Transların zorakılıq təcrübələri

   Cəmiyyətdə müxtəlifliyə qarşı tolerantlığın və anlayışın əhəmiyyəti insan hüquqları və bərabərlik mübarizələrinin mərkəzində dayanır. Təəssüflər olsun ki, əsasən Azərbaycanda və bir çox ölkələrdə gender kimliyinə görə ayrı-seçkiliyə və zorakılığa məruz qalan trans fərdlər olaraq, hələ də bəşəriyyətə qarşı böyük sınaq içərisindəyik. Bu sınaqlar cəmiyyət tərəfindən qəbul edilməmək, anlaşılmamaq, şərəf və ləyaqətin alçaldılması, iş və təhsil imkanlarımızın məhdudlaşdırılması, səhiyyə xidmətlərinə çatımlılığımızın çətinliyi, hətta fiziki və psixoloji zorakılığa məruz qalmağımız kimi bir çox fərqli formada öz əksini tapır. Translar bu kimi mənfi situasiyalara məruz qaldıqları üçün özlərinə qarşı olan güvəni itirə bilər, depressiyaya tuş gələ, hətta intihara sürüklənə bilərlər.

    Bu yazı Azərbaycanda transların içində olduğu mürəkkəbliyə toxunaraq cəmiyyətin gözardı etdiyi bir çox həqiqəti işıqlandırır. Bizim təcrübələrimizdən ərsəyə gələn araşdırmaya görə ortaq olan və həll edilməsi lazım olan problemler bu yazıda öz əksini tapacaq. Aldığımız müsahibələr yaşadığımız zorakılığı və istismarı gün işığına çıxardaraq mübarizəmizi göz önünə sərir.

   İlk müsahibimiz trans-feminist aktivist və transfobiya ilə üzləşmiş Aleks Şah deyir ki,  Azərbaycanın təhsil sistemi onun qısnama ilə üzləşdiyi ilk mühit  olub:

“İbtidai sinifdə feminin kimliyimin görünən olması fobik sistemi mənimlə üz-üzə gətirdi. Xatırlayıram ki, qızlarla dostluq etməyim, toksik maskulin olmamağım və gender stereotiplərinə uymamağım sinif rəhbərim S.Quliyevanın daimi olaraq mənə fiziki zorakılıq göstərməsi, utandırması və qiymətimi kəsməsi ilə nəticələnirdi. Seçim şansım olmadığına görə oğlanların soyunma otağı və tualetindən istifadə etmək məcburiyyətində idim. Günün birində 3 sinif yoldaşım mənim üstümə gəlib, idrarlarını ayağıma etmişdilər. Artıq qız-oğlan tualetlərindən istifadə etməməyə başladım və bu, hələ də davam edir. 8-9-10-cu siniflərdə femininliyim daha gözəçarpan olduğuna görə ikiqat diskriminasiyaya məruz qalırdım. Hər kəs üçün qadağan olunmuş qayda niyəsə qızlar üçün keçərli deyildi. Lakin bioloji cinsimə görə mən bu qaydaları poza bilməzdim. Məsələn, saç uzatmaq, dırnaq uzatmaq, dırnaq boyasından istifadə, ətək geyinmək, makiyaj etmək kimi bir çox özünə qulluq formalarından istifadəm məhrum edilmişdi. Sinif rəhbərim səbəb olaraq mənim bioloji cinsimin buna uyğun olmadığını bildirirdi. 9-cu sinifdə 225 nömrəli məktəbə gəlişim məktəbin şagirdləri və müəllim heyəti tərəfindən böyük reaksiya ilə qarşılandı. Saçımın “uzun” olması, qızlarla dostluq etməyim, ədəbsiz nitqimin olmaması, ümumi “oğlan” anlayışına zidd maraqlarımın olması məktəbdə hər kəsin tanıdığı “vorzakon” şəxslərin və pedaqoji heyətin qıcığına səbəb olmuşdu. Həmin uşaqlar məni daima koridorlarda təhqir edir, küncə çağırır, çiyin atır, sinfimə qalxaraq mənə xəsarət yetirməyə çalışırdılar. Haqqımda məktəbə yalan məlumatlar yayılır, nifrət nitqləri səsləndirilir və seksuallaşdırılırdım. 10 apreldə isə coğrafiya müəllimim S.İsmayılova məni sinif yoldaşlarımın yanında təhqir etdi. Mən dərhal məktəbdən qaçdım və evə gələrək Əli Məlikova yazdım. Məsələni ictimailəşdirdik və mən müxtəlif qurumlara şikayət məktubu göndərdim. Nəticədə isə şikayət etdiyim müəllim və şagird üzrlə cəzalandırıldılar, müəllimə intizam tənbehi (töhmət) verildi."

Digər müsahibimiz trans kişi, trans-aktivist Herman Cavadzadə küçədə qarşılaşdığı şiddət və fobiya ilə bağlı təcrübələrini bizlə bölüşdü:

“Günlərin bir günü gəzmək üçün evdən çıxdım. Bunu çox vaxt edirdim və məni tanıyan insanlar bunu bilirlər. 2021-ci il, mayın 30-u gecə saat 02:30-03:00 radələrində birinci “Torqovaya” ərazisində gəzdim və daha sonra evimin də orda olduğu ara küçələrə getdim. 2-3 küçə sonra yaşadığım ev idi. Bu vaxt mənim qulağımda qulaqlıq var idi. Mən qarşılaşacağım hadisədən bixəbər olduğuma görə heç nəyə fikir vermirdim və sadəcə gəzirdim. Bir anda boynumda bir əl və onun istiliyini hiss etdim. Həmin şəxs boynumu buraxmadan bədənimin sol nahiyəsinə zərbələr vurmağa başladı. Mən ilk dəqiqələrdə nə baş verdiyini dərk edə bilmirdim. Daha sonra şokdan ayıldım və hiss elədim ki, mənə zərbə dəyir. Özümü müdafiə etməyə başladım və onu itələyib, o yerdən qaçaraq uzaqlaşdım. Evin yolunu necə tapdığımı bilmirəm. Sadəcə gözümü açdım ki, evdəyəm. Tək olduğuma görə dostlarıma zəng etdim. Əvvəlcə polisə getmədim. Səbəbi isə həm fiziki ağrılarım, həm də psixoloji cəhətdən özümü hazır hiss etməməyim idi. Hadisədən 1 ay sonra polisə yaxınlaşıb şikayət verdim. Daha sonra 2 polis əməkdaşı ilə hadisənin baş verdiyi küçəyə getdik. Ərazidə bir çox kameralar var idi. Polislər mənə kameralara baxıb, bir cavab deyəcəklərini bildirdilər. Səhv xatırlamıramsa, kameraların işləmədiyi və yenidən baxılacağı deyildi. Bu günə qədər hələ də hadisədən bir xəbər yoxdur. Artıq bir gözləntim də yoxdur, çünki müsbət bir xəbər eşidəcəyimə inanmıram.”

Növbəti müsahibimiz trans qadın Sofia Sumqayıtda polislərlə yaşadığı bir hadisəni bizimlə bölüşdü:

“Hormon adaptasiyasına başladığım ilk zamanlar idi. Həkim yanından çıxmışdım və çox sevincli günlərim idi. Bu hisləri ifadə etmək çox çətindir. Həmin günlərdən birində, axşam 23:30-00:00 radələrində dostumla bulvar tərəfdə gəzmək  qərarına gəldik. Yaz ayları olduğuna görə hava nə çox isti, nə də soyuq idi. Yadımdadır ki, dikdaban ayaqqabılar geyinmişdik, çox qəşəng görünürdük. Özümüz üçün gəzdiyimiz bir anda polis maşını yanımızda saxladı və bizə: “Xahiş edirik, əyləşin. Bu ərazidə bir hadisə baş verib və sadəcə sizdən bir neçə sual soruşacağıq”, - dedilər. Əvvəlcə bizimlə daha sakit danışdılar, çox güman ki, qaçıb əyləşmərik deyə. Şok vəziyyətində hadisəni anlamağa çalışırdıq. Nə etməli olduğumuzu da bilmirdik. Düşüb sakit bir şəkildə bizi maşına əyləşdirdilər və 4 saylı bölməyə getdik. Bu sakitlik onların məskəninə, bölməyə çatana kimi idi. Çatanda artıq saat 01:00 idi. Addımımızı içəri atan kimi rəftarları tamamilə dəyişdi. Çox qəribə hiss etdik. Dostumla bir-birimizə baxıb, nə baş verdiyini anlamağa çalışdıq. Bizi ayaq üstə saxlayıb gözlətdilər. O qədər əsəb və stres keçirdim ki, bədənimdən buz kimi su axırdı. Biz nə etmişdik axı? Nəyə görə bizi bura gətiriblər? Bir anda gördüm ki, artıq bizim şəkillərimizi çəkməyə başlayıblar. Etirazımı bildirdim və sərt bir şəkildə “Kəs səsini!” dedilər.  Artıq nə edəcəyimizi bilmirdik. Nəhayət bir nəfər ordan ağzını açıb: “Ərazidə baş vermiş oğurluğa görə bunlar saxlanılmalıdır”, - dedi. Bu zaman mən onlara: “Nə oğurluq, siz nə danışdığınızı bilirsiniz?! Bizim bununla heç bir əlaqəmiz yoxdur!”, - deyə hiddətləndim. Oğurluq baş vermişdi. Bu həqiqətdir. Amma bizim bununla bağlı nə məlumatımız, nə də əlaqəmiz yox idi. Bunu bizim üstümüzə atmaq istəmə səbəblərinin başında transfobiya dayanırdı. Trans qadın olmağımız onlar üçün artıq saxlanılma səbəbi idi. Bizi cinayət bombası kimi düşünürlər. Harda cinayət varsa, orda mütləq biz olmalıyıq. Onlar danışdıqca məni hirs bürüyür və qışqırmaq istəyirdim. Onlara dedim ki: “Bəsdirin də. Niyə belə edirsiniz ki?” Həmin şəxslər sadəcə: “Kəsin səsinizi. Sizinlə sonra danışacağıq!”, - deyirdilər. Bizi işıqsız, rütubətli, hava almayan bir otağa saldılar. Boş 4 divar, zil qaranlıq. Dikdaban ayaqqabıda saatlarla ayaq üstündə çox bərbad bir şəraitdə qaldıq. Gəlib-gedən: “Bu petuxları niyə gətirmisiniz?! Köklərini niyə kəsmirsiniz?! Petuxlarla bağlı tədbir görmək lazımdır! Cəmiyyətə qarışmamalıdılar! Nəyə lazımdılar?! Mundarçılıqdı, əxlaqsızlıqdı!”, - deyirdilər. 7 saat o otaqda susuz, havasız qaldıqdan sonra əsl cinayətkarı tapıb bizi buraxdılar. Bizi murdar ət parçası kimi tutub çölə atdılar. Artıq gedə biləcəyimizi, bizə ehtiyac olmadıqlarını dedilər. O qədər əsəb, stres, aclıq, susuzluq, ağrı və yuxusuzluqla yanaşı, biz evə necə gedəcəyimizi düşünürdük. Üstümüzdə bir qəpik belə yox, o dikdabanlarla necəsə evə getməli idik. Bu, bizim başımıza niyə gəldi? Biz sadəcə gəzib, daha sonra evimizdə rahat yatmaq istəmişdik. Eyni bu şəkildə də olmalı idi. Amma biz gəzintimizi səbəbsiz və günahsız oluğumuz halda, o 4 divarın arasında yekunlaşdırmaq məcburiyyətində qaldıq.”

Transfobik streotipin növbəti nümunəsi olan bu hadisə onu göstərir ki, hər hansı səbəbdən bir cinayət işi törədilibsə, ilk şübhəlilər LGBTQ+lardır. 

“Femisid Azərbaycan” platformasının təsisçisi olan Nərgiz Muxtarova bir çox məsələlərə aydınlıq gətirdi:

 - Mən femisidlərlə bağlı 2021-ci ildən etibarən media vasitəsi ilə kriminal xronikanı monitorinq edirəm. Orda rastlaşdığım hallara, təbii ki, transfob femisidlər də aiddir və onları monitorinq nəticəmizə daxil edirəm. Daha çox bizə maraqlı olan hissə şəxsin gender əsaslı zorakılıq nəticəsində qətllər idi və burda bəzi hallar xüsusiilə trans qətlləri ilə bağlı bizim diqqətimizi çəkir. Femisid gender əsaslı zorakılığın ən ekstrim formasıdır. Transfob femisidlərlə Azərbaycan mediasında çox az rastlaşırıq. Düşüncəmə görə, media xəbəri yayanda trans qadınların özlərinin bəyan etdikləri adlarla yaymır. Ad dəyişilməyibsə, onların şəxsiyyət vəsiqəsində olan ad-soyadla yayır. Bu halda xəbərin detallarında məlumat verilmirsə, biz onun trans kimliyini müəyyənləşdirə bilmirik, bu asan olmur. Digər bir məsələ trans icmanın təhlükəsizliyi ilə bağlı qapalı olmasıdır. İcma qapalıdır və icmaya çatmaq asan deyil. Mən bir neçə dəfə cəhd etmişəm və Əvəz Hafizlinin öldürülməsindən öncə məni ona yönləndirmişdilər. Təəssüf ki, Əvəz özü də fobik əsaslı qətlin qurbanına çevrildi. Biz icmaya çata bilmirik deyə, əslində icmanın daxilində zorakılıq və ya qətl hadisələri baş verirsə, bunun ictimailəşməmək ehtimalı olur. Sadəcə o halda məlumat tapa bilirik ki, media özü transfob yanaşma ilə xəbəri paylaşır. Özləri xüsusi olaraq şəxsin trans qadın və ya trans kişi olduğunu vurğulayırlar. Bu hallarda bizim məlumata çıxışımız olur. 

- Polis bölmələrində transların hüquqları ilə bağlı rast gəlinən  problemlər hansılardır?

- Mediadan bildiyim bir xəbərdən danışacağam. Tranfobiya ilə bağlı polis bölməsinə olan qrup halında şikayətlərə cavab olaraq dövlət qurumu bizim qanunvericiliyin belə bir sosial qrup halını tanımadığını deyib. Başqa sözlə, belə bir sosial qrup yoxdur, ona görə də bu şikayəti cavablandıra bilmirlər. Əslində konstitusiyanın 25-ci maddəsi istənilən halda ayrı-seçkiliyi qadağan edir. Burda xüsusi olaraq cins vurğulanıb, amma gender kimliyi vurğulanmır. Lakin istənilən sosial qrupa qarşı gender əsaslı ayrı-seçkilik bu maddə düzgün təsnif olunarsa, adekvat araşdırılmalıdır. Təəssüf ki, xüsusilə orda cins sözünün vurğulanması və yaxud “Gender bərabərliyinin təminatları haqqında” qanunda gender sözündən sonra “kişi və qadın” sözlərinin xüsusi bildirilməsinə görə polis və ya prokurorluq işçisi bu bəyanı rahatlıqla verə bilir ki, belə bir qrup tanımırlar. Ona görə də zərərçəkənlərin trans olduqlarına görə üzləşdikləri zorakılıq hallarını araşdırmırlar.

2017-ci ildə LGBTQ+lara qarşı kütləvi şəkildə polis zorakılığı baş vermişdi. Onlar əsassız yerə saxlanılmış, həbs olunmuşdu. Bəziləri inzibati həbs cəzası almışdı. Həbs olunduqları müddətdə saxlanılma şəraitləri kiyafət qədər ləyaqəti alçaldan formada idi, saxlanılanlar qeyri-insani rəftara məruz qalmışdılar. Həmin vaxt zərərçəkənlər şikayət etməkdə çox çəkinirdilər. Çünki insanlarda belə bir təsəvvür yaranıb ki, həmin orqanlar onların problemini həll etməyəcək, əksinə, şikayət edildiyi zaman belə ikiqat zərərçəkənə çevriləcəklər. Məsələn, hesabata daxil etdiyimiz və kifayət qədər narahatlıq doğuranlardan biri də trans qadın Nurayın xüsusi amansızlıqla qətli idi. Məhkəmə onun qatilinə sadəcə 9 il həbs cəzası vermişdi. Biz düşünürük ki, bu, əslində məhkəmə sistemində olan transfob yanaşmanın nəticəsidir. Çünki bu hal digər bir şəxsə qarşı baş versəydi, 9 bıçaq zərbəsi ilə adam öldürən və  onu əli-qolu bağlı şəkildə yandıran həmin şəxs sadəcə qəsdən adam öldürmə maddəsi ilə cəzalandırılmazdı. Qəsdən adam öldürmənin minimal cəza həddi 9 ildir. Məhkəmə belə əsaslandırır ki, onun hüquqi varisi – anası şikayətçi olmayıb. Ancaq bu, məhkəmədə əsas kimi göstərilə bilməz. Məhkəmənin öz təşəbbüsü ilə də bu qərar verilə bilərdi. Digər oxşar hadisələrdə xüsusi amansızlıq maddəsi tətbiq edilərək daha ağır cəzalar olduğunu görə bilirik. Həm məhkəmənin, həm hüquq-mühafizə orqanlarının, bəzən hətta trans şəxslərin ailələrinin belə transfob yanaşması bu işlərdə cəza mexanizminin normal işləməməsinə, minimal cəzaların olmasına və ya ümumiyyətlə cəzasızlıq mühitinə şərait yaradır.

- Hadisələrin baş verməsinə səbəb olaraq nəyi görürsünüz?

-  İnsanların diskriminativ, zorakı davranışlarının heç bir şəkildə cəzalandırılmaması, əksinə, “mükafatlandırılması” bu yanaşmaların güclənməsinə səbəb olur. Adətən ailə özü tərəfindən qəbul etmir, dövlət özü tərəfindən qəbul etmir və bunlara görə də bu yanaşma dəyişmir. Bu yanaşmanın dövlət mediası tərəfindən və yaxud dövlətin yanaşmasını dəstəkləyən yandaş media qurumları tərəfindən mütəmadi propoqandası aparılır. Vəziyyəti dəyişmək istəyən qruplar kiçikdir və əllərində çox limitli imkanlar var və bu imkanlarla indiki vəziyyətdə dövlətin əlində olan böyük güc, böyük propaqanda alətlərinə qarşı mübarizə aparmaq çətindir. 

- Bu kimi hallara qarşı hansı tədbirlər həyata keçirilməlidir?

- Dövlətin əsas məqsədi bu olmalıdır ki, vətəndaşın təhlükəsizliyini qorusun. Buna görə, insanlar azadlıqlarından müəyyən qədər güzəştlər edir ki, dövlət təhlükəsizliklərini təmin etsin. Bu güc strukturu tamamilə onun əlində olduğu üçün ilkin mərhələdə tanınma önəmlidir. Dünya statistikasında biz görürük ki, genderə daha həssas qərarlar qəbul edirlər. Gender kimliyinə görə zorakılığa məruz qalma halları, gender kimliyinin tanınması halları dövlət tərəfindən qəbul edilmədiyi müddətcə, insanlar bundan əziyyət çəkməyə davam edəcək. Bizim qanunvericiliyimiz ümumiyyətlə genderə həssas deyil. Qanunvericiliyin dəyişdirilməsi, hüquq-mühafizə orqanlarına təlimlər keçirilməsi, genderə həssas şəxslərin orda olması zəruridir ki, bu zorakılıq hallarına xüsusi yanaşma sərgiləsinlər. Zorakılıq faktları ilə bağlı ədalətli cəza mexanizminin tətbiq edilməlidir. 

Azərbaycanda reallıq budur ki, yuxarıdan qəbul edilmiş qərarlar adətən cəmiyyət tərəfindən çox sorğulanmır. Dövlətin əlində kifayət qədər güclü propaqanda alətləri var. Media imkanları genişdir, əhalinin əksəriyyəti də informasiyanı televizordan alır. Düzdür, bu, dərhal bütün cəmiyyətin transfob və diskriminativ yanaşmasını dəyişməyəcək. Ən azından hüquqların bərpası üçün imkanlar yaradacaq ki, daha geniş mənada zərərçəkənlər üçün imkanlar açılsın. Əlbəttə ki, aşağıdan tələb gəlməsi də arzuolunandır. Digər bir tərəfdən isə, biz trans icmadan aktiv görünənlük, etirazlar və s. kimi həddən çox gözləntilər formalaşdıra bilmərik. Çünki insanların təməl ehtiyacları qarşılanmır. Şəxslər təhlükəsiz şəraitdə küçədə yeriyə bilmirlərsə, hansısa dövlət qurumuna müraciət edəndə özlərini təhlükəsiz hiss etmirlərsə, bu insanlardan əlavə aktivizm gözləmək doğru deyil. Bəzən ittiham edirlər ki, icma özü nəsə etmir, icma özü çıxmaq istəmir, özü bunları tələb etmir. Halbuki, “dövlət tərəfindən qəbul edilən mövzular”da belə etirazlar kifayət qədər zorakı yatızdırılır. Qaldı ki, dövlət və cəmiyyət tərəfindən qəbul edilməyən, kifayət qədər xoşagəlməz yanaşılan bir mövzuda, habelə küçədə, evdə, cəmiyyət arasında, dövlət qurumlarında bu qədər diskriminativ münasibətlərlə üzləşən hər hansısa bir qrupdan aktiv şəkildə bunu tələb etmək, bunun kampaniyasını aparmasını gözləmək mənə görə ağlabatan deyil. İnsanların özlərini belə bir təhlükəyə atmaq kimi bir öhdəlikləri yoxdur. Çünki təməl məsələ sağ qalmaqdır. 

Əlavə mənbələr: 

Azərbaycanda İİV və LGBT haqqında qanunvericiliyin təhlili

                        Eurasian Coalition on Male Health (ECOM)

                        Leyla S., Yuri Y., Saqib K. (2019)

                        https://ecom.ngo

Azərbaycanda trans qətlləri necə araşdırılır?

                  Anews, QueeRadar (Əminə M. 2020)

                      https://queeradar.com

Azərbaycanda LGBT hüquqları

                      https://az.m.wikipedia.org

Azərbaycanda trans kişi olmaq nə deməkdir?

                      Herman Cavadzadə

                      JAMnews Azərbaycan (2021)

                      https://www.youtube.com

Anna Tağıyeva Meydan TV (2023)

                      https://Transgender qadın başına gələnləri danışır

Aleks Şah Minority (2023)

                      https://minorityaze.org/ana mən qeyri binaram

Müəllif: Pərvin Ələkbər 

İllüstrasiya: Aleks Şah



Powered by Froala Editor