“Əxlaqsız” kuirlər

Azərbaycanda yaşayan kuirlərin cəmiyyətlə olduğu qədər daxili problemləri də mövcuddur. Böyük bir qisim isə yaşadığı cis-hetero normativ, patriarxal “milli mentalitet” toplumunun təsirindən çıxmağı bacarmır. Hətta bununla kifayətlənməyib, həmin toplumun sıradan çıxmağa məhkum olan “dəyər” və normalarını LGBTİQ+lara tətbiq etməyə çalışır. Buna görədir ki, bəhs etdiyim qisimdə yer alan şəxslərdən Azərbaycanda kuirlərin yaşadığı diskriminasiya və çətinliklərin səbəbini nədə, kimdə gördüklərini soruşanda ilk ağıllarına gələn cavab aşağıdakılara bənzər formada olur:

“Bəzi LGBT-lər özlərini aparmağı bacarmadığı üçün cəmiyyətdə bizə qarşı nifrət var”;

“Əgər özünü normal aparsan, heç kim sənə dəyib-dolaşmır, LGBT-ni hörmətdən salanlar ağını çıxaranlardır”;

“Seks işçiliyi edən gey və translara görə cəmiyyətdə yanlış anlaşılırıq” və s.

Anlaşıldığı üzrə, əsas hədəf göstərilən trans qadınlar və digərləri tərəfindən “feminin” hesab olunan geylərdir. Azərbaycanda LGBTİQ+ daxilində transfobia və femfobia çox təəssüf ki, yayğındır və bu, bizə ən azı yaşadığımız fobik cəmiyyət qədər zərər verir. (Bu barədə daha ətraflı yazacağam.)

Digər tərəfdən, gey və trans seks işçilərinə fobik yanaşma sadəcə onların gender kimliyi və ya seksual oriyentasiyasına görə deyil. Yaşadığımız cəmiyyət ümümiyyətlə seks işçilərinə fobik yanaşır və təcrid etməyə çalışır. Ən önəmlisi, kimin özünə hansı işi seçməsi sadəcə həmin şəxsi maraqlandırır, buna görə bütün icmanın məsuliyyətini bir neçə şəxsə yükləmək absurddur. 

Bəhs etdiyim qisimdə yer alan şəxslər özlərini “normal apara bilənlər” qismində, “əxlaqlı” cəmiyyət nümayəndələri olaraq görsələr belə, cəmiyyətin nəzərində bütün LGBTİQ+lar eynidir, hamımıza nifrət edir, hamımızı yadlaşdırırlar. Bizim diskriminasiyaya məruz qalmağımıza səbəb olan şey yaşadığımız toplumun çürüməyə üz tutmuş “dəyər”lər sistemidir. Yəni, gey və trans seks işçiləri onların tələb etdiyi “əxlaqlı” həyatı yaşamağa, “ağını çıxaranlar” özlərini “normal” aparmağa başlasa belə, yenə də nifrətə məruz qalmağa dava edəcəyik. Lakin bir çoxları bunu anlamaq istəmədiyi üçün özünün qopa bilmədiyi həmin “dəyər”lərə tamamilə qarşı çıxan, protest edən və heçə sayan insanları nifrət qurbanı olduqları halda günahkar hesab etməkdə problem görmür. 

Verilən cavablardan da aydın görünür ki, həmin şəxslər ümumiyyətlə sualı/problemi anlamırlar, ya da anlamaq istəmirlər. Çünki bizi maraqlandıran məsələ hansısa kuir-fobik bir neçə şəxsin LGBTİQ+ları niyə “qəbul” edib-etməməsi deyil. Niyə diskriminasiyaya məruz qaldığımız, bunu necə aradan qaldıra biləcəyimizdir. Yaşadığımız dövlətin bütün strukturlarında bizlərə qarşı aşkar fobiya var. Və bunun aradan qaldırılması üçün struktural, sistematik hüquqi mübarizəyə ehtiyacımız var. Anlamalı olduğumuz məqam budur ki, heç kimin LGBTİQ+ları “qəbul etməsinə”, bunu lütf kimi təqdim etməsinə ehtiyacımız yoxdur. LGBTİQ+fobiklərin nəyi necə düşünməsindən, qəbul edib-etməməsindən asılı olmayaraq biz varıq və var olacağıq. Hüquqlarımız var və hüquq bərabərliyimiz təmin olunmalıdır. İcma daxili fobiya və victim-blaming isə LGBTİQ+fobik strukturların tələblərini qarşılayır və sadəcə prosesi yubatmağa xidmət edir. 

Müəllif :Raven


Powered by Froala Editor