“Bədənim belə istədi” - XI hissə

Roman

Müəllif: Aylin Wise

Tərcümə etdi: Günel Mövlud

***

Atamla münasibətim həmişə idealdan uzaq olub. Demək olar ki, bütün gəncliyim boyu anamla rəftarına görə ona nifrət etmişəm. Elə vaxtlar olurdu ki, inciklik ucbatından aylarla onunla danışmırdım. Neçə il keçsə də, onun idarəolunmaz qəddarlığına, ağılsızlığına və kobudluğuna heç vaxt haqq qazandıra bilməyəcəyəm.

Lakin o, həmişə mənim atam olaraq qalacaq. Bütün mənfi cəhətlərinə baxmayaraq, o çox sadə insandır. İstirahət günü olduğu o nadir günlərdə mənimlə necə gəzdiyini heç vaxt unutmayacağam. Biləndə ki, mənim bir gəlincik xoşuma gəlir, pulu tapan kimi onu mənim üçün alardı. Daha çox başqalarına ağrı verən biri olsa belə, o, öz məhəbbətini belə ifadə edirdi. Onun xarakteri belə idi.

Üçüncü toydan sonra mən yeni bir ailənin yanında qalmalı idim. Atam mənimlə rəqs edəndə ağlamışdı. Bu hisslər sanki ürəyinin lap dərinliyindən qalxaraq onun əsl valideyn üzünü ifşa edirdi. Qızının başqasının ailəsinə getməyi ata üçün çətindir. Bu. o qədər gözlənilməz oldu ki, mən də göz yaşlarımı saxlaya bilmədim.

ABŞ ordusu çox maraqlı bir təlim sisteminə malikdir: onlar əsgərləri qolları və ayaqları bağlı hovuza atırlar, əsas tapşırıq isə beş dəqiqə ərzində həyatda qalmaqdır. Aydın məsələdir ki, bu qədər uzun müddət nəfəsi saxlamaq qeyri-mümkündür. Hiylə isə odur ki, təlaşa düşməyə başlayıb başını sudan yuxarı tutmağa və ya əllərini açmağa çalışanda insan oksigen və güc ehtiyatını itirir. Bu halda o, əlbəttə ki, boğulacaq. Amma əgər öz təmkininizi qorusanız və özünüzü aşağıya doğru getməyə icazə verib, sonra isə ayağınızla güclə itələyərək, səthə çıxsanız, nəfəs ala və bütün prosesi yenidən təkrarlaya bilərsiniz. Bu tapşırığın öhdəsindən çox adam gəlmir, çünki instinkti boğmaq çətindir: qorxu bizi məntiqin səsinə tabe olmaq əvəzinə, qandallarla mübarizə aparmağa məcbur edir. Ona görə də arzu olunan məqsədə çatmaq üçün ondan imtina etmək gərəkdir.

Bütün bu həftə mən təlaşa düşərək ağladım və müqavimət göstərdim. Və bir anda başa düşdüm ki, bu, heç bir işə yaramır. Yavaş-yavaş dərinliyə doğru getdikcə ağlıma yeni bir strategiya gəldi. Samir hesab edir ki, uşağı məndən alaraq məndən qisas alacaq. Bəs əgər mən qorxmadığımı göstərsəm, onda necə? Fərqli nəticə əldə etmək üçün oyunun gedişatını dəyişmək lazım idi.

Və mən həm də başa düşdüm ki, kömək istəməkdən çəkinmək lazım deyil. Əgər vəziyyət səndən güclüdürsə, əgər sən düşünürsənsə ki, heç cür öhdəsindən gələ bilməyəcəksən, səni eşidə biləcək hər kəsi çağırmaq lazımdır. Dərdini nə qədər ucadan qışqırsan, kiminsə cavab vermək şansı da o qədər çox olar. Bu üsul qüsursuz işləyir.

Çətin vəziyyətdə olduğumu gördükdə qərara gəldim ki, Samirə güc gələ biləcək yeganə güclü adamdan dəstək istəyim. İşdən sonra cümə günü valideynlərimin evinə getdim. Hər hansı bir yolla atamın razılığını qazanmaq niyyətində idim.

Müəyyən səbəblərdən anam tamamilə sakit idi, sanki keçmiş ərimin etdiyi hər şeylə razılaşırdı. Mən isə onu başa düşürdüm: o, bütün həyatı boyu kişiyə itaət etməyi qadının borcu bilib. Amma mən elə deyiləm. Artıq yox. Geriyə də yol yoxdur.

Axşam hamımız süfrənin ətrafına toplaşıb nahar edirdik. Yorğun üzümü görən atam birinci başladı:

  • Onu öldürəcəm, - deyə qəfildən söylədi.

Samir təsadüfən ölsəydi, içimdə sevinərdim. Amma mənim uşağımın ataya ehtiyacı var idi, mən buna əmin idim. Bəlkə də, məndə stereotiplər var idi, düşünürdüm ki, uşaq tək valideyn olan ailədə böyüyə bilməz. Digər tərəfdən, biz kimik ki, kimin yaşayacağına, kimin yaşamayacağına qərar verək?

- Ata, Əlini sevirsən? Onu atasız qoymaq istəyirsən? – atamın gözlərinə baxdım. Qəzəbdən burun deşikləri şişmişdi. Mənə hücum etməyə hazır idi, çünki başa düşürdü ki, haqlıyam. 

- Uşağa belə ata lazım deyil! 

- Ata ilə razıyam, - bayaqdan söhbətə qarışmayan qardaşım əlavə etdi. 

     Onun məntiqindən belə çıxırdı ki, uşaqlıqda mənə də zalım – bizə və anama işgəncə verən, döyən və alçaldan ata  lazım deyildi. Amma biz onu sevirdik. Uşaqlar kim olmasından asılı olmayaraq, valideynlərini sevirlər. Nə mən, nə anam, nə də başqası onu dəyişə bilmədi və bilməyəcək də. Biz sadəcə onu necə var, elə də qəbul edə bilərik.

- Hamısı sənin günahındır! Biz bu evliliyə qarşı idik! Sən onu bizim evə gətirdin, biz də onu ailəmizə, biznesimizə qəbul etdik, indi isə qulağımıza qədər poxun içindəyik, - atam sakitləşmirdi.

      O, həmişə bilərəkdən Samirin ailəsini bəyənmədiyini vurğulayırdı. Onlar elçiliyə gələndə atam çox məyus idi. Onların ailəsinin kasıb olması onun xoşuna gəlmirdi və bu barədə səsli danışmaqdan çəkinmirdi. Samirin çox tərbiyəli və ağıllı olduğunu başa salaraq atamı uzun müddət sonra razı sala bildim. Lakin valideyn intuisiyası aldatmadı. O zaman necə də böyük səhv etmişəm. İntelligent maskası altında bic, hirsli və qeyri-adekvat bir insan gizlənirdi.

- Onun ikiüzlü olması mənim günahım deyil. Və mən səndən biznesi onun əlinə verməyini istəməmişdim! – fikrimi müdafiə etməyə çalışaraq, mən də səsimi qaldırmalı oldum. Deyəsən, işə yaradı, çünki atam bir az sakitləşdi. Mən isə davam etdim: “Ata, sadəcə mənimlə gəlməyinə ehtiyacım var. Mən səndən fövqəltəbii bir şey istəmirəm. Yoxsa orada məni heç kim dinləməyəcək.”

        Yalnız atamla Samirin valideynlərinin yaşadığı mənzilin astanasında dayananda anladım ki, indi böyük qalmaqal yarana bilər. Özümü əlimə alıb, heç nəyin məni dayandırmayacağına qərar verdim. Heç kim mənə necə yaşayacağımı və nə edəcəyimi söyləyə bilməz.

      Qapının zəngini çalandan bir az keçdi. Ayaq səslərini eşitdik, amma heç kim qapını açmağa tələsmirdi. “Lazım olan qədər zəngi basacam” deyə düşündüm. Altıncı və ya yeddinci dəfə zəngə basmaq istəyəndə qapının kilidinin açılması səsini eşitdim.

     Samirin anası qapının ağzında dayanıb təkəbbürlə məni süzürdü. Onunla salamlaşdıqdan sonra Əlinin harada olduğunu soruşdum. Arxamda dayanan atam hər an döyüşməyə hazır idi. Yəqin ki, həyatımda heç vaxt ona o ankı qədər minnətdar olmamışdım. Bəzən dözülməz olmasına baxmayaraq atam özünü əsl kişi kimi aparırdı.

  • Mənim evimə gəlməyə necə cəsarətin çatıb? – az qala fışıldayaraq dedi qaynanam.

- İradə xanım, mən oğlumu görmək istəyirəm. Madam ki, onu özünüzdə saxlamaq qərarına gəlmisiniz, onda həftəsonları onun yanına gələcəm. Əli, ürəyim! – Samirin ailəsinin yaşadığı otağa doğru laqeydcəsinə qışqırdım.

Elə bu vaxt oğlum qaçaraq dəhlizə çıxdı. Məni görəndə necə də sevinmişdi. Dörd üst dişini göstərərək gülümsəyirdi. Onu qucağıma alıb bağrıma basıb öpdüm, o isə gülməyə davam edir və anasının yanında olduğuna sevinirdi. Qaynatam da oğlumun arxasınca gəldi. Samir isə evdə idisə belə, görünməməyə qərar vermişdi.

–  Bu uşaq daha yaxşı anaya layiqdir. Heç kim onu sənin götürməyinə imkan verməz, – qadın hücum çəkməyə başladı.

– Ona oğlunu görməyə qadağa qoymağa haqqınız yoxdur, –  deyə atam qışqırdı.

–  A, yəqin ki, qızınızın lezbiyan olduğundan xəbəriniz yoxdur? – bu sözlər havada cingildədi.

Elə bil atamın qulağını batırmışdılar. Əvvəlcə mənə, sonra qayınanama baxdı. Amma mən tamamilə sakit idim. Bütün bu vaxt ərzində hadisələrin gedişatı ilə bağlı bir çox variant üzərində düşünə bilmişdim. Mən sadəcə gülümsəyərək sakitcə cavab verdim:

- Samir məni vəhşicəsinə döyəndə amma heç biriniz məni müdafiə etmədiniz. Hamı kənarda dayandı. İndi o, milyonlarla iyrənc və çirkin ittihamlarla çıxış edəcək ki, siz ona inanasınız. Oğlunuzla evləndim, onunla yatdım, uşağım oldu. Mən necə lezbiyan ola bilərəm? İndi də Əlinin paltarını dəyişin, zəhmət olmasa, biz onunla gedib gəzəcəyik.

Heç kim mənə cavab verməyə cəsarət etmədi. Atam mənə inanmasaydı, nələr olacağını təsəvvür etmək belə istəməzdim. Nəyin bahasına olursa olsun, davam etmək qərarında idim. Hər halda məni keçmiş ərim kimi davranmağıma nə mane ola bilərdi? Əgər ona yalan danışmağa icazə verilirdisə, demək, mən də edə bilərəm.

Atam və Əli ilə ən yaxın parka gedərək qaçdıq, yelləndik və məzəli oyunlar oynadıq. Bu kiçik adamı görmək xoşbəxtlikdən daha böyük bir şey idi. O güləndə sanki bütün dünya onunla gülürdü. O yanındadır deyə, bütün ağrılar, kədərlər unudulur. Bu kiçik möcüzə hələ dünyanın nə qədər qəddar və prinsipsiz olduğunu bilmir. Uşaqlar üçün olan qum meydançasına yaxınlaşan Əli digər uşaqlarla oynamağa tələsdi.

– Uşağı onlarda qoymaq olmaz, qızım. Yoxsa onu da öz övladları kimi cılız biri kimi yetişdirəcəklər, – atam çəkmirdi.

– Ata, mənə söz ver ki, Əlinin qabağında Samir və onun valideynləri haqqında heç vaxt pis sözlər deməyəcəksən, – deyə oğluma baxdım və bizi eşitməməsi üçün mümkün qədər sakit danışmağa çalışdım.

– Sən başa düşmürsən! – atam səsini qaldırdı.

Valideynlər həmişə övladlarının özlərindən daha axmaq olduğunu düşünürlər. Onlar bizə ömür boyu harada xeyir, harada şər olduğunu başa salırlar. Amma şəxsi təcrübəmdən bilirdim ki, kimin yaxşı, kimin pis olduğunu uşaq özü müəyyənləşdirir. Atamın ailəsi anamın arxasınca çox pis sözlər deyirdilər. Məni və qardaşımı da buna inandırmağa çalışırdılar. Yəqin ki, atamızı daha çox sevməyimizi istəyirdilər. Bəlkə də, bu taktika çox erkən yaşda, heç nə başa düşmədiyimiz, özümüzün təhlil etməyi və düşünməyi bacarmadığımız vaxtlarda işə yarayırdı, amma böyüdükcə anamın deyil, onların bədxah olduğunu bir o qədər aydın başa düşürdüm. Hər şeyi dərk etdikdən sonra onlara qarşı hədsiz nifrət hiss etməyə başladım. Və o vaxtdan atamın qohumları arasında olmaq belə iyrənc hiss etdirirdi. 

– Mən hər şeyi başa düşürəm. Və bir gün o da hər şeyi başa düşəcək. Amma Samiri təhqir etməyə davam etsən, sən sadəcə hər şeyi korlayacaqsan.

Bir neçə saat daha gəzdikdən sonra kafeyə getdik. Əli babasının qucağında oturaraq, elə hey tortdakı şokolad kremini babasının köynəyinin üzərinə sürtməyə çalışırdı. Atam zarafatla onu danlayır və vaxtında onun çirkli əllərini tutmağı bacarırdı. Kifayət qədər oynadıqdan sonra atam uşağı mənə verdi ki, onu tualetə aparıb təmziləyim. Bu sadə jest kişinin ailəyə qarşı bütün münasibətini çılpaqlığı ilə özündə ehtiva edirdi – bütün "çirkli" işləri qadın görür.

Əli təmizləndikdən və masaya tərəf qaçmağa hazır olduqdan sonra onu dizlərimin üstünə qoyub bərk-bərk qucaqlayaraq ağladım. O, mənə nə olduğunu anlamadan balaca əlləri ilə başımı sığallayır, göz yaşlarımı silirdi.

–  Hər şey yaxşı olacaq, –  dedim ona, –  mən səni sevirəm. Səni çox sevirəm.

Mən atama deyəndə ki, Əlini geri aparmalıyıq, zarafat etdiyimi düşündü. O, məni yenidən insanları və həyatı başa düşmədiyimə inandırmağa başladı. Atam uşağı Samirin yanında qoysam, bəlkə də, oğlumu bir daha görməyəcəyimə dair mənə təzyiq göstərməyə çalışırdı.

- Ata, onların mənə rəftar etdiyi kimi mən də onlarla rəftar etməliyəm deyə bir şey yoxdur. Bu sülh addımı göstərəcək ki, mən düşündüklərindən daha yaxşıyam. Xahiş edirəm, sadəcə dediyimi et, – deyərək mübahisəni sonlandırdım.

Bütün yol boyu atam axmaq və sözəbaxmaz olduğumdan gileyləndi, amma yenə də istədiyimi etdi. İçimdə haradasa hələ də səhv etdiyimlə, hər şeyin düz getməyəcəyi ilə bağlı şübhələrim var idi, amma bu fikirləri ağlımdan çıxardım. Bununla belə, atama orada olduğu üçün minnətdar idim.

Qapının zəngini basanda Əli qucağıma oturub məni bərk-bərk qucaqladı. Deyəsən, yenidən ayrılacağımızı hiss edirdi. Bu dəfə qapını Samir açdı. Qapıda bizi görəndə təəccübləndi.

- Gələn şənbə görüşərik, əzizim, – oğlumu öpüb onu keçmiş ərimə təhvil verdim.

Əli Samirin qucağından çıxmağa çalışaraq qışqırmağa başladı. O, ağlayaraq məni çağırarkən atamla mən tələsik aşağı düşdük. Geri qayıdıb ona təsəlli vermək istədim, amma məntiqim getmək lazım olduğunu dedi. Göz yaşlarını güclə saxlayaraq atamın maşınına minərək oradan getdik.


Bazar ertəsi səhər işdən məzuniyyət götürdükdən sonra Samirlə boşanma prosesi bağlı son iclas üçün məhkəməyə getdim. İçəriyə sıçramağa və qopmağa can atan həyəcan bir neçə gün məni təqib etdi. Səhər yeməyi belə yeyə bilmədiyim üçün indi bir az başım gicəllənirdi.

Mən gələndə keçmiş ərim artıq məhkəmə zalından kənarda skamyada oturmuşdu. Onunla üz-üzə gəlməmək üçün digər qonaqların öz növbəsini gözlədiyi bitişik dəhlizə keçdim. Əsəbdən yaranan həyəcandan dolayı boğazımda ürəkbulanma hiss edirdim. Dəhlizdəki kiçik keçidi addımlarla ölçüb, saata baxmağa davam etdim. Orada uşaqla oturan qadın ona verilən sənədləri yenidən oxuyurdu, mən keçəndə isə arabir başını qaldırırdı. Yanında oturan uşaq - onunku kimi sarı, buruq saçlı oğlan dayanmadan evə nə vaxt gedəcəklərini soruşurdu.

Bizi məhz təyin olunmuş vaxtda zala çağırdılar. Prosedurdan sonra hakim işimizin mahiyyətini bir daha açıqladı. Qara mantiyalı orta yaşlı qadın tamamilə qərəzsiz görünürdü. Səlis tonu və eynəyinin altından görünən qəhvəyi gözlərinin sakit baxışı onun eyni əzbər nitqi yüz dəfədən çox söylədiyini göstərirdi. Klaviaturada seans mətnini çox yüksək sürətlə tıklayan, bir qədər dolğun, uzun qəhvəyi saçlı gənc qız isə baş verənlərlə hakimdən daha çox maraqlanırdı. Tərəflərin səsləndirilməsi başlayanda gah maraqla mənə, gah Samirə baxırdı. Samir isə bir daha sübut etdi ki, mən ona böhtan atıram, tamamilə yad adamların gözündə özümü ağartmağa çalışıram.

– Lap deyək ki, yalan deyirəm və ərim məni döyməyib. Lakin bu, boşanmaq istəyimi dəyişməyəcək. Və uşağımı mənə qaytarmamaqla istədiyi qədər şantaj edə bilər. Lap onu götürüb qaça bilər. Bu halda o, yalnız özü üçün vəziyyəti pisləşdirəcək. Əli isə həmişə mənim oğlum olaraq olacaq. Nə qədər uzaqda olsa da, ərim və ya yaxınları nə desə də, qan bağımız qırılmazdır. Oğlum böyüyəndə, kiminlə yaşayacağını və ünsiyyət quracağını özü seçmək imkanı olduqda atasına çox sadə bir sual verəcək: “Niyə anamın yanında olmağıma icazə vermədin?” O, bu hərəkətinə görə atasına nifrət edəcək.

Hakim qərar vermək üçün otaqdan çıxanda biz Samir və katiblə tək qaldıq. Və bizi məsafə ayırsa belə, bu məşum sükutda onun qəzəbini hiss edir və məni ən çirkin sözlərlə təhqir etdiyi fikirlərini az qala eşidirdim.

Mən ondan qorxmurdum, sadəcə hər şeyin bitməsini istəyirdim. Həm də beynimdə fırlanan tək və yeganə sualı verirdim özümə: “Mən onunla necə evlənə bilərdim?” Ağlımdan bütün mümkün cavabları keçirərək yalnız bir düzgün bir cavaba gəldim: bu, sadəcə lazım idi. Böyümək üçün, həyatımı yaşamağa başlamaq üçün, nəhayətində, özümə kim olduğumu etiraf etmək üçün bu lazım idi. Çətin bir dərs idi, amma onsuz heç nə alınmazdı.

Lena dərhal gözümün önündə göründü. İndi bir dost kimi onun üçün burnumun ucu göynəyirdi. Onu qucaqlayıb, elə hər şeyi danışmaq istəyirdim ki… Məhkəmədə oturub qərar gözləyərək, az qala oğlumu itirərkən onun haqqında düşüncələrimdən uzaqlaşa bilmirdim. Görünür ki, daha uyğun olmayan yer tapmaq çətin tapılardı. Samir Əlini evdən aparan axşamdan bəri onla danışmamışdıq.

Bütün bu günlər ərzində onun haqqında düşünməməyə çalışırdım, sanki məni cinayət başında yaxalayacaqlarından, əxlaqsızlıqda ittiham edəcəklərindən qorxurdum. Amma gecələr yataqda uzanaraq yanımda məhz Lenanı təsəvvür edirdim. Fikrən dodaqlarından öpərək, gözəl bədəninə sarılaraq bu istəkdən dəli olurdum. Onu dünyada heç kimi istəmədiyim qədər istəyirdim. Bu qadın məni dizlərimi titrədəcək qədər şəhvətə salırdı. Bu atəş o qədər güclü idi ki, əlimi ayaqlarımın arasına qoyaraq ümidsizcəsinə masturbasiya etdim və orqazma çataraq adını pıçıldadım.

Hakimin zala qayıtdığını eşidib sərxoş düşüncələri dağıdaraq ayağa qalxdım və başımı buladım. Hər şey bitmişdi. Qarşıda hələ çox döyüşlər olacağını başa düşsəm də, bu mənim kiçik qələbəm idi. Nikahın pozulması ilə bağlı qərarı dinlədikdən sonra Samirlə oradan ayrılıb, yekun sənədləri almaq üçün ofisə getdik. Rəsmi sənədləri əlimə alan kimi dərhal işə tələsdim.

Gün tez və tələsik keçdi. Həmişəkindən daha yaxşı əhval-ruhiyyədə idim, sanki çiyinlərimdən ağır bir yük atmışdım və bir az dincələ bilərdim. Zarafatlara səmimi gülərək, səhər baş verən hadisələrin təfərrüatlarını çox bilmək istəyən Maşa ilə nahar fasiləsində söhbət etdim.

– Səncə, oğlunu sənə qaytaracaq? – o, sonda qəhvəsini bitirərək soruşdu. Diqqət etdim ki, bu gün onun dırnaqlarına sarı pencəyinə çox yaraşan limon dilimləri çəkilib, pencəyinin altında isə ağ ipək köynəyi var idi.

- Bilmirəm. Amma məhkəmə onun yaşayış yerini müəyyənləşdirənə qədər onu həftəsonları görmək istəyirəm, – ağlıma gəldi ki, yeni məhkəmə işi üçün vəkil çağırıb sənədləri toplamalıyam.

Övladım haqqında danışmaq artıq məni əvvəlki kimi incitmirdi. Vəziyyətin mənim üçün ən uğurlu şəkildə olmaya biləcəyini başa düşsəm də, bu mövzu artıq məni narahat etmirdi. Taleyə etibar etməyi qərara aldıqdan sonra istənilən nəticəni qəbul etməyə hazır idim. Əgər bu baş verməlidirsə, deməli, elə də olmalıdır.

Axşam maşında oturub, əllərimi sükana qoyub, uzun müddət önümə baxaraq mühərriki işə salmağa cəsarət etmədim. Bütün ağlabatan arqumentləri ölçüb-biçərək düzgün qərar verməyə çalışdım. Daxili mübahisələr üçün daha çox güc qalmadıqda, yaddaşımdan indi ehtiyac duyduğum yeganə ünvanı tapdım və naviqatora vurdum. Barmaqları cəld klaviaturaya vurduqca ürəyim də sinəmdə sürətlə döyünürdü.

Telefonu götürüb Lenanın nömrəsini tapdım və tərəddüd etmədən zəng etdim. İstədiyim “allo”nu eşidib dedim:

  • Salam, evdəsən?


Powered by Froala Editor