Let's Reconcile with Sea Part I
This spring is another spring, this spring is even more pleasant, Woe to the heart that is empty! A passion on every horizon, a hope in every corner, People are happier.
23/Sep/21
3349
Gəl Dənizlə Barışaq
Birinci Bölüm
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə'sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!
Mikayıl Müşfiq. “Yenə O Bağ Olaydı.”
Doqquz ay ərzində sıxıcı biznes görüşlərindən, gündəlik iş həyatının monotonluğundan təngə gəlmiş atamın, eyni vaxt ərzində, bütün gün dörd divar arasında qalmaqdan və şəhərin boğucu havasından dərin depressiyanın eşiyində olduğunu iddia edən anamın əksinə, ilin qalan üç ayını kənd evindəki bağımızda keçirməyin nə mənə, nə də ailəmə yaxşı təsir edəcəyini düşünürdüm. Çünkü yay sonunda hamı meyvə ağacları və dənizlə əhatələnmiş o evə o qədər öyrəşmiş olacaqdı ki, şəhərə qayıdanda üzlərindəki ifadə yahudi düşərgəsinə göndərilən əsirləri xatırlacaqdı. Bağ evimizin təsirindən qurtulmaq üçün anamın M&M-ə bənzəyən antidepressiya həbləri içməsi, atamın isə mütləq uğurlu bir biznes müqaviləsi imzalaması lazım gələcəkdi. Di gəl ki, bunun fərqində olan yeganə insan mən imişəmmiş kimi, hamı məzuniyyətinin ilk gününü yaşayan əsgər kimi həyəcanlı idi. Biznesi genişlədikcə özünü tanrıyla daha çox müqayisə etməyə başlamış atam – təbii ki, bunu açıq-açığına deməzdi - allahın belə dünyanı altı günə yaradıb bir gün istirahət etdiyini və bunu bəndələrinə də məsləhət gördüyünü iddia edirdi. Təbii ki, anam da bu fikirə qatılırdı, amma mənə elə gəlir, onun bura gəlmək istəyi heç vaxt var-dövlətimizi bağ qonşularımıza göstərməkdən başqa bir şey olmayacaqdı.
Ev anamın mülkiyyətində idi və anam bu ev haqqında danışmaqdan doymazdı. Amma nəyəsə görə bu danışıqlar sadəcə evin hazırki möhtəşəmliyi barədə olurdu. Məncə, anam kasıb keçmişindən danışmağı sevmədiyi, hətta inkar etmək istədiyi üçün idi. İndi evdə sadəcə sevimli blenderində qarışdırdığı tərəvəz şorbalarıyla həyatda qalan nənəmin yaşamağına baxmayaraq, biz bura baba evi deyirdik və anamın altımışıncı illərdən qalma o solğun şəkillərindən bildiyim qədəri ilə ev əvvəllər tamamilə fərqli idi. Sonradan atam bu evi təmir etdirib, qonşuluğundakı boş ərazini də bağa qataraq bunu anama bir ad günü hədiyyəsi kimi vermişdi. Əgər aralarında azca da olsa sevgi var olubsa, yəqin ki, bu, o günlərə təsadüf edərdi.
Ailəmizin xoşbəxt olduğunu deyə bilməzdim. İkisi də boşanmağın neqativ stiqmasının gətirəcəyi yorucu həyat şərtlərindən qorxan, buna görədə sətiraltı-sətirüstü bir-birini iynələməklə kifayətlənən valideynlərimin, başqaları üçün hər necəsə xoşbəxt - ya da buna da şükür normal - ailə portreti göstərə bildikləri bir insan yığını idi ailəmiz.
Maşının arxa oturacağında oturub hündür binaların yerini birmərtəbəli kənd evlərinə verməsini izləyirdim. Hər nə qədər bağ evimizə dəfələrlə getmiş olsam da, ora qısa müddətə öyrəşməyəcəyimi bilirdim. Öyrəşəndə isə getməli olacaqdıq ki, buda ayrı bir problem idi. Başqa bir tərəfdən o evi, hətta kəndi heç vaxt sevməmişdim. Anamın əməliyyat keçirdiyi illərdə iki ilimi burda nənəmlə qalmalı və Buzovna 26 №-li məktəbə getməyə məcbur qalmışdım. Rövşən üçün buna öyrəşmək çətin olmamışdı, hətta indiyə qədər danışdığı ən yaxın dostunu o dövrdə tapmışdı, amma mənim kimi hər şeyə gec öyrəşən, görünməz divarlarının ardında yaşayan biri üçün bu heç də asan olmamışdı. Yəqin ki, indi olduğu kimi, o vaxt da qəribə olduğuma görə uşaqlar arasında heç vaxt öz yerimi tapa bilməmişdim. Böyüklər arasında bu daha asan idi; anamın rəfiqələri uzaq başı “Ağıllı oğlandır. Bir az çox sakitdir, amma ağıllı oğlandır” deyirdilər. Atamın dostları isə daha açıq sözlü idi və “Çox sakit uşaqdır, indiki dövrdə belə yaramaz. Heç atasına oxşamadı” deyərkən səslərindəki əylənən tonu gizlətməzdilər. Hərdən, atamın kefli vaxtlarında “Bu uşaq balnitsada dəyişik düşüb. Bizlərdə beləsi olmayıb” deməyinə həqiqətən inanmağım gəlir.
Uşaqlıq illərimi yada salarkən nədənsə ağlıma sadəcə burda keçirdiyim iki ili və bir dəfə Animal Planet-də qarışqalar haqqında izlədiyim sənədli filmi xatırlayıram. Film A koloniyasından gətirilmiş qarışqanın B konoloniyasına salınmasıyla bağlı bir təcrübədən bəhs edirdi. Filmə baxdıqdan sonra cəsarətlənib nənəmin bağındakı qarışqa yuvalarını dağıtdığımı, ya da qarışqalara işgəncə verməyə başladığımı deməyi çox istərdim, amma belə olmadı. Əksinə, digərləri tərəfindən vəhşicəsinə parçalanan o balaca qarışqaların arasındakı o xırda, A koloniyasından gətirilmiş qarışqada özümü görmüşdüm. Qara muncuğa bənzər başının qoparıldıqdan sonra kiprik nazikliyindəki ayaqlarıyla çabalayan o kiçik qarışqa. Anamızın bizə baxmağa gücü yetmədyi o xəstəlik dövrlərində mən də o qarışqa kimi tutulub kənd məktəbinə atılmışdım. Niyə sadəcə ev yox, məktəb deməyim bəlkədə qəribə səslənə bilər, amma inanın, sinif yoldaşlarımın B koloniyadakı qarışqalara nə qədər oxşadıqlarını deyəcəyim qədər qəribə səslənməz.
“Əli yenə fikrə gedib” - dedi qabaq oturacaqda əyləşmiş anam. Məni selfi çəkmək üçün qaldırdığı telefonunun ekranından görmüşdü.
“Yox” - dedim, sanki fikrə getmək ediləsi ən qəribə iş imiş kimi. Boğazımı təmizləyib birdə uca səslə “Yox” dedim, çünki birincinin kifayət qədər yüksəkdən çıxdığına əmin deyildim.
Atam bir anlıq güzgüdən mənə baxıb yenidən yola çevirdi gözlərini. Heç bir şey demədi, bəlkə bir şey demək belə istəmədi, amma mən özümü onu məyusluğa uğradırammış kimi hiss etməkdən özümü saxlaya bilmədim. Görəsən düz oturmuşdum? Yazıq kimi görünmürdüm? Boynumu, ya əlimi qız kimi büküb oturmamışdım?
“Əlinin həmişə ya rəssam, ya da musiqiçi olacağını fikirləşmişdim”, - deyə davam etdi anam.
İçimdəki utanan səs Ana bəsdi, Başlama yenə deyə bağırmağa başlamışdı.
“Uşaqların ağlını elə sən pozursan da”, - dedi atam. “Heç biri əməlli bir işin qulpundan yapışmadı.”
Anam bunu eşitməmiş kimi davam etdi: “Sənətçilərə xas zəngin aləmi var, daim düşünür... amma heç bir şeyə həvəsi olmadı heyif.” Bunu deyərkən ikimizin də məcbur qalmadıqca toxunmadığım pianoya görə aldığım musiqi dərslərimi xatırladığımızı bilirdim.
“Ay da, yenə qazana bilmədim”, - deyə qışqırdı kiçik qardaşım Kamran. Əlindəki Sony Playsation-u kənara atıb qulaqlıqlarını çıxartdı.
Bir az yavaş, Kamran.
Amma çox az qalmışdı...
İndi bütün diqqətlər balaca qardaşıma getdiyi üçün rahatlamışdım. Hər necəsə qardaşlarımla özümü müqayisə edərkən istər-istəməz eyni ailədə böyümüş olsaq da, necə belə fərqli insanlar olduğumuz haqqında düşünərdim. Hər necəsə Kamranın heç vaxt mənim kimi olmayacağını bilirdim. Atamın istədiyi kimi ayıq, zirək, bir sözlə, cin kimi uşaq idi: ondan gözlənilən şəkildən başqa hər şəkildə davranan yaramaz və ərköyün. Atdığı cızıqlar hələ də anamın ən qiymətli mebellerini və divar kağızlarımızı bəzəsə də, atamın sukeçirməz və yerə düşərkən avtomatik dönmə funksiyalı sınmayan telefonlarını hər necəsə sındırmağı bacarsa da, bu, evin ən sevilən uşağı statusunu ondan heç vaxt almırdı. Buna görə onu heç vaxt qısqanmamışam demirəm - ən azı aramızdakı yaş fərqinə görə bu çox ayıb bir iş olardı. Mən sadəcə hər dediyini etməyimə, ən azı uğurla etməyə çalışmağıma baxmayaraq atamla aramın niyə onun kimi olmadığı barədə düşünməyə bilmirdim.
Hər halda bunların cavabını heç vaxt tapa bilməyəcəyim üçün artıq aydın şəkildə görünməyə başlamış mavi dənizə baxmağa başladım. Yol kənarlarında satılıq dekorativ ağaclar, bağ yelləncəkləri və kiçik heyvan heykəlləri, qarşısında dondurma soyuducuları olan kiçik məhəllə marketləri görünməyə başlamışdı. Düyməni basıb şüşəni endirdim və külək qulaqlarımda pırıldamağa başladı. Gözlərimi qıyıb dənizin duzlu qoxusunu duymağa çalışarkən küləyin saçlarımla istədiyi kimi oynamasına icazə verdim.
Az sonra artıq məhləyə gəlib çatmışdıq. Maşın kələ-kötür yolla yavaşca yoxuşaşağı düşərkən təkərlərin altında qalan daşların şıqqıltısını eşitməmək mümkün deyildi. Yolun hər iki tərəfində ikimərtəbəli bağ evləri aşağı yola kimi bir-birini əvəz edirdi. Divarlardan insanların yolçu payı dediyi üzüm, tut və alça ağaclarının budaqlarını sallanmışdı. Uşaq vaxtı bir dəfə bu yolu dənizə qədər sürətlə qaçmaq barədə axmaqca bir qərar verdiyimi xatırladım. Yoxuşun ən başında durub qaçmağa başlamışdım və bir anlıq heç vaxt dayana bilməyəcəyimi düşümüşdüm, çünki yol çox əyri idi. Yaxşı ki, yıxılıb yerdə sürünməmiş sürətimi azalda bilmişdim və bu mənə böyük bir dərs olmuşdu.
Budur, nənəmin əhənglə ağa boyadığı səkidəki qızılgüllər və onların sonundakı mavi darvazamız görünürdü. Az irəlidə enlənən yolun ortasındakı küknar ağacı həmişəki kimi dənizi tam görməyə icazə verməsə də, məncə, bu mənzərə bu ağacsız bu qədər gözəl ola bilməzdi. Yolun ortasında bəzən o qədər yersiz, bəzən isə o qədər təbii görünürdü ki, insan sırf maşını rahat sürsün deyə bu ağacı kəsməyi düşünəndə özünü günahkar hiss edirdi.
Maşınımız dayandı. Qardaşım “Nənə, nənə” qışqıraraq düşüb qapıya cumdu.
“Kamran dayan qaçma”, - anam addım səsləri artıq həyətdən eşidilən Kamrana dedi.
Heç məni bir il görməsə, belə qaçmaz ha.
Maşından düşdüm, yolun yuxarı başından aşağı başına kimi baxdım; Pəncərələri açıq, yola baxan miçətkənli pəncərələr, onların altından keçən sarı qaz boruları, divarlara vurulmuş sayğaclar, rəngbərəng su çənləri, qapısını sulayan tanış bir adam, əllərində futbol topu ilə aşağı düşən uşaqlar... Özümü Afrikaya gəlib insanların bərbad yaşamını fotoya alacaq təmizürəkli fotoqraf kimi yad hiss edirdim. Bütün yay boyu bunlara yenidən öyrəşməli idim. Sıxılırdım, gərgin idim və burdan getmək istəyirdim, amma getmək heç bir şeyi dəyişdirməyəcəkdi. Mənə kömək edə biləcək yeganə şey keçmiş xatirələrimin silinməsi olardı ki, bu da mümkün deyildi. Ona görə də qapını bağlayıb, çantamı və çamadanımı götürüb valideynlərimin ardınca qapıya getdim.
Nənəm Kamranı çoxdan bağrına basıb öpüşlərinə qərq etmişdi. Kamranınsa bir an əvvəl nənənin əlindən qurtulub yeni kəşflər etməyə çalışması üzündən oxunurdu. Nənəm “Gəl bu yanağından da” deyərkən üzünü uzada-uzada ətrafa baxırdı. Dayandığımız yer evə kimi üzüm talvarlarıyla örtüldüyünə görə sərin idi. Körpə yarpaqların arasından süzülən nöqtə-nöqtə günəş işığı küləyin toxunuşu ilə bir yanıb, bir sönürdü sanki. Bir az irəlidə ağzına kimi suyla dolu geniş çarhovuz, onun qarşısında isə göyərti və tərəvəz ləkləri vardı. Qırmızı pomidorlara, uzun bibərlərə və qoxusu bura qədər gələn reyhan və nanə ləklərinə baxanda uzun müddət marketdən bir şey almağımıza ehtiyac qalmayacağını bilirdim.
“Gör nə qədər böyüyüblər”, -dedi nənəm. Qollarını açıb atamı qucaqladı: “Necəsən, oğlum?”
Yaxşıyam, ana.
Rahat gəldiz?
“Hə, rahat gəldik”, - deyərkən dopdolu idman çantasını çiyninə asdı.
Yol elə bil yanır. Bu yay çox isti olacaq.
İlin bu vaxtı hava belə olanda Xəzri də güclü olur
Təki elə olsun. Yoxsa çöldə oturub çay içə bilməyəcəyik.
Nənəm anama döndü. Bir anlıq bir-birilərinə bir şey deməyəcəklərini düşündüm, amma sonra nənəm onu da qucaqlayıb: “Salam qızım”, -dedi.
Çox qısa bir qucaqlaşma və yanağa qondurulan bir-iki soyuq öpüş oldu. Heç vaxt anamla aralarında olan küskünlüyün səbəbini anlamamışdım. Bir küskünlük vardımı, onu belə bilmirdim. Bu cür vəziyyətləri o qədər normal görünürdü ki, ətrafımdakı insanların ana və qız münasibətini görməyənə kimi bunun belə olmalı olduğuna inanmışdım.
“Salam”, - dedi anam. Üzündəki gülüş həqiqi deyildi.
Nənəm anamdan ayrılıb mənə doğru gəldi. Həyatda məni sevdiyindən əmin olduğum bəlkədə yeganə insanla qucaqlaşdım.
“Buna bax, gör nəvəm nə qədər böyüyüb” deyərək başımdan tutdu və iki yanağımdan da öpdü. Dodaqüstü tükləri üzümə batdı. Yaşlı biri tərəfindən öpülərkən hiss edilən o qəribə hissi üstümdən ata bilmədim, amma yenə nənəni qucaqlamaq və öpmək xoş idi.
Necəsən, balam?
“Yaxşıyam”, - dedim. İllər sonra insanlara demək istəyib, deyə bilmədiyim şeylər haqqında düşünərkən ağlıma gələn xatirələrdən biri də bu olur həmişə. O vaxt nənəmlə üstü qırmızıgüllü olan ağ xalatı, və ya cavan qızlar kimi hördüyü ağ saçıyla bağlı zarafat etmək, onu qucaqlayıb qıdıqlamaq, və ya əgər əlli yaş cavan olsaydı, onu qaçıra biləcəyimlə bağlı zarafat etmək istərdim, amma utanaraq tək deyə bildiyim “Yaxşıyam” olmuşdu.
“İçəri keçməmiş al bu pulu”, - deyərək əlimə beş manat tutuşdurdu.
Düş burdan aşağı, balaca meyvə dükanı var. Tapşırmışam, süd saxlasınlar mənim üçün. Onu al, gətir. Axşama südlü aş bişirəcəyəm sənə. Sən sevdiyindən. Xurmalı.
“Nənə vacibdi?”, - dedim.
Get balam. Nənəni incitmə. Orda İlkinə de, o biləcək.
İlkin?
Hə. Sarıbəniz uşaqdır, ona de ki, Firəngiz nənə göndərib, südü versin.
Yaxşı.
Nənəm “Ona başqa heçnə demə, çün...” deyərkən balaca qardaşım “nənə, nənə” deyərək evdən çıxdı.
“Başqa bir şey nə deyəcəyəm ki”, - desəm də, nənəm çoxdan Kamrana dönüb onun bitib-tükənməz suallarına cavab verməyə başlamışdı.
Nənəmin ən pis yanı məni istəmədiyim işi belə etməyə məcbur etməsi idi.
Qapını açıb küçəyə çıxdım və üzüaşağı düşüb mağazanı axtarmağa başladım. Keçən il burda bir mağaza olduğunu xatırlamırdım. Hər nə qədər “Hər şey çox dəyişmişdi” sözü klişe səslənsə də, yenicə çəkilmiş asfaltdan və tikilmiş iki qonşu evdən gördüyüm qədəri ilə bu belə idi.
Mağaza düşündüyümdən də yaxın idi. Mağaza dediyim ikimərtəbəli evin altında açılmış qaraj idi və Elxan əmi dediyimiz, oğlunu iki il əvvəl maşın qəzasında itirən adama məxsus idi.
Yerə səpilmiş su havada qəribə bir nəm və toz qarışıq bir qoxu yaradırdı. Dükana çatmağa bir-iki addım qalmış, qucağına aldığı böyük qutuları içəri daşıyan, nənəmin dediyi sarıbəniz oğlanı gördüm. Üzünü tam görə bilməsəm də, qutunu hər iki tərəfindən qavramış gərgin əzələləri diqqətimi çəkmişdi. Səhvim onun da məni gördüyünü düşünməyim oldu ki, içəri keçməyə çalışarkən bu düşüncəm bir-birimizə dəyməyimizlə nəticələndi. Bir anlıq onun qapının ağzında dayanıb ləngiməsini müştəriyə nəzakət şəklində dəyərləndirib, keçməyimə icazə olduğunu düşünmüşdüm, amma sən demə, dayandığı müddətdə görmədiyim sağ əlini qutunu daha yaxşı tutmaq üçün möhkəmləndirirmiş. Nəticədə ikimiz də eyni anda içəri girməyə çalışdıq və mən qutulara dəyib səkidən yerə yıxıldım. Bu az imiş kimi, ağzına qədər ərik dolu meyvə qutusu da üstümə dağılmışdı ki, vəziyyətimi acınacaqlı şəkildə gülünc edirdi.
Oğlan əlində qalan iki qutunu yerə qoyub mənə baxdı. Bir şey deyəcək deyə fikirləşdim, amma səsini belə çıxarmadı. Ordaca durub mənə tanrı kimi baxarkən qabağa gəlib əlini belə uzatmayacağını anladığım an ərikləri əzməməyə çalışaraq ayağa qalxdım. Hər iki dirsəyim cızılsa da, görünüşdə ciddi bir xəsarətim yox idi. Əslində o an məni düşündürən şey aldığım zədədən çox oğlanın, yəni İlkinin qəribə davranışı idi. İnsan heç olmasa irəli gəlib qalxmağa kömək etməz?, - deyə düşündüm.
Yenədə öz nəzakətimi qoruyaraq: “Bağışla. Elə bildim mənə görə dayandın...”
Səssizlik.
Qanın qulaqlarıma və yanaqlarıma sıxıldığını hiss etməyə başlamışdım. Onun əksinə, mən ona baxmağa davam edə bilmirdim və sanki tək günahkar mən imişəm kimi əyilib ərikləri yerdən yığmağa başladım. Niyə, bilmirəm, amma o an orda durub mənə baxmasından çox utanmışdım.
Birdən o da əyildi və öz tərəfindəki meyvələri yığmağa başladı. Bunu edərkən mənə baxdığını hiss edirdim. Qısa bir anlıq baxışlarımız toqquşdu və o an məni qıcıqlandıran bir hərəkət etdi; Düz üzümə baxaraq gülümsəmişdi. Yıxılmağıma gülmüşdü? Çox axmaq kimi görünürdüm?
“Mən də buna kömək etməyi fikirləşmişdim”, - deyə düşündüm.
Ayağa qalxdım. “Nəyə gülürsən ki?”, - dedim.
Üzündəki gülümsəmə silindi və yerini peşmançılıq və bir az da qorxu qarışıq ifadə aldı. Ağzı yarımyamalaq açılsa da, o saniyə bağlandı və yerə əyilib yenidən yerdə qalan meyvələri yığmağa başladı.
Bundan daha da cəsarətlənib: “Ən azından sən də bağışla deyə bilərdin də...”
Başını qaldırıb üzümə baxaraq təsdiq mənasında başını yellədi. Hərəkətləri sürətlənmişdi, elə bil tez bir zamanda qaçıb getmək istəyirdi. O an ürəyimdə nələrinsə tərs getdiyinə dair bir hiss olsa da, qəzəbim üstün çıxmışdı.
Nəsə istəyirsiz?
Çevrildim və hardasa iyirmi beş-otuz yaşlarında bir qızın mağazanın qapısından mənə baxdığını gördüm. Başındakı ləçəkdən və kirpiksiz, qaşsız üzündən hansısa ciddi bir xəstəlikdən əziyyət çəkdiyi aydın idi.
Məni nənə göndərib. Yəni Firəngiz xanım.
Siz onun nəvəsisiz?
Üzündəki mehriban ifadə dərmanların təsirindən olan parlaq üzündə çox xoş görünürdü.
- Gəldiz, deməli. Axır bir həftədir qızım gəlir deyirdi.
“Az əvvəl gəldik” deyərkən bütün fikrim İlkin adlı bu oğlanda idi. Yerdəki meyvələri yığmağı bitirib, artıq maşına minirdi. Göz ucuyla maşının içinə baxmaqdan özümü saxlaya bilmədim. Mənə baxmırdı.
Firəngiz nənə süd tapşırmışdı. Budu, burdadır.
İçəri keçdi. Ardınca gedib mağazaya daxil olarkən İlkinin də maşını işə salıb üzü aşağı getdiyini gördüm.
İçimdə qəribə bir peşmançılıq vardı. Nəsə səhv bir şey etmişdim. Adətən insanlara qarşı bu cür kobud davranmazdım. Əslində haqqımı pozsalar belə, qarşı çıxmaz, bir şey deməzdim. Bunun səhv, və ya pis bir hərəkət olduğunu bildiyimə görə yox, digər bir çox şeydə olduğu kimi cəsarətsizliyimə və özgüvənsizliyimə görə.
“Buyur”, - qız dedi.
“Çox sağ olun. Pulu verilib?”, - soruşdum. Bir anlıq qaşsız olan alnının parıldamasına baxmaya bilmədim.
“Bəli verilib. Firəngiz xala heç vaxt pulu saxlamaz”, - dedi.
“Lap yaxşı”, - dedim və qapıya doğru döndüm.
Qardaşımdan nəsə soruşurduz?
Sual gözlənilmədən və məncə, bir az da yersiz gəlmişdi.
Yox. Bir-birimizə dəydik, meyvələr yerə töküldü. Bağışla deyirdim sadəcə, amma o...
“Başa düşdüm. Elə bildim, nəsə almaq istəmisiz, o da kömək edə bilməyib. Qardaşım danışma məhdudiyyətlidir, nəsə lazım olsa bizdən soruşun.”
“Danışma məhdudiyyətli?” deyərkən ürəyimdən ağır bir daş sallanmışdı sanki. “Yəni danışa bilmir?”, - deyə əlavə etdim, sanki dediyi kəlmə başqa bir mənaya da gəlirmiş kimi.
Başını yellədi.
Qıza təşəkkür edib mağazadan çıxdım. Çıxarkən onu görmək ümidi ilə İlkinin getdiyi tərəfə, məhəllənin aşağısına baxdım. Gündən qovrulan bomboş küçədən başqa bir şey yox idi. Lap görsəm, nə deyəcəkdim ki? Bağışla, lal olduğunu bilmirdim? Ən azından sən də bağışla deyə bilərdin də... Ən azından sən də bağışla deyə bilərdin də... Bu kəlimə beynimin içində iyrənc bir milçək kimi fırlanırdı. İndi İlkinin o söz dilinin ucundaymış kimi olan pərt baxışlarına anlam verə bilirdim.
Bəzən hələ də o hadisəni xatırlayanda Nazim Hikmətin “Kaş ki tanımasaydım demirəm, amma kaş ki tanıdığım kimi qalsaydın” ifadəsini düşünməyə bilmirəm. Tanıdığım kimi kobud və görəndə yolumu dəyişmək istəyəcəyim biri kimi, amma mən nə qədər dəyişmək istəsəm də, həyat yollarımızı çoxdan kəsişdirmişdi.
Powered by Froala Editor