Modern Kuir Ədəbiyyat - Hissə II

Kuir ədəbiyyatında ən çox sevilən kitabları araşdırmağa davam edirik. Birinci hissədə haqqında danışdığımız əsərlər əsasən romantika janrında idi. Bu dəfə isə, qorxu, fantastika, mifologiya və digər janrlarda personajların kuir olduğu kitablara baxacağıq. Siz də artıq fantastik əsərlərdə həmişə ancaq əsas obrazın ən yaxın dostu, yaxud ikinci dərəcəli digər qəhrəmanların kuir olmağından bezmisinizsə, bu siyahıya və siyahıdakı yazıçıların digər işlərinə nəzər salın.

1. Əsər: Dowry of Blood  [Qan Cehizi]

Yazıçı: S.T. Gibson

Janr: fantastika, qorxu, romans, retelling, paranormal

    TW: qan, toksik münasibət, şiddət (əsasən psixoloji)

 Drakula əsərini yadınıza salın. Təsəvvür edin ki, Drakulanın gəlinləri istismar olunmaqdan bezir və bu barədə nəsə edir. Baş qəhrəmanları kuir olaraq düşünün, münasibətlərini də poliqam. Bu kitab sizə tam olaraq bunu verəcək.  

 

Amazon linki və Goodreads linki

2. Əsər: Into the Drowning Deep [Boğan Dərinliklərə]

Yazıçı: Mira Grant

Janr: qorxu, modern fantastika, elmi-fantastika, distopiya

7 il əvvəl qədim mifik dəniz canlıları barədə doku-komediya çəkmək üçün Atargatis (gəmi) dəniz səyahətinə çıxır. Lakin bir daha qayıtmır. 

İndi isə yeni bir qrup toplanıb. Bəziləri həyat boyu üstündə işlədiyi nəzəriyyəni sübut etmək, bəziləri ov məqsədilə fəaliyyətə başlayır. Gənc elm insanı Viktoria isə 7 il əvvəl itmiş bacısının başına nə gəldiyini araşdırmağı qarşısına məqsəd qoyub. 

 

Amazon linki və Goodreads linki.  

3. Əsər: Lord of Eternal Night [Əbədi Gecənin Şahzadəsi]

   Yazıçı: Ben Anderson

   Janr: fantastika, romans, retelling, paranormal 

   TW: qrafik səhnələr (seks)

 “Gözəl və Bədheybət” nağılından ilhamlanaraq yazılmış fantastik bir əsərdir. Jak vampir olmaqla lənətlənmiş Mariusu öldürüb, ifritələrdən oğurlanmış sehri geri qaytarmağa göndərilir. Lakin Mariusu yaxından tanıdıqca onun haqqında eşitdiyi hər şəyin doğru olmadığını anlayır. 

Ben Anderson gey yazıçıdır və əsasən qədim nağıllardan ilhamlanaraq onların kuir və daha modern versiyalarını yazır. Digər əsərləri üçün bu linkə baxa bilərsiniz. 

 

Amazon linki və Goodreads linki

4. Əsər: Cosmoknights (qrafik novel- komiks) [Kosmo-cəngavərlər]

Yazıçı: Hannah Temper 

Janr: elmi-fantastika

Bu komiks hər şeyi əhatə edir; kuir personajlar, kosmos, patriarxatla mübarizə. Uşaqlıq dostu ilə yolu ayrılandan sonra Panın dünyası artıq atasının kiçik mağazasından ibarət deyil. O, günlərin bir günü qabağına çıxan qladiatorlarla birlikdə qalaktikaları kəşf etməyə başlayır. 

İki kitabdan ibarətdir. Ödənişsiz olaraq buradan oxuya bilərsiniz.  

5. Əsər: The Black Tides of Heaven (Tensorate series 1/4) [Cənnətin Qara Dalğaları]

     Yazıçı: Neon Yang

     Janr: fantastik 

Neon Yang-ın yaratdığı bu sehrli kainatda hər bir şəxs başlanğıcda gendersizdir. Sonradan insanlar əgər istəsələr, öz genderlərini özləri təyin edirlər. Hekayə əkiz uşaqlar ətrafında cərəyan edir. Birinin gələcəyi, digərinin ehtimalları görmək qabiliyyəti var. Analarının qurduğu hakimiyyətin qəddar və ədalətsiz olduğunu anlayan əkizlər üsyana qarşı atdıqları hər addımda bir-birilərindən daha da uzaqlaşırlar. Həkayə boyunca onların aralarındakı bağı qoparmadan sülhə nail olmaq uğrunda mübarizələrini oxuyacağıq. 

 

Amazon linki və Goodreads linki

6. Əsər: Ice Massacre (Mermaids of Eriana Kwai series 1/3) [Buz qırğını]

Yazıçı: Tiana Warner 

Janr: fantastika, mifologiya, romans

Dəniz qızlarının qeyri-adi gözəlliyinin yeganə məqsədi dənizçiləri ölümlərinə sürükləməkdir.

Hər il ada sakinləri öz döyüşçülərini bu dəniz şeytanları ilə mübarizəyə göndərir. Və hər il döyüşçülərin heç biri geriyə qayıtmır. Beləliklə, ada yeni strategiya hazırlamalı olur. Bu il onlar dəniz qızlarının cazibədarlığına müqavimət göstərə bilməkləri ümidilə ilk dəfə vuruşmağa qadın döyüşçülər göndərəcəklər. 

Amma 18 yaşlı döyüşçü Meela-nın indiyə kimi heç kəslə bölüşmədiyi bir sirri var.  

 

Amazon linki və Goodreads linki

7. Əsər: Plain Bad Heroines [Tam Mənfi Qəhrəmanlar]

Yazıçı: Emily H. Danforth 

Janr: qorxu, qotik, tarixi-fantastika

Hekayə iki zaman dilimində davam edir: Rhoda adasında qızlar məktəbində 1902-ci il və günümüz. 1902-də irəliləyən süjet xətti bir-birinə aşiq olmuş iki qız – Clara və Flo haqqındadır. Bu cütlüyün və bir neçə başqa tələbənin faciəvi ölümündən sonra məktəb bağlanır. 

İndiki zamanda Harper və Audrey iki aktrisanı – Clara və Flonu filmdə canlandırmalıdırlar. Həmin məktəbə baş çəkərkən oranın həqiqətən lənətli olduğunu anlamağa başlayırlar. 

 

Amazon linki və Goodreads linki.  


Bu kitabların hansınınsa tərcüməsi tapılarsa, link paylaşılacaq. 


Müəllif: Sam 

Powered by Froala Editor