"My difference has always bothered someone"
Onun 25 yaşı var. İndi taksi sürücüsü işləyir, eyni zamanda da incəsəntlə məşğuldu.Teatrlarda aktyorluq edir, şeirlər yazır. Uşaq vaxtı atası ilə anası ayrılıb. Ailəsinin bütün yükü onun üzərindədir.
23/Jan/19
8232
Onun 25 yaşı var. İndi taksi sürücüsü işləyir, eyni zamanda da incəsəntlə məşğuldu.Teatrlarda aktyorluq edir, şeirlər yazır. Uşaq vaxtı atası ilə anası ayrılıb. Ailəsinin bütün yükü onun üzərindədir. İndiyə qədər müxtəlif işlərdə işləyərək, hətta fəhləlik edərək ailəsinə maddi cəhətdən dəstək olmağa çalışıb. Dediyinə görə, ailəsi ilə münasibətləri yaxşıdır, bir çox dostları var həyatında. Amma eyni zamanda da təkdir. Öz hislərini bölüşəcəyi, tam ürəyini açacağı və onu olduğu kimi qəbul edənlər çox azdır ətrafında. Və, o, bunu həmişə hiss edib. Dediyinə görə, hər zaman “fərqliliyi” kimlərisə narahat edib. İndi isə gəlin onu daha yaxından tanıyaq.
İlk dəfə cinsi oriyentasiyanın fərqli olduğunu nə zaman hiss etdin?
Mən biseksualam. Məndə bir fərqlilik olduğunu ilk dəfə 15 yaşında hiss etmişəm. 15 yaşındaydım, məktəbdə oxuyurdum, sinifimizə yeni bir oğlan gəlmişdi. Biz onunla çox yaxın dost olduq. Daha sonra birlikdə vaxt keçirdikcə fərqinə varırdım ki, mənim ona hiss etdiklərim dostluqdan çox başqadır. Bu başqa bir sevgiydi, başqa bir yaxınlıqdı və mən belə hissləri ilk dəfəydi yaşayırdım. Ondan sonra anladım ki, mən onu sevirəm. Mənim cinsi orientasiyam digərlərindən fərqlidir.
15 yaşından öncə bunu heç hiss etməmişdin?
Yox, çünki mən biseksual olduğum üçün həm qızlara, həm də oğlanlara qarşı sevgi hiss edə bilirəm. O ana qədər də oğlanlarla bağlı heç vaxt elə hisslər yaşamamışdım.
Cinsi orientasiyanın fərqliliyini qəbul etmək sənin üçün çətin olmadımı?
Əlbəttə, çox çətin oldu. Çünki o vaxta qədər homoseksuallıqla bağlı heç bir məlumatım yox idi. Belə bir şeyin mövcud olduğunu belə bilmirdim. Amma bir şeylər fərqli idi məndə. Durmadan onu düşünürdüm, qısqanırdım. Hətta yadıma düşür, bu fərqliliyi hiss etdikdən sonra “google`da”“oğlanın başqa bir oğlandan xoşunun gəlməsi” deyə axtarış etdim. Sonra bu axtarış məni homoseksuallığa və digər gender fərqliliklərinə apardı. Beləliklədə mən digərlərindən həqiqətən də fərqli ola biləcəyimi öyrənmiş oldum və özümü yavaş-yavaş qəbul etdim.
Bəs xoşuna gələn oğlanla aranızda hər hansı münasibət yaşandımı? Yoxsa münasibətlərinin dost çərçivəsində qaldı?
Yox, aramızda heç nə olmadı.Çünki o mənim kimi deyildi. Daha doğrusu mənlə yaxın idi, amma mənim hiss etdiklərimi o mənə qarşı hiss etmirdi. Əgər mən ondan çox az nəsə hiss eləsəydim, etiraf edərdim. Daha sonra aramızdakı dostluq da bitdi. O mənim üçün çox xüsusi idi, mən isə onun üçün dostdan başqa biri deyildim.
Yəqin ki, ondan sonra da xoşunagələnlər, münasibətlərin oldu?
Bəli, oldu. Hətta qız sevgilim də oldu. Mən bunu, yəni fərqliliyimi ona da etiraf etmişdim. Amma bilirsiz ki, qızlar üçün bunu qəbul etmək çox çətindir. Daha sonra bir oğlan da oldu həyatımda. O qədər çox sevdim ki, onu. “Sən son ol”, dedim. Amma uzağıydıq. O Bakıdaydı, mən rayonda. O mənə belə uzaqdan alınmaz dediyi üçün mən işimi-gücümü atıb Bakıya gəldim. Onun yaxınında, Bakıda qala bilmək üçün transeksual qadının yanında küçə sözüylə desək, “sumka daşıcılıq” etdim. Yəni,onun zənglərini filan qəbul edirdim. O qədər alçaldıcı bir iş idi ki o. Çünki mən həmişə o özlərini satan homoseksuallardan iyrənmişəm. Axı bu o deyil. İnsan özünü bu qədər alçaltmamalıdır. Həm də ki, sırf onların üzündən, indi cəmiyyətimizdə homoseksuallıq fahişəliklə qarışdırılır. Məhz ‘’ona’’ görə o işdə işləyir, hər gün məcburən trans qadının üzünə gülür və hər keçən gündaha da öz gözümdə alçalırdım. O da bunu bilirdi, amma önəmi olmadı və bir gün məndən ayrılmaq istədiyini dedi. Bu mənim həyatımda bəlkə də aldığım ən ağır zərbə idi.
İndi həyatında kimsə varmı?
Yoxdur və bundan sonra çətin ki, kimsə olar. Heç kimin gözündə artıq o ışığı hiss etmirəm.
Bütün yaşadıqların səndə ruh düşkünlüyü yaradıbmı? Heç intihar barədə düşünmüsənmi?
Bəli, bir dəfə etmişəm. Elə yuxarda bəhs etdiyim ayrılıqdan sonra oldu. Hər şeyi hazırlamışdım. Hətta intahar məktubumu belə yazmışdım. Sonra ən yaxın dostumla görüşdüm. Ona hərşeyi danışdım. Və o məni intahar fikrindən uzaqlaşdırdı. Məni olduğum kimi qəbul etdi. İlk dəfəydi ki, həyatımda kimsə məni qınamırdı və olduğum kimi qəbul edib sevirdi. O zaman dostumun dediyi bir cümlə məni bu fikirdən daşındırdı. Dedi ki, tutaq, intahar etdin, burdakı özündən qaçdın, bəs tabutdakı özündən necə qaçacaqsan, unutma ki, tabutda tək olacaqsan”.
Ondan sonra intihar fikrini heç ağlından keçirmisənmi?
Yox, əlbəttə ki. O gündən sonra bir daha heç düşünməmişəm. Artıq mübarizə aparmaq haqqında düşünürəm.
Yəqin ki, bu hadisə həyatında ən çətin an olub, hansı ki, səni ölümlə üz-üzə gətirib?
Yox, ən çətini bu deyildi.
Ən çətinini bizlə paylaşmaq istərdinmi?
Bir dəfə məcbur olub özümü satmışam və bu mənim həyatımda yaşadığım ən dözülməz an idi. Bakıdaydım, işim yoxuydu və gündə bir dəfə dönər yeyirdim, sadəcə bir dəfə. Gündə bir dəfə yemək mənə bəs edirdi. Bir gün elə vaxt gəldi ki, heç pulum qalmadı və mən iki gün ac qaldım. 3-cü gün artıq dözə bilmədim və məcbur oldum özümü satmağa. Ondan sonra o qədər iyrənirdim ki, özümdən, güzgüdə üzümə baxa bilmirdim. Həyatda insanın özünü satmağından daha iyrənc bir şey ola bilər? Bir insanın məncə düşə biləcəyi ən son məqam odur. O qədər peşman oldum ki sonralar. Kaş heç vaxt yaşamazdım bunu. Kaş başqa yol tapsaydım. Kaş elə acından ölsəydim. İnanın, indi tək istədiyim o günü tamamilə unutmaq, beynimdən silməkdi.
Bu yaşadığını psixoloqla bölüşmək, ondan məsləhət almağı düşünmüsənmi? Yaşadığın böyük travmadır, bəlkə psixoloq bununla üzləşməyinə, bunları aşmağına yardım edər.
Yox, niyə gedim ki. Guya psixoloq nəyi dəyişdirəcək? Mən bununla üzləşmək yox, sadəcə unutmaq istəyirəm
Ailəndən danışmadıq, onlarla münasibətlərin necədir?
Atamla anam mən uşaq olanda ayrılıblar. Atamın başqa ailəsi, uşaqları var. Onunla heç bir əlaqəm yoxdur, danışmırıq ümumiyyətlə.Yəni, mən və həyatımla bağlı heç nə bilmir. Anamla isə münasibətimiz çox yaxşıdır. Biz ikimiz birgə işləyirik və qazancımızı da bölürük. Bəzən belə bir anaya sahib olduğum üçün özümü çox şanslı hiss edirəm. Çox anlayışlıdı.
Ananın sənin biseksual olduğundan xəbəri varmı?
Tam olaraq bilmir, amma hiss edir ki, nəsə fərqlilik var. Heç vaxt bu mövzunu açıqca danışmamışıq. Amma bir gün təsadüfən telefonda bir oğlanla danışığımı tutdu. Dedi ki, “yaxşı olub, camaat gəlin gətirəndə biz də səni verərik”, mən də qarşılıq olaraq zarafatla “hə” dedim. Güldük, keçdik.
Səncə anan fərqliliyini necə qəbul edər?
Anamın tam olaraq nəyi bildiyini bilmirəm. Bəlkə də o bunu hiss edir, amma qəbul edə bilmir. Bu mövzudakı zarafatların arasında bəzən onun üzündə mənə qarşı kini görürəm. O məni heç vaxt olduğum kimi qəbul etməz. Anam mənim üçün bu həyatdakı ən dəyərli varlıqdı. Onun belə məni olduğum kimi qəbul edib sevə bilməməsi faktı məni çox yaralayır.
Dostlarınla münasibətin necədir? Onlar bunu bilir?
Əvvəl də qeyd etdiyim kimi ən yaxın dostum bilir və məni qəbul edir. Başqa dostlarım da bilirlər. Amma yenə də bəs etmir sanki. Yenə də özümü tək hiss edirəm.
Cəmiyyət tərəfindən necə? Heç buna görə ictimai qınanmaya məruz qalmısan?
Mən balaca bir cənub rayonunda doğulub, böyümüşəm. Ordakı insanlarsa istər dinin təsiri olsun, istər maariflənmənin yetərsizliyi olsun, bu mövzuda çox dözümsüzdülər. Mənim isə xarici görünüş baxımından da, danışıq tonumdan da homoseksual olduğum çox bilinmir. Sadəcə bir dəfə qaşlarımın üstünü götürdüyümə görə taksi sürücüsü sataşmışdı mənə. İctimai qınanmaya isə “facebook” sosial şəbəkəsində məruz qalmışam. Bir dəfə qrupların birində yenə homoseksual şəxslərə qarşı bir statusun altında hər kəs təhqir yazırdı. Mən isə “bunun haqsızlıq olduğunu, insanların şəxsi həyatına və cinsi oriyentasiyasına görə təhqir etməyin hüquq pozuntusu olduğunu yazdım. Ardınca da etiraf etdim ki, elə özüm də “homoseksualam”. Bunu mən öz profilimdən yazırdım və o qrupda da bir çox tanışlarım var idi. Bundan sonra hər kəs məni qınamağa, təhqirlər etməyə başladı. İstər tanışlar olsun, istərdə tanımadığım insanlar onlarla təhqir mesajları göndərdilər mənə. İctimai qınanmaya bu zaman məruz qaldım.
Səncə bizim cəmiyyətdə LGBT fərdlərinə qarşı olan dözümsüzlük nədən qaynaqlanır?
Əlbəttə ki, cəmiyyətin bu mövzuda kifayət qədər biliyinin olmamasından. Elə şəxslər olub ki, rayonda hansı ki, bütün gün mentalitetdən, kişilikdən danışırlar, mən onlarla saatlarca bu mövzunu danışıb, başa salmışam. Axırda isə onlara elə özümün də homoseksual olduğumu demişəm. Amma danışdıqlarımdan sonra onları bunu çox böyük anlayışla qəbul ediblər, məni təhqir etmək, söymək yerinə.
Eyni zamanda da bunun ikinci bir tərəfi var ki, məncə bizim cəmiyyətdə əksəriyyət homoseksuallıqla fahişəliyi qarışdırır. Onlara görə əgər homoseksualsansa, mütləq özünü satırsan. Bizə qarşı olan bu qərəzli fikrin də bəlkə də elə böyük günahı bizim bir qisim LGBT fərdləridi. Özlərini bizim cəmiyyətə uyğun apara bilmirlər, eyni zamanda da bir qismi də bu işlə məşğul olur deyə cəmiyyət də ümumiləşdirib bizə bu şəkildə yanaşır. Mən çox istəyərdim ki, onlara başa salım ki, homoseksuallıq, fahişəlik demək deyil. Homoseksuallıq xəstəlik və seçim də deyil. Biz anadan belə doğulmuşuq. Onlar bunu anlayıb qəbul etməlidirlər.
Bəs bununla bağlı hər hansı cəhdlərin olub?
Düzünü desəm, mənim maarifləndirmə ilə bağlı çoxlu layihələrim var. Hətta birini az qalsın həyata keçirəcəkdim də. Lakin hələ ki, onları həyata keçirəcək imkanı tapmamışam.
Artıq müsahibəmizin sonuna gəlirik, çox təşəkkürlər bizim təklifimizi qəbuledib vaxt ayırdığın üçün. Son olaraq nəsə demək istəyirsənmi?
Mən də sizə təşəkkür edir. Sadəcə demək istəyirəm ki, çalışaq hər kəsi olduğu kimi qəbul edək və sevək.
Source: Gender and Dignity