LGBTQ people in movies
LGBT-personajların mənbədə olduqları halda, kinoda peyda olmamaqları çox geniş haldır.
15/Feb/19
4689
Filmlərdə LGBT obrazlar necə təsvir olunur?
Bu yaxınlarda kinoteatrlarda “Bohemiya rapsodiyası” filmi yayımlanırdı – rəsmi olaraq, Queen qrupunun tarixçəsi sayılsa da, faktiki şəkildə o, Freddi Merkurinin bayopikidir (bioqrafiyası). Filmin ən başdan taleyi gətirmədi: əvvəlcə baş rolun ifaçısı, adı uzun müddət layihə ilə bir çəkilən Saşa Baron Koen dəyişdi, şayiələrə görə, film üzərində işləyən qrup üzvləri Brayan Mey və Rodcer Teylorla fikir ayrılığı yaşamışdılar. Sonra filmdə Ben Uişou oynamalı idi, nəhayət baş rolu Rami Malekə verdilər. Hələ keçən oktyabrda, çəkilişlərin qızğın vaxtında filmin rejissoru Brayan Singer meydançada qeyri-peşəkar davranışa görə işdən çıxarıldı (rejissorun sözlərinə görə, çətin dövr keçirirdi) – onun işini isə Dekster Fletçer tamamladı.
Prodakşenin çətinlikləri ilə yanaşı, filmi tənqidçilərin, tamaşaçıların və qrupun pərəstişkarlarının sərt reaksiyası müşayiət edirdi. Filmin hələ ilk treylerini streytvoşinqdə ittiham etmişdilər – bu sözü o vaxt işlədirlər ki, LGBT-personajın obrazı heteroseksual mədəni normalara uyğunlaşsın deyə, onu qəsdən korrektə edirlər (sadə dillə desək, qəhrəmanın kimliyinin bir hissəsini əlindən alırlar). Bir çox tamaşaçıların (o cümlədən, “Hannibal” və “Amerika tanrıları” şouranneri Brayan Fullerin) fikrincə, treylerdə Freddi Merkürinin həm qadınlarla, həm kişilərlə münasibəti göstərilsə də, məhz qadına daha çox diqqət ayrılmışdır – qəhrəmanın seksuallığının xeyli mürəkkəb olmasını isə yalnız bir qısa kadrda görmək olur.
Əlbəttə, dəqiqə yarımlıq treylerə baxıb bütöv bir film haqda rəy vermək çətindir – lakin, mübahisələr premyeradan sonra da sakitləşmədi. Hətta “Bohemiya rapsodiyası”nın süjetinin faktlara uzlaşmamasını bir kənara qoysaq (bayopiklər sənədli film deyil axı), filmdə Merkürinin necə təsvir olunması çoxlu suallar yaratdı. Bütün film boyunca ailə mövzusu vurğulanır, o, Queen qrupunun solistinin şəxsi həyatının təsvirində də iz qoyur. Meri Ostinlə ayrılarkən musiqiçi ona deyir ki, biseksualdır, qadın isə kəskin cavab verir ki, o, geydir. Bu ayrılıqdan sonra Freddinin çoxsaylı şənliklər və təsadüfi əlaqələr içində “süqutu” başlayır, ta ki, o, etibarlı partnyor Cim Xattona rast gələnə qədər (o, yalnız ciddi münasibət tələb edir), yəni yenə də ailə məsələsi.
Reallıq filmin süjetinə yalnız ümumi cəhətdən yaxın olsa da, daha mürəkkəb və nüanslarla doludur. Freddi Merküri heç vaxt öz oriyentasiyası haqqında ictimai danışmayıb. O, həm qadınlarla, həm də kişilərlə görüşüb, həyatının sonlarında isə onun üçün önəmli olan hər iki partnyor – həm Meri Ostin (“Love of My Life” həqiqətən də onun haqqındadır, lakin onların münasibəti dostluğa keçmişdi), həm də Cim Xatton onun yanında idi. Ola bilsin ki, Merküri doğrudan da gey idi, lakin bunu özünə və ətrafına etiraf edə bilməzdi: cəmiyyətdə indikindən daha homofob atmosfer var idi (Böyük Britaniyada homoseksuallıq yalnız 1967-ci ildə cinayət siyahısından çıxmışdı). Freddi Merküri QİÇS-ə yoluxduğunu yalnız ölümünə az qalmış etiraf etdi – xəstəliyin elə bu gün də nə qədər stiqmalaşmış olmasını nəzərə alsaq, bu, ilk növbədə təhlükəsizlik məsələsində, xüsusilə də ictimai insan üçün çox cəsur addım idi. Ola bilsin ki, Freddi əslində biseksual olub – lakin indi bu suala birmənalı cavab vermək alınmayacaq.
“Təəssüf ki, LGBT-personajların “heteroseksuallaşdırılmasından” yayınmaq çətindir, əgər kvir-insanların həyatlarının spesifikasını daxildən bilmirsənsə və autentikliyi məqsədyönlü şəkildə qorumursansa – məsələn, LGBT icmasından ekspertlər cəlb edərək – “Aşkarlıq” LGBT jurnalının həmtəsisçisi Saşa Kazantseva belə hesab edir. – Belə ki, “Danimarkalı qız” filmində Gerda və Lilinin lesbiyan münasibətləri heteroseksual münasibət kimi təsvir olunub. Üstəlik bu filmi cisvoşinqə görə (transgender qəhrəmanları cisgender insanlara bənzətmə) – transgender qadının həqiqətə uyğun olmayan təsvirinə görə tənqid ediblər”.
Əlbəttə, LGBT-personajların mənbədə olduqları halda, kinoda peyda olmamaqları çox geniş haldır. Buna aid misallar tapmaq çox asandır – altmışıncı illərin “Tiffanidə səhər yeməyi”ndən tutmuş (hekayəni nəql edən, çox güman ki, homoseksualdır, lakin filmdə bu yoxdur), yeni çıxan “Qara Panter” və “Tor: Raqnarök”a qədər, burada qəhrəmanların homoseksuallığı və biseksuallığı barədə xətləri sadəcə yığışdırıblar. Bəzən streytvoşinqin daha incə təzahürləri də olur – məsələn, film LGBT-personajların hekayəsini danışır, lakin heteroseksual qanunlar prizmasından. “Mən “Adelin həyatı”na baxanda filmin yaradıcılarının lesbiyan münasibət haqqında çox səthi təsəvvürlərinin olduğunu düşünürdüm, - Saşa Kazantseva deyir. – Sonra isə oxudum ki, filmin istehsalında həqiqətən də gerçək homoseksuallar iştirak etməyib. “Adelin həyatı” filminin əsaslandığı komiksin müəllifi Culi Maro sonradan ssenarinin düzəlişlərini etməyə buraxılmamışdı. O, birbaşa demişdi ki, filmdə lesbiyanları göstərməyi unudublar. Ümumiyyətlə, film çox tənqid olundu: heteroseksual rejissorun gerçək qadın münasibətləri əvəzinə öz fantaziyalarını göstərdiyinə görə; aktrisaların seksual səhnələrinin yorucu çəkilişlərindən şikayətlərinə görə; pink face-ə görə (blekfeysin analogiyası) – LGBT-personajları heteroseksual və cisgender insanların oynadığı fenomen”.
Bu cür hərəkətlərin daha bir parlaq nümunəsi – Roland Emmerixin 2015-ci ildə çəkilən “Stounvol” filmi idi. Bu dram LGBT haqları uğrunda mübarizə tarixinin ən vacib hadisələrindən biri olan Stounvol üsyanı haqqındadır – lakin üsyanı başlayan qaradərili transgender qadın Marşa Pi Consonun əvəzinə, polisə ilk daşı Denni adlı gey atır – o, baş qəhrəman və uydurulmuş personajdır. Emmerix tənqidlərə cavab olaraq bildirib ki, ağdərili gey qəhrəman ona lazım idi ki, daha çox tamaşaçı cəlb etsin və film geniş kütlələr üçün “daha aydın olsun”. “Başa düşün, mən bu filmi təkcə homoseksual şəxslər üçün çəkməmişəm – mən onu heteroseksuallar üçün də çəkmişəm. Kino yoxlamaları zamanı fikir verdim ki, heteroseksuallar üçün Dennini başa düşmək daha asandır. O, heteroseksual kimi görünür və davranır. Buna görə də onunla qəddarcasına davranırlar. Heteroseksual tamaşaçılar onun hisslərini başa düşə bilərlər”.
Bəzən LGBT-personajların hekayələrini filmin təşviqat və promo materiallarında daha “heteroseksual” etməyə çalışırlar. Məsələn, “Kerol” filmində belə olmuşdu, onun reklamı ABC “ailəvi” kanalı üçün çox “açıq-saçıq” sayılmışdı, çünki çarxda çılpaq qəhrəmanlar var idi (halbuki kadrda yalnız onların belləri və əlləri görünürdü, sinələri yox). Buna rəğmən, “Bozun əlli çaları”nın treylerləri kanalda rahatca yayımlanırdı. İki geyin münasibətlərindən bəhs edən “Məni öz adınla çağır” filmi üçün isə studiya promoşəkil buraxdı, lakin orada qəhrəmanların məhəbbəti haqqında sitat Timoti Şalame və Ester Qarrelin fotosu ilə müşayiət olunur – filmdə onların da arasında münasibət olub, lakin qabaqcadan bilinirdi ki, bu münasibətina axırı yoxdur.
Elə görünə bilər ki, bütün bu iddialar – mız qoymaqdır, axı LGBT qəhrəmanlar kinolarda peyda olur. Düzdü, hələ Marvelin çoxmilyonluq blokbasterlərində olmasa da, daha az auditoriyası olan dramlarda. “LGBT insanların özlərini və ya öz münasibətlərini əlaqələndirə biləcəkləri və özlərini daha az tənha hiss edə biləcəkləri mədəni obrazlar çox azdır. Öz oriyentasiyandan olan insanları daima kinolarda görəndə belə şeyi başa düşmək çətindir, lakin kütləvi kulturada “ruh əkizini” tapa bilməmək çox əzabverici olur – Saşa Kazantseva deyir. Ona görə də real tarixi personajların streytvoşinqi daha incidicidir: bu, həm həmin şəxslərə qarşı hörmətsizlikdir, həm də LGBT-ni dəstəkdən məhrum edir.” İstənilən halda yalnız heteroseksual qəhrəmanlar universal sayılanda, LGBT fərdi isə “adaptasiya etmək” lazım olanda tam qəbullanmadan danışmaq çətindir – guya bu halda tamaşaçılar onu sevə bilməyəcək.
Pul barədə də unutmaq lazım deyil. Studiyalar beynəlxalq yığımları riskə atmaq istəmir. Nəzərə alsaq ki, bəzi ölkələrdə kinolardakı LGBT mövzusuna sakit yanaşmırlar. “Gözəl və bədheybət” filminin remeykində də belə oldu: Disney elan etdi ki, filmdə gey personaj olacaq, lakin nəticə etibarilə, bu xətt çox xudmani oldu – Coş Gedin qəhrəmanı Lefu sadəcə səhnələrdən birində kişi ilə rəqs edir. Hətta bu minimal dəyişiklik də prokata ciddi təsir etdi: Rusiyada filmə “16+” reytinqi verdilər, homoseksuallığın qanunla cəzalandırıldığı Malayziyada isə israr edirdilər ki, səhnə kəsilməlidir – və yalnız ictimaiyyətin təzyiqləri altında o səhnəni saxlamağa icazə verdilər.
Təəccüblü deyil ki, canlı aktyorlarla təkrar çəkilməkdə olan “Mulan” daha irəli getdi və LGBT-qəhrəmanlara aid bütün eyhamları yığışdırdı. Orijinal cizgi filmində Mulan kişi paltarı geyinir ki, atasının əvəzinə hərbi düşərgəyə yollansın. Orada o, Li Şanqa rast gəlir. Li Şanq onunla bir kişi kimi ünsiyyət qurur, sonra isə onun qadın olduğunu biləndə ona aşiq olur. Bir çoxları bunu biseksuallıq əlaməti kimi qiymətləndirir – axı o, hələ həqiqəti bilmədiyi halda Mulanla maraqlanırdı. Digərləri üçün isə qəhrəmanın biseksuallığı ideyası ciddi görünmür (axı qəhrəmanlar arasında dostluq imkanı da var idi). Lakin Disney özünü sığortaladı: hekayənin yeni versiyasında Li Şanqın əvəzinə Mulanın digər sevgilisi olacaq, onunla rəqabətə girəcək – LGBT-mənaya isə heç bir işarə olmayacaq.
Kino industriyası hələ də bir çox məsələlərdə inertdir – və oxşar stereotip obrazlar yaratmaqda davam edir. Nə qədər ki, studiyalar maliyyə itkisindən qorxacaqlar, filmlərdə LGBT-icmasının tam qəbullanmasını gözləmək, ən azından qəribədir. Filmlərdə qəhrəmanların şəxsiyyətinin rəvan süjetə yaraşmayan “uyğunsuz” hissələrini kəsdikləri müddətcə, biz LGBT-qəhrəmanları çətin ki, həqiqətən tanıya bilək. Lakin istisna deyil ki, sadəcə gözləmək lazımdır – həqiqəti önəmsəyən kino izləyicilərinin payı xeyli artana qədər.
Mənbə: Wonderzine