Psychotherapist answers the questions
Suallara həkim-psixoterapevt Röya Məmmədova cavab verir
06/Nov/19
3518
Suallara həkim-psixoterapevt Röya Məmmədova cavab verir
Minority Azərbaycan komandası LGBTİ-lərin redaksiyaya ünvanladığı suallara cavab vermək üçün həkim-psixoterapevt Röya Məmmədova ilə əlaqə saxladı. Röya Məmmədova hazırda Psixi Sağlamlıq Mərkəzinin Psixososial Reabilitasiya Şöbəsinin müdiri vəzifəsində çalışır. Təhsilini Tibb Universitetindən başa vurub, 2018-ci ildə Harvard Universitetində davam etdirib.
1. Homoseksuallıq psixi xəstəlikdirmi?
- Homoseksuallıq Xəstəliklərin Beynalxalq Təsnifatından (XBT) 1991-ci, Psixi Pozuntuların Diaqnostik və Statistik məlumatlar kitabçasından (DSM) isə 1973-cü ildən çıxarılmışdır və psixi pozuntu hesab edilmir.
2. Homoseksual şəxsləri psixoterapiya ilə dəyişdirmək mümkündürmü?
- Azərbaycan Respublikasının Psixoloji Yardım Haqqında qanunun 4cü maddəsinə əsasən “Psixoterapiya – psixoloji metodlardan istifadə edərək psixi pozuntuların müalicəsi” deməkdir. Homosesksuallıq isə Psixi Pozuntuların Diaqnostik və Statistik məlumatlar kitabçasına əsasən (DSM) artıq 1973-cü ildən bəri psixi xəstəlik hesab edilmir. Bu o deməkdir ki, homosesksuallıq psixi pozuntu olmadığından psixoterapiya ilə “müalicəsi” mümkün deyil.
3. Mən transgenderəm. Psixiatrlar transgenderliklə bağlı tibbi arayış verirmi?
- Hər bir şəxs psixi müayinə olunmaq üçün psixiatra müraciət etməkdə azaddır. Öz ərizəniz əsasında müraciət edərək psixiatr rəyini sənəd şəklində əldə edə bilərsiniz.
4. Siz valideynlərlə işləyirsizmi? Valideynlərin öz LGBTQ övladlarını daha yaxşı başa düşmələri üçün terapiyalar olurmu?
- Hər bir keysə individual yanaşılır və müəyyən keyslərdə ehtiyac duyularsa, müraciət edən şəxsin razılığı əsasında (18+) valideynlərlə birlikdə və ya valideynlərlə fərdi şəkildə psixoterapevt ilə görüşlər baş tutur. 18 yaşına çatmamış və valideyn himayəsində olan şəxslər valideynlər və ya himayədarları ilə birlikdə iştirak etməlidirlər.
5. Psixiatr dini məsləhətlər verə bilərmi?
- Psixiatr ümumiyyətlə məsləhət verməməlidir. Şəxsi seçimlər barədə (din, peşə, həyat tərzi və s.) hər hansı bir şərh və ya məsləhətin verilməsi qeyri-etik və qeyri-professionaldır.