Trans solidarity against phobic institutions
Trans people who transition or want to transition in Azerbaijan face serious problems with medical staff who do not understand their needs, who prescribe mostly useless treatment and provide queerphobic services
12/Jul/23
3698
Fobik institutlara qarşı trans həmrəyliyi
Azərbaycanda tranzisiya edən və ya etmək istəyən translar onların ehtiyaclarını başa düşməyən, əsasən faydasız müalicə yazan və kuirfobik xidmət göstərən tibb işçiləri ilə ciddi problemlərlə üzləşirlər. Hormon əvəzedici terapiyası (HƏT) və genderin təyin edilməsi prosedurları ölkədə tam əlçatan deyil, bu da transların öz sağlamlıqlarını riskə ataraq lazımi bilik və ya təlimat olmadan hormon terapiyasına başlamalarına səbəb olur.
Hormon terapiyası və genderin təyin edilməsini tənzimləyən xüsusi qanunların olmaması tranların qarşılaşdığı çətinlikləri - gender disforiyasını, qorxu və narahatlıqları - daha da artırır. Azərbaycanda klinikalarda hormon terapiyası və genderin təyin edilməsi əməliyyatlarına qarşı anti-trans siyasəti aparılır. Bir neçə il əvvəl ölkənin tanınmış plastik cərrahı bu prosedurlara qarşı çıxıb, transları ruhi xəstə kimi qələmə verib. Nəticədə, bir çox trans daha sərfəli və sivil tibbi keçid prosedurları üçün qonşu ölkələrə səfər edir.
Lakin Azərbaycana qayıtdıqdan sonra onların rəsmi sənədlərində üstünlük verdikləri gender kimliyinin əks olunmaması onlara problemlər yaradır. Gender markerini dəyişdirmək üçün transgender şəxslər adətən sterilizasiya və genderin tam təyin olunması əməliyyatından keçməli, müalicələrini təsdiq edən tibbi sertifikat əldə etməli və məhkəmədən icazə almalıdırlar. Təəssüf ki, sənədlərdə gender makerinin dəyişdirilməsi barədə bir neçə bir neçə nəfər nail olsa da, transların şəxsiyyət sənədlərindəki gender markerini dəyişdirmək üçün müəyyən edilmiş prosedur yoxdur.
Türkiyə ilə Azərbaycan arasında HƏT-ə əlçatımlılıq baxımından fərqlər
Azad tranzisiyaya Türkiyədə başlayıb. Türkiyədə yerli vətəndaşlar üçün hormon terapiyasını başlamaq çox rahatdır, çünki onlar araşdırma institutlarına, xəstəxanalara müraciət edirlər və dövlət HRT əldə etməyə kömək edir. İstər Azərbaycanda, istərsə də Türkiyədə əksər translarda başlanğıcda hormon tapmaq və qiymətlərini dəqiqləşdirməzdən əvvəl prosesə həkimsiz başlamaq qorxusu olur. Yeni başlayanlar yaxın çevrələrindəki transların təcrübəsinə güvənirlər. Psixoloq və psixoterapevt yanına getmək uzun vaxt aparır, 1-2 il davam edir. Əksəriyyət həkimsiz başlayır. Hormon qiymətləri hər il daha da artır. Azadın sözlərinə görə, 2021-ci ilin sonlarında o, HRT başlayıb, 2022-ci ilin yanvarından başlayaraq isə qiymətlər artmağa davam edir.
“Transmaskulin tranzisiyanın hormonlarının qiymətləri transfemininə baxanda ucuzdur və üç həftədən bir istifadə etməyim maddi yükümü bir az azaldır. Türkiyədə hormon tapmaq üçün bəzən 10-15 aptek gəzmək lazım olur", - deyə Azad bildirir.
Türkiyədə həkim müayinəsinə gedə bilməyən Azad Azərbaycana qayıtdıqdan sonra vətəndaşı olduğu ölkədə rahatlıqla həkim tapacağına, hüquqi proses başladacağına ümid edirdi. Azadın sözlərinə görə, Azərbaycanda tranzisiya ilə əlaqəli hər hansı bir hüquqi proses başlatmaq yalnız tam tranzisiyadan sonra mümkündür və dövlət yalnız şəxsiyyət vəsiqəsindəki gender markerini dəyişir:
"Məlumdur ki, dövlət bütün qapıları bağlayır ki, şəxsiyyət vəsiqəsində gender markerini dəyişmək də mümkünsüz və ya çətin olsun".
Azad Azərbaycanda dostlarının köməyi ilə həkim tapa bilib. Lakin həkim qəbulu ucuz olsa da, müayinələrin bahalı olduğunu bildirib. Səbəb isə, hər hansı bir həkim qəbulu üçün dövlət xəstəxanalarına deyil, özəl klinikalara getməyə məcbur qalmaqdır.
“Mən Bakıda endokrinoloqa gedəndə artıq bir il olmuşdu ki, həkimsiz tranzisiya edirdim. Onsuz da güvənmirdim ki, həkim transfobiyasından tam xilas olmuş olsun. Artıq bir ilə yaxın idi ki, testosteron qəbul edirdim və inanmırdım ki, endokrinoloq dozanı artırmağı məsləhət görəcək. Sadəcə əmin olmaq istəyirdim ki, qaraciyərimdə və daxili orqanlarımda hər şey qaydasındadır”.
Azad İstanbulda yaşadığı 4 il ərzində ginekoloji müayinəyə getməyib. O, həkimdən ginekoloq məsləhəti alanda həkim Azadın heteroseksual trans olmadığını başa düşüb və münasibəti bir az dəyişib.
“Həkim öyrəndi ki, mən təkcə cis-hetero qadınlarla münasibətdə olmuram, penetrativ münasibətlərim də olur. Bundan sonra mənə münasibəti dəyişdi, qərəzli olmağa başladı. Hətta ‘Əgər belə idisə, daha tranzisiyaya niyə başlayırdın?!’ dedi. Hər şeyi bir-birinə qatdı, fobiyasını gizlədə bilmədi”.
Azadın ginekoloq müayinəsi problemsiz olsa da, yəni həkim tərəfindən hər hansı bir kuirfobiya ilə qaşılaşmasa da və ginekoloji müayinənin nəticələri yaxşı olsa da, ölkədəki özəl xəstəxanaların müayinə və test qiymətlərinin bahalı olması, tez-tez həkim ziyarətinə getməyə imkan vermir.
Bakıda USM müayinəsinə gedəndə Azad həkim tərəfindən cisgender təyin edilib. USM otağında olan 3 həkimin hamısı Azadın “yumurtalıqlara da baxardınız” deməsinə təəccüb və qeyri-müəyyən ifadə ilə baxıblar.
“Həkimə dedim ki, mən yumurtalıqlara da baxdırmaq istəyirəm. O isə təəccüblə “Xayalara baxdırmaq istəyirsiniz?” sualı verdi. Bir az qəribə oldu”.
Azadın şəxsən qarşılaşdığı çətinliklər
Dost-tanışın sayəsində hormonların Bakıya ucuz çatdırılmasında şanslı olan Azadın HƏT-də şəxsən qarşılaşdığı çətinliklərin başında iynənin vurulması dayanır. Onun sözlərinə görə, iynəni məcbur özü vurur, bu isə o qədər də rahat deyil. Testosteron çox yağlı olduğu üçün böyük iynə ilə, maksimum dərinə və düzgün vurmaq lazımdır. Əks təqdirdə çox ağrı verir, bu ağrı bəzən günlərlə yanı üstə oturmağa mane olur.
“İynəni özüm vurduğum üçün hər iynədən sonra 3-4 gün yeri ağrıyır. Xəstəxanaya gedib vura bilmirəm, endokrinoloq resept yazsa belə, həkimlər vurmurlar. Azərbaycandakı həkimlər hormon vurmağa qorxurlar. İynə vurmağı isə YouTube vasitəsilə güzgü qarşısında praktika edərək öyrənmişəm. İynə vurmağım da yarım saat çəkir. Güzgünün qabağında dayanıram, iynəni düzgün vurmaq üçün az qala xəritə çəkməli oluram. Hər dəfə ‘Bu iynəni kim vuracaq?’ sualı beynimdə dolaşır”.
Üç aydan bir yoxlanışa - ginekoloji və endokrinoloji yoxlanışa getmək üçün maddi çətinliklər haqqında danışmaqdan çəkinən Azad:“ İşsizlik trans icması daxilində geniş yayılıb, dövlətin pulsuz təklif etdiyi tibbi xidmətə çıxış yox dərəcəsindədir”, - deyir. Tranzisiyaya yeni başlayanda daha böyük aralıqla həkimə getmək lazım olursa, zaman irəlilədikcə daha tez-tez getmək vacibdir. Hormon istifadəsinin zamanla reproduktiv orqanlara təsiri dəyişir, yoxlanışlara gec getmək olduqca risklidir.
Bakıda hormonu necə əldə etmək olur
Azad bir ildən artıq idi ki, "Sustanon" preparatından istifadə edirdi. Bakıya qayıtdıqdan və həkim müayinələrindən keçdikdən sonra həkimlər ona Bakıda "Sustanon" olmadığını və əvəzləyicisini təklif ediblər. Lakin o, başladığı kimi davam etməyə qərar verib və hormona çatımlılıq daha da çətinləşmiş olub. Bakıda olduğu vaxtdan Azad həm özü, həm də yoldaşları üçün hormonları Türkiyədəki dostları və ya tanışları vasitəsilə gətirir.
Azadın hormon terapiyasının daha əlçatan olması üçün planlarından biri bu yaranan həmrəyliyi daha da möhkəmləndirmək və kommunikasiyanı asanlaşdırmaq üçün Trans Həmrəylik Qrupu yaratmaqdır. Hazırda onun Türkiyədən gələn tanışları çox olduğu üçün kommunikasiya yükü onun üzərinə düşür. Hesab edir ki, qrup yarandıqdan sonra bu həmrəylik daha da genişlənəcək və trans icmaya faydası daha çox olacaq.
Azadın sözlərinə görə, Bakıda yalnız bir aptekdə hormon tapmaq mümkündür. Onu da əvvəlcədən sifariş etmək lazımdır və bir neçə gün və ya həftə ərzində gətirilir. Hormonun qiyməti isə Türkiyə ilə müqayisədə 5 dəfə çoxdur. Bir il əvvəl Bakıda 35 AZN olan hormon, Tükriyədə təxminən 7 AZN idi. Qara bazarda hormon bir qədər ucuz olsa da, Türkiyə ilə müqayisə edərkən yenə çox baha başa gəlir. Azad bildirir ki, Türkiyəyə gedib-gələn dost-tanışlarla yaradılmış həmrəylik sayəsində hələ ki, nə özü, nə də yoldaşları qara bazara üz tutmayıb.
Çatımlılığı artırmaq üçün Azərbaycanda nə etmək olar
Hormonlar təkcə tranzisiya edən translar üçün nəzərdə tutulmadığı üçün dövlət transfob qalsa da, aptekləri hormonlarla təmin etməlidir. Dövlətin HƏT ilə bağlı məsuliyyətləri haqqında danışan Azad bildirib ki, Azərbaycanda trans icmasının hormon mövzusunda dövlətlə müttəfiqlərin əlaqələrinə ehtiyacı var.
“Translar dövlətlə kommunikasiya qurmağa cəhd etsə, əks-təsir göstərə bilər. Mənim üçün ən optimal variant budur ki, müttəfiqlər bu məsələdə vasitəçi olsunlar. Hazırda ən çox potensialı olan müttəfiqlərimiz isə cis-müttəfiqlər – feministlər ola bilər. Bir də Türkiyədə atletlər daha çox testosteron istifadə edir, bizdə isə onun əvəzində fərqli steroidlərdən istifadə edirlər. Bəlkə də onlar da müttəfiq ola bilərdilər”.
Səhiyyə mütəxəssislərinin qeyri-adekvat dəstəyi, tibbi prosedurların məhdud olması, tənzimləyici mexanizmlər və qanunların olmaması transların çətinliklərini daha da artırır. Vəziyyəti yaxşılaşdırmaq üçün hökumətin trans hüquqlarına fokuslu qaydalar yaratması, inklüziv səhiyyə xidmətləri göstərməsi və şəxsiyyəti təsdiq edən sənədlərdə gender markerlərinin dəyişdirilməsi prosesini sadələşdirməsi vacibdir. Cisgender müttəfiqləri ilə əməkdaşlıq qurmaq və cəmiyyətdə qəbulu təşviq etmək də transların vəziyyətinin yaxşılaşdırmasında zəruri rol oynayır. Bu addımları atmaqla translar üçün daha qənaətbəxş və əlverişli mühit yaradıla bilər.
Müəllif: Vahid Əliyev
Bu məqalə Unit ilə əməkdaşlıq çərçivəsində hazırlanlıb.
Powered by Froala Editor