LGBTIQ+ representation in the media
The "Law on Media", which has been discussed on social media for some time, especially by free media representatives, officially came into force on 08.02.2022.
15/Feb/22
3028
Mediada LGBTİQ+ təmsilçiliyi
Bir müddətdir sosial mediada, xüsusən azad media nümayəndələri tərəfindən danışılan "Media Haqqında qanun" 08.02.2022 tarixindən etibarən rəsmi olaraq qüvvəyə mindi. Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinə əsaslanaraq Kütləvi informasiya vasitələri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə kütləvi informasiya vasitələrinin əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydaları artıq konkret şəkildə dövlət maraqlarına uyğun bir şəkildə formalaşdırılmağa cəhd ediləcək. Belə ki, artıq jurnalistlər gizli çəkilişləri “günahkarların” icazəsi olmadan paylaşa bilməyəcək, küçədə baş verənləri arvaddöyən polislərin kefi istəməsə, çəkə bilməyəcək və s.
Azərbaycanda LGBTİQ+lərə qarşı sistemli zorakılığa medianın transfob və homofob səssizliyi baş verən hadisələrin ictimailəşməsi və qurumlara qarşı sərt reaksiya yaradılmasının qarşısını ciddi şəkildə alır. Məsələn, 2017-ci ilin sentyabr ayında Azərbaycan hökümətinin yürütdüyü anti-LGBTİQ+ siyasəti nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 60-a (bəzi mənbələrdə 80 nəfər) yaxın seks işçiliyi edən və seks işçisi icmaları ilə əlaqəli olan LGBTİQ+ qaçırılaraq təcavüzlərə, fiziki zorakılığa məruz qalmışdı, saçları qazınmışdı və ac-susuz şəkildə günlərlə ailələrinə xəbər verilmədən gözlədilmişdilər.
Həmin bu hadisələr barəsində axtarış etmək istəsəniz, nə dövlətə bağlı troll mediada bir xəbər tapacaqsınız, nə də müxalif medianın hadisəni elə də diqqət mərkəzində saxladığını görəcəksiniz. Hadisə sadəcə bir neçə azad jurnalist və aktivist sayəsində xarici mediaya çıxarıla bilib ki, bu barədə yazan platformalar da əllə sayılacaq qədər azdır. Xüsusən də açıq LGBTİQ+ təmsilçiliyinin olmadığı hansısa saytda 2017-ci il ovları barəsində 1 cümlə də oxuya bilmədim. Həmin hadisələr nəzdində isə dövlətə bağlı işləyən mediada fobik dil, qeyri-etik ifadələr və victim blaming-in (zərərçəkəni günahlandırma) son həddə olduğu dövr idi. Hətta bəzi saytlar azad mediaya heç bir informasiya verməyən qurumlardan “biz sadəcə xəstəliklər üçün yoxlanış keçirmişik” tərzi cümlələr paylaşmışdılar. Əlbəttə, LGBTİQ+lər, narkotik və seks işçiliyi cəmiyyət tərəfindən pislənilən ən “aşağı” 3 qrup olduğu üçün belə bir bəhanənin verilməsi təəccüblü deyildi. Eləcə də icma içərisində daim saxta ov məlumatları yayaraq təşviş içərisinə salma halları tez-tez baş verir.
QueeRadar platforması son illərdə Azərbaycan mediasının LGBTİQ+ monitorinqini aparır. Keçən ilin sonlarına doğru 2020-ci il üzrə 23 məşhur mətbuat orqanı üzərində apardıqları nəticələrə əsasən, 412 queer kontentdə yazılan məzmunun 286-sı qərəzli şəkildədir. Həmin materiallar içərisində icmaların yaşadığı hadisələri işıqlandırma, inklüziv dil və düzgün üslubdan istifadə olduqca zəifdir. Eləcə də bu materiallardan sadəcə 160-ı Azərbaycanda baş verənlər haqdadır. Aşağıdaki şkalada isə media qurumlarının ümumən işlətdiyi ifadələrin neçəsinin kolxoz üsulu ilə, Nuh-Nəbidən qaldığını görə bilərsiniz:
Özünü tərəfsiz media kimi göstərən, lakin dövlətə bağlı şəkildə çalışan Qafqazinfo, eləcə də bu saytın copy-paste versiyaları baş verən hücum, illeqal narkotik alveri kimi hadisələrdə qanun pozanın LGBTİQ+ olmasından sui-istifadə edərək “cinsi azlıqlar filan şey elədi” başlıqlı xəbərlərini tirajlamağa davam edərkən ifşa kanalları ilə yaxşıca izlənmə toplayırlar. Hətta Sənay Yağmurun yaşadığı təcavüz hadisəsini ictimailəşdirdiyi zaman Sənayın ölü soyadından istifadə edən saytlara iradımı bildirdiyimdə, bu saytlardan birinin jurnalisti şərhlərə etdiklərində səhv olmadıqlarını, hətta trans qadınların ölü adlarını yazmaqda da haqlı olduqlarını dedi. İzah etməyə çalışsam da “şəxsiyyət vəsiqəsindəki adı yazmalıyıq, məcburuq” tərzi cavab aldım. Anti-LGBTİQ+ təbliğatı ilə birgə sistemin dəyərlərini heç çəkinmədən tirajlayan platformalar, görürsünüz, necə də acıtasiya edir.
Bir neçə ay əvvəl özünü media nümayəndəsi kimi təqdim edən faşist blogger Sevinc Hüseynova trans qadınlara qarşı baş kəsmə çağırışı etmişdi. Bu periodda Sevincin özünü jurnalist olaraq təqdim etməsi tənqid olunduqdan sonra bu haqda məlumatı sildi. Hələ də bu şəxsin “jurnalist” olaraq hansısa materialını tapa bilməsəm də, çıxacaq nəticələrdən elə də ümidli deyildim. Bu balaca neo-faşist blogger yalnız trans qadınlar və LGBTİQ+lərin küçələrə çıxması, mediaya müsahibələr verməsindən sonra nisbətən əngəlləndi.
Gəlin elə çox uzağa getmədən düşünək ki, Sevinc Hüseynova bu axmaqlığı media haqqında qanun qəbul olunmadan əvvəl edirdi. Bu zaman onsuz kifayət qədər mətbuatda düzgün təmsil oluna bilməyən və marginallaşdırılan kimliklərindən piar kompaniyası kimi istifadə olunan LGBTİQ+lər necə olacaqdı? Küçədəki etirazları, müsahibələri necə işıqlandıracaqdılar? Ümumən feminist, LGBTİQ+ mübarizəsində hər zaman güclü mətbuat rolu olub. İndi isə hakimiyyət basqıları ilə səslərini əsasən mətbuatda duyura bilən qadın*lar və LGBTİQ+lər olaraq təmsilçiliyimiz necə olacaq? Bu o deməkdir ki, artıq qanun layihəsi birbaşa olaraq jurnalistlərə (təbii ki, qadın və LGBTİQ+ jurnalistlər də daxil olmaqla) təsir etməklə yanaşı, mübarizəmizin əsas parçasına da təsirsiz ötüşməyəcək. Məsələn, feministlərin boya aksiyasından sonra Gülnara Mehdiyevaya qarşı polis təcavüz təhdidləri etmişdi və həmin idarədən səs yazısı yayılmasaydı, hadisə barəsində hamı “xəbərsiz” idi. Təsəvvür edin ki, kişi dövlət qayıdıb deyəcəkdi ki, “siz polisin təcavüz təhdidini yaymadan əvvəl icazə almalı idiniz”. Bu mizoginiya deyil, bəs nədir? Yaxud da bölmələrdə təhdid olunan, təcavüzlərə məruz qalan LGBTİQ+lərin danışmasının əngəllənməsi fobik akt deyil, bəs nədir?
Hazırda azad mediada problemi işıqlandırılan işçi sinfidir. İşçi sinfinin mübarizəsi qadın* və LGBTİQ+ mübarizəsi ilə paraleldir. Mediaya qarşı olunan zorakılıq eləcə də mübarizəmizə olunan hücumdur ki, kuirlər olaraq bunu bağışlamayacağıq. Yazmağa, danışmağa, yaratmağa və göstərməyə davam edəcəyik.
Müəllif: Əli Məlikov
Powered by Froala Editor