Hermafrodit, yoxsa interseks?
Tez-tez məlumatlandırma xarakteri ilə interseks haqqında paylaşımlar edilərkən yalnış ifadələrin işlənildiyini sosial media və mətbuatda görürük
08/Aug/22
2188
Hermafrodit, yoxsa interseks?
Tez-tez məlumatlandırma xarakteri ilə interseks haqqında paylaşımlar edilərkən yalnış ifadələrin işlənildiyini sosial media və mətbuatda görürük. Hətta dəfələrlə televiziya kanallarında interseksləri lazımsız əməliyyatlara daxil edirlər. Daha əvvəl interseks və interseks genital mutilasiyası (axtalanması) haqda medium bloqumda ətraflı paylaşım etmişdim. Bu dəfə isə intersekslərə "hermafrodit" deyilməsinin yalnış və fobik olduğundan danışmaq istəyirəm. Çox təəssüflə bildirirəm ki, bu yazını yazmaq əslində mənə yox, interseks yoldaşlara düşər, lakin interseks aktivizminin olmadığı periodda fobik materialların artması çox problemlidir deyə, dayana bilmədim. Hansı ki, özüm də bir dəfə çox axmaq bir saytda bir çox intekslərə qarşı diskriminativ olan "məlumat" yazısı paylaşmışdım. Bunun üçün isə üzr istəyirəm. İfadələrə və ifadələrin müqayisələrinə keçməzdən əvvəl bildirmək istəyirəm ki, əlbəttə cinsiyyətin sosial tərəfləri var və ümumilikdə bunları konstruksiya hesab edirəm, ona görə də bu normativli tibbin problemliyini də ayrı bir yazıda müzakirə edərik.
Hermafrodit, həm erkək, həm də dişi cinsiyyət orqanlarına sahib olan orqanizmi ifadə edir. Hermafrodit hər iki tip qonadaya (həm qamet, həm də cinsiyyət hormonu ifraz edən vəz) sahib olan bir orqanizmdir.
İnterseks - həm erkək, həm də dişinin çoxalma orqanlarına və/və ya xarici cinsiyyət xüsusiyyətlərinə sahib olan bir fərdi ifadə edir. İnterseks hər iki erkək və dişi cinsiyyət xüsusiyyətlərinə (xromosomlar, qonadalar, cinsi hormonlar və ya cinsi orqanlar) sahib olan bir orqanizmdir.
İnterseks insan bədəninin bir variasiyasıdır. Erkəyin standart xromosomları xy, dişinin isə xx-dir. xxy, xxx, xxyy, x və s. kimi xromosomların ara formaları qarışıq erkək və dişi xromosomları, hormonları və ya genital orqanlarına sahib fərdlər yarada bilər. İntereksləri yaradan sindromlar androgen qeyri-həssaslıq sindromu (ais), anadangəlmə adrenal hipoplaziya (cah), turner sindromu (ts) və klaynfelter sindromudur. Bəzən, yeniyetməlik dövründə şəxsin cinsiyyəti dəyişə bilər.
Həmçinin hermafrodit növlərdə fərdlərin əksəriyyətinin xarakteristikası hermafroditdir. İnsanlarda isə iki xromosomundan əlavə var olan bir haldır. Məsələn, ilbiz hermafroditdir. Bu, bütün ilbizlərə aid bir haldır. İnsanlarda isə sadəcə şəxsin özü interseksdir. Bu, onun soyu və ya bütün insanlıqla əlaqəli deyil. Eləcə də interseks bir cins olduğu üçün "interseksual" ifadəsi də yalnışdır. Məsələn, cinsi sağlamlıq mövzularında işləyən "Y-PEER Azerbaijan" komandası 2019-cu ildə etdikləri bir paylaşımda bu səhvə yol verib. Gələn iradlardan sonra isə fikirlərin səhv olmadığınə yazan başqa bir post paylaşıblar. Daha sonra isə kuir yazar Raven bu haqda bir yazı hazırlayıb.
Mövzunu ümumiləşdirsək, demək istədiyim odur ki, insanlar üçün istifadə olunmalı ifadə interseksdir. Məhz LGBTQ+lər, media və ictimai vəkillik edənlər tərəfindən də terminlərin doğru istifadə olunmaması bizə yeni fobik dil və problemləri çıxarır.
Müəllif: Əli Məlikov
Powered by Froala Editor