Gəl Dənizlə Barışaq VI bölüm
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha mə'sud
18/Sep/22
1478
Gəl Dənizlə Barışaq
Altıncı bölüm
Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şe'rə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bə'zən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!
Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Mikayıl Müşfiq. “Yenə O Bağ Olaydı.”
İnsan nə vaxt səsini çıxarmalıdır? Hər kəsin səsini çıxarmağa haqqı varmı? Hər kəsə qarşı səsini qaldırma haqqına sahibdirmi? Nə qədər dözə bilər? Həyatımın o mərhələsində bu cür sualları özümə verə bilsəydim, bəlkə də hər şey bir az da yüngül olardı, amma sorğu-sualın vaxtı illər sonra gələcəkdi.
Bir dəfə, hardasa on üç-on dörd yaşım olanda bərbərə getmişdim. Bərbərin adı Qılman idi. Hərbçi olmuşdu və tapa bildiyi ilk fürsətdə mayor rütbəsini qapıb, təqaüdə çıxmışdı. Mən hörmət olsun deyə, ona Qılman dayı deyirdim. Uşaqlıqdan bu yana getdiyim ilk və son bərbərim idi. Qılman dayı kütləşmiş qayçısı qədər yaşlananda ailəmizdə məndən başqa heç kim onun yanına getməməyə başladı. Aramızdakı sədaqətin səbəbi nə Qılman dayının ortaya qoyduğu “xoşagələn” işi, nə də mənim onun şit zarafatlarından həzz almağım idi. Ora gedirdim, çünki öyrəşmişdim və özümü yeni bir bərbər axtarışı ilə də yormaq istəmirdim. Qılman dayının sevimli müştərilərindən biri olduğuma əmin idim. Buna səbəb kaprizli, təkəbbür dolu yeniyetmə yaşıdlarımdan fərqli olaraq, mənim daha üzüyola olmağım və kreslosunda portretini çəkdirən bir ingilis kral ailəsi üzvü qədər şax durmağım idi. Bəlkə bir az da sıxıcı, maskulin, posttravmatik hərbi əhvəlatlarına yaxşı qulaq yoldaşı ola bilmə bacarığım. Həmin gün Qılman dayı işinin sonuna gələndə mən güzgüyə baxıb anamın bunu görsə, “Yenə səni detdom uşaqlarına oxşadıb” deyəcəyini düşünərkən Qılman dayı da saçımı fenləyib, kənddə qoşulub qaçan hansısa qızın ailəsi ilə barışdığından danışırdı. Baş dərimin fenin isti havasından yanmağa başladığını hiss edərkən ondan bir az uzaqlaşmağa çalışdım. Başı söhbətə qarışmış Qılman dayı bunu “fenləməyə davam et” işarəsi kimi qəbul etmiş olmalı idi ki, feni başqa yerlərə tutub tükləri təmizlədi. Sonra eyni şey yenidən təkrar oldu. Bu dəfə fenin qaynar havası düz gicgahımın yuxarı hissəsində dayanıb qaldı. Ağrıdan gözlərim yaşardı, amma nə bir kəlmə söz dedim, nə də başıma od püskürən fenin altından çəkildim.
İllər sonra özümə nə qədər nifrət etdiyimi anlayanda yadıma düşən hadisələrdən biri də bu olmuşdu. O vaxt bu vəziyyətə qarşı müdaxilə etməməyimin səbəbini danışan iki böyük insanın sözünü kəsməmək üçün olduğunu düşünmüşdüm, amma əslində o kresloda oturub yanarkən kiminsə bunu görməsini, mənə yazığı gəlib, qucaqlamısını istəyirdim. İnsanların mənə acımasını, bəlkə başıma daha pis şey gəlsə, bundan əvvəlki pisləri bağışlayıb, məni anlayacaqlarını düşünürdüm. Cəzalanmaq istəyirdim. İçimdə olan özünənifrəti, çirki, qəm-qüssəni silib çıxartmaq üçün, boğulmamaq üçün üzə çıxmaq və rahatlığın qiyməti nə idisə, onu ödəyib, insanlar arasında öz yerimi tapmaq istəyirdim.
O gecə başımda ağrı ilə yatmışdım. Amma ağrı beynimin içində yox, çölündə idi. Dərimin üstündə. Ən əsası, fikrimi ürəyimdə hiss etdiyim ağrıdan yayındıra bilmişdim. Sizə bundan xoşum gəlmişdi desəm, yəqin ki, məni dəli adlandırarsınız, amma içimdəki acını bu şəkildə bir neçə günlük çölə çıxarmağım mənim üçün böyük rahatlıq idi.
O gündən sonra çox pis hiss etdiyim vaxtlarda arada bir kibritlə qollarımı yandırırdım. Yanan tüklərimin qoxusunu, məhv olan hüceylərimin ağrısını, öldürdüyüm dəri ilə sağlam dərimin arasında hiss etdiyim o sərhədi, qızarıqlığı, yanmadan əmələ gələn və günlərlə çəkən narahatlığı, sonra yaranın sağalmağa başlamağını və bu sağalmağı gecikdirmək üçün yara qabığını qoparmağı sevirdim. Gec-gec etdiyim üçün gözə çarpmırdı. Kimsə görəndə də, kiçik bir qəza keçirdiyimi deyib başımdan atırdım.
İlkinlə tanış olduğum o yay dönəmlərində özümü sonuncu dəfə yandırmağımın üstündən aylar keçmiş və son “sənət əsərimdən” geriyə çəhrayı bir iz qalmışdı. İlkin bu izləri görüb, nədən olduqlarını soruşmuşdu, amma ona yalandan bir əhvəlat uydurub danışmışdım.
Hər şey yaxşı gedirdi. Qardaşım yanımda idi və bizi bilirdi. Kimləsə bölüşə bilmə duyğusu həyatıma yüngüllük gətirmişdi və buna görə qardaşıma həqiqətən çox minnətdar idim.
İlkinlə görüşmüşdülər və yaxşı yola gedirdilər. Hətta həftənin ən azı iki günü birlikdə dənizə getməyə başlamışdıq. Rövşən işarə dilini bilmədiyi üçün arada tərcüməçi rolunu mən üzərimə götürmüşdüm. İşimdən razı idim. Əvvəllər çox çətin gəlirdi. Utanırdım və Rövşənin vəziyyəti bu qədər normal qəbul etməsini anlaya bilmirdim. Vaxt keçdikcə isə öyrəşdim. İnsan nəyə öyrəşmirdi ki?
Bir gün dənizə olan səyahətlərimizdə Sevinc də bizə qoşuldu. Deyəsən iyulun sonlarına yaxınlaşırdıq və həmin günlərdə inanılmaz dərəcədə qovurucu istilər olduğunu xatırlayıram. Quma sərdiyimiz süfrənin üstündə oturmuş İlkinlə Rövşənin dənizdə çimmələrini izləyərkən birdən mənə qayıdıb: “Qardaşımla xoşbəxt olmağınıza sevinirəm”, - dedi.
Özümü bilməməzliyə vuraraq ona baxdım. Başına sarı naxışlı bir yaylıq bağlamışdı. Çətirin altında olsaq da, üzü xərçəngə görə aldığı dərmanlardan par-par parıldayırdı. Qaşları yenicə çıxmağa başlamışdı, kiprikləri isə yox idi.
Üzümdəki ifadəni görüb: “Yaxşı da Əli”, - dedi. Göz vuraraq: “Məndən də qaçmaz belə şeylər”
“Nə dediyini anlamıram”, - dedim. Çox həyəcanlanmışdım.
“Qardaşımı tanıyıram. Çoxdan bilirəm. Ona görə də mənim yanımda gizli olmağına gərək yoxdu.”
Başımı yenidən dənizə çevirdim. Bir müddət ikimiz də üzən insanları seyr etdik.
Aramızdakı səssizliyi pozan Sevinc oldu. “Qorxma, səndən mənə heç nə danışmayıb hələ”, - dedi. “İlkin həmişə belə idi. Dəyər verdiyi şeylərə heç kimin toxunmağını, heç kimin bilməyini istəməzdi. Uşaq vaxtı oyuncaqlarını da şifonyerin ən başına qoyardı ki, heç kim əl uzadıb toxunmasın.”
Buna gülməmək üçün özümü güclə saxlasam da, axırda başımı dizlərimin arasında gizlədib güldüm.
Eh eh, çox paxıl uşaq idi. Heç bir şeyi paylaşmazdı. Hər şeyi gizlədərdi. Şeirlərini belə təsadüfən tapmasaydım, bəlkə də özü heç vaxt göstərməyəcəkdi.
Şeirləri?
Aha. Bilmirsən ki?
Yox. İlkin şeir yazır?
“Səndən gizlədəcəyini düşünməmişdim, amma yəqin ki deyəcək”, - dedi Sevinc. Artıq çərənlədiyinə özü də peşman olmuşdu.
“Yəqin ki”, - dedim, amma daxilimdə İlkinin belə bir şeyi mənlə paylaşmadığı üçün incindim. Romantik tərəfim niyə indiyə kimi bir sevgi şeiri almadığı üçün qollarını çarpazlayıb sifət eləməyə çoxdan başlamışdı.
Söz ver ki, bu barədə ona heç nə deməyəcəksən. Mənimlə danışmaz bir də. Özün bilirsən xasiyyətini.
Yaxşı, söz verirəm. Narahat olma.
Çox sağol. Əsas demək istədiyim şey bunlar deyildi.
Yenidən ona baxdım.
Ağırlığını sol qoluna verərək gözlərini yerə dikib, süfrənin üstündəki gül naxışının ətrafında dairələr çəkirdi. “Əvvəllər İlkinin toyunu görmək bizim ən böyük arzumuz idi. Anam hələ də belə düşünür, amma mən. Mən xəstələnəndən sonra, o proseslərdən keçəndən sonra – bilərsən də, kimya, şüa, nə bilim nə zir-zibil – həyata başqa cür baxmağa başladım. Bilmirəm, hiss etmisən ya yox, amma İlkində ikimizə qarşı da – həm mənə, həm də anama qarşı olan qəzəb var. İlkinin oğlanlara meyil etdiyini çoxdan hiss etmişdim, xəstələnəndən də çox-çox əvvəl, amma nə onunla bu haqda danışmışdım, nə də doğru ola biləcəyinə inanmaq istəmişdim.” Sevinc başını qaldırıb, dənizə baxdı. Rövşənlə İlkin hələ də dənizdə idilər. “İndi fikirləşirəm ki, onu çox sıxmışıq. Anam daim onun üçün qız axtarırdı. Tapırdı da. Onunla evlənməyə razı o qədər qız var ki. İlkin danışa bilməsə də, yaraşıqlı oğlandır. Nəysə... Mən də ona bu qızları bəyəndirməyə çalışırdım. Mənim üçün vəzifəyə çevrilmişdi. Axırda o həddə gəlirdim ki, az qalırdım, İlkinin yaxasından yapışıb ona: “Bir sına, gör, bəlkə xoşuna gələcək?! Qurtulacaqsan?!”, - deyim. Qurtulmaq. Nədən qurtulacaqdı ki? Necə? Bunları fikirləşmirdim. Bütün bunlar balaca qardaşıma necə hiss etdirdiyini fikirləşmirdim”, - dedi Sevinc. Son sözləri qırıq bir səslə çıxmışdı. Udqunaraq davam etdi: “Ailəmizi o qədər normal göstərmək istəyirdik ki, bir-birimizi nə qədər incitdiyimizi görmürdük. Anam hələ də görmür. Hələ də gündə bir qızın şəklini göstərir İlkinə. Amma mən daha bu işə qarışmıram. Xəstəlikdən sonra bu şeylər o qədər dəyərsiz görünməyə başlayıb ki, artıq nə qədər ömrüm qalıbsa, onu, heç olmasa, düzgün yaşamaq istəyirəm.”
“Elə demə”, - dedim özümü tuta bilməyərək. İstəmədən anamın o günlərini xatırlamışdım. Həkimdən gələn ağ zərfləri. Anamın dəstəyə duyduğu ehtiyacı və s. O qədər şey vardı ki. “Axı nəticələrin yaxşı gəlib. Günü-gündən yaxşıya gedirsən.”
Sevinc buna kinayə ilə güldü. “Yaxşı da, Əli. Sən axı ağıllı uşaqsan”, - dedi düz gözümün içinə baxaraq.
Gözünün içindəki qətiyyət qarşısında bir şey deyə bilmədim.
“Mən öləcəyəm. Bunu hər kəs bilir. Hətta anam da məni çoxdan gözdən çıxarıb. İlkinə daha çox şəkil göstərir...” bir müddət susdu. Sanki nəyisə xatırladı və davam etdi. Üzündə qorxuducu dərəcədə incik bir gülümsəmə vardı: “Bilirsən, mənə elə gəlir ki, anam da bilir İlkini. Ən azından hiss edir. Eynilə mənim öləcəyimi hiss etdiyi kimi. Başa düşürsən?”
“Bilmirəm. Belə bir şey necə ola bilər ki?”
“Bilirsən”, - deyə təkid etdi. “Mənim öləcəyimi bilirdin, düz deyil? Məqsədim səni sıxmaq deyil, sadəcə artıq insanların inkar etməyinə dözə bilmirəm. Hamı hiss edir ki, mən o tərəfliyəm, amma ümid edir ki, sağalaram. Hər dəfə öləcəyimi kiməsə deyəndə mənə bunu deməyə imkan vermirlər, amma öləcəyəm. Anam İlkinə daha çox şəkil göstərir ki, evlənsin. Düzələcəyini düşünür. Əvvəl-axır məndən bir şey çıxmayacağını bilir. Hətta sağ qalsam belə, uşağım olmayacaq. Anamınsa ən çox istədiyi şey nəvəsinin olmağıdır.”
Sevinc bunları deyəndən sonra ikimizdə susduq. Sevinc həqiqəti danışırdı. Mənimsə bu həqiqəti qəbul etməkdən başqa bir çarəm yox idi. Artıq daha çox inkar edə bilməzdim.
“Səndən xaişim budur ki”, – dedi axırda özünü toplayaraq – “onu incitmə.”
“Belə bir şeyi niyə istəyim ki?”
“İstədiyini demirəm. Bütün bunları sənə ona görə danışdım ki, qardaşımı yaxşı tanıyasan. Özü bunları heç vaxt bildirməz. Bu qədər şeydən sonra onu anlamışam ki, hər şeyi pis günə qoyan şeylər də bütün bu bildirmədiklərimizdir. Aranızdakı bu sevginin solmağını istəmirəm”, - deyə bitirdi.
Rövşənlə İlkinin dənizdən qayıtmağı ilə də söhbətə son qoyduq və belə bir şey olmamış kimi davrandıq.
Ayrılana kimi İlkinin üzünə baxa bilmədim. Bunu o da hiss etdi və nə olduğunu soruşanda cavabım “heç nə” oldu.
Sevinclə olan söhbətimizin ağırlığı gün boyu çiyinlərimə çöküb qaldı.
“Bu qədər şeydən sonra onu anlamışam ki, hər şeyi pis günə qoyan şeylər elə bütün bu bildirmədiklərimizdir.” “Bu qədər şeydən sonra onu anlamışam ki, hər şeyi pis günə qoyan şeylər elə bütün bu bildirmədiklərimizdir...” Sevincin bu cümləsinə su dəyirmanına ilişmiş kimi ilişib qalmışdım. Dəyirmanın çarxı məni gah suya salır, gah da suyun üzünə çıxarıb, yenidən suya doğru aparırdı. Bəs mənim deyə bilmədiklərim? Onlar üzə çıxsaydı, nə olacaqdı? Başıma gələnləri heç kimə danışa bilməzdim, onda bu, o demək olurdu ki...
Özümü bunları düşünməməyə məcbur etdim. Özümü üşüyürmüş kimi hiss edirdim. Halbuki hava isti idi. Həmin gün hava qaralana kimi otağımda qaldım. Heç bir mesaja cavab vermədim. Lemurlar haqqında sənədli film izlədim və qəribə bir şəkildə rahatlaşdım. Dərin bir nəfəs alıb, Rövşəni tapmaq üçün aşağı düşdüm. Rövşən bütün ailə üzvlərimizlə birgə aşağıda idi. Qızğın bir söhbətin ortasında hamı gülürdü. Məndən gözlənilənin əksinə, içəri girib anamla Rövşənin arasında olan boş yerdə oturub gülümsəməyə çalışdım. Gəlişim o qədər də böyük diqqətə səbəb olmamışdı. Söhbətin nədən getdiyi haqqında zərrə belə təsəvvürüm olmasa da, hamı güləndə güldüm, sakit duranda da sakit durub, özümü atamın danışdığı əhvalatı dinləyirmiş kimi göstərdim.
Gərginlikdən barmaqlarımı bir-birinə keçirib, ovuclarımı uşaq vaxtı soyuq plastilin parçasını yumşaltmaq üçün əzdiyim kimi bir-birinə sürtürdüyümü görüb, əllərimi bir-birindən ayırdım.
Əsl istədiyim isə Rövşənin mənim fərqimə varıb, niyə belə göründüyümü soruşması və məni danışdırması idi. Şübhəsiz ki, danışmaq istədiyimi desəm, o dəqiqə bunu qəbul edib, mənimlə danışacaqdı, amma başlasam, hər şeyi danışmalı olacağımdan qorxurdum. Heç vaxt nəyisə danışıb həll edə bilən bir insan olmasam da, o dəqiqələrdə kiminsə mənim qucaqlayıb, hər şeyin yaxşı olacağına dair inandırmasına ehtiyacım vardı.
“Elə deyil, Əli?”, - dedi atam birdən.
Birdən özümə gəldim. Elə bil ki, səhərdən bəri beynimin içində vuran nağaralar dayanmışdı.
Hamı mənə baxırdı və hamı qəhqəhə vurmaq üzrə idi. Üzlərindəki gülməyə hazır ifadənin deyəcəyim bir “hə”yə bağlı olduğunu anladım, amma nəyə “hə” deyəcəyimi bilmirdim. Atam topun barıtını doldurmuşdu, məndən gözlənilən isə o barıta qığılcımı vurub atəş açmaq idi.
“Nə?”, - dedim axmaq kimi.
Söhbətin ortasına sıçmışdım. Atam mənə prezident qarşısında səhnələnən tamaşada sözləri unudan aktyora baxan teatr direktoru kimi baxırdı.
“Yenə burda deyildin?”, - dedi atam.
Bir anlıq sırf məni pərt etmək üçün sualı mənə ünvanladığını düşünməkdən özümü ala bilmədim.
Bir söz demədim. Bu cür vəziyyətlərdə ən yaxşısının heçnə deməmək olduğunu taa uşaqlıqdan bilirdim. Özümü müdafiə üçün nəsə desəydim, bunun atam üzərində tonqala tökülmüş benzin kimi bir təsiri olacaqdı.
“Əhvalımızı korlama, Aqil”, - dedi anam.
“Mən? Mən əhvalımızı korlamıram, sadəcə bu uşağın ağlı haralarda uçur, onu başa düşməyə çalışıram.”
Atamın səsi hələ ki, sakit idi. Çox güman ki, hələ də bir az əvvələ qədər davam edən şirin söhbətin təsirinə görə idi.
Nənəm: “Yaxşı, uşaqlar, burda nə var ki?”, - deyə araya girdi. Ailəmizdə söz-söhbət çıxarmağın quru ot tayasına kibrit atıb, alov çıxarmaq qədər asan olduğunu bildiyi üçün əlindən gələni etməyə başladı. “Əli bütün gün yorğun görünürdü.”
“Nə yorğunluq e, nə yorğunluq?! Bir şeyi başa düşmürəm ki,” – dedi atam, nənəmi eşitməmiş kimi – “nə vaxta kimi bu uşağın qəribəliklərinə göz yumacağıq?” Ağzını xəstə birindən danışırmış kimi büzmüşdü. “Bu, haçan böyüyüb kişi olacaq?”, - əli ilə məni göstərdi.
Görünməz əllər başımı sıxırdı sanki. Ürəyimin isə hər an partlayacağını hiss edirdim. O anda atam yüksəkdən bağırsaydı, bəlkə də partlayardı.
Anama baxdım. Üzündə məni müdafiə edən ifadənin yerində atamla razılaşmağa məcbur hiss edən, utanan ifadə vardı. Anam həmişə mənim tərəfimdə olmuş, məni müdafiə etmişdi, amma indi görürdüm ki, bütün bunları uşaq olduğuma görə edirdi. Yaxşı davranışının arxasında həmişə “böyüyəndə keçəçək” ümidi vardı.
Anamın əksinə bunu nənəm dilə gətirərək: “Burda nə var ki?”, - dedi. “Rəhmətlik Xalid də çox sakit, başıaşağı adam idi. Əli də babasına çəkib”, - deyərək yalançı olduğunu ayırd etmək istəməyəcəyiniz qədər yaxşı bir qəhqəhə çəkdi.
Kamran otağın ta o başından qaça-qaça gəlib, robot oyuncağını atamın dizinə çırpdı. “Əli ilə işin olmasın!”, - qışqırdı.
“Kamran! Onu dünən alıb gətirmişdik”, - dedi anam.
Atamın kefi açılmışdı. Hətta hər kəsin kefi açılmışdı. Atam qaşqabaqlı oğlunu götürüb, dizlərinin üstünə qoydu. Kamran bunun qarşılığında atamın üzünə yumruq sıxdı. Sonra ikisi də yerə yıxılıb güləşməyə başladılar. Atam uduzmağa başladı və bunu az qala hamını inandıracaq qədər ustalıqla etdi. Söhbət əvvəlki axarına geri qayıtmışdı. Hamı gülürdü. Mən də gülürdüm. Ən azından yanaqlarımı yuxarı çəkib saxlamaq çətin deyildi.
Özümə nifrət edirdim.
Birdən Rövşənin əlini çiynimdə hiss etdim. “Yaxşısan?”, - soruşdu.
“Yaxşıyam”, - dedim.
“Danışmaq istəyirsən?”
“Yox.”
Ardı var…
Powered by Froala Editor