Abortion for everyone
It's mostly selective abortion when the topic of abortion is discussed in Azerbaijan
21/Jun/21
3703
Abort hüququ hamı üçün
Azərbaycanda abort mövzusu adətən cinsi-selektiv abortla mübarizə barədə danışıldığı zaman gündəmə gəlir. Buna görədir ki, abort hüququnun təmin olunması ilə bağlı mövcud problemlər bir növ gözardı edilir. Maraqlısı budur ki, selektiv abortlardan danışarkən kimlərinsə ağlına problemi aradan qaldırmaq üçün həll yolu olaraq daha doğulmayanlara gender təyin etməyi dayandırmaq gəlmir.
Anlayıram ki, yaşadığımız cəmiyyət toksik, patriarxal və mizoginistdir. Lakin mənə görə selektiv abort yalnız mizoginiya ilə bağlı deyil, həmçinin transfobiyadan irəli gəlir. Daha doğulmamış, yeni doğulmuş və ya yetkin, fərq etmir, hər hər hansı birinə kənardan kimsənin, yaxınlıq dərəcəsi nə olursa-olsun, gender təyin etməsi mənə görə transfobiyadır.
Nə isə, gələk əsas məsələyə - abort hüququ. Bəli, abort hüquqdur. Dini inanclardan, milli-mənəvi “dəyər”lərin nəyi diqtə etməsindən asılı olmayaraq abort ehtiyac duyan hamı üçün təmin edilməsi zəruri olan hüquqlardan biri, zəruri tibb xidmətidir. Abort sadəcə qadın hüquqları deyil, eləcə də təyin edilmiş genderi qadın olan ,mariginallaşdırılan gender kimliklərinin hüquqlarından biridir. Dünyanın bir çox ölkələrində təyin edilmiş genderi qadın olan şəxslərin yaşadığı problemlərlə bağlı aparılan araşdırmalarda mariginallaşdırılan gender kimlikləri gözardı edilir. Təəssüf ki, abort məsələsi də onlardan biridir. Ginekoloji xidmətlərdən yararlanmaqla bağlı problemlər, reproduktiv sağlamlıq və seksuallıq barədə məruz qalınan tabular və zəruri səhiyyə xidmətinə çatımlılığın təmin olunmaması qadınlar üçün olduğu qədər mariginallaşdırılan genderlər üçün də problemdir.
Abort sadəcə daşıyıcının həyati təhlükəsi olduqda düşünülməsi lazım olan qaçınılmalı, sağlamlıq üçün təhlükəli prosedur deyil, planlanmamış, istənilməyən hamiləliyin dayandırılması vasitəsidir. Dövlətlərin abortla bağlı gətirdiyi məhdudiyyətlər yalnız hər hansı bir tibbi xidmətə çatımlılığımıza deyil, eləcə də gender kimliyindən asılı olmayaraq təyin olunmuş genderi qadın olan hər bir kəsin bədəninə müdaxilədir, bədənimizlə bağlı qərarlarımızı məhdudlaşdırmaq, bizləri idarə etməyə çalışmaq cəhdidir. Əgər dövlətin qayğısını çəkdiyi şey insan həyatı, “qadınların bədəni” və sağlamlığıdırsa, ilk öncə təyin edilmiş genderi qadın olan şəxslərə qarşı fiziki, psixoloji və cinsi zorakılıq hallarının qarşısını alan, cinayətkarların yaxınlıq dərəcəsindən asılı olmayaraq yetərli cəzanı aldığı hüquq sistemi yaradılmalı, seks-pozitiv təhsil və tərbiyə sisteminə keçilməli, bədənlərimiz və seksuallığımızla bağlı tabuların uşaq yaşlardan bizlərə aşılanmasının qarşısı alınmalıdır. Səhiyyə sisteminin narahatlıq duyduğu məsələ abortun guya daşıyıcının bədəninə zərər verə biləcəyidir, (ki, bu mütləq deyil və əksər hallarda yaranan problemlərdə günahkar qeyri-peşəkar tibb “professional”ları olur) istənilməyən, planlanmamış hamiləliklərin yaşanmaması üçün gender kimliyindən, sosial statusundan və yaşından asılı olmayaraq ehtiyacı olan hər kəsin zəruri kontraseptivlərə çatımlılığı təmin edilməli və onlardan düzgün istifadə qaydalarını bildiinə əmin olunmalıdır.
Zəruri reproduktiv sağlamlıq xidmətlərinə çatımlılığın cisgender qadınlar üçün kifayət qədər çətin olduğu, “ginekoloq”lar tərəfindən “əxlaq” və şəriət mühakiməsi ilə qarşılaşdığı, ginekoloqunun dini inancına görə abort xidmətindən qanunvericilikdə heç bir qadağa olmadığı halda yararlana bilmədiyi yaşadığımız ölkədə mariginallaşdırılan gender kimliklərində olan insanlar tamamilə görünməz qalır. Genderi xarici reproduktiv orqanlara görə təyin edən, trans kişini “kişi” olaraq “qəbul etmək” üçün onun daxili “qadın” orqanlarından tamamilə azad olmasını tələb edən, intersekslərin bədəninə onların xatırlamayacağı qədər erkən yaşlarda, öz razılıqları olmadan müdaxilə etməkdə problem görməyən səhiyyə və hüquq sistemimiz həmin insanların öz bədənləri haqqında necə düşündüyü, hansı qərarlar vermək istədiyi, zəruri reproduktiv sağlamlıq xidmətindən yararlanıb-yararlana bilməməsi barədə maraqlanmır.
Müəllif: Raven
Powered by Froala Editor