“Bəs şalvarının içində nə var?: 

Transgenderlik haqqında 13 suala cavab

 

LGBTİ+ abbrevaturasındakı T hərfi çoxlarına anlaşılmaz qalır - transgenderlik haqqında oxuculara çox az şey məlumdur, bildiyimiz şeylər isə, güman ki, həqiqətə uyğun deyil. Bu da təəccüblü deyil: məşhur və uğurlu translar haqqında KİV-də az danışılır, əksər hallarda da qalmaqallı formada. Əslində isə, hər birimiz heç olmasa, bir dəfə transgenderə rast gəlmişik - ola bilər ki, translar tanışlarımızın və həmkarlarımızın arasında var. Ekspertlərin və tibbi mənbələrin köməkliyi ilə biz transgenderlik haqqında ən çox verilən sualları topladıq və mifləri dağıtmağa çalışdıq. 

1) Transgenderlik - kişinin qadın paltarı geyinməsidir (və ya tərsinə)?

 Xeyr, əyin dəyişməyin bura aidiyyatı yoxdur. Transgenderlər o kəslərdir ki, onlara doğuluşda bir gender təyin edilib, lakin onlar özlərini başqa genderdə bəyan edirlər. Bu, əslində, çox sadədir: əgər doğum haqqında şəhadətnamənizdə sizin qız olduğunuz yazılıbsa və siz, həqiqətən də, özünüzü qız kimi identifikasiya edirsinizsə - siz cisgendersiniz. Əgər böyüyüb özünüzü oğlan kimi bəyan edirsinizsə - böyük ehtimalla, siz transgendersiniz. Qeyri-binar insanlar da var. Onlar özlərinə trans deyə də bilərlər, deməyə də. Hər şey konkret vəziyyətdən asılıdır. 

Transgender kimlik — fetiş və ya kostyum deyil ki, hər vaxt geyinib-soyunmaq mümkün olsun. O, makiyaj və ya paltardan asılı deyil. Transları dreq-sənətçilərlə səhv salmaq olmaz: sonuncular əyləncə və yaradıcılıq üçün digər genderə aid hipertrofik atributları maska və ya səhnə kostyumu kimi “əyinlərinə geyinirlər”, adətən bu, onların öz identikliyi ilə əlaqəli deyil.  

2) Mişa kişi idi, indi qadın oldu?

Xeyr, böyük ehtimalla, o, artıq çoxdan, bəlkə də erkən uşaqlıqdan özünü qadın kimi dərk edib. Sadəcə hansısa məqamda siz də bundan xəbər tutdunuz: o, istəyirdi ki, ətrafdakılar da onu qadın kimi tanısınlar  — məsələn, kaminq-aut edir, qadın şöbəsindən geyimlər alır və ya kosmetika istifadə edir, bəlkə də hormon terapiyasına başlayır və ya cərrahi müdaxilə planlaşdırır. O, heç vaxt Mişa deyildi və onun köhnə adını istifadə etmək, ümumiyyətlə, lazım deyil. 

Transgenderə qarşı onun əvvəlki adını istifadə etmək dedneyminq adlanır (ingiliscə “dead name”- “ölü ad”). Dedneyminq təhqiramiz və təhlükəlidir: bir çox transgenderlər üçün köhnə ad keçmişin travmalarına bağlıdır və mənfi yük daşıyır. 

3) Transgenderlik və transseksuallıq eyni şeydir?

 Transseksuallıq və ələxüsus da transseksualizm - köhnəlmiş terminlərdir, onları istifadə etməmək daha yaxşıdır. Seksuallığın bu mövzuyla əlaqəsi yoxdur, çünki transgenderlik insanın kimliyi ilə bağlıdır və seks haqqında deyil. Transseksualizm isə - köhnəlmiş tibbi diaqnozdur. Sadəcə həmişə “transgenderlik” (və ya “transgender”) sözlərindən istifadə edin və yanılmayacaqsınız.

4) Transgenderlik psixi xəstəlikdir?

Xeyr, Ümumdünya Səhiyyə Təşkilatı da bunu qəbul edir: Xəstəliklərin beynəlxalq təsnifatının son nəşrində (XBT-11) transgenderlik psixi pozuntu siyahısından çıxarılıb. Ekspertlər deyib: “Biz transgenderliyi psixi xəstəlik siyahısından çıxartdıq, çünki başa düşdük: bu bir xəstəlik deyil. Onu siyahıda saxlamaq stiqmatizasiyaya səbəb olmaqdır. Bundan yayınmaq, eləcə də, tibbi prosedurlara əlçatanlığı sadələşdirmək üçün biz onu başqa bölməyə keçirdik.” 

Lakin transgenderliyi müzakirə edərkən tibbi məsələlərdən özümüzü tam kənarlaşdıra bilmərik: bir çox transgender insanlar gender disforiyası ilə qarşılaşırlar - sənəddə yazılan və hiss edilən genderin uyğunsuzluğundan doğan kəskin narahatlıq, eləcə də depressiya, intihar fikirləri və təşviş. 

Transgenderlərin sağlamlığı məsələsi cisgenderlərdəki kimi yaxşı tədqiq olunmayıb. Lakin bir sıra araşdırmalar göstərir ki, əsasən qısnama, alçaltma və cəmiyyətin qəbullanmamağı kimi hallar onlarda depressiya yaranmasına daha çox təsir edir.

Məsələn, alimlər müəyyən edib ki, geniş sosial əlaqələri və dəstəyi olmayan yaşlı, tənha və yoxsul transgenderlər depressiyaya daha tez-tez məruz qalırlar. Amerikalı tədqiqatçılar isə müəyyən edib ki, öz adları (doğulanda yazılan yox) və əvəzlikləri ilə çağırılan yeniyetmə transgenderlər depressiya ilə daha az qarşılaşır və intihara daha az meylli olur. 

Bir sözlə, cəmiyyət transgenderlərə nə qədər sakit yanaşırsa, onlar depressiyadan daha az əziyyət çəkir. Məntiqlidir, deyilmi?

5) Cinsi necə dəyişirlər ki?

 Ondan başlayaq ki, “cins dəyişmə” düzgün termin deyil, o, çaşdırıcı ola bilər. Transların keçdiyi dəyişiklikləri transgender keçidi adlandırmaq daha düzgündür: bu proses uzundur, illərlə davam edə və müxtəlif aspektlərdən ibarət ola bilər. Bəzi translara dostları qarşısında kaminq-aut etmək və özü barəsində yeni əvəzliklərdən istifadə etməyi xahiş etmək yetərlidir, başqaları üçün isə bədəndə dəyişikliklərə nail olmaq vacibdir - bu halda hormon terapiyası və cərrahi müdaxilələr haqqında düşünmək olar. Çoxları sənədlərini dəyişir, pasportda “cins” bölməsindəki düzgün hərfi görməyənə qədər özlərini rahat hiss edə bilmirlər. Bütün bunlar keçidin mümkün, lakin mütləq olmayan mərhələləridir.

6) Keçid etmək üçün hansı əməliyyatlar lazımdır?

Transmaskulin və ya transfeminin keçid üçün heç bir mütləq prosedur siyahısı yoxdur. Trans insanlar, ümumiyyətlə, əməliyyat etməyə və görünüşlərini dəyişməyə bilərlər, əgər özlərini bu cür rahat hiss edirlərsə və ya keçid imkanları yoxdursa. Lakin çoxları yenə də bu və ya digər bədən dəyişimi metodlarına müraciət edirlər: hormon terapiyası və ya cərrahi müdaxilələr.  

Trans kişilər çox vaxt mastektomiya - süd vəzilərinin götürülməsi əməliyyatını, bəzən isə genital orqan əməliyyatını edirlər (bu cür müdaxilələrin bir neçə növü var, lakin ümumilikdə məqsəd birdir - penis formalaşdırmaq). Trans qadınlar hulqumlarını çıxartdıra, feminizə edən mammoplastika (sinəböyütmə), vaginoplastika və başqa əməliyyatlar həyata keçirə bilərlər. İstənilən halda “düzgün” genital orqanların və ya “düzgün” üz cizgilərinin, hulqumun, üzdə tüklərin varlığı və ya yoxluğu trans insanı daha az kişi və ya qadın etmir. 

7) İnsanlar öz transgenderliyini nə vaxt başa düşürlər?

Bəziləri öz transgenderliklərini erkən yaşda dərk edir, mütəxəssislər 4-5, hətta 3 yaşı qeyd edirlər. O cümlədən, bir çox translar öz kimliklərini xeyli sonra dərk edə bilir, bu da yetərincə normaldır. Valideynlər çox vaxt transgenderliyi uşağın “səhv” oyuncaqlarla oynaması və ya “səhv” genderə aid paltar geyinmək kimi başa düşürlər. Bu, disforiya əlaməti olmaya da bilər, lakin psixoloqlar istənilən halda uşağın istəyinə hörmət etməyi və onu heç bir gender çərçivələrinə salmamağı məsləhət görürlər.

Don və gəlincik sevən heç də bütün oğlanlar, ya da özü barədə kişi cinsində danışan bütün qızlar böyüyəndə transgender olduqlarını bəyan etməyəcəklər. Ümumdünya Transgender Sağlamlığı Peşə Assosiasiyası (WPATH) öz yardım standartlarında qeyd edir ki, gender disforiyası və ya gender uyğunsuzluğu göstərən uşaqların əksəriyyətində bu əlamətlər yetkinlik dövründə keçib gedir. Əgər disforiya keçib getmirsə, bu dövrdə daha da güclənirsə, keçid mövzusunu müzakirə etmək olar, çox vaxt mütəxəssislər əvvəlcə sosial keçiddən başlamağı, yalnız bundan sonra hormon terapiyasını əlavə etməyi tövsiyə edirlər. Uşağı öz iradəsinə zidd olaraq transgenderliyə “yönəltmək” ehtimalı sıfra bərabərdir. 

8) Transgenderlik oriyentasiya ilə necə əlaqəldidir?

Transgenderlər istənilən oriyentasiyaya aid ola bilərlər və istənilən seksual davranış sərgiləyə bilərlər. Onlar gey və lezbiyan, biseksual, aseksual ola bilərlər - bir sözlə, hamı necə, onlar da elə. Gender oriyentasiya ilə əlaqəli deyil.

9) Transgenderlər “kişilik” və “qadınlıq” barədə stereotipləri gücləndirirlər?

Bu ittiham tez-tez trans-eksklüziv feministlərin arqumentlərində yer alır. Feminizmin ikinci dalğası zamanı Qərbdə belə bir ideya yarandı ki, transgender qadınlar cisgender qadınların bədənlərini mənimsəyirlər, transgender kişilər isə patriarxata “boyun əyirlər” və kişi imtiyazlarından yararlanmaq istəyirlər. Hazırda bu nəzər nöqtəsi köhnəlmiş sayılır: bəli, bir çox translar kişilərin və qadınların necə görünməli olduğuna dair stereotipləri canlandırırlar. Lakin cisgender kişi və qadınlar da eynisini edir, onların sayı isə daha çoxdur.

Üstəlik, translar üçün patriarxal cəmiyyətin qoyduğu normalara uyğun olmaq çox vaxt sağ qalmaq məsələsidir: öz arzu etdiyi genderin ətrafdakılar tərəfindən qəbul oluna bilməsi imkanıdır. Həm də onun üçün lazımdır ki, transfob hücum və münaqişələrdən, eləcə də ticarət mərkəzində uyğun ayaqyoluna gedə bilmək kimi “xırda” məişət çətinliklərindən qurtulsunlar.

Transgenderlərlə deyil, “qadınlıq” və “kişilik” haqqında stereotiplərlə mübarizə aparmaq lazımdır, onda hər kəsə yaşamaq daha asan olacaq.

10) Onların şalvarında nə var?

Heç vaxt, heç bir halda transların genital orqanları barədə suallar verməyin. Bir çox trans insanlar üçün bu, ağrılı mövzudur. Heç də hamının əməliyyat etmək və ya öz genital orqanlarını istədikləri şəklə salmaq imkanları yoxdur. Üstəlik, cəmiyyət nəyə görəsə translarda “həmin nahiyənin necə olduğuna” dair maraqlanmağı normal sayır, buna lazımsız diqqət ayırırlar.

Əməliyyatlardan keçmiş trans insanlarda genital orqanlar fərqli görünə bilər. Bu mövzunu yalnız trans şəxslə yaxın münasibətdə olaraq, qarşılıqlı razılıq əsasında seks planladığınız zaman müzakirə edə bilərsiniz. Amma əgər “sadəcə maraqlıdırsa”, google etmək daha yaxşı olar. 

11) Transların uşağı ola bilər?

Bəli, cisgenderlərlə eyni qaydada. Uşaqlar müxtəlif üsullarla dünyaya gələ bilər. Bəzi trans insanlar hələ keçid keçməmişdən əvvəl ənənəvi üsulla - qorunmayan heteroseksual əlaqə nəticəsində uşaq sahibi olublar. Bir çox trans kişilər menstruasiya olur və hamilə qala bilir, amma bunu hormon terapiyasından əvvəl etmək, yaxud da testesteron qəbulunu müvəqqəti dayandırmaq lazımdır. Eləcə də trans kişilər oositləri vitrifikasiya edə — yumurta hüceyrələri dondura bilərlər, sonra isə onları EKO üçün istifadə etmək mümkündür. 

Trans qadınlar da hormon terapiyasından əvvəl spermanı dondura bilər. Bəzi araşdırmalar göstərir ki, keçidə başlayandan sonra sperma istehsalı mümkündür. Yaxın gələcəkdə isə uşaqlıq orqanının transplantasiyası əlçatan olacaq. Onda trans qadınlar (eləcə də histerektomiya keçirmiş və ya uşaqlıqsız doğulmuş cis qadınlar) hamilə qala, uşağı bətnində daşıya və doğa biləcəklər. 

12) Transları qorumaq nəyə lazımdır?

Təəssüf ki, translar hətta LGBTQ+ hüquqlarının qorunduğu ölkə və icmalarda da ayrı-seçkiliklə qarşılaşırlar. Onlar transfob hücum və qətllərin qurbanı olurlar, HİV və QİÇS-ə yoluxmaq riskləri daha çoxdur, iş və ya tibbi yardım axtararkən çətinliklərlə qarşılaşırlar. 20 noyabr bütün dünyada Trans insanların xatirə günü kimi qeyd olunur — mərasimlərdə transfobiya nəticəsində ölənlərin adları oxunur. Transların hüquqları hətta onların ölümündən sonra da pozulur: məsələn, bəzən qohumlar trans qadınları kişi adı ilə dəfn edirlər. 

13) Trans insanları necə adlandırmaq daha düzgün olar?

 İngilis dilində artıq gender məsələlərinin müzakirəsi üçün dayanıqlı terminlər mövcuddur. Korrekt leksikanı öyrənmək əslində göründüyündən asandır. Sadəcə bir neçə termini yadda saxlayıb onlardan istiadə etmək lazımdır. Trans qadın, trans kişi, trans demək doğrudur.

Əlbəttə, translar özləri özlərini necə istəsələr adlandıra bilərlər, bu onların haqqıdır. Amma yerdə qalan insanlar düzgün leksika istifadə etməlidir.  

Əgər tərəddüd edirsinizsə, xəta etməməyin ən düzgün yolu - həmin şəxsin özündən dəqiqləşdirmək və yalnız onun dediyi şəkli istifadə etməkdir. 

Ələlxüsus da, bir insanın görünüşünə əsasən onun gender kimliyi ilə bağlı nəticə çıxartmamaq lazımdır. 


Müəllif: Ksyuşa Petrova

Mənbə: Wonderzine


Powered by Froala Editor