Human is the greatest danger to human
Zorakı davranış haqqında istənilən haşiyəyə çıxan, ricəti zorakılığın yanına yamayan istənilən bəndə potensial cinayətkardır
19/Mar/19
7171
İnsan insan üçün təhlükələrin ən böyüyüdür. Sağlam düşüncə nədir? Sağlam düşüncə proqressiv təfəkkürdür. O, daim yenilənir, sabit deyil, yerində saymır. O, hər gün daha artıq bilgiylə zənginləşmək istəyindədir. Sağlam olmayan düşüncə nədir? İnsanlara və insanlığa düşmən kəsilən fikir və mühakimə performansı sərgiləmək.
Məsələn - zorakılığı dəstəkləmək.
Zorakı davranış haqqında istənilən haşiyəyə çıxan, ricəti zorakılığın yanına yamayan istənilən bəndə potensial cinayətkardır.
Dostum bir dəfə faciə sanılan məşhərdən daha qorxunc bir fikir deyib məni uzun müddət gecə-gündüz düşünməyə vadar etdi:
- Bir dəllək tanıyıram, geydir. Özün əzib-büzür... Nə başı kəsilməli adamdır. Doğrayaram onu.
Dəhşət içində sual etdim:
- Necə yəni? Doğrayarsan? Axı niyə?
Qaşını çatıb cavab verdi:
- O adamlarla ünsiyyətdə olmaq belə günahdır. Gələcəyimizi məhv edirlər. Uşaqlarımızı pozacaqlar.
Sən demə uşağı bu beyində və bu təfəkkürdə olan ata yox, məhz o dəllək pozacaqmış.
Mən hələ ömrümdə maşını küçə itinin, pişiyinin üstünə sürüb, əzib keçən "cinsi azlıq" görməmişəm. Hələ görməmişəm ki, onlardan biri küçədə tanımadığı adamın arxasınca baxıb yüksək səslə iyrənc kəlmələr işlətsin.
Siz heç qadına əl qaldıran, qadını alçaldan, təhqir edən gey görmüsünüz? Uşaqların haqlarını pozan, uşaqlarla kölə kimi davranan görmüsünüz?
Ya kiminsə haqqını yeyən? Sizi doğramaq istəyən? Yaşamamağınızı arzulayan?
Gələcək və uşaqlar üçün təhlükə mənbəyi hansıdır belə olan halda?
Əksinə, dərinlərdə hamı məhz bircə şeyə əmindir. Bütün "cinsi azlıqlar" ziyansız və qorxusuzdur.
Onlarla niyə məşğulsunuz bu qədər? Siz övladlarınızı niyə radikal qəddarlığınızın fəsadından yox, məhz onlardan qoruyursunuz?
Onlar bunu seçmir. Onlar "azlıq" olmağı könüllü qəbul etmir.
Bir müddət əvvəl çox istədim "lezbiyan" olum. Növ-növ filmlərə baxdım, kitablar oxudum. Məqalələr, araşdırmalar. Qadın sevim istədim. Hiss edim istədim. İçimdən gəlmədi. Demək, seçim və qərar deyil. Demək, bu yaradılışdır. Öncədən var oluşdur.
Övladının "mən"ində bu varsa, qapılar arxasında, divarlar içində saxla. Mümkün deyil. Bir gün partlayış olacaq. Bir gün bir hadisə baş verməsi lazım deyil. Varsa əgər, o, bunu duyacaq. Və təəssüf, dostum, əlindən heç nə gəlməyəcək. Övladını öldürməkdən də imtina edəcəksən. Nədir bu hirs? Öfkə!
Mən "azlıq" olsaydım, bundan utanmazdım. Mənə verilən bu həyatı yaşayardım. Gizli-gizli yox. Lap elə asfalt yolun piyada keçidində hansısa qadın sevgilimlə öpüşərdim. Qoy kim nə deyir desin. Lap öldürsünlər. Hisslərdən ki dönmək mümkün deyil. Sevgi isə bəyan edilməyi xoşlayan nəsnədir. İstəyirsən, içindəkiləri paylaşasan. Bunu yazardım. Danışardım. Qışqırardım.
Deyərdim, burdayam. Gizlənmirəm. Deyərdim, ey, kütlə, mən rəngəm. Mən əlvanam. Günəşin işıqlandırdığı damlalar mənəm. Mən eşqəm. Həqiqətəm!
Müəllif: Leyla