LGBTİ+ aktivisti təzyiq altında
LGBTİ+ aktivisti Əli Məlikov artıq bir müddətdir ki, təzyiq altında olduğunu bildirir
09/Jun/22
2673
LGBTİ+ aktivisti təzyiq altında
LGBTİ+ aktivisti Əli Məlikov artıq bir müddətdir ki, təzyiq altında olduğunu bildirir. O, bu haqda Minority Azerbaijan-a bunları danışıb:
“2 ay əvvəl 15-16 yaşlarında olduğunu deyən bir trans şəxs barədə Gender və Tərəqqi təşkilatına məlumat verdim. O uşaq küçələrdə yaşayırdı və seks işçiliyi ilə məşğul olurdu. Bu məsələ ilə bağlı Gender və Tərəqqi təşkilatına danışmaq üçün onların ofisinə gəldim və onlar uşaq barəsində Sosial Xidmətlər Agentliyinə məlumat verdilər. Mənə deyildiyinə görə, həmin azyaşlı şəxs Xidmətin əməkdaşına bildirib ki, seksual tələbatları var və sığınacağa getmək istəmir. Bundan sonra əməkdaş ofisi tərk edib.
Bu hadisədən bir müddət sonra mən həmin uşağı “Molokan” bağında seks işçiliyi edərkən gördüm. O, yolun qırağında diqqət çəkəcək şəkildə dayanıb, müştəri gözləyirdi. Mən bu məsələ barədə sosial mediada paylaşım edərək ictimailəşdirdim. Bundan sonra Gender və Tərəqqi təşkilatının əməkdaşı mənlə əlaqəyə keçərək ara qarışdırmaq istədiyimi dedi.”
Əli Məlikov deyir ki, o bu haqda təşkilatın sədri Kamran Rzayevə məlumat versə də, aqressiv reaksiya ilə üzləşib. Sonra isə təşkilatın Ayxan adlı əməkdaşı Əli Məlikovu hədələyərək, onu həbs etdirəcəyini, ona dair video paylaşacağını deyib. Ardınca həmin azyaşlı seks işçisinin üzüaçıq şəkildə çəkilmiş videosu Ayxanın instaqram hesabında yayılıb. Həmin videoda azyaşlı şəxs Əli Məlikovu təhqir edir və onu uşaq satmaqda ittiham edir.
İyunun 4-də isə Əli Məlikov həmin uşaq tərəfindən daha bir hücuma məruz qalıb. Əli Minority Azerbaijan-a bildirib ki, o, Sahil metro stansiyasında gediş kartının balansını artırarkən həmin azyaşlı ilə rastlaşıb. Onun yüksək səslə Əliyə söyüşlər qışqırdığını eşidib və qulaqlıqlarını çıxarmalı olub. Azyaşlı şəxs onu şərlədiyini deyib, 102-yə yığıb, polis çağırmağa başlayıb. Daha sonra polis gəlib və onları polis bölməsinə aparıb. Bölmədə azyaşlı şəxs transları bölməyə çağıracağı ilə hədələyib. Daha sonra Əli Məlikov bölmədən buraxılıb.
Əlinin sözlərinə görə o, həmin azyaşlı şəxsin nə adını, nə barəsində digər məlumatları öyrənə bilməyib, bəzi şəxslər onun hətta 14 yaşının olduğunu deyib.
Baş verənlər barədə özünün Facebook hesabında geniş yazan Əli Məlikov həyatının təhlükədə olduğunu bildirir:
“Mən artıq belə təhdidlə yaşaya bilmərəm. Mən LGBTQ+ olaraq öz icmama yardım etmək istəyərkən, öldürülmək, zərər görmək istəmirəm. Bu təşkilat və həmin şəxs barəsində video/foto qeydlər var (mənə qarşı insanları qızışdırmaları ilə bağlı). Jurnalistlərdən və media nümayəndələrindən məsələni ictimaiyyətə açıq şəkildə həll etməyimə, can təhlükəsizliyimin təmin olunmasına yardım etmələrini xahiş edirəm.”
Powered by Froala Editor