Let's Reconcile with Sea Part 14
By the time we will understand that we are more than just stories from our childhoods
19/Sep/23
2120
Gəl Dənizlə Barışaq
On Dördüncü Bölüm
Yavaş-yavaş anlayacağıq ki, bizlər uşaqlığımızdan bizə miras qalan qəmli hekayələrdən daha artığıyıq.
Naməlum
Həyatımın uzun bir dövründə dibsiz bir suya batırmış kimi hiss etmişəm. Ailə yığıncaqları, dostlarla gedilən şənliklər, ad günləri kimi məcbur qalıb qatıldığım tədbirlərdə o sudan çıxırdım, amma sırf həmin axşamı daha dərinlərə batmaq üçün. İlkinlə tanış olduğum olduğum yay o sudan uzaq qaldığım ən uzun dönəm olmuşdu. Ürəyim aşiq olduğum birinin sevgisiylə alışıb-yanarkən bir də necə bata bilərdim ki? Bir müddət sonra buna o qədər inanmışdım ki, hər necəsə İlkinin çoxdan gözlədiyim xilasedici olub, məni bir daha batmağa imkan verməyəcəyinə inanmışdım. Axırı məyusluqla nəticələnmişdi, çünkü hər nə qədər sevginin hər şeyin öhdəsindən gələcəyinə inanılsa da, onun belə hər şeyi həll edə bilməyəcəyini çox gec öyrənir insan.
Həqiqət isə bu idi ki, İlkin sağ qalsaydı, hətta o boğularammış kimi hiss etdiyim gecələrdə əlini uzadıb məni çıxarmağa cəhd etsəydi belə, alınmayacaqdı. Ona görə yox ki, artıq onun da hər gecə batdığı öz dənizi olduğunu dərk edirdim, ona görə ki, mən o sudan çıxmaq istəməyəcəkdim. Ona görə ki, keçmişin məni dərinlərə dartıb aparan görünməz yük çantasını çiyinlərimdə o qədər daşımışdım ki, bir müddət sonra bu mənə doğma gəlmişdi və o çantanı çıxarıb atmaq həyatıma edə biləcəyim xəyanət kimi görünmüşdü.
Heç vaxt yaşadıqlarımı bir çantanın içinə yığılmış ağır daş yükünə bənzədəcək qədər məcazi danışan biri olmamışdım. Həyatım həmişə yazdığım proqramlar kimi sıfır və birlərdən ibarət idi. Onsuz da bu bənzətməni də qardaşımla qatıldığım terapiya seanslarından öyrənmişəm. Rövşən ilk dəfə bu kəlməni işlədəndə özümü saxlaya bilməyib gülmüşdüm. Amma bənzətməsinə rişxəndlə yanaşdığıma görə yox, əksinə, çox uğurlu və təxminən həqiqəti əks etdirdiyi üçün duyduğum heyranlığa görə. Sözlərin, bənzətmələrin, məcazların, ümumilikdə ədəbiyyatın yaşadıqlarımızı əks etdirməyə bu cür vasitəçi ola biləcəyi həqiqətinə vurulmağım sonralar məni dəli kimi kitab oxumaq eşqinə salacaqdı. Rəfləri gəzib üz qabıqları rəngbərəng kitabların içində məni “Görəsən yazar haqqımdakı bu gerçəyi necə bilib” dedirtdirəcək cümlələr axtaracaqdım. Amma bu çox sonra olacaqdı.
Artıq bu qədər şeydən sonra düşünürəm ki, həyat heç kimi belinə çantasını taxmadan buraxmır. Ən azından mən bu fikirin doğru olduğuna inanmaq istəyirəm. Çünki bəzən insanlar o qədər normal hərəkət edirlər ki, hərdən zibildə olanın təkcə mən olduğumdan şübhələnirəm. Bir az təkəbbürlü səslənəcəyini bilirəm, amma bu düşüncənin həqiqi olmağı məni sakitləşdirir. Bəzən hər kəsin həyatdan öz cəfa payını almadan keçinə bilməzliyi mümkünsüz görünür mənə. Bəzən isə özümə insanların zamanla çantalarını gizlətməkdə çox peşəkarlaşdıqlarını xatırlatmağım lazım gəlir. Eynilə bir vaxtlar mənim də öz çantamı gizlətdiyim kimi. Bir vaxtlar anamın da gizlətdiyi kimi. Atamın, qardaşlarımın, nənəmin - tanıdığım hər kəsin. Amma əvvəl-axır bir gün hamı həyatının o yükün altında qalaraq əzilməyə başladığı dövrünə gəlib çıxır.
***
Rövşənə terapiya almağa qərar verdiyimi deyəndə mənə öz kolleqalarından sahəsində çox peşəkar bir-iki psixoloqun nömrəsini verməyə çalışdı. Bunu edəcəyini heç gözləmədiyim üçün bir az xəyal qırıqlığı, bir az da təəccüblə onun psixoloq olduğu yerdə niyə başqasına müraciət edəcəyimi soruşdum. Cavabında ailə üzvlərinə terapiya keçməyin bir psixoloq üçün heç də etik bir davranış olmadığını dedi. Bunu dünyadakı hər kəsin bilib, sadəcə mənim bilmədiyim hansısa bir beşinci sinif coğrafiya faktı deyirmiş kimi bir tonda deməyi içimdəki həvəsin güzgü kimi düşüb çilik-çilik olmasına səbəb olmuşdu. Uzun bir saat boyunca mən onunla terapiyaya girməkdə, o isə bütün bu cəhdləri hər zamankı təmkinli halı ilə rədd etməkdə təkidli qaldı.
“Niyə başa düşmürsən, bu sən olmalısan”, - dedim ən axırda. Bu halımdan heç xoşum gəlməsə də, yenə o çırtma vursan ağlayaq həddə gəlmişdim.
Dərindən ötürdüyü köksün təslimiyyət olmasına ümid edərkən olmayacağı təqdirdə qapını çırpıb getməyə hazırlaşdım.
“Bax, bu, iş prinsipi məsələsidir”, - dedi. Eynəyini düzəldərkən mənə deyil, ora-bura baxmasından qəlbimi qırmamaq üçün doğru kəlmələri tapmağa çalışdığını görə bilirdim. “Mənim ailə üzvlərinə seans keçməyim düzgün deyil və prinsiplərimə ziddir, amma bu qədər təkidlisənsə, mən sadəcə başqa bir psixoloqa müraciət etməyə hazır olana kimi səni hazırlaya bilərəm.”
“Deməli, bu həqiqi terapiya seansı olmayacaq?”
“Bu, söhbətimizin axışına baxacaq. Amma məcburən qardaşın olduğumu sənə unutdurmalı olacağam. Ora gələndə sən də belə fikirləşsən, yaxşı olar.”
“Rol oynayacaqsan?”
“Yox, sadəcə məsələyə psixoloq perspektivimdən baxmağı özümə xatırladacağam. Hər kəslə etdiyim kimi.”
“Bəlkə də sən olmasan, daha yaxşı olar?”, - dedim. “Görürəm ki, bu xoşuna gəlmədi.”
“Qaydalar pozulmaq üçündür”, - dedi gülərək. “Məncə, aradabir olması pis deyil. Bəlkə həqiqətən də belə olmağı sənin üçün çox effektiv olacaq. Qoy elə bu birinci seansımızın mövzusu niyə psixoloqonun mən olmağımda bu qədər təkid etdiyin olsun.”
“Necəsə bunun axmaq bir ideya olduğuna məni inandıracaqsan, elə deyil? Ona görə bu mövzunu seçirsən?”
“Yox. Elə bir fikrim yoxdur. İstədiyin qədər mənim seansıma gələ bilərsən. Pulunu ödədiyin müddətcə.”
***
Uşaq vaxtı yayın bitməsini heç istəməzdim. Çünkü əyləncənin də bitməsi demək idi bu. Dərslər başladıqdan sonra küçə fuеbolu, ortadaqaldı, gizlənqaç oynamamaq, lazımsız taxta və diyiсəkli çarxlardan hazırlanmış sanka sürə bilməmək mənasına gəlirdi bu. Amma qəribəsi bu idi ki, o vaxtlar yayımızın nə qədər gözəl keçdiyini təkcə bunlarla deyil, daha çox həmin mövsüm neçə ədəd dondurma yediyimizlə ölçərdik. Əgər həftənin ən azı dörd günü evə dondurma alınmışdısa, ыentyabr gələndə müəllimənin “Yay tətilimi necə keçirdim” adlı inşasını ürəklə yazırdım. Əgər dondurmalar təkcə vafli və ağ süddən ibarət ucuz dondurmalar deyil, daha bahalı, plastik qabda qaşığı ilə, ya da taxta çubuqlarda üstü fındıqlılardan olmuşdusa, digərləri ilə bunu paylaşacağım o dərs gününün başlamasını səbirsizliklə gözlədiyim kimi, inşada da bunu qeyd edəcəyim hissənin gəlməyini xüsusi bir həyəcanla gözləyərdim. Ona görə də qəlbimin bir yerində yayın bitməsi heç də böyük bir dərd deyildi əslində.
Zamanla isə avqustun sonlarına yaxın əsməyə başlayan sərin külək, günlərin qısalması, havanın tutqunlaşması ürəyimi sıxmağa başladı. Göy üzünə bircə baxış ürəyimin qaralmağına bəs edirdi. Nə yayın yay, nə payızın payız, nə tam olaraq istinin, nə də tam olaraq soyuğun olduğu bu dövrlərdə içimə qəribə bir ümdisizlik çökürdü. Göy üzünü zəbt edən qara buludların tutqunluğu hər yerə çökdükcə ürəyimi bir də heç vaxt xoş nələrinsə baş verməyəcəyi hissi bürüyürdü. Böyüyürdüm və böyüdükcə həyat da xırda şeylərdən zövq almaqla təmin olunmayacaq qədər mürəkkəb bir şeyə çevrilirdi.
Böyüdükcə məktəbə getmək istəmədim.
Müəyyən bir yaşdan sonra artıq yayda nə qədər dondurma yeməyimin bir mənası qalmadı. Çünki yay tətilimin keyfiyyətini yediyim dondurmaların sayıyla deyil, həmin yay digərlərindən necə yaxşı gizlənməyimlə ölçməyə başlamışdım. Daha sonralar bu “ölçü vahidi” hər ayımın, hər ilimin bir dövrdən sonra isə bütün ömrümün keyfiyyətini ölçməyə başlacaqdı. Yeniyetməlik yaşıma yaxınlaşdıqca yaşıdlarım arasında özümü aparma tərzim əvvəlcə əyləncəyə, sonra isə gülüş mənbəyinə çevrilməyə başladı. “Əli sözünü qızlar kimi uzadır”, “Əli əlini qızlar kimi belinə qoyur”, “Əli özünü qız kimi aparır.”
İlk başlarda uşaq ağlımla bunun dostlar arasındakı səmimi bir zarafat olduğunu düşünüb, onlara qoşularaq gülərdim. Hətta bəzən üzlərdə yaratdığım bu gülüşdən həvəslənib, daha çoxunu etməyə çabalayardım. Uşaqlıqdan birlikdə böyüdüyüm, bəziləri ilə bağçaya getdiyim və aralarına aid hiss etdiyim uşaqların istəklərinə qarşı bu cavabım saflıqdan başqa bir şey deyildi. Yenə də onların hərəkətlərindəki səhvliyi lap başdan duymadığımı desəm yalan olar. Ona görə də onları məmnun etmək üçün daha çox güldürmə cəhdlərim əslində onları dayandırmaq istəməkdən başqa bir şey deyildi. Hər dəfəsində bəlkə bundan sonra durarlar deyə ümidli idim, çünkü kim uşaqların gülüş hədəfi olmaq istəyərdi ki? Üstəgəl mənə niyə güldüklərini tam olaraq anlamadığım bir vəziyyətdə.
Səhv etdiyimi qavrıyanda artıq çox gec idi. Artıq bütün məktəb üçün “onlardan” birinə çevrilmişdim. “Onların” nə mənaya gəldiyi ilə bağlı heç bir fikrim yox idi. Bilmək də istəmirdim, açığı. Sadəcə uşaqların bunu deyərkən üzlərində yaranan iyrənc gülüşdən nəsə pis bir mənaya gələn sözün daha abırlı bir versiyası olduğunu hiss edirdim və bu, məni həm qorxudur, həm də üzürdü. Getdikcə isə daha spesifik sözlər çıxdı ortaya: mavi, petux, ibnə, qızoğlan və s. kimi. Bu vəziyyətin ən qəribə tərəflərindən biri isə bu sözləri deyən hər kəsin mənim bunu bilərəkdən etdiyimi düşünməsi idi. Sanki daimi bir şəkildə təhqir olunmaqla ələ salınmağı özüm istəyirəmmiş. Sanki qəsdən oturacaqda bir az əyri oturur, biləyimi hansısa oğlan uşağının qoymalı olduğundan bir az daha əyri qoyur və sözləri lazım olandan bir az daha incə səslə tələffüz edirdim.
Halbuki çox vaxt nədən danışdıqları barədə heç bir fikrim olmurdu. Mənə görə heç də dedikləri kimi incə hərəkətlər etmirdim. Bunun sadəcə fərqində deyildim. Birlikdə böyüdüyüm uşaqların yanında özümü olduğum kimi ifadə edəcək qədər rahat hiss etdiyim üçün niyə belə bir şeyə fikir verəydim ki?
Bir müddət özümü nəzarətdə saxlamağa çalışdım. Bədənimdən ayrılıb, özümü ruh kimi kənardan izləyirdim. Hansısa bir videoda, ya da oturduğum yerdən əksimin düşdüyü güzgülərdə duruşumda olan əyriliyi təsbit edən kimi böyük bir utanc, xəyal qırıqlığı və bu dəqiqə birinin görəcəyi qorxusuyla özümü düzəltməyə çalışırdım – indinin özündə kiminsə məni videoya, ya da fotoya çəkən görəndə sanki məni 220 voltluq cərəyanla vurmağa hazırlaşırlarmış kimi gərginlikdə durmağım bununla bağlıdır.
Çarə kimi gördüyüm başqa bir həll yolu isə hamıdan uzaqlaşmaq idi. Dərslər qurtaranda hər kəsin sinfi tərk etdiyindən əmin olmamış sinfi tərk etmirdim. Evə hər zaman getdiyim yoldan daha uzun digər yoldan gedirdim. Cavabı bildiyim halda əlimi qaldırmırdım. Hansısa müzakirəyə qoşulmaqdan söhbət belə gedə bilməzdi.
Daha çox kiflənmədən buxarlanıb yoxa çıxmağa qərar vermiş su topası kimi hiss edirdim özümü. Necəsə axıntıya qoşulmağın yolunu tapa bilməsəm, olduğum yerdə də qalıb, daha çox kirə səbəb olacaqdım sanki.
Bir ara mən baxmasam, mənə də baxılmayacaq deyə ümidləndim. Səsimi çıxartmasam, mənimlə danışılmayacağını fikirləşirdim. Bununla da növbəti ayı, bir dərs ilini, ən sonda isə məktəbi bitirib qurtulacaqdım. Unudulacaqdım.
Tam olaraq hər kəs mənimlə eyni davranırdı desəm, bəzilərinin haqqına girmiş olaram. Hələ də səmimi bir şəkildə mənimlə münasibətdə olan dostlarım var idi və digərlərinin mənə qarşı olan bu heyvansayağı davranışlarına görə mənimlə birgə kədərlənirdilər. Əsasən qızlar olurdu bu. Bilmədiyim səbəbdən onlarla aram həmişə yaxşı idi. Amma onlar belə bədəni yeniyetməlik yaşının hormonları ilə qaynayan o vəhşi yığınına müəyyən yerə qədər əks çıxa bilirdilər. Mənim yaxınlığımda olmaq hədəf olmaq mənasına gəlirdi çünki. Ən qəribəsi isə o idi ki, qoluzorluların bəziləri qızların məni bu qədər yaxınlarına buraxmalarını qısqanırdılar. “Qızlarını” ələ keçirirəmmiş kimi görünürdüm gözlərinə. Bu da onları mənim haqqımdakı “onlardan” olma teoriyalarını daha alovlu bir şəkildə yaymaqlarına səbəb olurdu.
Mənə qarşı baş verənlər pis bir şey olsa da, o vaxtlar məsələyə bu tərəfdən baxmırdım. günah məndə imiş kimi hiss edərək bu hadisələrin gətirdiyi təlaşı və qorxunu zəhərli hava kimi udurdum. Yeganə ümidim daha pisi ola bilməz ümidi ola bilərdi, lakin həyatda hər şeyin daha pisi ola biləcəyini öyrənməmişdim hələ.
Zamanla bunu da öyrəndim.
Zamanla sözlər kifayət etməməyə başladı. Sıra beldən aşağı məhrəm bölgələri əlləməyə gəldi. Elə bil insan bədəni ilə bağlı onlara qaranlıq qalan hər şeyi mənim bədənim vasitəsiylə öyrənməyə çalışırdılar. Formamın altında heç kəsdə olmayan yeni bir bədən üzvünün varlığını, ya da hansısa orqanın hər kəsdə olub, məndə olmadığını düşünənlər olurdu. Durduğum yerdə ombama vurub qaçmalar, oranı tutub sıxmalar və bir gün əvvəl hansısa porno saytında öyrənilmiş yeni “texnikaların” üstümdəki tətbiqi başladı. Özü də bütün bunlar “onlardan” olan insanlara qarşı edilməli olan bir şeymiş tərzində baş verirdi. Heç vaxt bunu sözlə ifadə etməsələr də hərəkətlərinin arxasındakı motivasiyanın elə mənim özümün istədiyimi fikirləşmələri olduğunu bilirdim. Sanki mənim buna ehtiyacım var idi və onlar bu ehtiyacı ödəyərək mənə yaxşılıq etdiklərini düşünürdülər.
Hətta indi düşünəndə belə ürəyim bulanır.
Bütün bunları nəzərə alanda anam xəstəxənaya yatırıldığına görə qardaşlarımla birgə nənəmin Buzovnadakı evinə göndərilməyimiz və ordakı yeni məktəbə başlamağımız mənim qurtuluş biletim olmalı idi. Bir müddət belə də oldu.
***
Əvvəl Rövşənin etik prinsiplərindən, mənimsə onu bu prinsipləri pozmağa məcbur qoymağımdan qaynaqlanan narahatlığa baxmayaraq seanslarımız çox yaxşı gedirdi. Yetkin iş həyatına atılandan bu yana heç bir şeyi cümə günü evə gəlib televizorda Animal Planet-in heyvanlar haqqındakı sənədli filmlərini izləməyi sevəcəyim qədər həvəslə gözləyəcəyimə inanmazdım. Amma həftədə bir dəfə baş tutan və ancaq bir saat çəkən bu görüşü dörd gözlə gözləyirdim.
Artıq üç ay olmuşdu və Rövşən məni digər psixoloqa yönləndirmə mövzusuna geri qayıtmamışdı. Bəlkə də həmin dövrdə anamızın rəhmətə getməsinin təsiri olmuşdu buna. Ya da Rövşən onun seanslarına gəlmək təkidimdə haqlı olduğumu anlayıb, belə davam etməyimizi uyğun görmüşdü. Bunun mənim qərarım olmasını gözləyə də bilərdi. Axır-əvvəl terapiyada hər şey pasiyentin öz seçimi olmalı idi. Bunu seanslarımıza başlayan kimi Google-da psixologiya ilə bağlı apardığım araşdırmalardan öyrənmişdim. Hər şeyin məntiqli tərəfini öyrənməyə olan aclığım sayəsində qısa müddət ərzində psixologiya barəsində xeyli məlumat öyrənmişdim. Bu məlumatlara əsaslanaraq qardaşımın işininin peşəkarı olduğu nəticəsinə gəlmişdim. Oturduğu yerdən büründüyü yad insan kimliyi ilə – bunda o qədər yaxşı idi ki – bəzən onun qardaşım olduğuna şübhəyə düşürdüm. Mənə ünvanladığı suallar qəlbimdəki zərif tellərə toxunurdu.
İndiyə kimi adını belə bilmədiyim hisslərimi ortaya çıxarmışdı. Normalda kimsə “Necəsən?” soruşanda “Yaxşıyam” deyərkən hiss etdiyim hisslər. Mənim kimi universal olaraq sakit insan damğası almış birinin günün böyük bir hissəsini qorxu və qəzəb hiss edərək keçirdiyini öyrənmək özümə belə sürpriz oldu və qəbul etməkdə çox çətinlik çəkdim. Kiçik bir Google araşdırmasından sonra haqqımda olan bu həqiqətin də doğru olduğunu öyrəndim. Sadəcə mən qəzəbimi nələrisə sındıraraq yox? passiv aqresiya olaraq göstərir, qorxumu isə şəkər və yüksək karbohidratlı yeməklərlə ört-basdır edirmişəm. Üstəlik bütün bu poxların hamısı həmişə valideynlərimlə bağlı idi. Bu da onsuz da seanslara qatılmamışdan əvvəl bildiyim bir həqiqət idi.
Amma hər şey bu qədər. Keçmişdə nəsə yaşamışdım və bu? mənim indiki zamandakı gündəlik həyatımı məhv edirdi. Vəssalam. Heç bir Google araşdırması bundan artığını vermir, bundan sonra nə olacağını demirdi. Hətta dünya şöhrətli universitetlərdə işləyən professorların məqalələrində belə sonrası haqqında dəqiq bir fikir yox idi.
Bir nöqtədən sonra bunun içimdə yaratdığı məyusluğun öhdəsindən gələ bilmədim. Ümidsizliyim illərlə çəkən yorucu müalicələrdən sonra elə “Sağaldım” deyəcək ikən hələ də içinizdə olduğunu öyrəndiyiniz xəstəlik kimi geri qayıtdı. Əgər seans alaraq düzəlməyi bacarmış insanlar var idisə – ki, var olduğunu bilirdim – mən heç vaxt onlardan biri olmayacaqdım. Bir sözlə, mənim üçün belə bir şey mümkün deyildi.
Rövşən ruh halımda olan bu dəyişikliyi o dəqiqə tutdu və “Niyə hər şeyə Google-da cavab axtarmağa çalışırsan ki?” soruşdu.
“Mən də beləyəm də”, - dedim tərs-tərs. Əslində eyni evdə böyüməyimizə baxmayaraq Rövşənin heç vaxt bu cür əziyyət çəkmədiyinin və böyük ehtimal çəkməyəcəyinin fərqinə o anda varmışdım və buna çox paxıllıq duyurdum.
“Bunu daha detallı açıqla...”
“Daha detallı açıqlaya bilmirəm. Heç nəyi daha detallı açıqlaya bilmirəm mən. Ona görə də Google-a yazıram. Başqa hara yazmalıyam axı? Başqa kimdən soruşmalıyam axı?”
“Bəlkə özündən?”, - dedi Rövşən.
Güldüm. Gözlərim əsəbdən par-par parıldayarkən hər an partlaya bilərdim. Dərindən nəfəs alıb “Lap əvvəldən sətiraltı, sətirüstü hər mənada mənə bunu çatdırmağa çalışdığını görə bilirəm” dedim. “İnternetdən də eyni şeyi oxuyuram, amma tam anlaya bilmirəm. Təzə-təzə bura gəlməyi sevirdim. Gəlirdim, danışırdım, zırıldayırdım, yüngülləşib gedirdim. İnanırdım ki, bunlar məni düzəldəcək. Həqiqətən inanırdım. Amma indi...”
“İnamını itirməyinə səbəb nə oldu?”
“Nə olmalıdır ki? Mamayla papa həyatımı məhv edib. Bunun mənə yaşatdığı hisslər qəzəb, nifrət və qorxudur. Yaxşı, sonra? Bunları bilmək məni düzəltmir axı, Rövşən. Əvvəlki kimi qalacağamsa, nə mənası var?”
“Qəzəb və nifrət çox vaxt kədərimizin çevrilmiş halıdır. Yəni bir vaxtlar kədərlənmisən ki, indi qəzəblənib, hər şeyə nifrət edirsən. Bilmirəm, görürsən ya yox, bütün bu vaxt ərzində hər şeydən danışmışıq, amma məsələ kədərə gələndə həmişə danışmaqdan qaçmısan. Bunu səni günahlandırmaq üçün demirəm, amma məsələni uzaqdan görməyin vacibdir. Heç bir hissin səndə olduğunu bilməklə, ya da haqqında oxumaqla o “düzələcəyəm” dediyin hala gələ bilməzsən, Əli. Bütün bunlara həll edilməli problem kimi baxma. Kədər həll edilməli problem yox, başqa biri və ya biriləri tərəfindən görülməli, başa düşülməli olan bir şeydir. Kiminsə sənin kədərinə şahid olmağına ehtiyacın var. Ancaq o vaxt məhrum qaldığın güvən hissini geri qaytara və içində dağılmış hissəni bərpa edə bilərsən.”
“Yəni... Yenə danışmalıyam? Axı aylardır onsuzda bunu edirəm. Nədən danışım ki?”
“Bəlkə anan xəstəxanaya ilk yatırılanda yeni məktəbə göndərilməyinin səni necə hiss etdirdiyindən danışaq? Orda baş verənlərdən danışa bilərsən? Qeydlərimə görə hər dəfə bu yerə çatanda danışmaqdan qaçmısan. Həqiqətən də, dediyin kimi, danışılmalı bir şey yoxdur, ya danışılmalı bir şeylər olduğuna görə bu barədə danışmaq istəmirsən?”
Bir sualın necə iki cavabı ola bilərdi ki?
***
Yay tətilində ən sevdiyim fəaliyyətlərdən biri də çərpələng uçurmaq idi. Rövşən məktəb dəftərlərindən qopardığı qoşa vərəqlə nənəmin dəmir peçenye qabından aşırdığı rəngbərəng sap və çit əskilərindən bizə dahiyanə icad kimi görünən möhkəm çərpələnglər hazırlayardı. Sonra həmin çərpələngləri göydə xırda bir nöqtəyə çevrilənə kimi havalandırıb sapını bizə verərdi. Bəzən o qədər kiçilərdi ki, sapı əlimdə olmağına və dartınmağına baxmayaraq dəqiqələrlə gözümü qıyıb, səmada həmin ağ nöqtəni axtarardım.
Yeni məktəbdə yaşanan hadisəni də həmin çərpələng kimi o qədər özümdən kənarlaşdırmağa, o qədər uzaqlara qovmağa çalışmışdım ki, sapı ruhuma sancılmağına və ora-bura dartınarkən ağrıtmağına baxmayaraq məsələ barəsində düşünməyə gələndə gözlərimi qıyıb, həqiqətən nələr olduğunu güclə xatırlayırdım.
Ya da xatırlamaq istəmirdim deməliyəm.
Başa düşəcəyiniz qədəri ilə yeni məktəbdə də işlər xeyrimə olmadı. Eyni səhvi yenidən etdim. Uşaqların ilk başlardakı səmimiyyətini səhv yozdum. Bu dəfə fərqli olar deyə düşünmədim belə. Qeyri-ixtiyari özümü gizlətməyə səy göstərmədim. Özümü gizlətməyi, hərkətlərimi, danışıq tərzimi sərhədləməyi hələ yaxşı öyrənməmişdim. Bəlkə də bu insanların içindəki yaxşılığa olan kor-koranə ümid idi. İnsanların, xüsusən də o yaşda olan uşaqların qəddar ola biləcəyinə necə inanmaq olardı ki? Bütün o dərsliklərdə, televiziyada, dini rəvayətlərdə, şeirlərdə və romanlarda universal saflıq simvolu kimi qəbul edilmiş uşaqlığa xəyanət olardı bu. Amma o vaxt bunu anlamadığım kimi, yeni yoldaşlarımın ilkin səmimiliyinin də nə qədər irəli gedə biləcəklərini ölçmək üçün olan addım olduğunu anlamamışdım.
Beləcə qısa bir vaxtda halım köhnə məktəbimdəki vəziyyətdən daha pis oldu.
Bir gün artıq “onlardan” olduğuma əmin olmuş və özlərini gələcəyin əsl kişiləri hesab edən sinfin beş oğlanı dərsdən sonra onları gözləməyimi tapşırdı. Bunu eşidəndə qorxudan mədəm ağrımışdı. Axırının pis bir şey olacağını anlasam da, dediklərini etməyəcəyim təqdirdə daha pis olacağından qorxaraq çağırışlarına boyun əymişdim.
Məni məktəbin arxasındakı zibil qablarının qoyulduğu və sadəcə küçə itləri ilə pişiklərindən başqa canlının olmadığı yerə Zakir aparmışdı. Zakirin anası ilə anam eyni sinifdə oxumuşdular və rəfiqə idilər. Lakin bu, vəziyyətimi yüngülləşdirmirdi, çünki Zakirin mənimlə olan yaxınlığından xəbərdar olan kimi onu da ələ salmağa, “petuxun dostu” adlandırmağa başlamışdılar. Ona görə Zakirin də mənə qarşı dönməsi uzun çəkməmişdi. O, buna məcbur qalan qurban deyildi. Əksinə, bundan həzz aldığını belə deyə bilərdim. Məktəbdə məruz qaldığım davranışı ağzından qaçıracağından və beləcə bizim evdəkilərin də bundan xəbəri olacağından qorxduğum üçün heç bir şey deyə bilirmirdim.
Həmin yerə çatanda dəstə başçısı Adil irəli çıxıb qarşımı kəsmişdi. Hamısının üzündə güclə tutub saxladıqları iyrənc gülüş var idi. “İstəyirsən?”, - soruşmuşdu Adil. Əlini şalvarının qarşısına qabağına tutub orasını ovuclamışdı.
Nə demək istədiyini anlamışdım. Bu, axır vaxtlar məni görən kimi söhbətlərini saxlayıb gülüşmələrini, arxamca çıxardıqları iniltiləri izah edirdi.
Heç vaxt o qədər qorxduğumu xatırlamıram. Ürəyim elə çırpınırdı ki, az qala partlayıb öləcəkdim.
Kaş ki, elə də olardı.
Qaçmağa çalışarkən iki nəfər məni tutub dairəyə atdı. Qışqırmağa macal tapmamış kimsə ağzımı tutdu. Həmin əldən ağzıma yayılan duzlu dad hələ də ürəyimi bulandırır.
İlk Adil etdi. Sonrada Zakir. Digər dörd nəfərdən biri işin əvvəlindəcə dəhşətə düşüb qaçmışdı. Digərləri qanı görüb, həvəslərini itirmiş olamalı idilər ki, işini bitirdikdən sonra Zakirin fəxrlə etdiyi dəvəti rədd edib “Gəlin gedək”, ya da “Qaçaq” kimi sözlər dedikdən sonra ard-arda ordan ayrıldılar.
Evə necə qayıtdığımı xatırlamıram. Amma necəsə bacarmışdım.
Nənəmə yıxıldığımı dedim. Düzünü desəm, üst-başımın toz-torpaqla palçığa bulaşdığını yenicə görürdüm. Nənəm mübahisə etdiyimdən şübhələndi, amma onu yıxıldığıma inandıra bilmişdim. Beləcə paltarlarımı çıxarıb, çirkli paltar səbətinə atdım. Alt paltarımı görəndə qorxudan ağlamağa başladım, amma o dəqiqə özümü toplayıb, hamama getdim və ləkənin tamamiylə getdiyindən əmin olmamış ordan çıxmadım.
Həmin axşam hadisəni atama deməyə qərar verdim. Bu, könüllü şəkildə cəsarətimi toplayıb ona nəyisə deməyə çalışdığım ilk və son dəfə olacaqdı. Üzünə baxa bilmədiyimə görə üstü par-par parıldayan ayaqqabılarına dikmişdim gözümü. Sözə uşaqların mənə pis hərəkətlər etdiyini deməklə başladım.
“Dava eləmisən? Döyüblər səni?”
Necə nəql edəcəyimi bilmədiyimə görə susdum.
“Cavab ver də, nə ediblər sənə?”
Ağlamağa başladım.
Elə o saniyəcə nəhəng əli ilə üzümə şilləsini yapışdırdı. Başımdan ildırım vurmuş kimi hiss etdim. Qulağım cingildəyərkən görmə qabiliyyətimi itirirəmmiş kimi qorxmağa başlamışdım. Ayağa qalxmağa çalışarkən yerə yıxılır, bir tərəfdən də heç nə görmürdüm. Sonra nənəm “Bilirdim ki, dalaşıb. Bax bilirdim ki dalaşıb” deyərək o biri otaqdan özünü içəri atıb, atamı sakitləşdirdi.
Gecənin bir yarısı hamımız yatandan sonra atam bir də otağıma gəldi. İşığı yandırmadan içəri keçib, çarpayımın kənarında oturdu. Bacardıqca büzüşüb əks tərəfə çəkilərkən bir yandan da ağırlığı ilə çökmüş hissəyə tərəf yuvarlanacağımdan qorxdum.
“Döyülmüsən?”, - soruşdu. Üzü o qədər qaranlıq idi ki, dodaqlarının hərəkəti belə seçilmirdi. “Vurmayacağam. Düzünü de.”
“Döyülmüşəm”, - dedim.
Sakitlik uzandıqca beynimdə atamın bu dəqiqə məni boğmağa başlayacağı haqqında ssenarilər yazılmağa başladı. Bəlkə də həqiqəti desəydim, olan elə bu olacaqdı, amma atam “Səni idmana yazdıracağam” dedi. “Zəifsən. Bu nədir? Biz döyülməmişik bəyəm?” dedi. Sonra qalxıb otaqdan ayrıldı.
***
Bu sakitlik çox tanış idi. Zəhləm gedirdi bu sakitlikdən.
Rövşən mat-məəttəl baxışlarla öz kürsüsündən mənə baxarkən gözlərinin dolduğunu görə bilirdim. Dişlərini sıxdığı üçün çənə xətti şişmişdi. Səsli şəkildə nəfəs alıb-verərkən nəfəsi titrəyirdi. Ayağının üstünə aşırdığı ayağını bir0birindən ayırmamağa qətiyyət göstərərkən yumruğunu ağzına dirəmişdi. Hələ də qardaşım yox, yad bir psixoloq rolunu oynamağa çalışırdı. Bəlkə həmin anda o da atam kimi bunu eşitməmiş olmağı istəmişdi?
“İnanmaq istəmirsən, düzdü?”, - dedim. “Papa kimi.”
Rövşən ayağa qalxıb yanıma gəldi. Əllərimi əlinə alıb ovuşdurdu, sonra öpüb yanağına qoydu. Nəsə deməyə çalışdı, amma o an deyəcəyi bütün sözlər mənasız olacaqdı. Nə deyə bilərdi ki? “Niyə mənə demədin?”, ya “Niyə indiyə kimi bir kəlmə də danışmamısan?”. Yoxsa bu “Sən tanıdığım ən güclü insansan” kimi cümlələrdən biri olacaqdı? Ya bunu başa düşdüyü, ya da ağzını açsa, qəhərindən bir kəlmə belə deyə bilməyəcəyini anladığı üçün susurdu. Sonra qollarını uzadıb, məni qucaqladı. Aylardır olmağa çalışdığı yad psixoloq kimi yox, əsl qardaşım kimi qucaqladı məni.
Özümü saxlaya bilməyib hönkür-hönkür ağlayaraq: “O başa düşmüşdü... Papa başa düşmüşdü... Deyən kimi başa düşmüşdü... Deyən kimi...”, - təkrarladım. Bir tərəfdən də Rövşənin sinəsini yumruqlayırdım. Özümə hakim ola bilmirdim. Bütün bunlar onun günahı imiş kimi, sanki bu qədər vaxtı o da hər şeyi bilirmiş kimi vururdum ona. Rövşən isə var gücü ilə məni qucaqlayıb. bir an belə buraxmadı. Sakitləşib, gözlərimi bir yerə dikib dayanana kimi məni qucaqlayıb əzizlədi.
Axır ki, demişdim. İllər sonra bu hadisəyə görə özümdən başqa birini günahlandıra bilmişdim. Axır ki, kiməsə içimin nə qədər yandığını göstərə bilmişdim. Və bu, qardaşım olmuşdu. Onu seçməyimin səbəbi bu idi. Artıq ikimiz də bunu anlayırdıq. Ailəmdən biri olduğu üçün onu seçmişdim. Azdan-çoxdan illərdir içimdəki ata boşluğunu doldurduğu üçün onu seçmişdim. Mənə qarşı həmişə mərhəmətli olduğu üçün onu seçmişdim.
Həmin hadisədən sonra məktəbdəki hadisə bir də təkrarlanmadı. Bir vaxtlar məktəbdəki yeganə əyləncələrinin məni məsxərəyə qoymaq olan uşaqlar, xüsusilə də həmin altı nəfər məndən uzaq gəzməyə başladılar. İstədiklərini aldıqları üçün belə edirdilər, yoxsa istəmədiklərinin bu olduğunu anladıqları üçün? Nə mən soruşdum, nə də onlardan biri dedi.
Heç vaxt həqiqətən məktəbin arxasındakı o zibillikdən evə qayıtmamışdım. O uşaq həmişə ordakı palçığa uzanıb qalmışdı.
Bu gün isə artıq evə qayıdırdı.
Ardı var…
Powered by Froala Editor