Yeni britan-amerikan tarixi dram serialı ingilis zadəganı Enn Listerdən bəhs edir (1791 — 1840).


O, “ilk açıq lezbiyan” hesab olunur. Səyyah və alpinist olan miss Lister böyük bir malikanəni idarə edirdi, açıq-saçıq gündəlik yazırdı və “xanıma yaraşan” davranış modelini tamamilə rədd edirdi, buna görə onu “centlmen Cek” adlandırırdılar. 

Serial Enn Listerin 4 milyondan çox sözdən ibarət olan və böyük hissəsi gizli şifrə ilə yazılan kollektiv gündəliklərinə əsaslanır. 

Serialın ABŞ-da premyerası 22 aprel 2019-cu ildə baş tutmuşdur.

Süjet xəttinə əsasən, 1832-ci ildə Enn Lister uzunmüddətli səyahətlərdən sonra ailə evinə geri qayıdır. Serialda Listerin şəxsi münasibətləri, öz evini dəyişdirmək istəyi, işgüzar maraqları, eyni zamanda özünə həyat yoldaşı tapmaq cəhdləri işıqlandırılır.

Yayımlanan rəsmi treylerdə biz Enn Listerin ənənəvi qadın modelindən fərqli davranışlarına və kişilərin dominant olduğu cəmiyyətdə mübarizəsinə şahid oluruq:

“Siz düşünürsüz ki, mən qadınamsa, daha az ödəniş almağa inandırıla bilərəm? Mən kişi olsaydım, siz daha az almağımı xahiş edərdinizmi? Yox.”