nəticədə hücumçular “Ağıllı ol, bir də burda görünmə” deyərək ərazidən uzaqlaşıblar.
Zərərçəkənin sözlərinə görə, onlardan siqaret istəyən şəxs daha əvvəl, bu ilin avqust ayında da ona Nazirlər Kabineti bağının ərazisində sataşıb. Odur ki, sonuncu hücumun da təsadüfi deyil, məhz transfob hücum olduğunu hesab edir.
Baş vermiş hadisə nəticəsində hər iki zərərçəkən ciddi psixoloji sarsıntı keçirib. Trans qadının sözlərinə görə, o, təhlükəsizliyi və anonimliyinin qorunması ilə əlaqədar narahatlığı olduğu üçün polis orqanlarına şikayət etməkdən çəkinir.
Qeyd edək ki, ILGA-Europe beynəlxalq LGBTQ təşkilatının reytinqlərində Azərbaycan son beş ildir ki, LGBTQ hüquqlarının müdafiəsi üzrə 49 Avropa ölkəsi arasında sonuncu yeri tutur. Ölkədə mütəmadi olaraq, homofobik və transfobik zəmində cinayətlər baş verir.
Powered by Froala Editor