Queerphobia in Education System - Case of LGBTQIA+ teachers
Queerphobia in the Azerbaijani Education System - Case of LGBTQIA+ teachers
25/Sep/22
1619
Azərbaycan Təhsil Sistemində Kuirfobiya - LGBTQIA+ müəllimlərin problemləri
Bu məqalə Əli Məlikovun Heinrich Boell Fondunun Tbilisi Ofisinin Feminist Vebsaytı üçün ingilis dilində yazdığı məqaləsinin tərcüməsidir.
Əli Məlikov kuir aktivist və jurnalistdir. O, həmçinin "Qıy vaar!" və 'Femkulis' feminist-kuir platformalarının həmtəsisçisidir.
Əli Azərbaycanın şəhər və bölgələrindəki kuir müəllimlərin hekayələrini paylaşır və onların həm peşə fəaliyyətində, həm də şəxsi həyatlarında qarşılaşdıqları gündəlik çətinliklərini nümayiş etdirir.
“Səni şəhərdə pedaqoji fəaliyyətinə yaraşmayan və sənin səviyyənə uyğun gəlməyən kəslərlə görüblər”, – bu ifadəni Azərbaycandaki universitetlərin birində dərs deyən Rüfətə* universitet rəhbərliyi deyib. O, Universitetinin Xüsusi Nəzarət Şöbəsi tərəfindən izlənilib. Rüfət isə ümumən belə bir şöbənin varlığından xəbərsiz olduğunu, eləcə də şəxsi həyatına müdaxilənin əsassız olduğunu söyləyir.
Bu gün Azərbaycanda LGBTQIA+ icma üzvləri gender kimliyi, cinsi oriyentasiya və/və ya digər ailə mənşələrinə görə ayrı-seçkilik görür, təhdid olunur, lakin kuir müəllimlər iş həyatlarına davam edə bilsinlər deyə, rəhbərlik tərəfindən gələn ayrı-seçkiliklərə susurlar.
Hazırda Azərbaycanda işçi hüquqları yetərincə qorunmur, halbuki ölkə konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək Məcəlləsinin 3.10-cu maddəsinə əsasən, işçilər kollektiv şəkildə öz əməklərini müdafiə edə bilər, lakin bu cür cəhdlərə çox vaxt işəgötürənlər və digər sosial və struktual qüvvələr tərəfindən maneə törədilir. Nəticədə bir çox insanlar (xüsusilə də LGBTQIA+ icmasının açıq düşüncəli üzvləri) işdən çıxarılmaqdan qorxaraq, rəhbərliklərin istismarçı davranışına dözməli və müqaviləsiz qaydada aşağı əməkhaqqı müqabilində işləməli olurlar. Azərbaycanda kir işçilər kuirfobiya hallarına susmalı olurlar. Bəzi hallarda LGBTQIA+ kimlikləri Azərbaycan cəmiyyəti və dövləti tərəfindən “müəllimlik statusuna uymayan” olaraq görüldüyü üçün müəllimlərin şəxsi həyatlarına müdaxilə və senzura da baş verə bilər.
“Chai-khana” multimedia platforması üçün Azərbaycan məktəblərindəki LGBTQIA+ şagirdlər barədə hazırlanan yazıdan sonra LGBTQ+ müəllimlərin də məktəblərdəki kuir görünənlük mübarizəsinə töhfə verməyə çalışdığını öyrəndik. Peşə fəaliyyətlərinə təhlükələrin olacağını gözə alaraq kuir müəllimlər marginallaşdırılan mövzularda da tələbələr arasında fərqindəlik yaratmağa çalışırlar. Rüfət* də həmin müəllimlərdən biridir:
“Universitetimizdə açıq şəkildə özünü ifadə edən kuir tələbə var idi. Ona həmişə tələbə və müəllimlər tərəfindən “marslı” kimi davranılırdı. Buna görə də həmin tələbəyə güzəştlər etməyə çalışırdım, tez-tez ətrafında gəzərək təhlükəsiz mühit formalaşdırmağa cəhd edirdim. Bunu hiss edən qrupun digər oğlanlarından: "Müəllim, o petuxdu, ona niyə hörmət edirsən?", - deyə tənələr eşidirdim. Hətta hər dəfə dərs bitəndən sonra düşünürdüm ki, ona özümün də gey olduğumu deyim, amma təbii ki, bu hərəkətimin qrup uşaqları tərəfindən yalnış anlaşmağından qorxurdum.”
Azərbaycanın təhsil sistemindəki seksizm və heteroseksizm ən uca nöqtəsindədir. Tələbələr üçün rol modelinin çox vacib olduğu dönəmdə vəziyyət qorxulu hal alır. Ölkə üzrə aparılan təbliğat nəticəsində tələbələr öz hüquqlarının belə tapdalanmağını normal qarşılayır. Kuir kimliklər tamamilə görməzdən gəlinir və insanlar bunu bir çox sahədə görür, ələlxüsus işə qəbul və müsahibə prosesində. Edilən nifrət nitqləri, üzə gülünüb, arxasıyca danışılan hekayələr kuirlərə ağır yük ola bilir. Belə şəraitdə mövcudiyyətini qorumaq böyük güc tələb edir və çox zaman kuirlər işsizliyə məruz qalır, ixtisas səviyyələrindən daha aşağı işlərdə çalışmalı olur və ya imkan yaranan kimi ölkəni həmişəlik tərk edirlər.
Hazırda kurslardan birində ingilis dili dərsi deyən Çarli aşağı kurslarda kifayət qədər LGBTQIA+ tələbələrin çox olduğunu deyir. Eləcə də o, öz kurslarının dövlət müəssisələrindən daha queer-friendly olduğunu qeyd edir.
“Kursda tələbələr mənə müəllimdən çox, mentor kimi yanaşır, olduğum kimliyimlə qəbul edirlər. Kaminq-aut etmə ehtiyacı hiss etməmişəm, lakin bunu gizlətməmişəm də. Həmişə danışdıqda adlandırmalar olmadan danışıram, boyfriend/girlfriend kimi kəsişməli ifadələrin hamısını işlədirəm, gendersiz xitablar edirəm. Kurslardan fərqli olaraq orta məktəblərdə vəziyyət düşüdüyümüzdən dəhşətlidir. Mən qanunlar imkan vermədiyi üçün oriyentasiyama görə əsgərlikdə olmamışam və buna görə dövlət idarələrində işləyə bilmirəm. Bu da birbaşa sistemin fobikliyini göstərir.”
Eləcə də Charlie vurğulayır ki, kuir kimliyini açıq şəkildə ifadə etməsi kariyerasının sonu da ola bilər. Onun sözlərinə görə, dərs müddətində istənilən mövzu haqda danışma haqqı olsa da, daha ehtiyatlı davranmaq və kuir mövzuları açılanda diqqəti çox çəkməmək üçün söhbəti başqa tərəfə yönəltmək lazımdır. O, həmçinin qeyd edir ki, özəl müəssisələr də dövlət maraqlarına uyğun şəkildə işləyir. Orta məktəbdə dərs deyən Eminin sözlərinə görə, işə qəbulda hicablılara ayrı-seçkilik edildiyi kimi, LGBTQIA+lar da işdən tamamilə rədd cavabı alırlar. Emin məktəb psixoloqlarının bu mövzu barəsində nə şagirdlərlə, nə də müəllimlərlə danışacaq səviyyədə məlumata sahib olmadığını deyir. Eləcə də o əlavə edir ki, indiki şəraitdə LGBTQIA+lar üçün məktəblərdə “yer yoxdur”, şərait olduqca təhlükəlidir.
“Burada LGBTQIA+ olub, bullinqdən qaçmaq olmaz. İşdə özümü hetero kimi ifadə edirəm. Kaminq-aut etsəm, əminəm ki, mənə olan münasibət tam dəyişəcək və işdən çıxarılmağım üçün hər şeyi edəcəklər. Sinifdə hər tip dəyərdə böyümüş şagird var; bizim bu mövzuda danışmağımız bir şagird üçün xoş olduqda, digəri üçün əxlaqsızlığın təbliğidir.”
Rayon məktəblərində vəziyyət Bakıdan daha pisdir. İnformasiyaya çatımlılığın daha azdır və Dennis van der Veur tərəfindən ILGAEurope/COC üçün yazılmış fakt araşdırma missiyasının hesabatı da göstərdi ki, açıq kimlikli LGBTQIA+lar təhlükəsizlik məsələlərinə görə bölgələri tərk edirlər. [1] Lənkəranda məktəbdə incəsənət müəllimi olan Cəmalənin dediyinə görə, onların məktəbində psixoloq yoxdur. Onun əvəzində “tərbiyə işləri üzrə müdir” adlanan dindar bir şəxs var. Cəmalənin pirsinqləri var və saçları rənglidir. O deyir ki, müəllim heyəti və assistentlər ona qəribə yanaşırlar. Lakin onlar müəyyən stereotipləri incəsənət müəllimləri ilə əlaqələndirirlər, Cəmalə isə feminin qəbul edildiyi üçün onun özünüifadəsinə əngəl yaratmırlar.
“Bir dəfə bir uşaq (6-cı sinif) dəftərinə göy qurşağı çəkmişdi. Sinif yoldaşları dedi ki: “Geysən? Bu nədir, LGBTQIA+ bayrağı çəkmisən?” Bilmirəm ki, həmin uşaqları nə qədər təhlükəsiz şəkildə maarifləndirə bilərəm. Yəqin ki, şəhər məktəbində olsa, mövzu barədə daha rahat danışa bilərdim, nəinki burda. İndi danışsam, “nümunəvi müəllim” sayılmadığım üçün ciddi təhlükə yarana bilər.”
Cəmalənin ətrafında 2-3 kuir müəllim rəfiqəsi də var və onların fikrincə, açıq şəkildə kimliklərini ifadə etmələri rayonda ümumən mümkünsüzdür. Digər müsahiblərin sözlərinə görə, dövlətə nəzdində çalışan bir çox müəllimlər var ki, onların əllərindən hətta şəxsi həyatlarında belə özləri olma imtiyazı alınır. Misal üçün, genderini sərt maskulin şəkildə ifadə etməyən erkək müəllimlər əsasən özəl məktəblərdə, iş zamanı öz kimliklərini senzura edərək işlərini davam etdirə bilirlər. Müsahiblər həmçinin bildiriblər ki, iş yoldaşlarının onları işdən kənar zamanda görmək, sonra isə iş yerində ifşa etmək riskləri var.
* Respondentlərin təhlükəsizliyi üçün adlar dəyişdirilib.
** Respondentlərin təhlükəsizliyi üçün təhsil müəssisələrinin adları qeyd edilməyib.
İstinadlar
van der Veur, Dennis. Forced Out: LGBT People in Azerbaijan. Amsterdam: ILGA-Europe and COC Netherlands, 2007.
[1] Dennis van der Veur, Forced Out: LGBT People in Azerbaijan (Amsterdam: ILGA-Europe and COC Netherlands, 2007).
Powered by Froala Editor