Let's Reconcile with Sea Part 15
What kind of man is he who doesn't try to make the world a better place?
29/May/24
2131
Gəl dənizlə barışaq
On beşinci bölüm
Müəllif: Novruz Novruzov
O kişi necə kişidir ki, dünyanı yaxşı yerə çevirməyə çalışmır?
Naməlum
Bir neçə il sonra...
Gözümü hamının möcüzə adlandırdığı ağ otaqda açıram. İlk gördüyüm şey nənəmin müxtəlif yay tərəvəzlərindən bağladığı turşu və kompot balonları olur. Yuxuya getməzdən əvvəl də son gördüyüm əşyalar bunlar idi, amma o vaxt qorxu kinolarındakı daxili orqanlar, ya da vaxtından əvvəl doğulmuş körpələrin qoyulduğu spirtli qablar kimi görünmüşdülər. Buna baxmayaraq bu gecə də yatmağa bura gələcəyimi bilirəm, çünki otaq çox sərindir və bir vaxtlar qorxduğum şeyləri nəzərə alanda bunlar nədir ki?
Əvvəllər yay tətillərində bura gələndə ailəlikcə ağ otaqda yatmaq üstündə mübahisə edərdik. Hər kəsin orqaniklik axtarışında olduğu bu dövrdə insanı kondisionersiz sərinliklə təmin edən bu otağı həmişə valideynlərimiz ələ keçirirdi. Xüsusilə də bura döşək atıb yatmaq ideyasını ilk dəfə irəli sürmüş atam. Bizim ailədə həmişə evə pul gətirənin hər şeyin üstündə son qərara sahib olduğu inancı olduğuna görə heç kim atama qarşı çıxmazdı. Onsuz da mənim mübahisə dediyim şey də cavabının “Yox” olacağını bildiyimiz halda “Olar, bu yay Ağ otaqda mən qalım?” sualını israrla təkrarlamaqdan başqa bir şey deyildi.
İl boyu otağı konservlərini saxlamaq üçün istifadə edən nənəm otağın axırıncı sahibinin kim olacağını vecinə almazdı. O, sadəcə hər il əhənglə boyadığı və yayın ən qızmar çağında belə insanı yorğanla yatmağa məcbur edən bu otaq barəsində dəfələrlə eşitdiyimiz əhvalatları dil boğaza qoymadan danışmağı sevərdi: otaq əhəngə görə sərin olurmuş; babam ölməzdən əvvəl “Haranı sökürsünüzsə, sökün, bircə bu otaqdan başqa” deyirmiş; qonşulardan da yayda bura yatmağa gələnlər olurmuş və s. kimi əhvəlatlar.
Bu yay isə otaq mənə aiddir. Bir də Nicata, amma onun işinə görə burda qalmağa hər gün gələ bilmədiyini nəzərə alanda çoxluqla mənə. Belə baxanda “Bu yay isə otaq mənə aiddir” deməklə sırf mənə aiddir demək istəmirdim. Demək istədiyim şey, ilk dəfədir ki, bura gələndə ailəmdən heç kimin nə deyəcəyini düşünmədən bura çantamı atıb yata bilməyimdir. Sizə mənasız görünə bilər, çünki bu yay bağa məndən başqa heç kim gəlməyib, amma yenə də bütün ömrü boyu başqalarının istəklərini özününkülərdən üstün tutmuş biri kimi mənim üçün kiçik bir uğur sayıla bilər.
Ayaqlarımı yataqdan çıxarıb parketin buz kimi sərin səthinə qoyuram. Bu qədəri belə bədənimi üşütməyə bəs edir. Bir az gərnəşib o yan-bu yana dartınıram. Belimdən, boynumdan çıxan xırçıltı və qırılma səsləri dartınmanın verdiyi rahatlıqdan daha xoş gəlir mənə.
Qalxıb çölə çıxıram. Buzovnanın istisi ilə nəmi havadan heç gözlənilməyəcək dərəcədə bir qatılıqla hər yerimi bürüyür. Pilləkənləri qalxıb çarhovuza gedirəm və sərin sudan ovuclayıb üzümə çırpıram. Licky həyətin o başından varlığımı hiss edib hürməyə başlayır.
“Sabahın xeyir, nənənin bir dənəsi. Əl-üzünü yu, gəl yuxarı. Qarpız kəsmişəm. Ətə dönməmiş gəl ye. Gəl. Pendir də var. Gəl.”
Dönən kimi eyvanda əsasına söykənərək oturuş nənəmə baxıram və “Yenə ora aparmısan? Sabahın xeyir” deyirəm.
“Neynim, oğlum, hərəkət lazımdır. Həkim “hərəkət elə” deyir. Gəl, otur.”
Üzümdəki suyu sıyırıb yerə çiləyirəm və nənəmin yanına qalxıram.
Nənəm gəldiyimi görən kimi əli ilə süfrəyə daraşmağa çalışan milçəkləri qovmağa başlayır və: “Gəl otur. Nə qədər sərindir ye. Gəl.”, - deyir.
Əvvəlcə yanağını marçıltıyla öpürəm.
Bunu hər gün etdiyimə baxmayaraq yenə onu öpməyimin yaratdığı sevinc qarışıq həyəcanla yaşlı adamdan gözlənilməyəcək bir güclə başımı tutub özünə çəkir və hər iki yanağımı öpüb: “Allah saxlasın səni. Allah yolunu açsın, inşallah”, - deyir.
“Yenə naçnoydasan? Əxlaqsız olub getmisən ha, öz aramızdı.”
“Aaa biabır olasan səni elə”, -deyir nənəm. “İstidir e, balamsan. Canım çıxır istidən.”
“Bığlarını da almamısan, ay qız”, - deyirəm. Dodaqlarındakı kaktus tikanı kimi uzanmış ağ bığcıqlarının üzümə batmağını sevmirəm, amma əsl niyyətim onu danışdırmaqdır.
“Əllərim pinset tutmur, balamsan”, - deyir zarafatımı ciddiyə alaraq. “Lap tutum e, gözüm görmür ki, dartım təmizləyim. Yenə Lalə olsaydı, deyinə-deyinə də olsa, o təmizləyirdi.”
Nənəmin gözləri par-par parıldayır. Burnunu çəkib üzünü bağa çevirir. Səhər günəşinin şəfəqləri altındakı qırışlı üzündə göz yaşından geriyə qalan bir cüt xətt parıldayır. Səhv etdiyimi anlayıram, amma nənəm son zamanlar hər şeyi gətirib anama bağlayır. Üstündən bir ildən çox keçməyinə baxmayaraq kimi görsə, onunla bu barədə danışır.
Artıq bir yerdən sonra bu mövzu o qədər bezdirici olmağa başlayıb ki, nənəmə yazığım gəlsə də, heç nə demirəm və bu səssizliyin hər şeyi düzəldəcəyinə ümid edirəm.
Qarpızdan bir dilim götürüb dişləyirəm.
Bunu görcək, nənəm: “Nimçəyə. Nimçəyə qoy”, - deyir, təmiz boşqablardan birini çəkib qarşıma qoyur: “Elə yemə, yüz kərə demişəm, köpəkoğlu, süfrəni batırırsan.”
Fortultuyla qarpızdan iri bir dişləm dişləyərkən yarı süfrəyə, yarı qarşıma itələdiyi boş qaba ağzımdan su damır: “Bı he səyin döki”.
“Nə deyirsən, ay bala. Yavaş-yavaş ye. Nösüvü saxla. Əlindən alımırlar ki”, - deyinə-deyinə nənəm köhnə tişörtümdən kəsdiyi əski ilə süfrəni qurulayır.
“Bu heç soyuq deyil ki,”, - deyirəm. “Nə vaxt kəsmisən bunu?”
“Nə bilim, bala, sən durmamış kəsim dedim. Gün çıxmamışdı hələ”, - deyərkən nənəm mənə baxmır.
Artıq nə baş verdiyini anlayıram. Anam rəhmətə getdikdən sonra evin içində nənəm kimsəsiz qəsrlərdə süzülən narahat ruhlar kimi fırlanır. Zaman anlayışını itirib. Öz-özünə sayıqlamağa, deyib-gülməyə başlayıb. Bəzən danışıqlarına qulaq verir, ailə üzüvlərimizdən kimlərinsə adını eşidirəm. Ən çox da anamın adı olur bu: Lalə.
Qəribə də olsa, nənəm öz-özünə onunla danışarkən heç vaxt ağlamır. Əksinə, həmişə gülür. Deyəsən nə baş verdiyini anlayıram. Mənimlə anam arasında olmuş o rahatladıcı danışıqdan onlar arasında keçməmişdi. Anam məndən üzr istəyəcək qədər cəsarətini toplasa da, öz anasıyla belə bir danışığa heç vaxt hazır olmamışdı. Bəlkə də bu, elə anaların etməli olduğu bir şey olduğu üçün o da həmin üzrü nənədən gözləmişdi?
İndi nənəmin öz-özünə danışmağı da qaçırdığı fürsətlərin yasıdır əslində. Yəqin ki, nənəm bunu anlayır və heç vaxt qızını qarşısına qoyub keçmiş barəsində ciddi-ciddi danışmadığı üçün heyfslənir, buna görə də o, heç vaxt baş tutmamış danışığın müxtəlif versiyalarını beynində canlandırır. Ümid edirəm, onların birində anam onu birdəfəlik bağışlayar.
Gərək qarpız barədə fikrimi özümə saxlayaydım.
“Amma bomba gedir” deyə səhvimi düzəltməyə çalışıram. “Yayınkı qarpızdır. Necə olur olsun, həmişə ləzzət edir”. Öz dediyimi təsdiqləməyə çalışmaq üçün pendir dilimini ağzıma soxmaq kimi qəribə bir yola əl atıram.
Amma nənəm buna inanır: “Onda çörəklə ye. Ala, təndirdir.”, - deyir və dəsmalı qaldırıb dünənki təndir çörəyindən qalan parçanı mənə uzadır.
Atam həmişə “Təndir çörəyini ocaqdan çıxan kimi yeməlisən” deyirdi. Bu, onunla eyni fikirdə olduğum nadir mövzulardan biridir. Buna baxmayaraq nənəmin mənə uzatdığı qayış kimi çörəyə diş vurub dartışdırıram və yeməyə çalışıram. Gülümsəməsi nəyə desən dəyər mənim üçün.
“Mənə bax”, - deyir nənəm birdən. “Yasa gedəcəksən?”
“Kimin yası” deyərək başqa bir qarpızı ağzımda əridirəm.
“Budu burda da. Qonşu. Zakirin oğlu. Sənlə oxumamışdı o uşaq? Nə oldu? Yavaş ye də, dedim sənə, balam. Dalınca qaçmırlar ki, aaa.”
Boğazıma qaçan tumu udub, öskürüb özümə gəlirəm. “Zakirin uşağı vardı bəyəm?”
“Yox idi. Bir həftəlik uşaq idi. Bu boyda” deyərək nənəm sanki bir həftəlik uşaq başqa boyda da ola bilərmiş kimi əllərini aralayıb uşağı göstərir. Yəqin ki, yenə anam yadına düşür ki, ağlamağa başlayır.
Mənsə nə yalan deyim, heç də pis olmuram. Sevinmirəm amma... Nə bilim. Pis adam kimi görünmədən bu hiss necə izah edə bilərəm, bilmirəm. Körpəyə yazığım gəlsə də... Zakir?
Günortaya kimi həyətdə fırlanıram özüm üçün. Nənəmin bağının cənnətə oxşadığı ərəfələrdi indi. Güllər həyətin bu başından o başına kimi çiçək açıb. Qoxusu tiryək kimi adama yuxu gətirir. Arılar ordan-ora, burdan-ora vızıldayır. Əriklər yetişib, yerə tökülüb. Albalılar qan qırmızısıdır. Alçalar saralıb. Almalar o müqəddəs kitabdakı kimi gəl-gəl deyir.
Nənəm onlara hər baxanda sanki bunu bir gündə bacara bilərəmmiş kimi “Dər ye də, bunlardan” deyir. Bilirəm ki, yanında yeməyə başlasam, əlimə bir vedrə verib, hamısını dərdirəcək. Bir vedrə ilə ürəyi sakitləşsə, yenə dərd yarı, şirin dilinə salıb, yeşikləri dürtəcək ayağımın dibinə. Ona görə də o, baxmayanda yeyirəm.
Digər tərəfdən, Nicat o demədən vedrəni qapıb, öz xoşuyla gəlir meyvələri yığmağa. Nənəmin gözünə girməyi bacarıb. O, belə şeylərdə peşəkardır. Keçən gün ona üç yeşik alma, dörd vedrə də ərik yığdırdı. Özü də aşağıda durub ona ehtiyyatlı olmaqla bağlı durmadan xatırlatmalar edərək.
Nicat da onunla danışmağı sevir. Mən isə onlara baxıb mürgüləməyi, fikirlərə dalmağı və heçnə etməməyi.
Bu gün isə fərqlidir. Səhərdən nənəmlə olan söhbətimiz yadımdan çıxmır. Zakirin təzə doğulan körpəsidir məsələ. Bununla bağlı düşünürəm desəm də, əslində belə deyil. İcazə vermirəm özümə bu barədə düşünməyə. Kimsə eşitməsə belə, hətta öz fikirlərimdə belə susuram bu barədə.
Amma fikrim istər-istəməz gah keçmişə, o zibilqabılarının yanındakı palçıqlı yerdə uzanan mənə, ya da az əvvəl xəbəri eşitdiyim ana gedib-gəlir. Hələ də nənəmin “bu boyda” deməyi gözümdən getmir.
Artıq söz açılıb. Etiraf edim ki, hər yadıma düşəndə hiss etdiyim ilk şey sevincdir. Qəddar bir məmnunluq. Səhvliyini anlasam da, özümə mane ola bilmirəm. Nədir bu? İlahi ədalətin bərqərar olması? Yox. Elə bir şeyə inanmıram. Hansısa ədalət olsaydı, yaşadıqlarımı yaşamazdım, amma bu hiss... Əgər bir sözə çevrilsəydi, “axır ki” deyərdi. Necə ki, indi deyir, amma digər tərəfdən, məmnun da etmir məni. Sanki daxilimdəki hansısa canavarı bəsləyir, amma o canavar o qədər acdır ki, bu “tikə” ona bəs etmir.
Günortadan sonra mollanın səsinə oyanıram. Anlamadığım dildə dualar edib, uca bir səslə “Əl Fatihə” deyir. Bundan sonra bir hərəkətlilik qopur küçədə. Danışan insanların mır-mırı, gedərkən ayaqlarının altında qalıb əzilən çınqıllar, maşınların işə düşmə səsi.
Uzandığım yerdən qalxıb, küçə qapısına gedirəm və qapını açıb çölə çıxıram. Bizim evdən Zakirgilin evlərinə kimi küçədə adam doludur. Bəziləri maşınlara minir, bəziləri isə düz bizim evin qabağından keçərək aşağı düşürlər.
Məzarlığa gedirlər. Elə də uzaqda deyil əslində. Tini dönəndən sonra bir kilometrlik məsafədədir.
Qarşımdan keçərkən mənə baxan insanlar qarşısında qəribə hiss edirəm. Kənd əhalisinin şəhərliyə olan baxışları. Salam verənə salam verirəm. “Allah rəhmət eləsin” deyənlərə də “Çox sağ ol.” İnsanlar mənə çaşqın-çaşqın baxır. Sanki “Hardan gəlib bu” deyirlər.
Əvvəlcə şortik-maykada olmağıma görə belə olduğunu düşünürəm, amma sonra qarşılığında “Allah rəhmət eləsin” deməli olduğumu xatırlayıram. Qəribə hiss edirəm. Heç kimlə göz-gözə gəlməməyə çalışıram. Birdən öz-özümə deyirəm: “Sənin burda nə işin var axı?” Elə bil məcburən orda durmalıyam.
Qapıya dönüb içəri keçməyə hazırlaşıram ki, gözlərim onun gözləriylə kəsişir. Dayanıram. Bir neçə addım aralıdan Zakir mənə. mən də Zakirə baxıram. Sağ çiynində balaca tabut var. Özü tək daşıyır. O balacalıqda tabut onun iri cüssəsi üçün heç nədir, amma Zakir durmadan başının üstündən görünməz bir ağırlıq tərəfindən basılırmış kimi görünür. Eyni yaşdayıq. İyirmi yeddi, amma o ən azı qırx kimi görünür. Gicgahlarında ağ tüklər yayılmağa başlayıb. Gözləri sanki bir cüt qara çuxurdan pırtlayıb çıxmış yumru ət parçalarıdır.
Öz təcrübəmdən bir insanın gözlərinin necə və niyə bu hala düşə biləcəyini bilirəm: ağlamaqdan.
Baxışmamız cəmi bir neçə saniyə çəkir. Zakir çiynindəki yükü düzəltdikdən sonra başını aşağı salıb yoluna davam edir.
Düz yanımdan keçəndə “Allah rəhmət eləsin” deyirəm. Birdən birə çıxır bu ağzımdan. Deyən kimi də peşman oluram. Hər şeyə rəğmən niyyətim onu incitmək deyil, amma o, bunu necə başa düşəcək görəsən?
Zakir ayaq saxlayıb başını qaldırır. Tabutun üstünə düşən başını profildən görürəm. Üzümə baxmır. Dərin nəfəs alıb udqunur.
Axınla hərəkət edən bir neçə adam durub çaşqın-çaşqın bizi izləyir.
“Bağışla” deyir Zakir. Deməkdən daha çox sadəcə mənə ünvanlanmış pıçıltıdır bu. Sonra üzümə baxmadan yoluna davam edir. Dediyini heç kim eşitmir. Sadəcə mən və o.
Bilmirəm, nə deyim. Pis hiss edirəm. Ona yazığım gəlir. Çox şey demək istəyirəm, amma yeri yoxdur. Heç vaxt da olmayacaq. Bəzi şeylər elə deyilməsə, yaxşıdır.
Küçədə bircə adam qalmayana kimi orda dururam. Küçənin bir o başına baxıram, bir də bu başına. Günəş dərimi yandırmağa başlayır. Gözlərim qamaşır. İçəri keçirəm. Qapını bağlayıb, ordaca dururam.
Hisslər içimdə dolub-daşır, amma boğuram onları. Belə etməməliyəm. Axı o qədər seansdan sonra bunu öyrənmiş olmalı idim. İndi o seanslara xəyanət etdiyimi fikirləşirəm. Elə bilirəm ki, hisslərimi ifadə etməyə başlasam, ardı ip söküyü kimi gələcək və özümü saxlaya bilməcəyəm. Buna görə də öz-özünə keçmələrini gözləyəcəm.
Beləcə axşam olur. Nicat gəlir. Halımdakı dəyişikliyi o dəqiqə hiss edir. Nənəmi öpüb qucaqlayarkən bir tərəfdən də başını yelləyib “Nə olub” baxışı ilə baxır mənə. Nənəm dil boğaza qoymadan elə hey danışır.
“Heç nə” baxışı ilə başımı yelləyirəm.
Münasib bir vaxtda yanıma gəlir, yavaşca məni qucaqlayıb, “Nəsə olub?” soruşur. “Danış mənə.”
Bir az uzaqdakı tut ağacının altındakı skamyaya keçirik. Ona hər şeyi danışıram. Elə sözümün əvvəlindəcə özümü saxlaya bilməyib ağlayıram. Rövşən bunda heç bir problem olmadığına məni inandırsa da, özümə söz vermişdim ki, bir daha hənəm-mənəm şeyə görə ağlamayacağam. Bunu dəyişdirməyə özümə söz vermişdim, amma budur, yenə burdayıq.
“Bu, hənəm-mənəm dediyin hadisələrdən deyil ki”, - deyir Nicat. “Həyatındakı ən böyük yaralarınla bağlı bir şeydir.”
Bir az təskinlik tapıram, amma hələ də pisəm.
“Bilirsən, məni hirsləndirən nədir? Mənə olunanlar düzgün deyildi. Vəhşilik idi. Yaşımızın neçə olduğundan asılı olmayaraq. Amma yenə də bayaq... Bayaq onu görəndə - Zakiri deyirəm - Uşağının tabutu ilə... Ona yazığım gəldi. Həmişə onu günahlandırırdım. Bilmirəm... Səhər eşidəndə elə sevinmişdim ki... Kimsə buna görə məsuliyyət daşımalıdır. Kimsə bu pisliklərin cavabdehi olmalıdır, amma bayaq o halı ilə görəndən sonra artıq onu günahlandıra bilmirəm. Yazığım gəlir.”
“Mənim ürəyiyumşaq, mənim qəlbi təmiz sevgilim”, - deyir Nicat. Barmaqlarını saçlarıma keçirib sığallayir.
Bir anlıq bunun özümü bu toxunuşlara buraxıb sakitləşməyə çalışıram. Amma ürəyim rahat deyil. “Bir də gəlib-gedən hər kəsin qapaz qoyduğu əfəl olmaq istəmirəm”, - deyirəm.
“Deyilsən ki, Əli”, - deyir o dəqiqə. “Bəlkə də sadəcə onun peşman olduğunu görmək istəyirdin. Vəssalam.”
Bu sözü o qədər doğrudur ki, cavab verməyə lüzum görmürəm. Ürəyim rahatlıq tapır və özümü Nicatın ağuşuna buraxıram.
Axşam yeməyindən sonra özümüzü Ağ otağın sərinliyində tapırıq. Öpüşürük. Hətta Ağ otağın sərinliyi belə bədənlərimizdən yayılan hərarətin qarşısında acizdir. Kiçik pəncərədən düşən həyət işığı onun qarabuğdayı dərisini parıldadır. Alnındakı tər damcıları tellərini bir-birinə yapışdırıb ona bu dəqiqə ilıq duşdan çıxıbmış kimi bir görüntü verir. Bilmirəm niyə, bu görüntüsü məni daha da ehtiraslandırır, kürəyini cızıram. Amma o mənimlə daha incə davranır. Dodaqları boynumda gəzərkən mənim də barmaqlarım onun qolları üstündəki damarları izləyir. Yeni bir ehtiras dalğasının boğazımdan çəkib çıxardığı “Ahh” səsiylə izi itirirəm. Nə axtarıram, bilmirəm. O da bilmir, amma dodaqlarımızla bədənlərimizi kəşf etməyə davam edirik.
Nəhayət ara sakitləşəndə qucaqlaşıb uzanırıq.
“Başını bir az yuxarı qoya bilərsən?”, - soruşur Nicat.
Başım düz qarnının üstündədir. Nəfəs alarkən qalxıb enməyini sevirəm. “Niyə? Xoşuma gəlir axı.”
“Balam, yarım saat bəs deyil?” Gülür. “Qarnımı əzirsən. Ağrıdır.”
Başımı sinəsinə sürüşdürürəm, amma elə o dəqiqə niyə bayaqdan bunu etməkdən qaçındığım yadıma düşür. Pəncərədən düşən işıq gözümü qamaşdırır. Bir az daha yuxarı çəkirəm özümü. “Belə rahatdır?”, - soruşuram.
Cavabı havayla yolladığı səsli öpüş olur.
Yanağımı tüklü sinəsinə sürtürəm. Çıxan xışıltı səsi xoşuma gəlir. Əlimi uzadıb, birini dartıb çıxarıram. İşığa tuturam. O dəqiqə həmin yeri qaşıyıb yanağıma xəfifcə vurur. Baş barmağımla işarə barmağım arasında üç tel pəncərədən süzülən işığın altında qızılı tel kimi parıldayır. Gülürəm. O da mənə qoşulur.
“Bu gün də getməmisən, hə?”
Dənizi soruşur. Bura gəlmə səbəbimizi.
Tükləri ovub atıram. Dərin nəfəs alıb-verirəm. Bu da bir cavabdır. Onsuz da nə deyəcəyimi bilir. Bu mövzuya aid hər şeyin cavabını bildiyi kimi.
“Bəlkə birlikdə gedək?”, - deyir.
“Sənin gəlməyin düzgün olmaz.”
“Bilirəm... Mən sadəcə kömək edə bilib-bilməyəcəyimi öyrənmək istəyirəm.”
“Yanımda olmaqla onsuz da köməksən.”
“Qorxuram ki, bir də heç vaxt dənizə getməyəsən.”
“Çox böyüdürsən”, - deyərək gülürəm. Dediyi şey çox mənasızdır. Amma birdən nə demək istədiyini tuturam. “Hələ də İlkinin aramıza girdiyini fikirləşirsən?”
Bu dəfə susan o olur. Düz təxmin etmişəm. Onu qınaya bilmirəm. Mənasız saydığımız məsələlərə görə bir-bizimizi qınamayacağımıza söz vermişik. “Bilirsən, o gün məzarına getdim.”
“Doğrudan? Deməmişdin.”
“Heç vaxt qəbrinə getməmişəm. Harda olduğunu da bilmirdim. Sorğu-sual, düz bir saat qəbri tapmaqla əlləşdim. Axırda tapdım. Ot basmışdı. Burda heç kimi yoxdur. Bacısı da öləndən sonra anası rayona köçüb gedib. Otları təmizlədim. Səliqəyə saldım. Şəkilsiz qəbir idi. Amma onu orda tapa bilmədim. Bomboş qəbir. Nə demək istədiymi başa düşürsən də? Mənə adi bir qəbir kimi göründü.”
“Onsuz da həmişə onun dənizdə olduğunu deyirdin də. Ona görə deyirəm, dənizə get. Rahatlaşarsan.”
“Məsələ də budur da. Axırıncı dəfə səninlə o konsertə gedəndə dənizə getmişdim.”
“O vaxt özündə deyildin.”
“Nə bilim. Bəlkə də düz deyirsən. Əslində qorxduğum şey bilirsən, nədir? Onu orda da tapa bilməmək. Buna görə uzadıram. Axxx... Bura gəlmək axmaqlıq idi. Hamısı beynimin içindədir, bilirəm. Niyə bu qədər dram yaradıram ki.”
Nicat çiynimi ovuşdurur.
***
“Günəş çıxanda, bir az da külək əsəndə, dənizdə kölgələr yaranır... O vaxt qardaşımı görə bilirəm. Anlıq da olsa, onu görürəm. Həmişə ona oxşar bir kölgə yaranır... Nə deyirsən, gəlmək istəyirsən?”
“Gəl, dənizlə barışaq...”
Oyanıram. Hər şey yuxuya gedəndə necə idisə, indi də elə görünür. Qaranlıqdır. Pəncərədən düşən maili işıq çarpayının ortasında xaç yaradır.
Nicata baxıram, amma üzünü o tərəfə çevirib yatıb.
“Yaxşı, onda bunu kim dedi?” deyə düşünürəm. Yorğanı üstümdən atıb çarpayının kənarına otururam. Ayaqlarımın sərin döşəməyə toxunması məni bir az özümə gətirir. Gözlərimi ovuşdururam. Telefonu yandırıb, saata baxıram. 4:15-i göstərir. Bir azdan günəş çıxacaq.
Yuxu gördüyümü anlayıram, amma nə gördüyüm, kimi gördüyüm yadımda deyil. Sadəcə Sevincin sözləri olduğunu xatırlayıram. “Günəş çıxanda, bir az da külək əsəndə, dənizdə kölgələr yaranır... O vaxt qardaşımı görə bilirəm. Anlıq da olsa, görürəm onu. Həmişə ona oxşar bir kölgə yaranır. Nə deyirsən, gəlmək istəyirsən?”
Sualı öz-özümə verirəm. “Getmək istəyirəm?” Cavab vermirəm, amma hazır olduğumu hiss edirəm. Ya indi, ya da heç vaxt.
Nicatı oyandırmamağa çalışaraq, ehtiyatla şortumla köynəyimi əynimə keçirirəm və çölə çıxıram. Həyət alaqaranlıq və sübh çağı olduğundan sərindir. Dəniz tərəfdə işıqlanma görürəm. Bu, bir az da tələsməyimə səbəb olur.
Küçəyə çıxdıqdan sonra birbaşa aşağı küknar ağacının olduğu yerə tərəfə düşürəm. Şəpiklərimdən çıxan səs qəribə gəlir. Əslində hər şey yuxu kimi görünür. Ya tam ayılmamışam, ya da heç vaxt gecənin bu yarısı harasa getmədiyimə görədir.
İlkingilin evlərinə çatanda ora baxmadan keçə bilmirəm. Halbuki, indi bu evdə onu xatırladan heç nə yoxdur. Başdan-ayağa təmir olunub və içində özgələri yaşayır. Meyvə dükanını da qaraj ediblər.
Digər tərəfdən, yolun ortasındakı küknar ağacı olduğu kimi qalıb. Yuxularımda tez-tez Sevincin məni gözlədiyini gördüyüm küknar ağacı.
Uzaqdan gələn maşının işıqları bütün məhəlləni bir anlıq aydınlığa bürüyür. Özümü toplayıb, yoluma davam edirəm.
Az sonra yosunvari, duzlu qoxu burnuma dolur. Dərindən nəfəs alıram, amma kifayət etmir. Nəyə kifayət etmədiyini özüm də bilmirəm. Dənizə gələndə həmişə belə olur. Bəlkə sadəcə həyəcanlanıram? Bəlkə geri qayıtsam, yaxşıdır? Qorxuram. Bura gəlib İlkini axtarmaq və hansısa əbədi rahatlığa qovuşmaq ideyası indi axmaqlıq kimi görünür. Bunu bir dəfə etmişəm axı. O vaxt az qala boğulacaqdım.
Buna baxmayaraq addımlamağa davam edirəm. Nəsə məni çəkib aparır. Hər şeyin yaxşı olacağına söz verən həmin səs: “Gəl, dənizlə barışaq.”
Şəpiklərimi çıxarıb, ayaqlarımın ilıq quma batmalarına icazə verirəm. Dərimə batan balıqqulağılarından yerişim o dəqiqə dəyişir. İlkin buna həmişə gülər, mən isə əsəbiləşərdim, amma indi bu xatirə mənim üzümdə təbəssüm yaradır.
Dəniz bu gün çox sakitdir. Elə bil o gün İlkini alıb aparan həmin dəniz deyil.
Ləpələr sahilə gələrkən az qala yarpaq xışıltısına bənzər səs çıxarırlar. Sanki kimsə quru yarpağı yerdə bir o başa, bir bu başa aparır. Yavaş-yavaş, sanki öz hərəkətinin sehrinə qapılmış kimi. Səs sanki içimdəki qorxunun boşa olduğunu deməyə çalışır. Ona inanıram və dənizin içinə addımlayıram. Soyuq su ayaq biləklərimə qədər qalxır. Az qala nəfəsim kəsilir. Ürəyim çırpınır. Amma uşaq kimi gülməyə başlayıram.
Başımı qaldıranda, elə bil göy üzünü ilk dəfədir ki, görürəm. İndi mənə daha böyük, daha geniş, daha azad görünür. Anlayıram ki, mən ona həmişə divarların, insanların, sərhədlərin arasından baxmışam. Bu anda isə sadəcə mən və ətrafımı sarmış dəniz var.
Gün çıxıb, qaranlığı udmağa başlayarkən əvvəlcə Kiçik Ayı, sonra Böyük Ayı, daha sonra bütün ulduzlar gecəyə aid olan hər şey kimi yoxa çıxmağa başlayır. Üfüqdə narıncı bir kəmər yaranır və getdikcə genişlənir. Düz ortasından günəş aramla qalxır. Görüntü ilğım kimidir. Gözlərimi qamaşır və əlimi alnıma apararaq qalxan edirəm. Nəhayət üfüqdə düymə böyüklüyəndə parlaq bir nöqtə görünür.
Və bu baş verir. Şəfəqlər yırğalanan suların üstündə milyonlarla, anlıq şəkillər yaratmağa başlayır.
Gözüm onu axtarır. İlkini. Oynaşan qızılı parıltılardan hansısa birinin onun şəklini almasını gözləyirəm. Hansısa ləpənin ona çevrilməyini, hansısa şəfəqin onun siluetini əks etdirməyini gözləyirəm. Amma belə görünür ki, bu gün dəniz mənim üçün tamam başqa şeylər çəkmək niyyətindədir.
Belə ki, çox keçmədən dalğaların arasında uşaqlar oynamağa başlayır. Hansının nə oynadığını, nə etdiyini anlamamış gözdən itirlər, amma yenə də aralarında gizlənqaç oynayan, şəkil çəkən, qarışqalara baxan, çərpələng uçuran, dondurma yeyən, gülməkdən qarnını tutub ağlayan uşaqları seçə bilirəm. Qulaq versəm, az qala səslərini belə eşidəcəyəm.
Onlar mənəm.
Həm də deyiləm axı... Belə uşaqlıq keçirdiyim yadıma gəlmir. Amma uşaqlar burdadırlar, xoşbəxtdirlər və onların hamısı mənəm.
Gəl, dənizlə barışaq... Birdən-birə məni yuxudan oyadıb bura gətirən o səsin hardan gəldiyini anlayıram.
Hansı dənizlə barışmalı olduğumu da bilirəm.
Heyrətdən ağzım açıq qalır. Bu qədər sadə imiş yəni?
Uşaqların arasına gedirəm. Gözlərimi yumuram və arxası üstə suyun üstünə uzanıram. Bədənim dalğaların üstündə süzülməyə başlayır. Rahatam. İlk dəfə. Ömrümdə heç olmadığım olmadığım qədər...
Çünkü sakitlik ürəyimdən gəlir. Daxilimdəki dənizin dincliyindən.
“İlkin də belə istəyərdi” deyə düşünürəm və bu, üzümə gülümsəmə yayır.
SON
Powered by Froala Editor