Interview with Sofia from Ganja
Müsahibimiz azərbaycanlı, bölgədə (Gəncə) yaşayan 22 yaşlı transgender-qadın Sofiadır.
24/Feb/19
7806
Gəncədə yaşayan transgender qadınla müsahibə
"Özünüzlə qürur duyun və unutmayın ki, sevgi bir gün mütləq qalib gələcək."
Müsahibimiz azərbaycanlı, bölgədə (Gəncə) yaşayan 22 yaşlı transgender - qadın Sofiadır.
1. Transgender-qadın olduğunuzu nə zaman anladınız?
Uşaq vaxtlarından qadın hisslərimin olduğunu hiss edirdim, amma, 14 yaşında artıq bu hisslərim məni o qədər əhatələmişdi ki, bu barədə internetdə araşdırmalar etdim və tam olaraq ağlımdakı bütün suallara son qoydum, transgender qadın olduğumu öyrəndim.
2. Buna əmin olmazdan öncə özünüzü gey, biseksual kimi düşünmüsünüz?
Əvvəl gey kimi düşünürdüm, amma sonra bunun fərqli bir oriyentasiya olduğunu dərk etdim. Biseksual olduğumu hiss etməmişəm, çünki, qadınlara qarşı heç vaxt heç nə hiss etməmişəm.
3. Gəncədə yaşamaq sizə necə təsir edir? Hansı imkanlar, hansı çətinliklər var?
Bir transgender üçün Gəncədə yaşamağın heç də asan olmadığını deyərdim. İmkanların olduğunu düşünmürəm. Çətinliklərim əvvəla, ailəm ilə birlikdə yaşamağım və bu səbəbdən də bir sıra problemlər meydana çıxmağıdır.
4. Ailənizlə münasibətiniz necədir? Neçə nəfərsiz, ailənizə açılmısınız?
Ailə münasibətlərim heç də yaxşı deyil. Çünki, böyüdükcə təbii olaraq, özümü olğun qadın kimi hiss etməyim və bu hissimin özümdən asılı olmayaraq qadınsı davranışlarımın daha da artması, ailəmin mənə qarşı şübhə və fobiyasının yaranmasına gətirib çıxarır. Ailədə 4 nəfərik. Xeyr, açılmamışam, açığı, heç fikrim də yoxdur.
5. Sizcə, cəmiyyətimizdə transfobiyaya əsas səbəb nədir?
Mənə görə bu, müxtəlif səbəblərdən baş verir. Əsas səbəbi cəmiyyətin yetərincə maarifləndirilməməsində görürəm. Həmçinin də transgenderlərin ölkədə işləmək imkanları olmadıqları üçün seks işçiliyi ilə məşğul olmalarının fobiyanın artmasına səbəb olduğunu düşünürəm.
6. İşləyirsiniz, yoxsa təhsil alırsınız?
Gəncədə universitetdə təhsil alıram.
7. Tələbə yoldaşlarınızdan, dostlarınızdan transgender-qadın olduğunuzu bilən var? Necə qarşılayıblar?
Bəli, bir neçə tələbə yoldaşıma və dostuma bu barədə demişəm, normal qarşılayıblar.
8. Xarici görünüşünüz feminindir? Davranışlarınız, səs tonunuz.
Yaşadığım şəhərdə xarici görünüşümün feminin olmağı bir az yaxşı qarşılanmadığı üçün buna bir az diqqət edirəm ki, çox feminin olmasın. Amma yenə də feminin olduğumu deyirlər. Davranışlarım tamamı ilə feminindir, amma səs tonumun feminin olduğunu deməzdim.
9. Fərd olaraq transgender insanların hüquqları üçün ölkəmizdə mübarizə aparmaq haqqında düşünmüsüz?
Əlbətdə ki, bunun haqqında müəyyən qədər düşünmüşəm, amma hal-hazırkı yaşayış şəraitim buna uyğun olmadığı üçün heç bir mübarizəyə qoşula bilməmişəm.
10. Bu günə qədər rastlaşdığınız transfobiya və basqı zamanı nə etmisiniz?
Real olaraq rastlaşmamışam, çünki, görünüşcə “normal oğlanam”, amma, virtual olaraq rastlaşdıqda müəyyən qədər maarifləndirib düşüncə tərzini dəyişməyə çalışmışam və nail olmuşam.
11. Buna sevindim. Təhsilinizi bitirdikdən sonra planlarınız nədir?
Təhsilimi bitirdikdən sonra xarici bir ölkəyə köçüb, cinsimi dəyişmək, arzusunda olduğum bədənə qovuşduqdan sonra öz ixtisasım üzrə işləmək, öz ayaqlarımın üstündə durmaq və ailə həyatı qurub 3 və ya 4 uşaq himayə edərək onları əsl ana sevgisi ilə böyütmək istəyirəm.
12. Bu gözəl arzularınıza qovuşmaqda sizə uğurlar arzu edirəm. Müsahibəyə zaman ayırdığınız üçün çox sağ olun. Son söz olaraq ölkəmizdəki LGBTQİ icmasına sözünüz nə olardı?
Təşəkkür edirəm. Son söz olaraq onu demək istəyirəm ki , öz rəngli dünyalarında həmişə xoşbəxt və firavan yaşasınlar və heç vaxt özlərindən utanmasınlar. Bacardıqları qədər çox maariflənsinlər və öz hüquqlarını bilsinlər, eyni zamanda mümkün qədər çox maarifləndirsinlər. Çünki, irəli getməyin, inkişafın, birliyin və barabərliyin, nifrət cinayətlərinə qarşı mübarizə aparmağın ən başında maariflənmək durur.
Özünüzlə qürur duyun və unutmayın ki, sevgi bir gün mütləq qalib gələcək. Çox sağ olun.