There is a woman in the mirror that I face every day
A body that did not belong to me, put on me
30/Aug/22
1148
Aynada hər gün qarşılaşdığım bir qadın var
Aynada hər gün qarşılaşdığım bir qadın var. Üzərimə geyindirilmiş, mənə aid olmayan bir bədən. Məni görünməz edir, kimliyimi gizlədir. Bəlkə də kimliyimi aşkara çıxaran mənə uyğun olmayan o bədəndir, kim bilir?
Tezliklə ailəmlə görüşməliyəm. Yenə onların istədiyi kimi geyinməli, onların istədiyi kimi davranmalı, hətta saçlarımı belə onların istədiyi kimi yığmalıyam. Hər zaman bir qadının kölgəsində sürünməyə məcbur edirəm özümü. Mənə hiss etdirilən sevgi böyük olmayıb, minnətim var sadəcə. Necə deyə bilərəm ki, zamanında kimliyini bəyənməyib, yonub “düzəltdiyiniz” və özünüzlə fəxr etməyinizə səbəb olan o heykəl sadəcə sizin özünüzü və bir zamanlar məni də inandırdığınız bir illüziyadır.
Aynalarla da, kimliyinə uyğun gəlməyən bədəninlə də barışa bilərsən, əgər səni anlaya, ya da ən azından olduğun kimi qəbul edə bilən insanların əhatəsində olsan. Amma deyilik, bizdən iki binar cinsdən birini seçməyimiz, görünüşümüzlə, davranışımızla həmin cinsə uyğun olmağımız gözlənilir.
Özümü adətən ya hər iki cinsiyyətə uyğun hiss edir, ya da heç birini hiss etmirəm. Doğulduğum cinsdə hiss etdiyim bir ailəmin evidir, bir də gecə evə qayıdıramsa, ictimai nəqliyyat. Birinicisində problem yaşamamaq üçün cis qadın, ikincisində isə kişi olmağım tələb olunur.
Bir neçə dəfə qarşılaşdığım gülünc bir situasiya var, dəfələrlə eşitmişəm: “Bir az özünə bax, qəşəng geyin, makiyaj et, indi baxımlı deyilsən deyə, özünü belə hiss edirsən.” Bəzən də davranışlarımın maskulin olduğu, görünüşümün buna uyğun olmadığı deyilir.
Bir il öncəsinə qədər bu ifadələrdən təsirləndiyim zamanlar olurdu. Artıq sınamıram belə. Niyə ikisindən biri olmaq, ikisindən biri kimi davranmaq və görünüşə sahib olmaq məcburiyyəti hiss edirik, anlamıram. Bəzəkli donlar, blogger tərzli meykap və saçlar insanı daha çox qadın etmir, ya da qısa saçlar və saqqal daha çox kişi. Sadəcə bizə belə öyrədilib və bizdən sorğulamadan yerinə gətirməyimiz tələb olunur.
Mənə sərhəd qoyan şey aynada gördüyüm bədən deyil, bədənim ilə kimliyimi qarşı-qarşıya gətirən davranışlarıma və ya cinsiyyətimə dair gözləntilərdir. “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol” yanaşmasıdır. İnsanlar haqqında danışarkən daima onun cinsiyyətini vurğulmaq məcburiyyətinin hiss edilməsidir. Dünyaya gəlib-gəlməməyimizi, hansı cinsiyyətdə doğulmağımızı biz seçmirik, amma necə hiss etdiyimizi bilirik, necə hiss etmədiyimizi də.
Anonim
Powered by Froala Editor