Interview with Rustam Jabrayilov
We interviewed the winner of Best Model World Rustam Jabrayilov for our 11th issue of Minority Magazine.
03/Jul/19
6274
Rüstəm Cəbrayılovla müsahibə
1. “Azərbaycanlı model” dedikdə kişilər arasında ilk ağla gələn siz olursuz. Bunun səbəbi, sizcə, tam olaraq nədir?
Fikrimcə, Azərbaycanda 2-3 model var ki, onlar bu sahədə həqiqətən öz sözlərini demiş insanlardır. Mənə gəldikdə isə, mən 2005-ci ildən model kimi fəaliyyət göstərirəm və razılaşarsınız ki, bu, çox uzun bir müddətdir. Ola bilsin bu, həmçinin mənim beynəlxalq yarışlarda iştirakım, 2006-cı ildə Kişi modellər arasında dünya birincisi olmağım və bir çox xarici ölkələrdə çalışmağımla bağlıdır.
2. Bizim cəmiyyətdə yaraşıqlı kişilərə qarşı müəyyən stereotiplər mövcuddur və əgər kimsə strandartlardan kənar görünüşə malikdirsə, diqqət mərkəzində olmaqla yanaşı, ayrı-seçkiliyə də məruz qalır. Bu haqda nə düşünürsüz? Belə hallarla rastlaşmısınızmı?
Razıyam ki, belə bir ayrı-seçkilik həqiqətən də var. Bu, çox vaxt özünü paxıllıq, uğursuzluqlarına sevinmək, hətta bəzən ayağının altını qazmağa çalışmağa qədər gətirib çıxarır. Amma, fikrimcə, o kütlə cəmiyyətin az hissəsini təşkil edir və sosial aktiv olmaları onları göz önündə saxlayır. Mən belə insanlara fikir verməməyə çalışıram.
3. Müsahibələrinizdən birində jurnalist sizə homoseksual şəxslərlə bağlı qərəzli bir sual vermişdi, siz də cavabınızda homoseksualların moda sahəsində mükəmməl olduqlarını və onlarla heç bir probleminizin olmadığını vurğulamışdınız. Bu cür düşünməniz Amerikada yaşadıqdan sonra formalaşdı, yoxsa insanlara qarşı hər zaman bu cür tolerant olmusunuz?
Bunu mən demirəm, bunu bütün dünya deyir. Hal-hazırda dünya üzrə moda sahəsində çalışan ən uğurlu dizaynerlər və stilistlərin demək olar ki, hamısı homoseksualdır. Bu faktı heç cürə danmaq olmaz. Amerikaya isə mən 2010-2011-ci illərdə getmişəm və artıq ona qədər ən az 5 il moda sahəsinin içində idim və təbii ki, beynəlxalq moda həftələrində çıxışlarım zamanı homoseksual insanlarla ünsiyyətdə olurdum. Mənim düşüncələrim Amerikaya gedəndən sonra deməzdim ki, dəyişdi, sadəcə öz təsdiqini tapdı.
4. Sevgi, sizcə, dediyiniz kimi azaddırmı? Və bu azadlığı tam olaraq nədə görürsünüz?
Təbii ki, sevgi azaddır. Sevgi azad və vücudsuzdur. Amma düşünürəm ki, onun da öz norması var, qarşılıqlı olmayanda və normasından artıq olanda artıq o saf hisslər kobudlaşmağa başlayır.
5. Amerika və bizim cəmiyyət arasında ən böyük fərqlər sizə görə hansılardır?
Fikrimcə, Amerika ilə bizim cəmiyyəti müqayisə etmək düzgün olmazdı. Çünki, bizim müstəqilliyimiz çox cavandır və Amerika kimi hegemon ölkə ilə ayaqlaşmağımız real deyil.
6. Amerika həyatı sizə nə öyrətdi?
Amerika həyatı mənə ilk başda reallığı öyrətdi. Biz burda rahatlıqla “inşallah, gələn ay yaxşı olar” deyə bilirik. Amerikada isə reallıq daha kəskindir və sən əgər ayın sonu öz ev kirayəsini verə bilmirsənsə, o zaman bunun üçün nəsə etməlisən.
7. Son dövrlərdə özünüzü daha çox aktyor kimi sınayırsınız. Elə bir obraz varmı ki, onu canlandırmağa heç bir halda razı olmazsınız? Varsa, səbəbini bizimlə paylaşardınız.
Son il yarımdı, özümü aktyor kimi sınayıram. Bu yaxınlarda da bir filmim təqdim olunacaq. Ümid edirəm, həm özümə, həm də ölkəmizə uğur gətirəcək bir proyekt olar. Obraza gəldikdə isə, duzsuz, məzəli obrazda özümü heç görmürəm. Kimisə güldürmək mənə maraqsızdır və elə bir obrazda özümü qətiyyən görmürəm.
8. Şəhər sorğularımızın birində sakinlərə övladları homoseksual doğulduqda nə edəcəklərini soruşmuşduq. Bəziləri belə olduğu halda övladlarını öldürəcəklərini demişdilər. Bəs sizin övladınız homoseksual olduğunu desə, reaksiyanız necə olardı?
Valideynin ən birinci vəzifəsi övladını sevmək, qorumaq və təhsil verməkdir. Öz övladım olmadığı üçün o hisslərə tam bələd deyiləm. Amma valideyn kimi övladımı qorumaq və sevmək mənim üçün hər şeydən önəmli olardı.
9. Oxuyucalarımıza sözünüz.
Düzü, suallarınızın sayının az olması və konkret məsələlərə toxunmağınız xoşuma gəldi. Normalda müsahibələrdə mənə 20 və ya daha çox sual verirlər. Sizin özünüzə və oxucularınıza da təbii ki, uğurlar arzu edirəm. Elə içi mən qarışıq.