LGBTQ fərdi: Cәmiyyәt bizi bәyәnmәdiklәri hәyata sürüklәyir, sonra isə qınayır


Azərbaycanda yeni təqib dalğasının səbəbləri

Aprelin 1-də Bakıda polis minimum 14 LGBTQ fərdi saxlayıb, bunlar əsasən transseksuallardır. Bu haqda “Freedom House”nin Azərbaycanda yeni təqib dalğası ilə bağlı yaydığı məlumatda deyilir.

Məlumatlara görə, saxlanılan şəxslər tibbi müayinədən keçməyə məcbur olublar, bir nəfər “xırda xuliqanlıq”da günahlandırılıb, digərləri 30 sutka həbs olunublar və ya cərimə ediliblər. “Minority Azərbaycan” - yerli LGBTQ təşkilatı isə bildirib ki, polis İnternet vasitəsilə “transseksual ovu”na çıxıb.

Yeni təqib dalğası ilə bağlı dövlət tərəfindən ilk siqnallar isə ilin əvvəlində başlayıb.

Fevralın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədr müavini Aynur Sofiyevanın “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda keçirilən tədbirdə etdiyi çıxış Azərbaycanda homofobiya mövzusunu yenidən gündəmə gətririb. Sofiyeva çıxışı zamanı bildirib ki, “Qərbdə ailədə uşaq əvəzinə heyvan saxlanılır. Geniş ailələri kiçik ailələr təşkil edir və belə ailələr dünyada artmaqdadır. Fərqli ailə modellərini bizə sırımaq istəyirlər. Həmcinslərin nikahını bizə ailə modeli kimi sırımaq istəyirlər. Bunlara nəzər salanda Qərbdə ailə modelinin dağıldığını görürük. Bu da dünyada demoqrafik problemlərə gətirib çıxarır. Qərb bu problemləri həll etmək yerinə onu başqa cəmiyyətlərə ötürmək məqsədi tutub. Bizim üçün əsas məqsəd milli dəyərləri qorumaq olmalıdır”.

Sofiyeva həmçinin beynəlxalq insan haqları təşkilatlarının bu təbliğatı dəstəkləməkdə günahlandırıb. Azərbaycanda eynicinsli nikahları müdafiə edənləri isə vulqar ifadə ilə “verbovşiklər” adlandırıb.

Həmçinin bir neçə LGBTQ fərdi son zamanlar polisin onlara yaxınlaşaraq ünvanlarını soruşduqlarını bildirib . “Bir dəfə 2 polis yaxınlaşdı və ünvanımı soruşdu. Düşündüm ki, yəqin təsadüfdür. Daha sonrakı günlərdə bu hal 2 dəfə təkrarlandı və anladım ki, onlar mənim görünüşümə görə bunu edirlər və bu dəfə onlara qaldığım ünvanı səhv dedim”. – onlardan biri Meydan TV-yə danışıb.


“Bu mənim fərd olaraq azadlıq hüququmdur”


Gənc fəal Fidan Nazar facebook hesabında Nazirlər Kabinetinin “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”nı paylaşıb. O, bu siyahıda qeyd olunan “Seksual seçimin pozuntusu”nun xəstəlik sayılmasını dövlətin diskriminasiyası kimi qiymətləndirib.

Hazırda Almaniyada yaşayan hüquq müdafiəçisi, LGBTQ fərdi Cavid Nəbiyev bu tip halların ilk dəfə yaşanmadığını bildirib: “Qanunvericilik orqanı olan Milli Mәclis nümayәndәlәri dәfәlәrlә açıq şәkildә homofob vә transfob fikirlәr sәslәndirmәk çәkinmirlәr. Bu tip adamlar özlərinin fərdi dəyələrini qanunvericilikdən daha üstün tutur.

Fazil Mustafa bir dəfə mənimlə bağlı məsələdə demişdi ki, “Cəmiyyət lazimi reaksiyanı vermədi”. Yəqin ki, “lazimi reaksiya” deyəndə məni öldürməyi nəzərdə tutub. 2010-cu ildə Azərbaycanın AŞPA-da o zamankı nümayəndə heyətinin üzvləri Gültəkin Hacıbəyli və Sabir Hacıyev “Cinsi oriyentasiya vә gender kimliyi әsaslı diskriminasiya ilә mübarizә” mövzusunda müzakirәlәri boykot etmişdi. Hadı Rәcәbli isә "Mən bu müzakirəyә çox mənfi baxıram. Biz milli və mədəni dəyərlərimizi qorumalıyıq. Bu bizim üçün qəbuledilməzdir". – demişdi”.

Nəbiyev düşünür ki, LGBTQ fərdlərin azadlıq hüququna yanaşma kütlənin mövqeyinə görə olmamalıdır. O, hazırda yaşadığı Almaniyanı Azərbaycanla müqayisə edib: “Bu məsələdə Azərbaycan və Almaniya arasında ciddi fərqlər var. Almaniyada insanların digәrinә zәrәr vermәdiyi tәqdirdә fərdi hüququ, azadlığı üstün tutulur. Kimsə sənin cinsi oriyentasiyanı qəbul etməyə, buna mənfi yanaşa bilər. Amma bu, fərdi azadlıq anlayışı olduğundan kiminsə sənin azadlığına qarşı gəlməsini qanunlar, hüquq-mühafizә orqanları etik qәbul etmir. Bizdə isə çoxluğu əsas gətirib deyirlər ki, biz bu məsələləri qəbul edə bilmərik, çünki cəmiyyətimiz hazır deyil. Amma əsassız fikirdir. Cəmiyyətin, çoxluğun buna hazır olub-olmaması müzakirə mövzusu ola bilməz. Mәni müdafiә edәcәk qanunların olmasını hansısa çoxluğun istәyindәn, kefindәn asılı olması gülüncdür. Çünki, bu, mənim fərd olaraq azadlıq hüququmdur”.

“Sizi müdafiə etsək, Nardarandan necə səs ala bilərik?”


Azərbaycanda LGBTQ üzvlərinə qarşı ən böyük total hücum 2017-ci il olayları ilə bağlıdır. 2017-ci ilin sentyabrın 15-də 11 nəfərin polis tərəfindən həbsi ilə başlamış hücum Qərb ölkələrinin Azərbaycan hökumətinə ciddi iradından sonra oktyabr ayında dayandırılmışdı. Rəsmi məlumatlarda 83, qeyri-rəsmi məlumatlarda isə 200-ə yaxın insanın saxlanıldığı, təhqiredici davranışa məruz qaldığı bildirilmişdi.

Hüquq müdafiəçisi Gülnarə Mehdiyeva həmin hadisələr zamanı polisin davranışının alçaldıcı olduğunu deyir: “Yerli hüquq-mühafizə orqanlarında çalışan şəxslərin çox ciddi homofobiyası var. Onlar LGBTQ fərdlərini “xəstə”, “üzdəniraq” adlandırırlar. Həmin vaxtı belə bir əmr olmuşdu ki, hamının başı qırxılsın. Bu, onu göstərirdi ki, hansısa sifarişi yerinə yetirirlər. Hətta transgendərlərdən bir neçəsi bunun edilməməsi üçün rüşvət təklif etmişdi. Amma razılaşmamışdılar. Əminəm ki, onlar hansısa “plan” verməli idilər. Fürsətdən istifadə edən hüquq-mühafizə işçiləri hətta “Tarqovu”da əlamətlərindən LGBT fərdlərə bənzəyən, lakin LGBT fərd olmayan insanları da bölmələrə aparıb rüşvət alıb buraxmışdılar. Bu tip misallar həddən artıq çox idi. Müəyyən bir qismi “plan” doldurmaq üçün sutqalığa atdılar, digər bir qismi isə rüşvət alıb buraxdılar. Trangenderləri tutarkən isə onlardan ən azı üç nəfərin adını deməsi tələb edilib. Seks xidməti göstərən işçilərdən isə imkanlı və ya məmur müştərilərinin əlaqə vasitələrini vermək tələb olunurdu. Bir çoxundan isə onların dediklərinə görə tanımadıqları şəxslərə qarşı yalançı şahidlik tələb edilirdi. Avropadan reaksiya gələndən sonra bir gecənin içində hamını buraxdılar”.


Mehdiyeva bu məsələnin dövlət rəsmiləri tərəfindən siyasi alət kimi istifadəsindən narazıdır. Həmçinin Vətəndaş Cəmiyyətinin məsələyə münasibət bildirməkdən qorxduğunu da vurğulayır: “Ara-sıra deputatlar və müəyyən dövlət qurumları nümayəndələri Avropanın öz dəyərlərini Azərbaycana sırımaq istədiyi barədə iddialar səsləndirirlər. Deyirlər ki, eynicinslilik də bir dəyərdir və onu bizə sırımaq istəyirlər. Avropanı qınamaq istəyəndə, bu, bir arqument kimi istifadə olunur. Xüsusən də Avropa Birliyi ilə Azərbaycan hökumətinin araları dəyəndə bu məsələ gündəmə gəlir. Bilirlər ki, Azərbaycan xalqı homofob xalqdır və onların fikirlərinə uyğun açıqlama verib xalqın rəğbətini qazanmağa çalışırlar. Həmçinin, 2017-ci il həbsləri zamanı heç bir QHT, partiya və ya gənclər təşkilatının səsi çıxmadı. Bu təşkilatların bəzi üzvləri öz adlarından “Facebook”da qınayıcı statuslar yazdılar, başqa heç bir müdafiə halı görmədik. Amma bu tək homofobiyadan yox, həm də qorxudan irəli gəlirdi. Bir siyasətçi mənə demişdi ki, “Biz sizi müdafiə etsək, Nardarandan necə səs ala bilərik?” Bir çox halda dindar kəsimi itirməmək üçün LGBTQ fərdlərin hüquqlarını qurban verirlər”.

İş tapmaqda çətinliklər və diskriminasiya var

Cavid Nəbiyev LGBTQ fərdlərin öz cinsi orientasiyalarını bildiridiyi təqdirdə iş tapmaqda çətinlik çəkdiyini deyir: “İstər dövlət, istərsə də qeyri-dövlət sektorunda əgər kimsә öz cinsi oriyentasiyasını açıq bildirirsə, bu ona ciddi problemlər yaradır. Dövlət idarəsində işləmiş bir şəxs tanıyıram. Onun cinsi oriyentasiyası aşkar olduqda müxtəlif bəhanələrlə işindən kənarlaşdırdılar. Hüquqi baxımdan onun cinsi oriyentasiyası əsas gətirilmədi. Amma əsl səbəb bu idi. Həmçinin bir çox halda belə şəxslərə qarşı yaradılan bezdirici mühit onların özünün işdən getməsinə səbəb olur. Digər bir hekayә kimi, tanıdığım transgender seks işçisini gətirə bilərəm. Mәnә deyirdi: “Bakı Dövlət Universitetini qırmızı diplomla qurtarmışam, amma heç bir yerdə iş tapa bilmirәm. Mәni olduğum, göründüyüm kimi qәbul etmәdilәr. Nifrәt etdiyim bir bәdәni hәr gün güzgüdә görüb, onların qaydalarına baş әymәk istәmәdim. Məcbur olub özümü dolandıra bilmәyim üçün bu işə başladım. Cәmiyyәt bizi bәyәnmәdiklәri hәyata sürüklәyir, sonra isə qınayır”.

Rəssam kimi fəaliyyət göstərən Seymur Nazar əsasən görünüşü ilə bağlı cəmiyyətdə problemlərlə qarşılaşdığını deyir: “Həmçinin davranış, danışığımla bağlı da problemlər yaranır. Hansısa yerdə olanda fərqliliyimə müxtəlif reaksiyalar ola bilir. Ya sıxırlar, ya da kənarlaşdırırlar. Amma şiddət və oxşar hallarla rastlaşmamışam. Amma şiddət görən, ailəsindən qovulan insanlar tanıyıram. Bəzi yerlərdə işə getdiyim ilk günlərdə davranışlarım və görünüşümün fərqli olmağı ilə bağlı problemlər yaranıb. Amma işimi normal gördükdən sonra bütün bunlara tədricən öyrəşirlər. Rəssam olmağım da bir qədər köməyimə çatır. İnsanlar arasında belə bir düşüncə var ki, əgər rəssamsansa, görünüşünün fərqli olmağı normaldır. Amma bu, heç də hamıda belə olmur. Digər insanlar müxtəlif problemlərlə üzləşir”.

Adının gizli saxlanılmasını istəyən LGBTQ fərd məxsus olduğu cinsi oriyentasiyasından utanmasa da, bunu ailəsinə görə gizli saxladığını deyir: “Kimliyimdən utanmıram. Ətrafımdakı dostlarım kim olduğumu bilir. Oxuduğum universitetdə cinsi oriyentasiyamdan xəbər tutandan sonra məni özlərindən uzaqlaşdırmağa başlamışdılar, amma şiddət görmədim. Yalnız atam bu haqda xəbər tutanda məni döymüşdü. Daha sonra isə psixoloqa aparmışdılar. Psixoloq mənim bu seanslara razı olmadığımı başa düşüb, qəbul etməkdən imtina etmişdi. Daha sonra isə ailəmə yalan danışmağa başladım ki, “düzəlmişəm”. Əgər anam başa düşsə ki, mən əvvəlki kimiyəm, bu, ona çox pis təsir edəcək. Buna görə də bu məsələni mümkün qədər ailəmdən gizli saxlayıram”.

Gəncədə yaşayan LGBTQ aktivisti Rəvan Nəsimi isə işlə bağlı çətinliyinin olmadığını, hətta polislə bağlı da problem yaşamadığını vurğulayır: “İşdə məni qəbul edirlər və problem yaratmayıblar. Polislə bağlı isə yalnız bir dəfə problemim olub. Bakıda olarkən polis məni saxlayıb şantaj etmişdi ki, ailənə deyəcəyik. Ailəmə zəng vurdular, anam da onlara bildirdi ki, bu uşağımın şəxsi işidir. Bundan sonra aciz qalıb məni buraxdılar. Gəncədə isə belə halla rastlaşmamışam, polis müraciət etdiyim zaman işimə baxıb. Amma görürsən ki, yolla gedərkən söz atırlar, “zarafatlaşmağa” çalışırlar”.

Rəvan Nəsimi düşünür ki, təziqə məruz qalanların çoxu ailələrindən təziq görən şəxslərdir: “Amma təbii ki, hamıda vəziyyət yaxşı deyil. Ailədaxili şiddət və rədd edilənlər var. Fikrimcə, bu məsələdə əsas olan ailənin mövqeyidir. Əgər ailən və yaxınların səni qəbul edirsə, heç kim sənə bir şey edə bilməz. Amma ailən səni rədd edirsə, o zaman kənardakı adamlar sənin müdafiəsiz olmağından istifadə edir, səni şantaj etməyə çalışırlar. Həmçinin mən “coming out” etmiş şəxsəm. Bunun da öz rolu var. Əgər sən kimliyini gizlətmir və utanmırsansa, bu zaman kənardakılar da sənə hörmət edirlər”.


Mənbə: Meydan TV


Həmçinin bax:

Dövlət Komitəsinin sədr müavinindən homofob açıqlama

Bakıda polisin LGBTQ ovu