BDSM İqtidar Münasibətlərini Erotikləşdirdiyimiz Strateji Oyundur: 

Foucault və Onun Beş Oynaq Prinsipi Haqqında

Müəllif: Xəyyam Namazov

Öz oynaq (kinky)[1] homoseksual həyatını hələ ötən əsrin 70-80-ci illərində açıq-saçıq yaşayan, bu haqda öyrədici müsahibələr verən, özünü nə tarixçi, nə də filosof adlandırsa da, “Seksuallığın Tarixi” adlı dörd cildlik tədqiqat layihəsinin müəllifi, fikirlərlə oynayan və onları sındırmaqdan çəkinməyən adam, Foucault-un BDSM[2] və seksuallıq haqqındakı fikirləri ilə tanışlığım sanki qaranlıqda qalmış müəyyən düşüncələrimin üzərinə xəfif bir işıq pərdəsi çəkdi. Aydınlıq olmasa da, yaranan bu alatoranlıqda az da olsa surətləri bir-birindən ayırd edə bilmə imkanı tapdım. Baxmayaraq ki, heç kimin fikrini son söz kimi qəbul etmək olmaz, yenə də, bu qısa yazımda onun müxtəlif müsahibə və mətnlərində yer alan BDSM ilə əlaqədar fikirlərini beş əsas prinsip, təklif və ya istiqamət şəklində toplayıb sizlərə təqdim edirəm. İnanıram ki, bu yazı bu cür pozğun oyunun içində olan və öz oynaq ruh və bədənini sınaqlara çəkmək istəyən kəslər[3] üçün maraqlı bir yanaşma təqdim edəcək, oyunun çölündə olan bir çoxları üçün isə kiçik tanışlıq olacaq. 

  1. BDSM həzz üçün yeni imkanlar yaradır

İlk təcrübə etdiyim sessiya o qədər qeyri-adi, hətta seks və seksuallığın fövqündə bir hadisə idi ki, ondan sonra özümü bu sualı verməkdən saxlaya bilməmişdim. Görəsən seksuallığımız mahiyyətimizi, həyatımızın əsl mənasını, dərində yatan, üzə çıxarılmağı gözləyən gizlənmiş  kimliyimizi təmsil edirmi? Amma daha sonra öyrənəndə ki, bütün 19-cu əsr, “istək və arzularını söylə sənə kim olduğunu deyim” sualının aludəçisinə çevrilib, tələyə düşənin tək mən olmadığını anladım, xeyli rahatladım. 

Amma yenə də bu avropasayağı sual - “Seksin hər hansı bir həqiqəti” mövcuddurmu? - öz əhəmiyyətini qoruyub saxlayır. Daha da vacibi, xeyli uzağa gedən başqa bir törəmə sual ortaya çıxır, beyni dayanmadan qurcalayır, rahatlıq vermir: BDSM-i daxilimizdə hopub qalmış zorakılığa meylimizin özünü ifadəsi kimi başa düşə bilərikmi? Foucault bu suallara bir başa və qısa cavab verir: “yox!”.  

Bu “yox”u anlamaq üçün, hər şeydən əvvəl gərək cinsi istəyi insan həzzinin mərkəzi kimi görməkdən yayına bilək. Bu, mütləq, qaçmalı olduğumuz mahiyyətçi bir yanaşmadır. Seksuallıq azadlıq ilə əlaqədardır. O, yeni növ münasibətləri, yeni sevgiləri və yeni mənaları yaratdığımız bir hadisədir. Biz seksuallıq sahəsində özümüzü yenidən inşa edirik: “Seks alın yazısı deyil: o, yaradıcı həyat üçün bir imkandır”. Əgər seksualığa yenidən bu cür baxacağıqsa, BDSM ilə əlaqədar düşüncələrimiz də həmçinin köklü şəkildə dəyişəcək. Belə ki,  

SM-in (sadomazoxism) şəxsdə dərin zorakılıq, SM məşğələlərinin bu zorakılığı, aqressiyanı sərbəst buraxmağın bir yolu olduğu ilə əlaqədar düşüncə axmaq bir fikirdir. Hamımız bilirik ki, bu insanların etdiyi heç bir şey qətiyyən aqressiv deyil. Onlar sadəcə bədənlərinin qəribə hesab edilən hissələri ilə həzzin yeni imkanlarını kəşf edirlər. (“Seks, İqtidar və Kimlik Siyasəti”) 

Foto: Jeremy Bishop/Unsplash

  1. BDSM yüksək həzzə çatmaq üçün öz bədənimizi müxtəlif üzvləri ilə istifadə etməyə imkan yaradır

Foucault “cinsi istəyi bizim digər bütün mümkün həzzlərimizin əsası” kimi görmür. Əvəzində isə biz “həzzi qəribə şeylərlə, bədənimizin [seksual münasibət üçün] qəribə hesab edilən hissələri ilə və qeyri-adi vəziyyətlərdə yaratmalıyıq”. Gəlin ilk əvvəl bu qəribə şeylərin nələrdən ibarət olduğunu başa düşməyə çalışaq. 

BDSM seanslarında istifadə edilən və bir çoxları üçün qeyri-adi, qəribə və hətta hürküdücü hesab edilən alətlərə qarşındakının danışıq və nəfəsini kəsmək üçün istifadə edilən kürəvari ağız tıxacı, partnyorunu bağlamaq üçün kəndir, boyunluq-xalta, qamçı, qırmanc, şallaq və digər başqa alətləri misal göstərmək olar. Bədənin BDSM icrası zamanı istifadə edilən qəribə hissələrinə gəldikdə isə barmaqlar, ayaq, boğaz və ya ehtiras və həzzə yol açan hər hansı başqa bir üzvü aid etmək mümkündür. Buradakı başlıca məntiq “bədənin hər bir hissəsini seksual alət kimi istifadə et”məkdir. Belə ki, bir çox BDSM məşğələlərində cinsi orqanlar oyunun mərkəzi olmaqdan çıxır. Yəni, iştirakçılar bir tərəfdən öz bədənlərini instrumentallaşdırır, digər bir tərəfdən isə bununla öz bədən həzzləri üçün mümkün qaynaqları zənginləşdirirlər.

"Həzzin seksuallıqdan ayrılması" ("həzzin deseksualizasiyası") vasitəsi ilə, Foucault bizləri həzzlərimizi seksual istəyin hegemoniyasından azad etməyə, daxili yaradıcı və dəyişdirici gücümüzü azadlığa buraxmağa, bununla da yeni həzzlər üçün yeni qapılar açmağa çağırır. Diqqətimizi cinsi orqanlardan ayırıb bədənimizin müxtəlif üzvlərini instrumentallaşdırmaqla, müxtəlif qəribə alətlərdən istifadə etməklə və qəribə situasiyalarda nəşə qaynaqlarımızı zənginləşdirə bilərik. 

  1. BDSM iqtidarı erotikləşdirdiyimiz strateji oyundur

Foucault BDSM-in təməl xüsusiyyətlərindən biri kimi iqtidarın erotikləşdirilməsini vurğulayır. Burada biz iqtidarı adəti üzrə mərkəzdən gələn, yuxarıdan aşağıya doğru tətbiq edilən münasibət forması kimi yox, məhz Foucault'nun başa düşdüyü kimi, dairəvi hərəkət içərisində işləyən, bütün növ insani münasibətlərin, həmçinin seksuallığın içərisində ortaya çıxan strateji münasibətlərin cəmi kimi başa düşürük. Bu mənada, 

SM [sadomazoxizm] strateji münasibətin həzz (fiziki həzz) qaynağı kimi istifadə edilməsidir. Bu ilk dəfə deyil ki, insanlar strateji münasibətləri həzz qaynağı kim istifadə edirlər. Məsələn, Orta Əsrlər dövründə xanım və onun sevgilisi arasında cərəyan edən “kübar sevgi”, trubadur, sevgi münasibətləri institutları vardı. Bunları da həmçinin strateji oyun hesab etmək olar. Hətta bu cür münasibətləri şənbə axşamı rəqs edən oğlan və qızlar arasında da görə bilərik. Onlar strateji münasibətləri öz davranışlarıyla ifa edərək üzə vururlar. Burada, bu heteroseksual həyatda maraqlı olan məqam budur ki, strateji münasibətlər seksdən əvvəl gəlir, bu münasibətlərdən seksə çatmaq üçün istifadə edilir. Halbuki SM-də strateji münasibətlər xüsusi şərtlər altında həzz sazişi kimi seksin daxilində baş verir. (“Seks, İqtidar və Kimlik Siyasəti”)

Strateji münasibətlərin kristallaşdığı və bərqərar olduğu bir çox ictimai və institutsional iqtidar münasibətlərindən fərqli olaraq BDSM məşğələlərində bu cür münasibətlər axıcıdır, əl dəyişdirir. Yəni,

… rollar mövcud olsa da, hər kəs bilir ki, bu rolları tərs üzünə çevirmək mümkündür. Bəzən səhnə sahib(ə) və qul ilə başlayır və sonda qul sahibə(yə) çevrilir. Və ya hətta rollar sabit olduqda belə, həmişə bilirik ki, bu, sadəcə bir oyundur. Ya qaydalar pozulur, ya da ki, iştirakçıların sərhədlərini onlara göstərən açıq və ya üstü örtülü bir razılaşma mövcud olur. Bu strateji oyun fiziki həzzin qaynağı kimi xeyli maraqlıdır. Amma bunun erotik münasibət daxilində iqtidar quruluşlarının yenidən istehsalı olduğunu deməzdim. Bu, iqtidar quruluşlarının strateji oyun vasitəsiylə ifa edilməsidir və öz növbəsində seksual və fiziki həzzə yol açır (“Seks, İqtidar və Kimlik Siyasəti”)

  1. Şahmatdakı kimi BDSM-i də qarşılıqlı oynayırıq

Razılıq BDSM-in təməlini təşkil edən başlıca prinsipdir. Əgər tərəflər bu məşğələləri həyata keçirmək üçün açıq-aydın razılığa gəlməyiblərsə, onda BDSM yox, zorakılıqdan söhbət gedir. Digər vacib əsas isə qarşılıqlı həzz müddəasıdır. Tez-tez, “oynamaq"la roluna görə lovğalanmaq, habelə oyun daxilindəki rollarla ictimai rollar bir-birinə qarşıdırılır. Bunun nəticəsində geniş yayılmış "dominant kişi", "itaətkar qadın" kimi  bayağı surətlər daha da bərqərar olur. 

Ola bilsin ki, dominant-itaətkar, sahib(ə)-qul kimi ilk baxışdan tək tərəfli görünən bu sürətlər BDSM iştirakçısı olan və olmayan kəslərdə bu oynaq məşğələlərin qarşılıqlı olması ilə əlaqədar çaşqınlıq yaradır. Doğrudur, alt (bottom) mövqedə olan itaətkar və qul sessiyalarda adəti üzrə xidmət edir. Amma bu, onların həzz almadığı mənasına gəlmir. Əksinə, altdakıların həzzi xüsusi əhəmiyyət daşıyır. Bu məqamı izah etmək üçün Foucault şahmat analogiyasından istifadə edir və oyunçular arasındakı münasibətləri bu cür izah edir:

SM əzab çəkən və əzab verən kəs arasındakı münasibət yox, sahib(ə) və onun öz ağalığını üzərində tətbiq etdiyi şəxs arasındakı münasibətdir. SM iştirakçıları üçün maraqlı olan budur ki, bu münasibət nizamlanmaqla yanaşı, həm də açıqdır. Bu, şahmat oyununu xatırladır, biri udur, digəri isə məğlub olur. SM məşğələlərində sahib(ə) əgər öz qurbanının ehtiyac və sınaqlarına lazımi qarşılığı verə bilmirsə, o, məğlub ola bilər. Tərsinə, əgər qulluqçu sahib(əs)inin onun üzərinə qoyduğu məsuliyyətləri həyata keçirə bilmirsə, o da məğlub ola bilər. Qayda və açıqlığın sadə qarışımı davamlı yenilik, gərginlik və qeyri-müəyyənlik təqdim etməklə, seksual münasibətləri intensivləşdirmə təsirinə malikdir… ("Seksual Seçim, Seksual Akt")

Bir sözlə, BDSM daxilində rolundan asılı olmayaraq bütün tərəflər öz bacarıqsızlıq, qabiliyyət və uyğunsuzluğuna görə məğlub ola bilər. Unutmayaq ki, qarşılıqlı həzz prinsipi razılıq prinsipi qədər əhəmiyyətlidir. 

  1. BDSM kimliyi özünü dəyişmə prosesinin qarşısında maneəyə çevrilməməlidir. 

BDSM rolları üzərində inşa edilən kimliklər o qədər əhəmiyyətlidir ki, demək olar, məşğələlərdəki ünsiyyət, qarşılıqlı əlaqə və münasibətlərin əksəriyyəti onlar vasitəsiylə həyata keçirilir. Bir-birindən fərqli elementlərin qarşımından ibarət bu rol-kimliklər xeyli müxtəlifdir. Yuxarıda adlarını çəkdiklərimlə yanaşı, Daddy, Mommy, Dominatrix, Mistress, little girl, little boy, pet[4] və. s ən geniş yayılmış arxetiplərin sadəcə bir neçəsidir. Və bu rol-kimliklərin hər biri onu istifadə edən üçün kifayət qədər dərin mənalar və hisslər kəsb edir. 

Amma bəzən bu cür kimliklər istifadəçiləri dəyişimdən saxlaya bilər. Belə ki, əgər şəxs öz kimliyini həddindən artıq mənimsəyər, onu dəyişməz və həyatının tək rolu kimi qəbul edərsə, bu, onda özünü dəyişdirmə prosesi qarşısında ciddi əngələ çevrilə bilər. Foucault bu məqamda daha fərqli bir yanaşma təklif edir:

Yaxşı, əgər kimlik sadəcə bir oyun olarsa, yeni dostluqlar, ictimai və seksual həzz münasibətləri qurmaq üçün istifadə edilərsə, onda yararlıdır. Yox əgər o, seksual varlığın başlıca probleminə çevirilərsə, insanlar “özlərinə məxsus [əsl] kimliklərini” “ortaya çıxarmalı" olduqlarını və bu öz-kimliklərin qanuna, prinsipə, varolma kodeksinə çevrilməli olduğunu düşünərlərsə; əgər mütəmadi şəkildə özlərinə "bu şey mənim kimliyimə uyğun gəlirmi?" sualını verərlərsə, məncə onda köhnə heteroseksual erkəklik anlayışına yaxın bir əxlaqa geri dönmüş olarlar. Bizdən kimlik sualı ilə əlaqə qurmağımız istənilərsə, onda bu, bizim əvəzsiz özümüzə uyğun gələn bir kimlik olmalıdır. Halbuki özümüzlə qurmalı olduğumuz münasibətlər kimlik münasibətləri deyil, daha dəqiqi, fərqləndirmə, yaratma və yenilənmə münasibətləri olmalıdır. Eyni qalmaq həqiqətən də cansıxıcıdır. Əgər insanlar öz həzzlərinə kimlik vasitəsiylə qovuşurlarsa, onda bu kimliyi xaric etməməliyik. Amma eyni zamanda kimliyi əxlaqi universal qayda kimi də görməməliyik. (“Seks, İqtidar və Kimlik Siyasəti”)

Nəticə etibarilə, BDSM və seksuallığa Foucault-nun pəncərəsindən yenidən baxdıqda, onu dərin və dəyişməz insan mahiyyətinin bir işarəsi kimi deyil, daha çox, insan həzzinin qaynaqlarını yeniləmək üçün bir imkan, vasitə kimi görürük. Bu məşğələlər daxilində bədənimizin müxtəlif üzvlərini instrumentallaşdıraraq, qəribə alətlərdən qəribə vəziyyətlərdə istifadə edərək öz həzzimizi azad edir, onu seksual istəyin yeksənəqliyə sövq edən pəncəsindən qurtarırıq. Bu oynaq əməllər içərisində müxtəlif növ ləzzətlərə çatmaq üçün iqtidar və strateji münasibətləri erotikləşdirir, onları yenidən və yenidən ifa edir, yaradırıq. Elə buna görə də BDSM strateji bir oyun kimi şahmata bənzəyir, onu razılıqla və qarşılıqlı oynayır, rolumuzdan asılı olmayaraq udub-uduzmağı əvvəlcədən qəbul edirik. Və bu oyun daxilində yaranan rol-kimlikləri varlığımızın dəyişməz mahiyyəti kimi deyil, gələcək macəralara aparan kiçik, amma həm də ruhumuz və bədənimizin üçün şirin gələn bir vasitə kimi başa düşür, qəbul edirik. 

 

[1] “Kinky” çətir ifadə kimi ingilis dilində qeyri-ənənəvi hesab edilən bütün növ seksual fəaliyyət, fantaziya və anlayışları göstərmək üçün istifadə edilir. Mənfi çalarları ilə “qeyri-adi”, “qəribə”, “pozğun” və buna yaxın digər mənalara malik olmağına baxmayaraq, daha yaxşı bir ifadə tapana kimi bu sözü ana dilimizdə müsbət mənaları olan “oynaq” kimi (yəni, seksual əməl və fantaziyalarında oynaq olan) istifadə edirəm. 

[2] BDSM ixtisarı Əsarət-Disiplin (B/D - Bondage-Discipline), Dominantlıq-İtaət (D/s - Dominance-Submission) və Sado-Mazoxizmi (S/M) özündə ehtiva edən bir çox erotik fəaliyyətləri, roll ifalarını və digər insanlararası münasibətləri əhatə edir. BDSM çətir ifadə kimi artıq öz məna çərçivəsini aşıb bir çox qeyri-ənənəvi, qeyri-normativ fəaliyyətləri və subkulturaları da əhatə edir. Növbəti yazılarımda BDSM, tarixi inkişafı və əhatə dairəsi ilə əlaqədar daha geniş məlumat verəcəm.

[3] Azərbaycanda BDSM icmasının mövcud olub-olmaması ilə əlaqədar heç bir dəqiq məlumatım yoxdur. Amma oynaq ruhlar hər yerdədir.

[4] Qeyd edim ki, BDSM məşğələləri bir çox hallarda dil, dil daxilindəki iqtidar münasibətləri və həmin dildə həmin rol-kimliyə yüklənmiş mənalardan asılıdır. İngilis dilində bir rol, məsələn, submissive (sub) Azərbaycan dilinə itaətkar kimi tərcümə edilsə də, həmişə bu rolu ingilis dilində istifadə edən biri üçün itaətkar sözü-çağırışı seksual-erotik hiss yaratmaya bilər. Şəxsin oyunları hansı dillərdə oynadığı vacibdir. Bu mənada, İngilis dilinin BDSM-in ən çox oynanıldığı dil olduğunu nəzərə alaraq bu kimlikləri öz orijinal adlarında təqdim edirəm. 


Powered by Froala Editor