Mənim uşağım “onlardan” olmayacaq


Ötən ilin iyun ayında təlim üçün bölgələrdən birinə getməli olmuşdum. Daha əvvəl ko-fasilitator olduğum bir layihədə iştirak edən bir nəfər də iştirakçı idi və LGBTKİA+ aktivist olduğumu bilirdi. İstəyirdi ki, həmin layihədə iştirak edən dostları da məlumatlansın. Təlimdən sonra bu barədə danışa bilərəmmi deyə soruşanda razılaşdım və bacardığım qədər məlumat verməyə çalışdım. Film məsləhəti istəyəndə “Benim çocuğum” filmi barədə danışdım və bildirdim ki, biz hamımız gələcəkdə LGBTİ+ bir uşağın valideyni ola bilərik, heç olmasa buna görə homofobiyamızı və transfobiyamızı yox etməliyik.  Lakin bir nəfər hər şeyi başa düşdüyünü desə də, israrla bildirirdi ki: “Xeyr, mənim uşağım onlardan olmayacaq.” Bundan necə bu qədər əmin olduğunu soruşanda isə cavabı belə oldu:

  “Mən necə insan olduğumu bilirəm, evlənəcəyim insan da mənim kimi olacaq və uşağıma necə düzgün tərbiyə vermək lazım olduğu barədə də məlumatlıyam, ona görə mən əminəm ki, mənim uşağım “onlardan” olmayacaq.”

Təhhlükəsizliyə görə, etibarlı hesab etmədiyim insanlara kaminq aut etmirəm. Əvvəl çalışdım ki, onu başa salım, LGBTİ+ fərd olmağın xəstəlik və ya seçim olmadığını, ailəyə və tərbiyəyə bağlı olmadığını izah etdim. Amma adam dediyindən dönmürdü. Çox istəyirdim özümü təhlükəyə atmaq bahasına deyim:

“Gözümün içinə baxa-baxa məni təhqir edirsən. Mənim ailəmin məni yetişdirmə forması sənin deyiminlə “qeyri-düzgün” və ya “qüsurlu” deyil, əksinə, sənin cəmiyyətinin “normal” qəbul etdiyi valideynlər böyüdüb məni. Əgər mənim ailəmin transgender övladı dünyaya gəlibsə, sən əminliklə deyə bilməzsən, sənin uşağın kim olacaq.”

  Əsəblərimi cilovlayıb birdəfəlik susmağı üçün ən düzgün hesab etdiyim cümləni ona dedim və daha sonra deməyə söz tapa bilmədi. Bütün israrları bu cümlə ilə susdu:

“Ümid edirəm, sizin kimi birinin övladı LGBTİ olmaz. Heç bir LGBTİ uşağın sizin kimi birinin övladı olaraq doğulmasını və əziyyət çəkərək böyüməsini, özünü çətinliklə qəbul etməsini istəmərəm. Ümid edirəm, bütün LGBTİ uşaqlar onları həqiqətən sevən və olduğu kimi qəbul edən valideynlərin ailəsində böyüyər. Onları “qeyri-normal” qəbul edib, “düzəltməyə" çalışanların yox.”



Müəllif: Raven