Ana, mən qeyri-binaram

Mətndə həssas kontent var

Cəmiyyətdə fərdlər arasında qeyri-binar şəxslərə yönəlmiş xüsusi baxış perspektivi var.

Adətən qeyri-binar şəxslərə binar (ikili) bucaqdan baxılır. Buna görə də bu icmaya qarşı misgendering (yanlış genderdə xitab) halları yaranır. Təəssüf ki, insanlar “bioloji cins”in və “gender”in iki müxtəlif konsept olduğunu bilmirlər.

Mən Aleks Şah, 16 yaşlı kuir-feminist artivist, Nəfəs LGBTİ Azərbaycan Alyansının könüllüsü, Minor Visionary platformasının təsisçisiyəm. Kuir-feminist bloqlar yazıram, incəsənətdə icma görünənliyini artırmaqla, həmçinin oxuduğum təhsil müəssisəsində aktivizimlə məşğulam.

Qeyri-binar, yoxsa qeyri-adi uşaq?

5-6 yaşlarımdan özümdəki fərqliliyin fərqində idim. Mühafizəkar ailədə böyüməyimə baxmayaraq uşaqlıqdan feminin özünüifadəmlə görünən olmuşam. Digər oğlanların sevdiyi fəaliyyətlər mənə çox yad idi. Həmişə sehirli qız cizgi filmlərinə baxar, anamın kosmetik vasitələriylə və geyimləriylə vaxt keçirən, rəsm çəkən bir uşaq idim. Xatırlayıram ki, belə bir ideya həyata keçirtmişdim: mən, əmim uşaqları və qonaqlarla birlikdə qadın geyimləri geyinirdik. 1-ci mərtəbədə bizə xal verən qız vardı. 2-ci mərtəbədən düşüb, bir-bir gəlirdik və həmişə mən ən çox xal alıb, qalib olurdum.


Ən sevdiyim cizgi filmi Winx Club idi. Özümü uzun, cazibədar libasda, qanadlı bir qız olaraq xəyal edirdim. Hər gün beynimdə müxtəlif ssenarilər qururdum. Romantik seriallarda özümü həmişə qızların yerində zənn edirdim. Atam məni “mama uşağı” olmayım deyə, həyətdə işləyən ustaların yanına özüylə aparırdı. Mən isə atamın başı ustalara qarışan kimi dərhal evə, cizgi film izləməyə qaçırdım. Bir dəfə anamın otağına girib, dodağıma qırmızı boya çəkib, qaşımı kəsmişdim. Bunu eşidən atam anamı döymüşdü və mən hələ də o situasiyanı unuda bilmirəm.


Penisimə müdaxilə

2013-cü il sünnət mərasimimi xatırlayanda travmalarım yadıma düşür. Sünnətdən bir gün əvvəl kiçik toyum idi. Həmim gün əmim oğluyla çox qorxurduq və kəndə qaçmağı planlayırdıq. Toyun səhərisi biz qaçmayaq deyə, qapıları kilidləmişdilər. Biz isə bu halı görüb, özümüzü həyətdəki tualetə bağladıq. Atalarımız biz içəridəykən təhdidlər edirdi, çölə çıxmasaq, başımızı kəsəcəklərini deyirdilər. Qorxudan qapını açdıq və bizi həmin ritualın baş tutacağı mərasimə apardılar. Öncə bizə cümlələr deyirdilər və bunu təkrarlamağımızı istəyirdilər. Daha sonra isə “kirvəm” birinci mənim gözümü bağladı və çılpaq vəziyyətdə əl-ayaqlarımdan tutdu. Həkim iynə vurduqdan sonra sünnət etdi. Mən çox qışqırmışdım deyə, kişilər atama “arvad kimi qışqırdığına görə az pul verəcəyik” demişdilər.


Məktəb və kuir şagird

İbtidai sinifdə digər oğlanlardan seçilirdim. Onlar futbol oynamağı, idmanla məşğul olmağı, toksik maskulin olmağı sevərkən, mən qız dostlarımla rəsm çəkməyi, dəftərçələr tutub, onları stikerlərlə bəzəməyi və kinolardan danışmağı sevirdim. Oğlanlarla oynamamağımın əsas səbəbi onlarla maraqlarımın üst-üstə düşməməyi və sözlü bullinq görməyim idi. 3-cü sinifdə oğlanlar tualetində olarkən sinif yoldaşlarım mənim ayağıma nəcislərini eləmişdilər. O gündən bu yana heç vaxt nə qız, nə də oğlan tualetinə girməmişəm. Sinif rəhbərim Sevinc Quliyeva həmişə səbəbsizcə mənim qulağımı burur, mənlə kobud danışır, qızlarla oynadığıma görə utandırır və qiymətimi kəsirdi.

6-cı sinifdə oxuyurdum. İlk dərs idman dərsi idi və mən dərsə gecikmişdim. Soyunma otağında tək olduğumu görən idman müəllimim otağa girdi, guya əynini dəyişirmişcəsinə qabağımda soyunmağa və mənə göz süzməyə başladı. Mən isə dərhal otağı tərk elədərək zala getdim.


Kəşfə çıxan uşaq və böyüdükcə artan təzyiqlər

İllər ötdü və mən 11-12 yaşlarına gəldim. Bu yaşıma qədər məktəb və ailə həyatımda daim məntiqə əsaslanmayan bullinq, qısnama və təzyiqlər görürdüm. 2020-ci il mənim üçün çox əhəmiyyətli il idi. Pandemiyanın gəlişi bizləri evə qapatdı və daha çox internetdə olmağımıza gətirib çıxartdı. Bu ərəfədə özümü kəşfə çıxmışdım. “LGBT” və feminist” terminləri ilə bu zaman tanış oldum. Bu vaxta qədər yalnız “gey” və “trans” sözlərini bilirdim. Dostumla müxtəlif oriyentasiyaları araşdırırdıq və özümüzə aid olanı tapmağa çalışırdıq. Mən isə öz oriyentasiyamı və gender kimliyimi gizlətmək üçün saxta kimliklərlə (sapioseksual, aseksual və.s) özümü ifadə edirdim. Çünki kaminq-aut etmək üçün sağlam mühit yox idi.

Həmin dövrdə gender disforiyalarım və narahatlıqlarım daha da artırdı. Digər oğlanlar kimi az tüklü, arıq və incə olmaq istəyirdim. Femininliyimin daha da gözə çarpan olduğu dönəmdə ətrafdan anama təziqlərdə dayanmırdı. Anam mənim moda dizayneri olmağımı istəmirdi və liseyə qəbul olmağa məcbur edirdi, mən isə ailəmi aldadıb, imtahanda qəsdlə aşağı nəticə göstərmişdim.

2021-ci ilin yay ayları idi. Anidən bədənimdəki tüklərdən narahatlıq keçirdib, qollarımı və ayaqlarımı qırxmışdım. Hər şey bundan sonra başladı. Anam artıq məni hormonlarımı yoxlatmaq üçün həkimə, psixoloqa, falçı və dindarlara aparırdı. Həkim anama belə demişdi: “Övladınızın hormonları, əsas da testosteronu ortalama oğlanlardan yüksəkdir, siz, məncə, psixoloqa gedin.” Getdiyimiz psixoloq elə də kuirfob deyildi. Məni çox istəyirdi və “kaş sənin kimi oğlum olsaydı” demişdi. Bu sözü anamdan eşitməməyim mənə çox təsir edirdi. Psixoloq anama: “Seansları dayandıraq, uşağı heç cür dəyişdirə bilmərik, bu, bir xəstəlik deyil ki, dərmanı da olsun, verək”, - demişdi. Açığı, çox sevinirdim ki, yəqin anam bundan sonra məni qəbullanar.


Qutudan çıxmaq

Anama həmin vaxt kaminq-aut etdim. Evə gəldikdən sonra “ana, mən qeyri-binaram”

Dedim. Əvvəlcə başa düşmədi. İzah edəndən sonra dedi ki: “İndi sən nə oğlansan, nə də qız?”

Çox ürkək səslə “hə” dedim.

Anam bir həftə özünə gələ bilməmişdi. Dərmanlar atırdı və mental sağlamlığı yaxşı deyildi. Anamı çox yaxşı başa düşürəm. O, məni çətinliklə böyüdüb, mən onun tək uşağı və tək ümidiyəm. O da mənim kimi ətrafdan təzyiqlərə, utandırılmalara məruz qalmaq istəmir. O da istəyir ki, nəvəsi olsun və ya məni evli birisi olaraq görsün. Amma bunlar anamın arzularıdır, bəs mənim arzularım? 

Buradan demək istəyirəm ki: “Ana, mən səni çox istəyirəm. Sənə və cəmiyyətə heç vaxt zərər verməyən övlad olacağıma söz verirəm. Kuir övlad olaraq sənə arzularını həyata keçirtməkdə söz verirəm. Amma mənim həyatım mənim həyatımdır.”

Nəhayət, anam mənim gələcək karyeramı dəstəklədi. 2021-ci ilin sentyabr ayı çox həvəsli idim. Xəyalını qurduğum Chenille moda kursuna gedirdim və məktəbimi dəyişmişdim. Moda kursum 15 illik həyatımda olduğum ən təhlükəsiz, queer-friendly, müasir məkan idi. Tyutorlar və kursun təsisçisi Könül Quliyeva mənə ən doğma insanlar kimi idilər. Orada özüm kimi olmaqdan çəkinmirdim.

Aktivizimə gedən yol

Eyni vaxtda sosial şəbəkələrdə Sevinc Hüseynova adlı blogger LGBTQ+lara qarşı nifrət nitqləri səsləndirirdi və insanları icmaya qarşı şiddətə, öldürməyə səsləyirdi. Bunu gördükdən sonra çox qorxmağa başlamışdım. İçimdə qəzəb və mübarizə hissi var idi. Məsələni ictimailəşdirən Femkulis platformasını gördüm. Bu platforma gördüyüm ilk kuir-feminist platforma idi və hər gün postlara baxırdım, məktəbdə dostlarıma göstərirdim və feminizimdən danışırdım. Həmçinin Sənay Yağmuru tanıdım. Onun aktivizm müsahibələri məni həvəsləndirirdi. İnternetdə özüm kimi və ya mənim hüquqlarımı dəstəkləyən insanları gördükdə özümü daha cəsarətli hiss etməyə başlayırdım. Qısa müddətdə Elina Hacıyeva keysindən başqa ictimailəşdirilən bullinqlə rastlaşdım.


Əli Məlikov oxuduğu 244 nömrəli məktəbdə kuir kimliyinə görə bullinqə məruz qalmışdı. Bunu gördükdən sonra təəccübləndim, çünki Əli ilə hekayələrimiz üst-üstə düşürdü. Sosial şəbəkədən Əlini tanıdım və çox sevinirdim ki, tək deyiləm. 2022-ci il 8 martda ilk dəfə feminist aksiyaya qoşulmağa yollanmışdım. Lakin polislər ətrafı mühasirəyə almışdılar deyə, içəri daxil ola bilmədim. Elə o an Əli Məlikov “Petuxlar Diktatorluğa Qarşıdır” şüarını qaldırarkən polis plakatı cırdı. Mən isə aksiya iştirakçıları hərəkət etdikdən sonra yerdən həmin plakatın qalıqlarını götürüb, evə gətirdim.

Aradan uzun bir müddət keçir və mən icma ilə şəbəkələşməyə çalışıram, kuir-feminist məqalələr, video müsahibələr izləyirəm. Bu müddət ərzində içimdə dərin depressiya hökm sürüb. Nə aildədən, nə məktəbdən, nə cəmiyyətdən sevgi ala bilmirdim. Femininliyim artırdı deyə, daha çox təzyiqlə üzləşirdim.


2023-cü il 10 aprel tarixi həyatımı 180 dərəcə dəyişdi. İllərdir oxuduğum 225 nömrəli məktəbdə gender roluna və toksik stereotiplərinə tabe olmaq istəmədiyimə görə davamlı olaraq bullinq, zorakılıq, cinsi qısnama, təzyiqlər, ayrı-seçkilik görürdüm.

9-cu sinifdə məktəbə təzə gəlişim məktəbin şagirdləri və müəllim heyəti tərəfindən böyük reaksiya ilə qarşılandı. Saçımın “uzun” olması, qızlarla dostluq etməyim, ədəbsiz nitqimin olmaması, ümumi “oğlan” anlayışına zidd maraqlarımın olması məktəbdə hər kəsin tanıdığı “vorzakon” şəxslərin və pedaqoji heyətin qıcığına səbəb olmuşdu. Həmin uşaqlar məni daima koridorlarda təhqir edir, küncə çağırır, çiyin atır, sinfimə qalxaraq mənə xəsarət yetirməyə çalışırdılar. Haqqımda məktəbə yalan məlumatlar yayılır, nifrət nitqləri səsləndirilir və seksuallaşdırılırdım.

10 apreldə isə coğrafiya müəllimim Sevda İsmayılova məni sinif yoldaşlarımın yanında təhqir etdi. Mən dərhal məktəbdən qaçdım və evə gələrək Əliyə yazdım. Məsələni ictimailəşdirdik və mən müxtəlif qurumlara şikayət məktubu göndərdim. Nəticədə isə şikayət etdiyim müəllim və şagird üzrlə cəzalandırıldılar, müəllimə intizam tənbehi (töhmət) verildi. Bu hadisə mənim kuir-feminist icma ilə daha yaxından təşkilatlanmağıma, şəbəkələşməyimə gətirib çıxartdı.

Bu il 9-15 oktyabr tarixində keçiriləcək “225 № məktəb LGBTQİ+ qürur həftəsi”nin təşkilatçısıyam. İndi çox xoşbəxtəm. Ailəmlə qalıram. Özümü güclü, özgüvənli hiss edirəm. Artıq mən bir aktivistəm və tək deyiləm. Olduğum insan olmaq üçün mübarizəmdən çəkilən deyiləm, ölüm belə məni qorxutmur. Arxamızda səmanın yeddi rəngi, qarşımızda Bakının soyuq küləkləri olsa da, qorxmadan, ümidlə, inadla, üsyanla yeriyirik!

Hər addımımız qürur, hər addımımız sevgidir!


Müəllif: Aleks Şah

İllustrator: Mofu, Sevinj Abbas


Powered by Froala Editor